Avropa İttifaqı Zəngilan istiqamətində müşahidələrini aktivləşdirib - VİDEO

Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhəddində yerləşdirilən müşahidə missiyası Zəngilan istiqamətində fəaliyyətini aktivləşdirib.

 “Report”un əldə etdiyi görüntülərdən aydın olur ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missyasına məxsus maşın karvanı sərhədə doğru irəliləyir.

Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.

Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

 

 

Baş nazir QƏRAR İMZALADI

"ASAN müraciət" informasiya sistemi haqqında Əsasnamə"də dəyişikliik edilib.

Bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən "ASAN müraciət" informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısına Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti əlavə edilib.

Bu gün Azərbaycanda “sükut günü”dür

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu gün Azərbaycanda “sükut günü”dür.

Bələdiyyə seçkiləri ilə əlaqədar bu gün seçkiqabağı təşviqat aparıla bilməz.

Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.

Qanunvericiliyə görə təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda bu müddət 2025-ci il yanvarın 6-dan başlayıb, yanvarın 28-i saat 08:00-da başa çatıb.

Bu günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.

Qeyd edək ki, yanvarın 29-da keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8:00-da açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.

Seçkilərdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparacaq.

Bakının “Dəmir Yumruq” zərbəsi Parisi sarsıdıb: Fransanın nüvə raketlərinin Azərbaycana tuşlanmasına çağırışlar edilir

Makron hakimiyyətinə bağlı siyasi dairələr hesab edirlər ki, Azərbaycan hazırda Fransa ilə yanaşı, həm də Avropa Birliyinin ərazi bütövlüyünə təhdid törədir... Böyük ehtimalla Parisdə ağıl tutulması dövrü artıq başlayıb, ona görə də, Fransada artan etiraz dalğasını məhz süni “xarici düşmən” təhlükəsi ilə bloklaya biləcəklərinə ümid bəsləyirlər...

"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazda şəriksiz geopolitik iradə mərkəzi statusu məhz Azərbaycana məxsusdur. Rəsmi Bakı bu reallığı öz müstəqil geopolitik qərarları ilə dəfələrlə artıq sübuta yetirib. Hər halda, beynəlxalq siyasi iradə mərkəzləri də Cənubi Qafqazla bağlı maraqlarını və hədəflərini reallaşdırmağa çalışarkən, Azərbaycanın regional lider olduğunu mütləq nəzərə almaq məcburiyyətində qalırlar. Və bu reallıq artıq bu regionda inkaredilməz geostrateji faktora çevrilib.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı geniş maliyyə-iqtisadi və hərbi-siyasi resurslarını Azərbaycanın yüksəliş faktoruna çevirməyə artıq bacarıb. Belə ki, Azərbaycanın maliyyə-iqtisadi yüksəlişi ölkəninin güclü ordu quruculuğu hədəflərinin reallaşmasına münbit şərait yaratmış oldu. Nəticədə rəsmi Bakı cəmisi 44 günlük savaş sayəsində 30 il mövcud olmuş problemi birdəfəlik həll edə bildi. Və Azərbaycanın ərazi bütövlüyü müstəqillik dövründə ilk dəfə bərpa edilmiş oldu.

Təbii ki, Azərbaycanın tarixi hərbi zəfəri öz növbəsində rəsmi Bakının geopolitik gücünü artırdı, beynəlxalq məkanda da söz sahibinə çevirdi. Hər halda, hazırda Azərbaycanın “Dəmir yumruğu” beynəlxalq siyasi məkanda da təsir faktoruna çevrilməyə başlayıb. Belə ki, ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı “geopolitik müstəmləkə”yə çevirməyə bacarıb. Ancaq bu, “məkrli üçlüyə” Cənubi Qafqazda hegemonluq etmək imkanları açmır. Və rəsmi Bakı öz qətiyyətli mövqeyi ilə bu “məkrli üçlüyü” Cənubi Qafqazda geopolitik proseslərdən kənarda saxlamağı bacarır.

Məsələ ondadır ki, rəsmi Bakı ABŞ-ın regional sülh prosesində vasitəçilik missiyasını ələ keçirtməsinə və ənənəvi manipulyasiya əməliyyatlarına başlamasına imkan verməyib. Avropa Birliyi də ABŞ kimi, ermənipərəst mövqeyinə görə Cənubi Qafqazda sülh prosesindən kənarlaşdırılıb. Ermənistanın “əkiz bacısı”, Afrikadan qovulan Fransaya da bu regionun giriş qapıları qapadılıb. Və bu baxımdan, “məkrli üçlüyün” indi yalnız Ermənistanın hələ de-yure dəqiq olmayan sərhədləri içərisində qapanıb, qalması qətiyyən səbəbsiz deyil.

Ona görə də, ABŞ, Avropa Birliyi və Fransanın dəstəyini Ermənistanın bu regionda əsas təhlükəszilik sisteminə çevirmək şansından uzaq qalan rəsmi İrəvan hələ də bu istiqamətdə nəticəsiz cəhdlərini davam etdirməyə çalışır. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan hər dəfə çətin vəziyyətə güşəndə dərhal Yelisey sarayına qaçaraq, Fransa prezidenti Emmanuel Makrondan dəstək almağa çalışır. Halbuki, Cənubi Qafqaza təsir məsələsində Fransanın Azərbaycan qarşısında gücsüz qaldığını anlayan prezident Emmanuel Makron artıq iki ildir ki, erməni baş nazirə vəd versə də, Ermənistana səfərə həvəs göstərmir. Və bu, Fransa prezidentinin beynəlxalq məkanda Azərbaycanın növbəti “Dəmir yumruq” zərbəsinə məruz qalaraq, daha da nüfuzdan düşə biləcəyindən ehtiyatlandığını biruzə verir.

Bütün bunları nəzərə aldıqda, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın fransız həmkarı Bris Rokfo ilə məsləhətləşməsi də tamamilə boşuna vaxt itirməkdən başqa bir şey deyil. Çünki bu məsləhətləşmədə “iki ölkənin genişmiqyası ortaq maraqlarının reallaşdırılma yolları”nın müzakirə edildiyi bildirilir. Halbuki, Fransa və Ermənistanın Cənubi Qafqazdan kənarda hər hansı ciddi ortaq maraqları mövcud deyil. Və bu, o deməkdir ki, həmin “ortaq maraqlar” nə qədər müzakirə edilsə də, Azərbaycan onların Cənubi Qafqazda reallaşmasına heç bir halda, imkan verməz.

Məsələ ondadır ki, Azərbaycan-Fransa münasibətləri hazırda ermənipərəst rəsmi Parisin günahı ucbatından ən qəliz dövrünü yaşayır. Belə ki, rəsmi Bakı Azərbaycana qarşı əsassız böhtan kampaniyası aparan Fransanın beynəlxalq müstəmləkəçilik siyasətini açıq şəkildə hədəfə alıb. Rəsmi Bakı Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqların azadlıq hərəkatına birmənalı şəkildə dəstək verir. Və rəsmi Parisin bəşəri cinayətlərinin ifşa olunmasında xüsusi rol oynayır.

Ona görə də, beynəlxalq nüfuzunu sürətlə itirməkdə olan Fransanın siyasi dairələri Azərbaycana qarşı olduqca qəzəblidirlər. Hətta Fransanın öz həmcinsi ilə evlənmiş keçmiş baş naziri Qabriel Attal rəsmi Parisi və Avropa dövlətlərini Azərbaycana sərt reaksiya verməyə çağırıb. Onun fikrincə, Fransanın müstəmləkə altında saxladığı xalqların rəsmi Parisə qarşı kütləvi etiraz fəaliyyətinə başlaması Azərbaycanın onlara verdiyi açıq dəstəklə birbaşa bağıdır. O, iddia edib ki, Azərbaycan indi Fransanın və Avropanın ərazi bütövlüyünə təhlükə törədir. Və Fransanın keçmiş baş naziri bunun həm ölkəsinin, həm də bəzi Avropa ölkələrinin beynəlxalq cinayət sayılan müstəmləkəçiliklə hələ də məşğul olduğunu dolayısıyla etiraf edib.

Halbuki, hazırda rəsmi Parisin məşğul olması daha vacib sayıla biləcək problemləri də mövcuddur. Belə ki, Fransa əhalisi prezident Emmanuel Makrondan və onun partiyasından ciddi şəkildə narazıdır. Ona görə də, “Le Figaro” ictimai araşdırmasında indi prezident E.Makronun rəyi soruşulanların yalnız 21 faizinin dəstəkləməsi qətiyyən təəccüblü deyil. Və bu, yaxın gələcəkdə Makron hakimiyyətinin Fransanın siyasi səhnəsindən silinə biləcəyini biruzə verir.

Ancaq Makron hakimiyyəti deyəsən, Fransada artan etiraz dalğasını məhz süni “xarici düşmən” axtarışı ilə aradan qaldıra biləcəyinə ümid bəsləyir. Belə ki, bəzi məlumatlara görə, ictimai təbliğat kampaniyalarında son vaxtlar Fransanın nüvə raketlərinin Azərbaycana tuşlanması ilə bağlı çağırışlar artmağa başlayıb. Makron hakimiyyətinin düşdüyü aciz durumu nəzərə aldıqda, belə avantürist “ideyalar”ın gündəmə gətirilməsi qətiyyən təəccüb doğurmur. Və böyük ehtimalla Azərbaycanın “Dəmir yumruq” zərbəsi Fransa siyasi-ictimai elitasında ağıl tutulması üçün tamamilə yetərli olub.

Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişib

Prezident İlham Əliyev "Avtomobil yolları haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Yol-xeber.az xəbər verir ki, yenilənmiş qanuna aşağıdakı yeni anlayışlar daxil edilib:

- ödəniş məntəqəsi – ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır;

- buraxılış məntəqəsi – ödənişli avtomagistrallarda nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək məqsədilə yaradılmış və keçid zolaqlarında quraşdırılmış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr və qurğularla təchiz edilmiş məntəqədir.

Bundan başqa, yeni qanunla bundan sonra avtomobil yolları istifadəçiləri ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə, eləcə də buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə məsuliyyət daşıyacaqlar.

Prezident Məmməd Musayevlə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məmməd Qurban oğlu Musayev “Şöhrət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

PTX-nin hərbi qulluqçularının maaşları artırılıb

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Prezidentin Təhlükəsizlik Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Dövlət Agentliyinin hərbi qulluqçularının maaşları artırılıb

Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Agentliyi və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Azərbaycan Prezidenti İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.

Dövlət başçısı Azərbaycanda tarixən olduğu kimi bu gün də müxtəlif dinlərin və konfessiyaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dostluq, əmin-amanlıq və harmoniya şəraitində yaşadıqlarını vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, bu, xalqın həyat tərzi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

Dövlət başçısı vurğuladı ki, Azərbaycan öz təcrübəsindən çıxış edərək dünya səviyyəsində də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır, bundan sonra da öz töhfəsini verməkdə davam edəcək.

Qonaqlar Azərbaycanda tarixən yəhudi icmasının nümayəndələrinin dinc şəraitdə yaşamaları üçün yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Onlar Azərbaycana səfər çərçivəsində, həmçinin Quba rayonuna da gedəcəklərini və oradakı yəhudi icmasının yaşayış şəraiti ilə yerində tanış olacaqlarını dedilər.

Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etdiklərini vurğulayan qonaqlar həmin ərazilərdə qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işlərinin onlara böyük təəssüratlar bağışladığını qeyd etdilər.

Bu səfər çərçivəsində dünyanın müxtəlif ölkələrindən çoxsaylı yəhudi iş adamlarının ölkəyə gəldiyini deyən qonaqlar Azərbaycanın biznes və investisiya üçün cəlbedici ölkə olduğunu vurğulayaraq, bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə etdilər.

Görüşdə Azərbaycan-İsrail və Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və idarə heyətinin üzvü Conatan Misneri qəbul edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Qvineyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev yanvarın 27-də Qvineyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xəbər lenti