|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Diamed Development Group” MMC-nin təsisçisi Aytən Quliyeva dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.
Layihənin əhəmiyyəti barədə videoçarx nümayiş olundu.
Qeyd edək ki, qeyri-neft iqtisadiyyatının inkişafı və sənayeləşmə Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi əhəmiyyət verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq ixtisaslaşmış sənaye parkları və sənaye məhəllələri yaradılır. Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri) mövcuddur. Sənaye parkları və məhəllələrdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb.
Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. İndiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb.
Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı da yaradılıb. Bu günədək Parkda 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan “R-Pharm” MMC və “Diamed Co” MMC artıq fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən 36,6 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox iş yeri yaradılıb. Növbəti mərhələdə 30 milyon manat investisiyanın qoyulması və daha 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Bu Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 37 milyon manatlıq məhsul istehsal olunub.
Ölkəmizdə müasir sənaye müəssisələrinin, yeni istehsal sahələrinin yaradılması nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Belə müəssisələrdən biri də “Diamed Development Group” MMC-nin Pirallahı rayonunda yaradılan dərman zavodudur. Bir hektar ərazisi olan zavod 3 min kvadratmetr qapalı sahədən ibarətdir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə fəaliyyətə başlayan “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasının əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Şirkətin fəaliyyətinin əsas prioritetləri birbaşa investisiyalar və yeni texnologiyaların Azərbaycana cəlb edilməsi üzrə katalizator olmaq, ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə vermək, habelə iqtisadiyyatın şaxələndirilməsi və idxalı əvəzləyən proseslərə dəstək verməkdir. Şirkət fəaliyyəti dövründə 27 layihəyə 224 milyon dollar investisiya yatırıb. Bu layihələrin 11-i xarici tərəfdaşlarla birgə icra olunub.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC bu dərman zavodunun tikintisinin maliyyələşdirilməsində də iştirak edib. Ümumi dəyəri 15,6 milyon manatdan çox olan “Diamed” dərman zavodunda “Azərbaycan İnvestisiya Şirkəti”nin payı 20 faizdir.
Bu müəssisəyə dövlət tərəfindən digər dəstək tədbirləri də göstərilib. Belə ki, layihənin reallaşması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın inkişafına digər bir dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində müəssisə idxal etdiyi avadanlıqlara görə 1,3 milyon manat güzəşt əldə edib.
Prezident İlham Əliyev zavodu işə saldı.
İstehsal prosesi ilə yaxından tanış olan dövlətimizin başçısına məlumat verildi ki, zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Qeyd olundu ki, ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.
“Diamed” dərman zavodunda 100 iş yeri yaradılıb. Müəssisənin layihəsi İsveçrə şirkəti tərəfindən Qabaqcıl İstehsal Təcrübəsinə (GMP), istehsal xətti isə Avropa Farmakopeyasına uyğun olaraq hazırlanıb. Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilmiş zavodun istehsal avadanlıqları İtaliya, ABŞ, Almaniya, İsrail kimi ölkələrdən alınıb. İstehsal olunan məhsullar zavoda məxsus müasir laboratoriyada Avropa Farmakopeyasının tələblərinə uyğun mütəmadi olaraq yoxlanılır.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
"Report" xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində 29 nəfər şəxs olub. Onlardan 6-sı BQXK-nin üzvü, 9-u sürücü, 9 nəfəri xəstə, 4 nəfəri müşayiətçi, 1 nəfəri isə tibb işçisidir.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.
Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Prezidenti Vladimir Putinə başsağlığı verib.
Başsağlığında deyilir:
“Hörmətli Vladimir Vladimiroviç,
Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən çox kədərləndim.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirəm”.
Azərbaycan Respublikasının Prezident İlham Əliyev Dağıstan rəhbəri Sergey Məlikova başsağlığı verib.
Başsağlığında deyilir:
"Hörmətli Sergey Alimoviç,
Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcədə kədərləndirdi.
Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm".
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində insan itkisi ilə nəticələnən partlayışla əlaqədar başsağlığı verib.
Bu barədə nazirliyin “X” səhifəsində paylaşım edilib.
"Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxsaylı xəsarətlərin olması bizi dərindən kədərləndirir. Bu dağıdıcı faciədə həyatını itirənlərin ailələri və dostlarına dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.
Ermənilərin "maşın şousu"nu təqib edirik. Azərbaycan əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Burada ermənilərlə yanaşı, İranın da əlinin olmasını istisna etmirik.
Bu sözləri Axar.az-a Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım deyib.
O bildirib ki, İranın belə bir fürsəti dəyərləndirməməsi mümkün deyil:
“Bütün hallarda Azərbaycan əleyhinə qışqırtmaların arxasında İran dayanıb. 44 günlük Vətən müharibəsində rejimin Ermənistanın yanında yer alması bizi bu haqda yenidən düşünməyə vadar edir. Güman edirəm ki, sürücülərin əksəriyyəti farslardır. İran rejimi xüsusi yetişdirilmiş adamlarını və ETTELAAT-dan olan şəxsləri sürücü olaraq Xankəndiyə göndərmək istəyər. Çünki bölgədə baş verənləri ətraflı izləmək üçün İran bu fürsəti qaçıran deyil. Odur ki, yayılan xəbərlərin həqiqiliyi heç də şübhə doğurmur. Hətta bir az da irəli gedərək, bunu deyə bilərəm ki, ermənilərdən daha çox İranın TIR-larda göndərdikləri xüsusi agentləri Xankəndiyə daxil olan kimi mütləq bir şəkildə qruplaşmalar yaradaraq, iğtişaşlar törətməyə cəhd edəcəklər.
Məqsədləri bu qarışıqlığı Azərbaycan əleyhinə istifadə etməkdir. Əminliklə deyə bilərəm ki, İran “humanitar şou”nun tərkib hissəsidir. Odur ki, TIR sürücülərinin bir çoxunun erməni deyil, rejimin adamlarından olması istisna edilməməlidir. Hətta bu maşınların birbaşa İrandan yük doldurub gətirdiklərini deyənlər də var. Məntiqlidir. İrana məxsus maşın nömrələrini dəyişib, Ermənistan nişanlı nömrələrin taxılması da mümkündür. İran işğal rejimi hər bir fitnə törətmək iqtidarındadır. Bu xəbərlərin həqiqiliyi də tezliklə ortaya çıxacaq”.
Saleh İldırım qeyd edib ki, İranın bu işdə məqsədi Qarabağ ermənilərinin Azərbaycanla birgə yaşayış prosesinə maneə yaratmaqdır:
“Azərbaycan və türk düşmənliyi İran rejiminin əsas siyasətidir. Bu siyasətə erməniləri də alət ediblər. Deyə bilərəm ki, bölgədə gərginlik yaratmaq, Zəngəzur dəhlizinin açılmasına maneə olmaq, Ermənistan və Azərbaycan arasında sülh prosesini ləngitmək İranın əsas hədəfidir. İran rejimi Azərbaycan əleyhinə bütün imkanları istifadə etməkdən çəkinmir”.
Ağdam–Xankəndi dəmir yolu 1979-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə inşa olunub. Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgəsinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi.
Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi, mədəni inkişafı daha da sürətləndi, Bakı ilə əlaqələri möhkəmləndi.
Bu əhalinin maddi-texniki təchizatını yaxşılaşdırmaqla bərabər, həm də regionun iqtisadi göstəricilərinin əhəmiyyətli dərəcədə artmasına imkan verdi - məsələn, xammalın tədarükü və məhsulların daşınması xərclərinin aşağı düşməsi səbəbindən Qarabağda istehsal olunan məhsulların maya dəyəri xeyli aşağı düşdü. Bütün bunlar məhz Ümummilli Liderin səyləri nəticəsində əldə olunmuşdu.
Bizim.media Ağdamdan keçərək Xankəndiyə gedən kommunikasiya xətlərinin əhəmiyyəti, region üçün perspektivləri barədə bəzi statistik məlumtaları təqdim edir.
Ötən əsrin 80-ci illərində Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam dəmir yolu xətti hissəsi üzrə yük daşınmalarının illik dövriyyəsi 1,5 milyon ton, Ağdam-Xankəndi (27 kilometr) dəmir yolu xətti hissəsi üzrə isə 1 milyon ton olub.
Həmin dövrdə qatarların hərəkət sürəti Bərdə-Ağdam dəmir yolu xətti üzrə 60 kilometr/saat, Ağdam-Xankəndi dəmir yolu üzrə 40 kilometr/saat idi.
Bərdə-Ağdam-Xankəndi dəmir yolu xətti istiqaməti üzrə statistik və proqnoz məlumatlara aşağıdakı cədvəldə nəzər salaq.
[center][thumb]http://qanuninfo.az/uploads/posts/2023-08/1691992267_1691981181_1691955618_photo_5388856305235644212_y.jpg[/thumb][/center]
1990-cı illərin əvvəlində Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi respublikanın dəmir yolu təsərrüfatına da külli miqdarda ziyan vurulub.
Texnika ilə birlikdə Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qalıb, Yevlax–Xankəndi dəmir yolunun fəaliyyəti dayandırılıb, bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları işğal edilib, dəmir yolu xətləri ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb.
Otuz ildən sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarımızda yenidən həyat canlanır - həmin regionlarda yeni dəmir yolu xətlərinin inşası rallaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə başlanılıb.
Hazırda layihələndirilməsi işləri 90 faiz yerinə yetirilib, xəttin tikinti-quraşdırma işləri üzrə fiziki tərəqqi 70 faiz təşkil edir.
O cümlədən 56,951 kilometr uzunluğunda uzunölçülü relslər quraşdırılıb, həmçinin birinci mərhələ üzrə torpaq işləri, mühəndis qurğularının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişən qurğuların quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Layihə üzrə texniki göstəricilər və iş həcmləri barədə aşağıdakı məlumatları təqdim edirik:
Xəttin yan yollarla birlikdə uzunluğu 57.857 kilometr, o cümlədən ox üzrə uzunluğu 47.1 kilometrdir;
Torpaq işlərinin həcmi 1 368 816 kubmetrdir;
Stansiyalar (4 ədəd): Bərdə, Köçərli, Təzəkənd və Ağdam;
Mühəndis qurğuların sayı 130 ədəddir;
• O cümlədən, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 7 ədəd heyvan keçidi, 85 ədəd suötürücü boru, 1 ədəd piyada üst keçidi və 33 ədəd ehtiyat keçidi;
Layihədə 9 ədəd qorunan və 7 ədəd qorunmayan olmaqla, ümumilikdə 16 ədəd avtomobil yolu ilə eyni səviyyəli kəsişmə mövcuddur;
Yoldəyişən qurğuların sayı 34 ədəddir;
Rabitə-işarəvermə sistemlərinin uzunluğu 47,1 kilometrdir;
Qatarların proqnozlaşdırılan hərəkət sürəti - 80 kilometr/saat, yük daşınmalarının illik dövriyyəsi - 1.5 milyon tondur.
Qarabağa yüklər daha sürətli və səmərəli şəkildə hansı yolla çatdırıla bilər?
Vaxtilə Ağdamdan keçən kommunikasiya xətləri - avtomobil yolu və dəmir yolu Xankəndi, Şuşa, Laçın sakinlərinin bütün ehtiyaclarını təmin edirdi. Bakıdan Xankəndiyə, Şuşaya, Laçına gedən ən qısa yol məhz Ağdamdan keçirdi.
Bakı-Yevlax-Ağdam-Xankəndi-Şuşa-Laçın avtomobil yolu ilə sərbəst hərəkət daha əlverişli idi. Bu yol humanitar yüklərin daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yarada bilər.
Qeyd edək ki, 1980-ci illərdə Bakı şəhərindən Xankəndi və Şuşa şəhərlərinə getmək üçün respublika əhəmiyyətli R-28 Yevlax-Xocalı-Laçın avtomobil yolundan Ağdam şəhərinin mərkəzindən keçməklə istifadə olunurdu.
Həmin illərdə Ağdam-Bərdə avtomobil yolunun 40-cı kilometrindən ayrılmaqla, Ağdam şəhərinin mərkəzinə daxil olmadan Əsgəran rayonunun inzibati ərazisinədək 17,5 kilometr uzunluğunda yerli əhəmiyyətli 2 hərəkət zolaqlı Ağdam dairəvi yolu çəkilmiş və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalınadək Qarabağın bütün əhalisi, eləcə də Laçın rayonunun əhalisi daimi olaraq bu yoldan istifadə edib.
Məlumat üçün xatırladaq ki, Ağdam şəhərindən Əsgəran rayonuna kimi məsafə 6 kilometr, Xankəndi şəhərinə 23 kilometr və Xankəndidən Şuşa şəhərinə qədər 11 kilometrdir.
Bakı şəhərindən Ağdam şəhərinə kimi olan məsafə 360 kilometr, Xankəndi şəhərinə 383 kilometr, Şuşa şəhərinə 394 kilometr və Laçın şəhərinə qədər 435 kilometr təşkil edir.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası layihəsinə uyğun olaraq Bərdə-Ağdam, uzunluğu 44,5 kilometr və Ağdam-Füzuli, uzunluğu 65,7 kilometr olan birinci texniki dərəcəli, 4 hərəkət zolaqlı avtomobil yollarının tikintisi sürətlə davam edir. Hər iki avtomobil yolu sutka ərzində 17 min avtomobili buraxmaq qabiliyyətinə malikdir.
Münaqişədən əvvəl Bakı-Yevlax-Ağdam-Xankəndi-Şuşa-Laçın avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayırdı. İşğal dövründə dəmir yolu xətti sıradan çıxsa da, avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Bu səbəbdən, ermənilərin hər hansı bəhanəsinə yer yoxdur.
Bu gün Azərbaycanın iqtisadi potensialı da Qarabağdakı erməni sakinlərimizin sosial məsələlərinin həllinə imkan verir. Bu bölgə Azərbaycanın ərazisi olduğu üçün artıq bütün kommunikasiyalar məhz dövlətimizin vasitəsilə həyata keçirilməlidir.
Hazırda Qarabağ iqtisadi rayonu və ona yaxın ərazilərdə üç hava limanı – Gəncə, Yevlax, Füzuli hava limanları fəaliyyət göstərir. Bu da regionun nəqliyyat-logistika layihələrinin xabına çevrilməsinə əsas yaradır.
Belə ki, hava limanlarından Bərdə şəhərinə məsafə yaxın olduğundan yüklərin oradan Bərdə-Ağdam avtomobil, Bərdə-Ağdam dəmir yolu vasitəsilə daşınması vaxt itkisinin qarşısını almış olar. Bu baxımdan, Ağdam-Xankəndi yolu böyük əhəmiyyət kəsb edir.
Onu da qeyd edək ki, Azərbaycan tərəfi erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadəyə icazə verib. Dövlətimiz Qarabağda yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır.
Ona görə də, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.
"Ermənistan Qarabağdakı vəziyyəti müzakirə etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması üçün BMT-ə rəsmi müraciət edib. Ermənistanın ortaya atdığı siyasi gündəliklə davam etdiyimiz müddətcə proseslər bizim əleyhimizə cərəyan edəcək. Bu vəziyyətdə Azərbaycan Qarabağda öz suverenliyini təmin etmək işində yeni maneələrlə qarşılaşır".
Musavat.com xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy bildirib.
O qeyd edib ki, Azərbaycan müharibədən sonra Xankəndinə, Xocalıya, Şuşa və Xocavəndin kəndlərinə daxil ola bilməyib:
"Qarabağdakı terrorçu qruplaşmalara qarşı tərksilah əməliyyatları ilə, bölgədə Arayik Arutunyan və Ruben Vardanyan başda olmaqla cinayətkarlara qarşı hüquq mühafizə orqanlarının xüsusi əməliyyatları olmadan Qarabağda suverenliyimizi təmin edə bilməyəcəyik. Heç bir qarabağlı mülki erməni və ya ictimai şəxs bunlar edilmədən bizimlə yaşamaq üçün əməkdaşlıq etməz, çünki günün günorta çağı şəhərin ortasında öldürüləcəyini bilir. Paşinyanın 10 minlik ordunu Qarabağdan çıxaracağı və Qarabağlı erməni cinayətkarların Azərbaycanla razılaşmaq üçün masaya oturacağı fikirləri isə illüziyadır. Bunu təbliğat və diplomatik masada siyasi manevr kimi istifadə etmək olar, ancaq bunun olacağına inanmaq sadəlövhlük olar. Nə qədər ki, geosiyasi, hərbi, hüquqi, iqtisadi və psixoloji şərtlər lehimizədir anti-terror əməliyyatları keçirməliyik. 44 günlük müharibədə etdiyimiz kimi qısa bir periodda geosiyasi balanslaşdırma ilə diplomatik və təbliğat maşınını isə salıb Qarabağda lazımi real hərbi və hüquqi tədbirləri görməliyik".
Ramiz Ağarza oğlu Məlik “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
O, Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
BMT Təhlükəsizlik Şurası (TŞ) bütün məsələləri həll edə bilər, amma bilmirik ki, onun Qarabağ və “Laçın dəhlizi” ilə bağlı ünvanlanan müraciətinə baxmaq həvəsi olacaq, ya yox.
Bunu erməni siyasətçi Serob Marutyan deyib.
“44 günlük müharibə zamanı Ermənistan belə bir mənfi nəticə ilə təcrübəyə malikdir, o zaman BMT Təhlükəsizlik Şurası mahiyyət etibarı ilə Azərbaycanı cilovlamaq üçün heç nə etmədi. Düzgün xatırlayırıqsa, hətta Təhlükəsizlik Şurasının beş daimi üzvündən birinin (çox güman ki, Böyük Britaniya) müəyyən azərbaycanpərəst mövqe tutması nəticəsində BMT TŞ-nin daha bir “dişsiz” mətnin müəllifi olduğunun şahidiyik”, - o qeyd edib.
Marutyan əlavə edib ki, indiki geosiyasi reallıqda, hətta BMT Təhlükəsizlik Şurasının sədrinin də geosiyasi qlobal qarşıdurma teatrlarından birinə çevrildiyi bir vaxtda BMT TŞ-nin Azərbaycanla bağlı hansısa ciddi qərar verəcəyinə böyük ümid bəsləməyə ehtiyac yoxdur: “Əsl siyasətçi unutmamalıdır ki, müasir dünyada siyasət şəraitdən asılı olaraq “nəzakətli nitqlər edilir”, “güc haqq doğurur” prinsipi əsasında qurulmağa başlayıb. Və yəqin ki, çoxqütblü dünyanın yeni dünya nizamının “doğumu” tamamilə başa çatana qədər belə olacaq”.