|
“Regional güclərin arasında olan gərginliyin onların təsir dairəsinin olduğu bölgələrin hər birinə bu və ya digər formada təsirləri olur”.
Bunu “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov Cebhe.info-ya açıqlamasında bildirib.
Politoloq hesab edir ki, Cənubi Qafqazda da təqribən eyni vəziyyət yarana bilər:
"Amma Rusiya və Türkiyənin Cənubi Qafqazda savaşması kimi bir vəziyyətin yarana biləcəyini zənn etmirəm. Nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycanla mütəffiqlik münasibətlərinə malikdir. Elə Qarabağın da zəmanətçi məhz Türkiyədir. Rusiyanın isə sadəcə orada yalnız sülhməramlıları var”.
Politoloq fikrincə, Türkiyə və Rusiya arasında son dövrlərdə yaşanan gərginlik fonunda tərəflər Qarabağ məsələsində qarşı-qarşıya gəlməyəcəklər:
“Qarabağda bu və ya digər formada hər hansısa təxribat ola bilər. Amma bu təxribatların bölgəyə təsirlərinin hansı formada olacağı isə bəlli deyil. Yəni bunun Rusiya və Türkiyəni qarşı-qarşıya gətirəcəyi inandırıcı görünmür. Çünki Rusiya da Azərbaycanla rəsmən müttəfiqlik münasibətlərinə malikdir və fərqli addımlar atmaq istəmir.
Ümumiyyətlə, Kremlin hazırda Cənubi Qafqaza təsir etmək ehtimalının çox yüksək olduğunu düşünmürəm. Bəlkə də separatçıların vasitəsi ilə hansısa gərginlik yaratmaq istəyə bilərlər, amma o da ciddi nəticə verməyəcək”.
“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustda Azərbaycana səfəri gözlənilir”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” adlı dəyirmi masada BMTM-nin rəhbəri Fərid Şəfiyev deyib.
F.Şəfiyev Özbəkistana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib: “Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində Özbəkistanın dəstəyini hiss edir”.
Ş.Mirziyoyevin səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılışının olacağı gözlənilir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər.
Bu barədə BQXK-nin Bakı ofisindən məlumat verilib.
Qeyd edilib ki, onlara telefon və Qızıl Xaç Məktubları vasitəsilə ailələri ilə əlaqə yaratmaq imkanı verilib.
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - məlumatda qeyd edilib.
Rusiya öz müasir tarixinin ən taleyüklü dövrünü yaşayır. Kremldə zaman keçdikcə və savaş uzandıqca, Rusiyanın daha ağır vəziyyətə düşəcəyini anlayırlar. Ona görə də, Kreml "qaranlıq gələcək"lə bağlı elə indidən hazırlıq prosesinə başlamış kimi görünür. Və bu hazırlığın bütün dünya üçün təhlükə vəd edən ssenarilər üzərində indeksləşdiyini heç Rusiya siyasi dairələri də qətiyyən gizlətmir.
Kremldə qəti əmindirlər ki, Rusiyanın Ukrayna savaşında hərbi məğlubiyyətinə imkan vermək olmaz. Çünki bu, əsrlərlə dünya meydan oxumuş rus imperiyasının geopolitik xəritədən silinməsi ilə nəticələnə bilər. Ona görə də, Rusiyanın hərbi-siyasi elitası ölkənin sahib olduğu bütün müqavimət resurslarını hazır tutmağa çalışır. Və bunu beynəlxalq rəqiblərinin qarşısında təhdid faktoruna çevirməyə can atır.
Əsas məqsəd beynəlxalq məkanda xof texnologiyasının təsir gücünü artırmaqdan ibarətdir. Kreml bu yolla ABŞ və Qərbin nəhayət ki, Rusiyanı siyasi iradə diqtə hüququndan məhrum etmək planlarından imtinaya məcbur buraxacağına ümid bəsləyir. Və əsas təhdid faktoru kimi də məhz nüvə silahından istifadə niyyətini ön planda tutmağa üstünlük verir.
Məsələ ondadır ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev ABŞ və Qərbi nüvə silahı ilə hədələmək vərdişlərini inkişaf etdirir. Halbuki, Kremldə onu da anlayırlar ki, nüvə silahı ilk müqavimət faktoru ola bilməz. Bu silahdan yalnız vəziyyətdən heç bir çıxış yolu qalmadığında, Rusiya dövlətçiliyinin məhv olmasının qaçılmazlığına əminlik yarandıqda istifadə etmək barədə düşünmək olar. Hələlik isə nüvə silahı Kremlin arsenallnda sonuncu müqavimət resursudur. Halbuki, ABŞ və Qərb Rusiyanın hər an gözlənilməz addımlar ata biləcəyini qətiyyən istisna etmir.
Ancaq Kremldə nüvə silahından istifadənin son nəticədə Rusiyanın əleyhinə çevrilə biləcəyini də nəzərə alırlar. Çünki Rusiyaya nüvə silahı ilə cavab zərbələri bu ölkəni ümumiyyətlə, yer üzündən silə bilər. Yəni, Kreml üçün nüvə silahı qələbə faktoru deyil. Əksinə, Rusiya ilə yanaşı, bütün dünyanı məğlubiyyətə uğrada biləcək son vasitədir.
İndilikdə isə Kremldə Şərqi Avropa ölkələrini xaosa sürükləyəcək priventiv zərbə ssenarilərinin daha aktual olduğu bildirilir. Rusiya siyasi dairələrindən sızan məlumatlara görə, Kremldə belə planlar hazırda intensiv şəkildə müzakirə edilir. Hesab olunur ki, Ukrayna savaşında Rusiya ordusunun məğlub duruma düşməsi ilk növbədə preventiv zərbə taktikasının işə salınmasında yol verilən gecikmədir.
Maraqlıdır ki, Kremldən Qərb kəşfiyyatına sızan hazırda Polşanı daha çox narahat etməyə başlayıb. Çünki, Rusiyanın indi Polşanı real hədəfə çevirmək planlarının hazırlıq prosesində son mərhələyə start verildiyi bildirilir. Yəni, rəsmi Varşava Polşanın yaxın vaxtlarda Ukraynanın taleyini təkrarlaya biləcəyindən narahatdır. Və ən təhlükəli məqam ondan ibarətdir ki, Polşanın Rusiyadan ola biləcək hər hansı birbaşa hərbi müdaxiləyə müqavimət gücü Ukrayna ilə müqayisədə daha zəifdir.
Ona görə də Polşanın özünü qorumaq üçün Rusiya ilə birbaşa qabaqlayıcı savaşa girməyə cəhd edəcəyi qətiyyən inandırıcı görünmür. Üstəlik, əgər, belə bir addım atılarsa, Ukrayna savaşı öz coğrafiyasını genişləndirərək, Avropa məkanına da sıçraya bilər. Digər tərəfdən, Polşanın Rusiya ilə savaşda birbaşa iştirakı həm də NATO-nun müharibəyə cəlb olunması anlamı daşıyar.
İndiki situasiyada nə Avropa ölkələri, nə də NATO Rusiya ilə qlobal savaşa həvəsli deyil. Ona görə də, Polşa Avropa ölkələrinin və NATO-nun mövqeyini nəzərə almadan Rusiya ilə savaş təhlükəsi yaradan addımlara cəsarət etməz. Hər halda, NATO yekun qələbəyə tam əmin olmadığı savaşa bulaşmaq istəmədiyindən Polşanın radikal davranışlarına da imkan verməz.
Əslində, Rusiya da NATO-nun iştirak edəcəyi savaşın hədəfi olmaqda qətiyyən maraqlı deyil. Ancaq Kreml Ukrayna savaşının coğrafiyasının genişləndirilməsinə can atdığını da qətiyyən gizlətmir. Sadəcə, bunu NATO-nun savaşa qatılmasına səbəb vermədən etməyə çalışır.
Məsələ ondadır ki, Rusiyanın həm Polşada, həm də Baltikyanı ölkələrdə "yatan hücrələri" mövcuddur. Çünki həmin ölkələrdə rusdilli əhali kifayət qədər təsir gücünə malikdir. Ona görə də, Kreml hazırda daha çox Polşa və Baltikyanı ölkələrdə "yatmış hücrələri" oyadacaq mexanizmləri hərəkətə gətirməyə çalışır.
Əgər, buna nail olarsa, Kreml həmin ölkələrdə daxili siyasi xaos yaratmaq şansı qazana bilər. Bu halda, Kreml Ukrayna savaş poliqonunun Qərb cinahında qeyri-sabitlik yaratmaqla, müharibə məkanı ətrafında yeni bloklanma trayektoriyası çəkə bilər. Bu isə ABŞ və Qərbin Ukraynaya hərbi dəstəyində ciddi problemlər yarada biləcək situasiya deməkdir. Yəni, bu halda, xüsusilə də, logistik problemlər ucbatından hərbi təchizat sahəsində gecikmələr qaçılmaz olacaq.
Bütün bunları nəzərə aldıqda, Polşa və Baltikyanı ölkələrdə Rusiya kəşfiyyatına bağlı rusdilli "hücrələr"in müxtəlif diversiya aksiyaları törədə biləcəkləri qətiyyən istisna deyil. Əslində, Polşanın Belarusla sərhəd bölgəsini qapatmağa və tam nəzarətə götürməyə çalışması da məhz elə bu təhlükə ilə birbaşa bağlıdır. Üstəlik, Polşa bununla Belarusdakı "vaqnerçilər"in mühacir adı altında, kiçik diversiya qrupları şəklində öz ərazisinə keçməsinin qarşısını almağa da cəhd göstərir.
Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, hazırda Baltikyanı ölkələr - Litva, Latviya və Estoniya, eləcə də, Polşa əsas hədəfə çevrilmək üzrədir. Bu ölkələrdə hər an daxili xaosa yol aça biləcək diversiya-terror dalğası başlaya bilər. Və bu, həmin ölkələr üçün indiki situasiyada üzləşə biləcəkləri ən ciddi təhlükədir.
Ona görə də, Qərb kəşfiyyatının adları çəkilən ölkələri Rusiyanın hazırladığı yeni xaos planı barədə xəbərdar etməsi, ümumiyyətlə, Avropa məkanında böyük narahatlığa yol açıb. Çünki Avropa ölkələri Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən ötən müddət ərzində savaşın bu qədər yaxınlaşdığını hiss etməyə başlayıblar. Və Kremlin "yatmış hücrələr" üzərindən Avropanı qarışdırmaq planı baş tutarsa, Ukrayna savaş poliqonunun əhatə dairəsi genişlənməklə yanaşı, "qoca qitə"də uzunmüddətli xaos dövrü başlaya bilər.(musavat.com)
Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhərində fəaliyyət göstərməyə çalışan separatçı-terrorçu dəstənin başçısı Araik Arutyunyan ötən gün verdiyi müsahibədə özlərini ifşa edib.
Axar.az xəbər verir ki, “qida ehtiyatı görmədikləri barədə” səslənən ittihamları Araik qəbul etmədiyini bildirib.
O deyib ki, bu ittihamlar əsassızdır:
“Ola bilsin ki, bəzi hesablamalarda səhvə yol vermişik, bəlkə daha çox ehtiyat yığa bilərdik. Biz 6,5-7 aya işləmişik, istehsala lazım olan xammalın gətirilməsi istiqamətində çalışmışıq. Bu fəaliyyət nəticəsində hələ də müqavimət göstərmək, mübarizə aparmaq, ərzaqla təmin olunmaq imkanımız var. Yəni bu mənada ittihamlar əsassızdır”.
Göründüyü kimi, Araik Qarabağda heç bir qida çatışmazlığı olmadığı, humanitar fəlakət yaşanmadığı, “mübarizə aparmaq üçün” ərzaq ehtiyatının kifayət qədər olduğunu etiraf edib.
Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevi təltif edib.
Yol-xeber.az xəbər verir ki, Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Əhməd oğlu Balayev “İstiqlal” ordeni ilə təltif olunur.