![]() |
|
Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.
Bu barədə "Report"a məlumatlı mənbələrdən bildirilib.
Daha əvvəl, analoji qərarın ABŞ-nin USAID agentliyi ilə bağlı verildiyini nəzərə alaraq (hətta Prezident Donald Trampın andiçmə mərasimindən və onun bu strukturu ləğv etmək barədə sonrakı qərarından əvvəl), bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyinin bir daha sübutudur və haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində olmadığını göstərir.
Azərbaycan özü donora çevrilib və xüsusilə qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq şəkildə kəşfiyyat xarakterli olan təşkilatlar vasitəsilə verilən kənar yardıma ehtiyacı yoxdur.
Ötən il ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 441 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib.
Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.
Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.
"Avropa İttifaqının (Aİ) müşahidə missiyasının şərti həmsərhəd ərazilərdən çıxarılmasına dair məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı razılaşdırılmamış məsələlərdən biridir. Azərbaycan tərəfi həmin missiyanın ümumiyyətlə, sərhədyanı ərazilərdən çıxarılması tələbi ilə çıxış edir və bu tələbində də kifayət qədər haqlıdır".
Bunu Oxu.Az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Aİ-nin müşahidə missiyası faktiki olaraq sülh yaratmaq və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində fəaliyyət göstərmir:
"Əksinə, öz fəaliyyəti ilə təhrikedici addımlara rəvac verir ki, bu da münasibətlərin iki ölkə arasında daha da gərginləşməsinə xidmət edir. Məlumdur ki, həmin missiya Azərbaycanın razılığı ilə cəmi iki aylıq müddətə 40 nəfərlik tərkibdən ibarət olaraq yaradılmışdı. Amma ondan sonrakı mərhələdə Ermənistan Azərbaycanla razılaşdırmadan birtərəfli qaydada həmin missiyanın müddətinin uzadılması və tərkibinin genişləndirilməsi istiqamətində addımlar atdı. Son olaraq isə daha iki il müddətinə, yəni 2027-ci ilə qədər mandatın uzadılması ilə bağlı müvafiq qərar qəbul olunub. Məsələ burasındadır ki, bu missiyanın tərkibi, yəni onun keçmiş hərbçilərdən, polis qüvvələrindən ibarət olması, eləcə də missiyanın tabe olduğu Avropa İttifaqının davamlı şəkildə Ermənistana silah tədarükü, Aİ-nin Sülh Fondu vasitəsi ilə ermənilərin silahlandırılması üçün milyonlarla vəsait ayrılması həmin missiyanın tamamilə başqa məqsədlər üçün yaradıldığını fakt olaraq ortaya qoyur. Yəni biz kifayət qədər yaxşı bilirik ki, missiyanın faktiki olaraq təkcə Ermənistan-Azərbaycan deyil, eləcə də zaman-zaman Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədində, habelə Rusiyanın 102-ci bazasının yerləşdiyi Gümrü istiqamətində görünməsi faktiki olaraq kəşfiyyat məlumatlarının toplanmasını təmin edir. Təbii ki, missiyanın daha bir məqsədi də ərazilərimizdə, şərti sərhəddə Ermənistan tərəfini təxribatlara yönəltmək və bu təxribatlar fonunda da həm İrəvanın təhlükəsizliyi adı altında hay-küy salaraq regionda möhkəmlənmək, həm də Azərbaycan ilə bağlı yanlış məlumatı dünyaya çatdırmaqdan ibarətdir. Bu baxımdan, bu missiyanın hər hansı bir formada şərti sərhəd istiqamətində qalması Azərbaycanın maraqlarına cavab vermir".
"Paşinyanın artıq ikinci dəfədir ki, delimitasiya olunmuş ərazilərdən müşahidə missiyasının çıxarıla biləcəyi ilə bağlı məsələni gündəmə gətirməsi də əslində, prosesin uzadılmasına yönəlik bir fəaliyyətdir. Çünki məlumdur ki, keçən dövr ərzində cəmi 12-13 kilometr şərti sərhəd Qazax istiqamətində delimitasiya və demarkasiya olunub. Ümumiyyətlə isə, delimitasiya və demarkasiya işi uzun vaxt aparan prosesdir və bu baxımdan, Ermənistan tərəfinin belə bir təklif ilə çıxış etməsi faktiki olaraq o deməkdir ki, İrəvan hələ uzun illər ərzində Aİ-nin müşahidə missiyasının bizim sərhədlərimiz istiqamətində qalmasını istəyir. Yəni bir il ərzində cəmi 12-13 kilometr ərazi delimitasiya olunursa, Azərbaycan-Ermənistan sərhədinin də uzunluğunu nəzərə alanda, aydın olur ki, Paşinyan həmin missiyanın hələ uzun illər ərzində Ermənistanda fəaliyyətini nəzərdə tutur. Əslində isə Paşinyanın başqa çıxış yolu da yoxdur. Çünki Aİ müşahidə missiyasının çıxarılması ilə bağlı səlahiyyət artıq Ermənistanda deyil. Yəni Ermənistan o imkanda, o gücdə, müstəqil addım atmaq iqtidarında olan ölkə deyil ki, missiyanın ərazisindən çıxarılması ilə bağlı mövqe ortaya qoysun. Ona görə də hələlik icazəsini ala bildiyi istiqamətdə, yəni delimitasiya prosesinin başa çatdığı istiqamətdə missiyanın çəkilməsi ilə bağlı təkliflər səsləndirir", - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə bu istiqamətdə digər bir məqam Amerika Birləşmiş Ştatlarının bundan sonrakı addımlarından asılı olacaq:
"Ermənistan ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında imzalanmış xartiyada ABŞ tərəfindən İrəvana xüsusi sərhəd mühafizə missiyasının göndərilməsi nəzərdə tutulub və say tərkibi haqqında da hər hansı bir fikir səsləndirilməyib. Yəni ABŞ Ermənistanı əlində saxlamaq istəsə, o zaman Paşinyan hakimiyyətinə artıq missiyaya ehtiyacın qalmadığı ilə bağlı fikirlərini bildirəcək və ondan sonra da İrəvanın müvafiq addım atması mümkün olacaq. Amma ABŞ hesab etsə ki, fəaliyyətini həmin missiya ilə birgə davam etdirsin, o zaman Paşinyana da bu istiqamətdə hər hansı bir təzyiq olmayacaq. Paşinyan da təbii ki, indiki mərhələdə missiyanın çıxarılması ilə bağlı hər hansı bir konkret addım atmayacaq".
"Xüsusilə onu da nəzərə alaq ki, Ermənistan tərəfi artıq Aİ-yə üzvlük ilə bağlı prosedurlara başlamaq haqqında qərar qəbul edib. Odur ki, bu məsələdə Azərbaycan olaraq bizim üzərimizə konkret vəzifə düşür. Bu vəzifə də ondan ibarətdir ki, Ermənistan davamlı şəkildə təzyiq altında saxlanılmalıdır. Həmin missiyanın ən azından bizim sərhədlərdən, yəni başqa harada dayana bilirsə, o Ermənistanın öz işidir, - amma Azərbaycan-Ermənistan sərhədindən çıxarılması ilə bağlı İrəvanı davamlı şəkildə təzyiq altında saxlamağa ehtiyac var. Çünki bu missiya Azərbaycanın razılığı ilə yaranıb, lakin bu gün birtərəfli qaydada, Bakının icazəsi olmadan onun fəaliyyətinin uzadılması heç bir çərçivəyə sığmır", - deyə R.Bayramov fikrini yekunlaşdırıb.
Azərbaycan və Türkiyənin əsas hədəflərindən biri Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması planıdır.
Bu barədə RFI yazır.
Nəşr yazır ki, dəhlizin reallaşmasına qarşı qəti şəkildə çıxan ölkə isə İrandır.
Lakin İranın Suriya və Livandakı uğursuzluqlardan sonra zəifləməsi, Bakı və Ankaraya bu layihəni reallaşdımaq üçün fürsət yaradır.
“GlobalSource Partners”ın türk analitiki Atilla Yeşilada məsələ ilə bağlı deyib ki, zəifləmiş İran Qafqazda Türkiyə üçün böyük bir fürsətdir.
Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasına müqavimət göstərməsinin yeganə səbəbi İranın onu hərbi yolla qorumaq vədləridir.
Analitikin fikrincə, İran ABŞ prezidenti Donald Tramp administrasiyasının təzyiqi altında olduğundan Azərbaycan və ya Türkiyə çətin ki, İranın təhdidlərini ciddi qəbul etsin.
Bununla belə, İranın regional uğursuzluqları və Vaşinqtonun artan təzyiq təhlükəsi nəzərə alınmaqla, Tehranın regionda dostlara ehtiyacı var.
Yanvar ayında İran müxalifətini yumşaltmış kimi görünür, yüksək səviyyəli bir iranlı diplomat Zəngəzur dəhlizinə qarşı durmağın artıq prioritet olmadığını deyib. Tehranın görünən yumşalması, onun Moskva ilə dərinləşən əlaqələri ilə üst-üstə düşür.
Rusiya da beynəlxalq sanksiyaları tətbiq etməyən ölkələr vasitəsilə yeni ticarət yolları yaratmaqla beynəlxalq sanksiyalardan yan keçmək üçün Zəngəzur dəhlizini dəstəkləyir.
Lakin Trampın yeni administrasiyası hələ də dəhliz layihəsi ilə bağlı qərar verməyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trampla sıx əlaqələr qurmağa çalışır.
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin imzaladığı digər Sərəncamla M.Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
Azərbaycanda əmək pensiyaları indeksləşdirilib.
Ölkə.az xəbər verir ki,haqqında Sərəncam imzalayıb.
Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2025-ci il yanvarın 1-nə 2024-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sərəncam 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə baş verən dağıdıcı zəlzələnin ikinci ildönümü ilə bağlı bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Başsağlığında deyilir:
"İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.
Azərbaycan bu dəhşətli faciə ilə bağlı qardaş Türkiyənin dərdini bölüşür, kədərini birlikdə yaşayır. Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrindən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü.
Bu gün güclü və qüdrətli Türkiyə dövləti Sizin rəhbərliyiniz altında fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş bölgədə həyatın və iqtisadiyyatın dirçəldilməsi, insanların yeni evlər və iş yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirir. Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq.
“Bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir.
Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliyimiz və strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı və əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu anım günündə bir daha Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sədrinin müavinlərinin sayı artırılır.
Yol-xeber.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.
Dövlət Agentliyi sədrinin müavinlərinin sayı 2-dən 3-ə qaldırılır.
Co Bayden hökumətinin Azərbaycana son pisliklərindən biri də gethagetdə ABŞ və Ermənistan arasında yanvarın 15-də strateji tərəfdaşlıq haqda Xartiyanın imzalanması oldu. Həmin sənəddən yarım ay ötür. Artıq keçmiş dövlət katibi sayılan Entoni Blinken xartiya ilə bağlı bildirmişdi ki, Amerika tezliklə, bir həftəyə Ermənistana sərhəd təhlükəsizliyi ilə bağlı xüsusi qrup (əslində hərbi qrup) göndərəcək.
Ancaq üstündən 3 həftəyə yaxın keçsə də, bunu müşahidə etmirik. Ümumiyyətlə, Tramp hökuməti həmin vədi və sənədi unuda, kənara qoya bilərmi? Trampın vəzifəyə başlamasından 15 gün ötür. Müəyyən nəticələrə gəlmək mümkünmü, yoxsa 100 günü gözləmək lazım gələcək? Belə bir qrup, hər halda, Tramp dönəmində göndərilərsə, Bakının reaksiyası necə olacaq?
Qeyd edək ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin şərtlərindən biri də (sülh sənədində razılaşdırılmayan iki bənddən biri) sərhəddən üçüncü dövlətin qüvvələrinin çıxarılmasıdır. Ancaq İrəvan əksinə, sərhədə yeni xarici qüvvələr gətirir. Bir neçə gün qabaq isə Avropa İttifaqının yarımhərbi, casus müşahidə missiyasının Ermənistanın razılığı ilə daha iki il uzadılması haqda qərar qəbul olunub.
İrəvanın həm sərhədə xarici qüvvə yığmağa davam etməsi, həm də “sülh sənədini imzalamağa hazırıq” riyakarlığı daha nə qədər sürəcək?
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ-la Ermənistan arasında imzalanmış xartiya ermənipərəst administrasiyanın öz mövqeyini bir daha nümayiş edirməsi idi. Bununla bir daha təsdiq etdi ki, haqlı-haqsız olaraq Ermənistanın yanındadır: “Bayden hakimiyyətindəkilərin bir çoxu birbaşa erməni lobbisi ilə işbirliyində idi. Bu işbirliyinin nəticəsi olaraq da xartiya meydana gəldi. Amma bu xartiyanın imzalanması o demək deyil ki, həmin sənəd əbədidir, dəyişilə, ləğv edilə bilməz. Ölkənin hakimiyyəti dəyişəndə ölkənin xarici siyasətində müəyyən dəyişikliklər də ola bilər. Sözügedən xartiya ABŞ-ın milli maraqlarına, dövlət maraqlarına xidmət edən sənəd deyil. O sənəd erməni diasporu və lobbisinin maraqlarına və Baydenin mənasız ermənipərəstliyinə xidmət edən sənəd kimi qəbul olunub. Ona görə də Donald Trampın o sənədi kənara qoyması ehtimalı istisna edilməməlidir. Tramp administrasiyasının siyasətinin necə olacağını yaxın zamanlarda daha aydın görəcəyik. Yanvarın 20-dən səlahiyyətlərinin icrasına başlayan prezident Tramp keçən iki həftə ərzində daha çox kadr təyinatları və bundan irəli gələn işlərlə daha çox məşğul oldu. Eyni zamanda onun ilk iki həftədə imzaladığı sənədlər Ermənistanla imzalanan xartiyadan fərqli olaraq Amerika iqisadiyyatına, maraqlarına fayda verəcək sənədlər idi. Amma Trampın xarici siyasətdə hələlik ciddi addımlar atdığını görmürük. Rusiya ilə bağlı müəyyən açıqlamalar verdi, Çinlə, Kanada ilə bağlı bəyanatlar səsləndirdi. Ancaq açıqlamadan o tərəfə addımlar atmayıb. Həmçinin Cənubi Qafqaz regionu ilə bağlı Trampın açıqlamasının şahidi olmamışıq. Tramp ehtiyatlı hərəkət edəcək. Ermənistan kimi zəif bir ölkə ilə tərəfdaşlıq xartiyasının ABŞ-a nə verəcəyini yəqin Tramp müzakirə edəcək və bir nəticəyə gələcək. Hesab edirəm ki, heç 100 günü gözləməyə ehtiyac olmayacaq. Yəqin ki, yaxın bir ayda ABŞ-Ermənistan, ABŞ-Azərbaycan, ABŞ-Cənubi Qafqaz münasibətlərində nələrin gözlənildiyi istiqamətində işartıları görəcəyik”.
Ç.Qənizadə qeyd etdi ki, Ermənistanın sərhədlərinə xarici qüvvələri yığmaq istiqamətində addımları, şübhəsiz, İrəvanın sülh bəyanatlarında səmimi olmadığını sübut edir: “Ermənistanın bu cür riyakar siyasəti hesab edirəm ki, həm Rusiyanı, həm də İranı qıcıqlandıracaq. Yəqin ki, yaxınlarda İran da səsini çıxarmağa başlayacaq. Azərbaycan isə onsuz da ilk vaxtlardan mövqeyini açıq ortaya qoyub ki, bir tərəfdən sülhdən danışıb o biri tərəfdən sərhədə xarici qüvvələri müxtəlif missiyalar adı altında gətirmək siyasəti qəbuledilməzdir və İrəvanın sülhdən uzaq olmasının göstəricisidir. Ermənistan ənənəvi hiyləgərliyini davam etdirir. Ancaq region dövlətləri Ermənistanın bu riyakarlığını və hiyləgərliyini, özündən məzlum dövlət obrazını yaradıb dünyanı aldatmaq siyasətini ifşa etməlidir. Çünki bu siyasət artıq regiondakı bütün dövlətlərin marağına ziddir və onlara təhdid yaratmaqdadır”.