Bu gün Xankəndi şəhərində Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri və erməni sakinlər arasında növbəti görüş gözlənilir.

Xatırladaq ki, bu, sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra sayca dördüncü görüş ola bilər.

Bundan əvvəl ilk dialoq Yevlaxda, ikincisi Xocalıda baş tutub. Üçüncü görüş sentyabrın 29-da yenidən Yevlaxda təşkil olunub.
Görüşlərdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub.

Rusiya sülhməramlı kontingenti  Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana yola düşən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər.

Oxu.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının rəsmi saytında məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar. Dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında səmərəliliyin artırılmasına imkan yaradacaq.

İranda məhkəmə Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarıb.

Bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb.

Qeyd olunub ki, edamın nə vaxt icra ediləcəyi məlum deyil.

Qeyd edək ki,terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.

 

 

Qarabağdakı separatçı rejimin üç keçmiş lideri Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın oktyabrın 1-də Ermənistana getdiyi bildirilir.

Bu barədə erməni mənbələri yazır.

Söylənilir ki, qeyri-qanuni rejimin sonuncu rəhbəri Samvel Şahramanyan ölən və itkin düşənlərin qalıqlarının tapılması üçün axtarış-xilasetmə işləri başa çatana qədər Qarabağda qalacaq.

Musavat.com isə mənbələrinə əsasən yazır ki, bu simalar Xankəndi və ətraf bölgələrin mərkəzi hakimiyyətin problemsiz nəzarəti altına keçməsi, silahlı dəstələrin tərkisilah olunması və ən əsası, Ruben Vardanyanın və daha 3 "generalın" həbs olunması prosesində Bakı ilə gizli əməkdaşılıq ediblər.

"Caliber" isə yayılan məlumatlara "guya" reaksiyası verməklə kifayətlənib.

Qeyd edək ki, bununla bağlı rəsmi informasiya yoxdur.

Belə anlaşılır ki, 35 il ərzində Ermənistanın işğalçılıq siyasətinin və "boz zona"dakı separatçı-terrorçuların maraqlarının girovuna çevrilmiş Qarabağın erməni azlığı indi də rəsmi İrəvana xüsusi mənfəətlər üçün lazımdır... Rəsmi İrəvan öz yaşayış yerlərini könüllü tərk etmiş erməniləri yenidən özəl maraqların girovuna çevirmək niyyətindədir, onları məqsədyönlü şəkildə Azərbaycanla sərhəd bölgələrinə yerləşdirməyə çalışırlar...
Cənubi Qafqazda bütün proseslər intensiv xarakter daşıyır. Hər şey sürətlə baş verir. Azərbaycan ordusu sürətlə lokal antiterror tədbirləri reallaşdırdı, 35 il ərzində mövcud olan erməni separatizmini və terrorizmini qısa müddətdə - cəmisi 24 saat ərzində bitirdi. Halbuki, Qərb siyasi dairələri problemin hərbi yolla həllinin mümkün olmadığı iddiaları ilə danışıqlar aparmağı tələb edirdilər. Yəni, Azərbaycana əbədi problem və heç vaxt sona çatmayacaq danışıqlar təklif edirdilər.

Ancaq artıq hər şey arxada qalıb. "Əbədi problem" həllini tapıb, danışıqlara da ehtiyac yoxdur. Azərbaycan ordusu danışıqlar aparmaq, problemləri həll etmək qabiliyyətini bütün dünyaya növbəti dəfə sübut edib. İndi bütün dünyanın bu reallıqla barışıb, mövcud situasiyaya uyğun davranması qaçılmazdır. Hətta rəsmi Bakı beynəlxalq müşahidə missiyalarının Azərbaycanın Xankəndi və ətraf bölgəsinə səfər edib, hər şeyi öz gözləri ilə görmələrinə də etiraz etmir, əksinə, buna özü şərait yaradır.

 

814e4a1f24910383014a04866e883c48.jpg (256 KB)Azərbaycan dövlətinin bu mövqeyi tamamilə doğru yanaşmadır. Çünki rəsmi Bakının nələrisə gizlətməyə heç bir ehtiyacı yoxdur. Azərbaycan ordusunun lokal antiterror tədbirləri qısa müddətli olub, mülki əhaliyə zərər verilməyib, şəhərlərə, kəndlərə zərbə endirilməyib. Əksinə, bölgəni tərk edən ermənilər öz barbar xislətlərini gizlədə bilməyiblər, Xankəndini zibilləyiblər, bəzi kəndlərdə öz evlərini yandırmağa cəhd göstəriblər. Yəni, beynəlxalq müşahidəçilərin qeydə ala biləcəyi hər hansı mənfi situasiya mövcud deyil.

Ancaq ermənilər üçün bu qədər təlaşla tez-tələsik hərəkətə keçən beynəlxalq müşahidəçilər nədənsə, Azərbaycanın son 35 il ərzində dağıdılıb, yerlə-yeksan edilən şəhər və kəndlərini görmək istəmirlər. Əks halda, bu 35 il ərzində heç olmazsa, cəmisi bircə dəfə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edib, erməni vəhşiliklərinə də göz atardılar. Daşı-daş üstündə qalmayan yaşayış məntəqələrini də görərdilər.

Əslində, heç indi də gec deyil, BMT-nin müşahidə missiyasının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib, indi hüquqları barədə narahat olduqları ermənilərin necə barbarlıqlar törətdiyini də araşdırmaq elə bir problem yaratmaz. Sadəcə, beynəlxalq siyasi iradə mərkəzləri bunda maraqlı deyillər. Onları Azərbaycanın ermənilər tərəfindən dağıdılmış şəhərləri, kəndləri maraqlandırmır. Yurd yuvalarından zorakılıqla didərgin salınan, qaçarkən ermənilər tərəfindən atəşə tutulan, qəddarlığa, işgəncələrə məruz qalan Azərbaycanlıların taleyi onları qətiyyən düşündürmür. Və bu, insan hüquqlarından danışmağı sevən Qərbin "ədalət" standartlarıdır.

Hələlik bölgəyə BMT müşahidəçiləri gəliblər. Baş verənləri yerində araşdırmağa çalışırlar. Xankəndi və digər şəhərlər əvvəl necə idisə, indi də eləcə yerindədir. Heç bir yaşayış binasına, mülki obyektə zərbə endirilməyib. Çünki Azərbaycan ordusu mülki əhaliylə - qadınlarla, qocalarla, uşaqlarla savaşmır. Xankəndi və Qarabağın digər yaşayış məntəqələri Azərbaycana məxsusdur. Və orada yaşayanların milli-etnik mənsubiyyəti heç bir əhəmiyyət daşımır, Azərbaycan ordusu öz şəhərlərinə zərbə endirmir.

7ff049656426601f98065c04b0f658a6.jpg (177 KB)

Bəli, Azərbaycan ordusu bütün dünyanı fakt qarşısında qoymağı, çətin vəziyyətə salmağı bacarıb. Dünyanın bir sıra nüfuzlu mətbuat qurumları könüllü şəkildə Azərbaycan ərazilərini tərk edən ermənilərlə danışsalar da heç bir zorakılıq faktına rast gələ bilməyiblər. Hətta BMT-nin qaçqınlarla bağlı komitəsinin rəsmi təmsilçisi, Azərbaycan tərəfindən ermənilərə qarşı beynəlxalq hüquq normalarına zidd davranış hallarının törədilməsini təsdiq edəcək faktların qeydə alınmadığını açıq şəkildə etiraf etməli olub.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycana reinteqrasiya şərtləri Qarabağın erməni azlığına elan olunub. Həmin şərtləri qəbul edən hər bir dinc erməni sakin Azərbaycanda qalıb, yaşaya bilər. Şərtlər isə beynəlxalq hüquq normalarına uyğun olmaqla yanaşı, qətiyyən ağır deyil. Sadəcə, Azərbaycan Konstitusiyasının tələblərinə uyğun şəkildə vətəndaşlıq üçün müraciət etmək lazımdır. Azərbaycan qanunları çərçivəsində yaşamağı qəbul etmək vacibdir. Və bu, bütün normal dövlətlərdə mövcud olan vətəndaşlıq normalarıdır.

Azərbaycan dövləti artıq Xankəndi şəhərindədir. Rəsmi Bakı bu şəhərdə və ətraf bölgədə Azərbaycan Konstitusiyasının fəaliyyətini bərpa edib. Hazırda Azərbaycanın dövlət orqanlarının Xankəndi və ətraf bölgədə strukturlaşdlrılması prosesinə start verilib. Azərbaycan Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xankəndi şəhərində fəaliyyətə başlayıb. Azərbaycan Konstitusiyası çərçivəsində yaşamaq istəyən erməni sakinlərin rəsmi qeydiyyatı aparılır. Və bu, reinteqrasiya prosesinin qaçılmaz olduğunu göstərir.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)Böyük ehtimalla Azərbaycan ərazisini könüllü olaraq, tərk edən erməni sakinlərin müəyyən qismi də yaxın vaxtlarda geri dönməyə başlayacaqlar. Çünki bir tərəfdən rəsmi Bakı bunun üçün lazım olan bütün şəraiti yaradır. Digər tərəfdən isə bəzi məlumatlara görə, Ermənistana gedənlər rəsmi İrəvanın davranışlarından artır narazı olduqlarını da gizlətmirlər. Onlara heç bir yaşayış imkanları təklif olunmur. Sadəcə, qeydiyyat aparılır və taleyin ümidinə buraxılır.

Bunun əvəzində rəsmi İrəvan Qarabağdan Ermənistana gedən ermənilərin sayını süni şəkildə şişirdərək, onların sayəsində beynəlxalq qurumlarından maliyyə vəsaiti qoparmağa cəhd göstərir. Yəni, Ermənistan faktiki olaraq, beynəlxalq səviyyədə dilənçiliklə məğlub olmaqdadır. Bu baxımdan, Ermənistan mətbuatının və siyasi dairələrinin Qarabağda yaşayan ermənilər arasında xof yaradaraq, onları bölgəni tərk etməyə sövq etməsinin əsl səbəblərindən bəziləri indi aydınlaşmağa başlayıb.

Belə anlaşılır ki, 35 il ərzində Ermənistanın işğalçılıq siyasətinin və "boz zona"dakı separatçı-terrorçuların maraqlarının girovuna çevrilmiş Qarabağın erməni azlığı indi də rəsmi İrəvana xüsusi mənfəət üçün lazımdır. Rəsmi İrəvan öz yaşayış yerlərini könüllü tərk etmiş erməniləri yenidən özəl maraqların girovuna çevirmək niyyətindədir. Bəzi məlumatlara görə, rəsmi İrəvan hətta onları Azərbaycanla sərhəd bölgələrinə yerləşdirməyə çalışır. Yəni, Ermənistan Qarabağdan gedənlərdən "canlı istehkam" kimi istifadə etmək niyyətindədir. Və bu, Ermənistan siyasətinin "barbarlıq" səviyyəsini göstərir.(musavat.com)

Rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq istiqamətində israrlı davransa da, Ermənistanın bu yolu sona qədər gedə biləcəyinə əmin deyil... Paşinyan hakimiyyəti Ermənistanın öz hədəfinə çatmadan, Qərbə uzanan yolda “yoxa çıxa biləcəyindən” narahatdır...
Ermənistan tarixi məğlubiyyətlər silsiləsi ilə üzləşib. Rəsmi İrəvan Ermənistanın son 30 il ərzində malik olduğu və lovğalandığı bütün hərbi-siyasi mövqeləri bir-birinin ardınca uduzmaqda davam edir. Ermənistan məğlub olduqca erməni siyasi-ideoloji mərkəzlərinin onilliklər boyu uydurduqları “möhtəşəm tarix” də “sabun köpüyü” kimi partlayıb, yox olur. Və bu, uydurulmuş “tarix”in ömrünün çox da uzun olmadığını birmənalı şəkildə təsdiqləyir.

İndi Ermənistan işğal etdiyi ərazilərə nəzarəti həmişəlik itirməklə yanaşı, beynəlxalq məkanda da propoqanda mexanizmlərindən məhrum olur. Rəsmi İrəvan artıq həm regionda, həm də ümumiyyətlə, dünyada küncə sıxışdırılmış duruma düşməyə başlayıb. Ona görə də, hazırda Paşinyan hakimiyyəti üçün əsas problemlərin sırasında artıq Ermənistanın qondarma “dövlətçiliyini” qorumaq məsələsi ön plana keçməyə başlayıb.

Məsələ ondadır ki, Ermənistanın beynəlxalq himayədarları, o cümlədən də, Fransa daha “erməni xəyalları”nı əvvəlki kimi müdafiə edə bilmir. Prezident Emmanuel Makron ermənilərin maraqlarını müdafiə edəcəyini xüsusi olaraq, vəd etsə də, son illərdə baş vermiş ardıcıl hərbi hesablaşmalarda Fransa Ermənistana heç bir dəstək göstərməyə nail olmayıb. Əksinə, ən həlledici məqamlarda rəsmi Paris sadəcə, susmaq məcburiyyətində qalıb.

Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, Fransanın həm Cənubi Qafqazda manevr imkanları mövcud deyil, həm də Azərbaycana təzyiq mexanizmləri yoxdur. Eyni zamanda, rəsmi Paris artıq birmənalı şəkildə anlayır ki, Azərbaycan-Türkiyə İttifaqı Ermənistan-Fransa cütlüyündən müqayisəolunmaz səviyyədə güclüdür. Və Türk İttifaqına qalib gəlmək erməni-fransız “bacılığı” üçün əlcatmaz hədəfdir.

Təbii ki, belə vəziyyətin yaranmasında rəsmi Bakının qətiyyətli və prinsipial qərarları xüsusi rol oynayır. Azərbaycan ordusunun lokal antiterror tədbirlərinin nəticələri Cənubi Qafqazda situasiyanı daha da dəqiqləşdirib. Beynəlxalq ermənipərəstlərin regiona sonuncu təzyiq faktoru olan Xankəndi və ətraf bölgədəki erməni terrorizmi sıradan çıxarılıb. Azərbaycan Qarabağ üzərində öz suveren hüquqlarını tam şəkildə bərpa edib. Və bu baxımdan, Fransanın Cənubi Qafqazda manevr məkanı daha da məhdudlaşdırılaraq, Ermənistan ərazisinə qapadılıb.

“Azərbaycan ərazisində artıq “boz zona” yoxdur” deyən Prezident İlham Əliyevsə, Cənubi Qafqazı qarışdıraraq, öz maraqlarını reallaşdırmağa çalışan beynəlxalq dairələrə sərt xəbərdarlıq edib: "Bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə mesaj verirəm ki, bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir".

Azərbaycan Prezidentinin bu xəbərdarlıq mesajından ilk növbədə Ermənistanın beynəlxalq himayədarı Fransa nəticə çıxartmalıdır. Çünki rəsmi Paris Azərbaycana qarşı beynəlxalq platformalarda siyasi savaş açmağa çalışır. Bununla da, Azərbaycana təzyiq göstərməklə, Cənubi Qafqazda Fransanın bu regiona aidiyyatı olmayan maraqlarına məkan açmağa cəhd göstərir. Və rəsmi Bakı Fransanın davranışlarına münasibətdə səbrinin tükənmək üzrə olduğunu qabartmaqla, reaksiya verir.

Belə anlaşılır ki, Ermənistanın Fransadan umduğu dəstək real xarakter daşımır. Rəsmi Bakı Fransaya Cənubi Qafqaza yerləşmək imkanı vermək niyyətyində deyil. Ona görə də, rəsmi İrəvan Fransanın reallaşma ehtimalı olmayan vədlərinə ümid bəsləmək əvəzinə Ermənistanın gələcək taleyi barədə düşünsə, daha doğru olardı. Çünki rəsmi Paris əslində, vəd etdiyi dəstəyi reallaşdıra bilməsə də, Ermənistanın açıq hədəfə çevrilməsinə yol açacaq davranışları ilə onu təhlükəyə atır.

Xüsusilə də, Ermənistan-Fransa münasibətləri Rusiyanı ciddi şəkildə qıcıqlandırır. Son vaxtla Rusiya-Ermənistan münasibətləri təhlükəli həddə qədər gərginləşib. İndi Kreml Ermənistanı dövlət müstəqilliyindən məhrum edə biləcəyi ilə də hədələyir. Hətta yaxın vaxtlarda Ermənistanın sadəcə, Rusiyanın quberniyasına çevrilmə ehtimalına eyham vurur. Və bu, iki müttəfiq ölkə arasındakı münasibətlərin düşmənçilik keyfiyyəti qazandığını da göstərir.

Paşinyan hakimiyyəti Rusiyanı qıcıqlandıran davranışlarını davam etdirsə də, Kremlin Ermənistana qarşı radikal addımlar ata biləcəyindən də ciddi şəkildə narahatdır. Parlamentin spikeri Alen Simonyan bildirib ki, bəzi ölkələr Ermənistana qarşı hibrid savaş aparırlar. O, Ermənistanın suverenliyinə və mövcudluğuna qarşı ciddi təhlükənin olduğunu vurğulayıb.

Təbii ki, erməni spiker açıq ünvan göstərməsə də, onun məhz Rusiyanı nəzərdə tutduğu qətiyyən şübhə doğurmur. Çünki əgər, Azərbaycandan gözlənilən hərbi təhlükə barədə danışmış olsaydı, açıq şəkildə rəsmi Bakını ittiham edərdi. Bunu etməyibsə, deməli, məhz Rusiyadan gözlənilən təhlükəni gündəmə gətirib. Sadəcə, Rusiyanın adını çəkməyə cəsarəti çatmayıb. Üstəlik, erməni spikerin “hibrid savaş” iddiaları Kremlin “quberniya” mesajından sonraya təsdüf edir.

Göründüyü kimi, rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq istiqamətində ardıcıl addımlar atmağa çalışır. Ancaq Paşinyan hakimiyyəti Ermənistanın Qərbə uzanan yolu sona qədər gedə biləcəyinə də qətiyyən əmin deyil. Və Ermənistanın öz hədəfinə çatmadan həmin “yolda yoxa çıxa biləcəyindən” narahatdır. (Yeni Müsavat)

Ermənistana çatan Qarabağ erməniləri müsahibələrində Laçın sərhəd-keçid məntəqəsindən sakit keçdiklərini bildiriblər.

Onların dediklərinin tərcüməsini təqdim edir:

(Video isə sondadır)

- Qovmadılar, elə etdilər ki, oradan çıxaq.

- Heç bir hədə olmadı, tıxac var idi, bilmirdik özümüzlə hansı yükü götürək. 

- Hələlik hər şey normaldı, xüsusi bir şey olmadı.

- Azərbaycanlılar bizə heç nə etmədi. Səliqəli keçdik.

- Yox, hədələmədilər. Heç nə etmədilər. Hətta maşını yoxlamadılar. Sakit gəldik.

- Heç kim hədələmədi. Hətta Allah da məni hədələmir. 

- Normal idi. Sərhəddə baxdılar, yoxladılar, normal buraxdılar. 

- Dəhlizi açdılar, çıxdıq.

- Heç bir maneə, hədə qətiyyən olmadı. Əksinə, "yaxşı yol" deyildi.

Soğruda ilk sırada duran şəxsin qərəzini kənara qoysaq, Qarabağ bölgəsindən çıxan erməni əsilli sakinlər Azərbaycan tərəfinin onlara qarşı hər hansı təzyiq göstərmədiyini söyləyiblər. Jurnalist sanki hər nə qədər mənfi sözlər eşitmək istəsə də, buna nail ola bilmədi.

Qeyd edək ki, Azərbaycan hərbçiləri və polisi onlara həm yardım edib, həm də yemək və su verib.

Daha ətraflı videoda:

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

Britaniyanın “The Guardian” nəşri erməni terrorçularını zərərləşdirərək 200-dək şəhid verən Azərbaycana qarşı qərəzli material dərc edib. İddia olunur ki, guya “Qarabağda minlərlə erməninin evlərini tərk edərək məcburi köçkünə çevrilməsinin "dramatik görüntüləri üzə çıxdıqdan" sonra Qərbdə bəziləri Azərbaycanla münasibətlərini yenidən düşünməyə başlayıb.

Söhbətin hansı dramatik görüntülərdən getdiyi məlum deyil. Ermənilər Azərbaycan sərhədini gülə-gülə keçirlər, onlara qarşı heç bir diskriminasiya olmadığı barədə jurnalistlərə həvəslə açıqlamalar verirlər. Nəşr yazır ki, "Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağa hərbi hücuma başlamaq və regiondan qaçqın axınının yaratdığı humanitar fəlakətə səbəb olmaqla Aİ və ABŞ-ı qəzəbləndirib".

Guya adının açıqlanmasını istəməyən Bakıdakı yüksək rütbəli Qərb diplomatı “böhran və insan əzabının qarşısı alına bilərdi və alınmalı idi. Azərbaycanla həmişəki kimi işimizə davam etmək bizim üçün daha çətin olacaq” deyib. Nəşr yazır ki, Azərbaycana münasibəti mənfi olmayan "Karnegi" təhlil mərkəzinin əməkdaşı Tomas de Vall "Brüssel və Vaşinqtonda bir çoxları Azərbaycanın güc tətbiq etməsindən şokdadır və özlərini aldadılmış hiss edirlər”, - deyib. “Münaqişənin həlli üçün uzun səylərə baxmayaraq, Qərb marginallaşdırılıb. Amma deyəsən, Bakının həqiqətən nə qədər vacib və etibarlı olduğuna yenidən baxılır”. Nəşr yenə köhnə havaları çalıb, Bakının “kürü diplomatiyası” haqda cəfəng iddialardan da yazıb.

“Avropa Komissiyasının sədri Ursula fon der Leyen 2022-ci ildə Aİ-nin Rusiya enerjisindən asılılığını azaltmağa çalışdığı bir vaxtda Bakıya səfər edib və Azərbaycanı "kritik" və “etibarlı” enerji təchizatçısı adlandırıb. O, 2027-ci ilə qədər Aİ-nin Azərbaycan qazının alışını ikiqat artırmağa dair razılaşma əldə etdiyini açıqlayıb, lakin ölkənin insan haqları sahəsində vəziyyəti və Ermənistanla münasibətlərinə toxunmayıb.

“The Guardian” hansısa “müşahidəçilərə” istinad edərək yazır ki, guya onlar “Avropanın Azərbaycanın enerji resurslarından asılılığının Bakının özü tərəfindən çox şişirdildiyini deyirlər. Xarici Siyasət Tədqiqat İnstitutunun əməkdaşı Maks Hess isə deyib ki, "Azərbaycan qaz bazarına təsirini şişirdir, bu isə Avropa siyasətçiləri tərəfindən tənbəlliklə qəbul edilir". Nəşr yenə “bəzi Qərb rəsmilərinə” istinad edərək iddia edir ki, guya Qarabağdakı antiterror tədbirlərindən sonra Azərbaycana qarşı sanksiyaları düşünürlər.

Amma səslənən bu fikirlər və iddialar blefə oxşayır. Onların sabun köpüyü kimi dağılacağı göz qabağındadır. İnandırıcı deyil ki, Qərb Bakı ilə körpüləri yandırsın, bizi sanksiyalar altına salsın - terrorçu rejimə görə. Bu azmış kimi, qondarma rejim özünü buraxıbsa, Azərbaycana hansı əsasla sanksiyalar ola bilər? “Ölkənizdə niyə separatçı rejimi diz çökdürdünüz?” deyəcəklər, yoxsa bundan pərişan olacaqlar? O ki qaldı erməni əhalisinə, onları qovan yoxdur, hətta bəziləri qoyun sürüsünü də özü ilə apara bilir. Polis və hərbçilər isə su, şokolad paylayır. Hansı “etnik təmizləmə” faktı var? Əgər Qarabağda qalmırlarsa, zorla saxlamaq olmaz. O halda Qərb hansı məntiqlə bizə sanksiya tətbiq edə bilər? Üstəgəl, Ukrayna böhranı fonunda Azərbaycan enerjisinə tələbat artıb...

Deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında Qərbin bəzi siyasi dairələrinin sanksiyalar haqda iddialarını əsassız adlandırdı. E.Nəsirov vurğuladı ki, Azərbaycan ictimaiyyəti anlaya bilmir, terrorizmə qarşı mübarizəyə görə nə vaxtdan dövlət sanksiyalara məruz qalmalıdır?! Onun fikrincə, harada görünüb ki, separatizm yuvasını dağıtmaq səbəbindən sanksiyalar tətbiq edilsin: “Biz Qarabağda terrorizmin kökünü kəsmişiksə, deməli, beynəlxalq terrorizmə töhfə vermiş oluruq. İkincisi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etmişik, indi buna görə sanksiyalar olmalıdır? ABŞ-da Kaliforniya ştatı separatçı yuvaya çevrilsəydi, Fransada Marsel şəhərinin separatçı qüvvələri ayrıca respublika qurduqlarını elan etsəydilər, onlar necə davranardılar? Əgər bu ölkələr separatizmə qarşı əməliyyatlar həyata keçirsəydilər, ABŞ və Fransaya sanksiyalar tətbiq ediləcəkdimi? Yəni antiterror tədbirlərinə görə sanksiyaları gündəmə gətirmək absurddur”.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti bəyan edib ki, dinc erməni əhalisinin hüquq və təhlükəsizliyinə təminat verilib: “Prezidentin sözü imzası qədər dəyərlidir. Eyni zamanda köçüb gedən ermənilər jurnalistlərə verdikləri açıqlamalarda təsdiqləyirlər ki, bizə xoş üz göstərilir. Həmçinin Xankəndinə işıq vermişik. Hansı zorakılıqdan söhbət gedə bilər? Onların bəziləri qayıdacaqlarını da qeyd edirlər. O ki qaldı Avropanın Azərbaycan qazına olan tələbat, bəli, təbii ki, biz onlar üçün böyük əhəmiyyət kəsb edirik. Onlar Bakıya gəlirlər, xahiş edirlər ki, qaz həcmini ikiqat artırın. Ona görə malı mala qatmasınlar. Azərbaycan Avropanın xahişini yerinə yetirir və həqiqəti tərif etməsinlər. Əgər kimlərsə Azərbaycana sanksiya tətbiq etmək niyyətinə düşsə, bu, separatizmin bayramı olacaq. O baxımdan, Azərbaycana "sağ ol" desinlər ki, separatizmin kökünü qazımışıq".

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, bu məsələdə tələyə düşmək olmaz. Onun sözlərinə görə, belə iddiaları erməni mənbələri ortalığa ataraq yazırlar ki, guya Qərb Azərbaycanın neft-qazına görə antiterror addımlarımıza göz yumur. “Axı biz hansı qeyri-qanuni addımı atmışıq ki, Qərb Azərbaycanın qazına görə sussun, yaxud sanksiya tətbiq etsin? Kifayət qədər yanlış yanaşmadır və kökündən səhv qoyulub. Biz belə iddiaların dövriyyəyə buraxılmasına cavab verməliyik. Digər bir məsələ - BMT-nin yerində monitorinq etməsinə Bakı razılıq verib, gəlib şəraitlə tanış olsunlar. Qarabağda heç bir etnik təmizləmə yoxdur. Çox qəribədir ki, Ukraynanın şərqində də separatizm var, buna başqa yanaşma görürük, bizdə olana fərqli... Belə çıxır ki, Ukraynada, Gürcüstanda olan separatizm pisdir, bizdə separatizm yaxşıdır. Belə yanaşma ola bilməz. Ona görə neft-qaz məsələsi kənara qoyulmalıdır. Sanki biz haqsızıq, amma enerji məhsullarına görə Avropa göz yumur...”

N.Cəfərli hesab edir ki, bu, ermənilərin ritorikasıdır: “Ermənilərin təsiri olan media resursları var. Lakin bizim üçün avropalı rəsmilərin mövqeyi vacibdir. İndiyə qədər Avropa dövlətlərindən hansısa rəsmi şəxs antiterror tədbirləri ilə bağlı əleyhimizə çıxmayıb. Sadəcə, humanitar mövzularda çağırışlar olub. Çünki biz beynəlxalq hüquqa görə davranmışıq. Etnik təmizləmə isə ağır itihamdır və bunu sübut etmək lazımdır. Azərbaycan dinc əhalini dəvət edir ki, qalıb yaşasınlar, yaxşı şərait yaradılacaq. Əgər gedirlərsə, öz seçimləridir, kimsə qovmur. Qərblə enerji əməkdaşlığına gəlincə, təbii ki, Bolqarıstan, Macarıstan və digər ölkələrə qazımız ixrac edilir, onlar da Azərbaycanla münasibətləri korlamaq istəmirlər”.

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏSentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan ilə Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən, İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.

Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Diametri 16 düym (40 sm) olan boru kəməri İğdırdan Sədərək rayonu ərazisinə qədər uzanır.

Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür. Bu layihə Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AYNA-ya açıqlamasında deyib ki, İğdır-Naxçıvan qaz kəməri sərt iqlimə malik və Azərbaycanla ümumi sərhədi olmayan Naxçıvan Muxtar Respublikasını qazla təmin edəcək: “Məlumdur ki, Naxçıvanda istilik elektrik stansiyası (İES) mövcuddur. Bu stansiyada təbii qaz elektrik enerjisinə çevrilir və Naxçıvanı stabil şəkildə elektrik enerjisi ilə təmin edir. Muxtar Respublikada fəaliyət göstərən hidro və Günəş elektrik stansiyaları dayanıqlı enerji mənbəyi hesab edilmir. İES-dən isə turbinlərin imkanları daxilində qazın stabil nəqli zamanı istənilən zaman, istənilən həcmdə elektrik enerjisi hasil etmək mümkündür”.

“İğdır-Naxçıvan qaz kəməri uğurlu bir layihədir. İranın xidmət haqqı çox bahadır. O qədər bahadır ki, Azərbaycanın Türkiyə və Gürcüstan üzərindən Naxçıvana qaz nəql etməsi daha ucuz başa gəlir. Azərbaycanın bu məsələ ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, İran tərəfi rəsmi Bakının tələblərini həyata keçirməyib. Bu səbəbdən Azərbaycan 2020-ci ilin 15 dekabr tarixində İğdır-Naxçıvan boru kəməri ilə bağlı ilk addımını atdı və Türkiyə ilə memorandum imzalandı. İran isə vəziyyəti yumşaltmaq əvəzinə daha da gərginləşdirdi. İğdır-Naxçıvan qaz kəməri uğurlu bir layihədir və hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının qaz təminatında mühüm rol oynayacaq”, - deyə Şaban bildirib.

İqtisadçı Natiq Cəfərli də AYNA-ya şərhində söyləyib ki, Azərbaycan təbii qazı Qarsdan İğdıra, oradan da Naxçıvana nəql olunacaq: “Artıq İran üzərindən keçən bu xətlərlə bağlı yeni alternativlərə ehtiyac yaranıb. Çünki bu xətlər yetərli deyil. Azərbaycan Türkiyəyə qaz verir. Naxçıvanla isə ümumi sərhədləri yoxdur. Bu halda Azərbaycan qazının Türkiyə vasitəsilə Naxçıvana çatdırılması optimal yoldur”.

“İranla da münasibətlər zəifdir. Cənub qonşumuz ölkəmizə qarşı çoxvektorlu təzyiq siyasətindən istifadə edir. Belə bir halda Naxçıvan üçün alternativ qaz təminatının yaradılması vacibdir. Tehran əlavə xərclər də tələb edirdi. Artıq həm buna ehtiyac qalmayacaq, həm də asılılıq azalacaq və sıfır səviyyəsinə düşəcək. Azərbaycanın Naxçıvanın təminatını həyata keçirməsi üçün bir ölkədən asılı olması doğru deyil”, - deyə müsahibimiz vurğulayıb.

Cəfərli əlavə edib ki, Azərbaycanın öz ərazisində istənilən kommunal xidmətlər və enerji təminatı ilə bağlı qərar vermək hüquqü var: “Bunun İranın daxili işlərinə, yaxud da iqtisadi maraqlarına aidiyyəti yoxdur. Ona görə ki, İranla bağlanmış ticarət müqaviləsində bununla bağlı hansısa müddəa daxil edilməyib. İran tranzit ölkəsi kimi iştirak edirdi, amma müəyyən məbləğdə qazanc əldə edirdi. Bundan sonra artıq onlara ehtiyac da qalmayacaq. İranla gərginləşən münasibətlər, xətlərin yetərli olmaması, cənub qonşumuzun daha çox gəlir əldə etmək istəyi fonunda İğdır-Naxçıvan qaz kəmərinin işə düşməsi vacib qərardır”.

Azərbaycan Ordusunun lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etməsindən sonra hərbçilərimiz və polisimiz Xankəndidədir.

Qarabağda qeydə alınan görüntülərdə Azərbaycan hərbçilərinin Xankəndinin girişində və mərkəzində olması öz əksini tapıb.

Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti