Erməni qafqazşünasa görə, Bakı və Ankaranın koridor üzərində nəzarəti Qərbin planlarına uyğundur deyə proses irəliləyəcək; dəhlizin tezliklə açılacağı anons edildi
Ermənistan hökumətinin təxribatçı siyasəti nəticəsində bölgə üzərindən barıt qoxusu hələ də çəkilməyib. Çox qəribədir ki, Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalamaqda, kommunikasiyaların açılmasında hamıdan çox Ermənistanın maraqlı olmalı olduğu halda, faktiki, yeni müharibəni yaxınlaşdırmaqla məşğuldur. Təbii ki, Bakı və Ankara İrəvanın pozucu hərəkətlərini diqqətlə izləyir, müvafiq ön tədbirlər görür. 

“Hazırda genişmiqyaslı hərbi əməliyyatların aparılması üçün bütün əlamətlər mövcuddur”. “Yeni Müsavat” bildirir ki, bunu erməni qafqazşünas Karen İgityan iddia edib. Təmas xəttinə qoşunların toplanması məsələsinə toxunan İgityan daha sonra deyib: “Düşünmürəm ki, Qərb Bakını dayandırmağa başlasın. Sünikin (Qərbi Zəngəzur - red.) tutulması, yəni Azərbaycan və Türkiyənin Sünik (Qərbi Zəngəzur - red.) üzərində nəzarəti Qərbin planlarına uyğundur, çünki bununla İran təcrid olunacaq”.

 Proseslər erməni təhlilçinin proqnozları üzrə inkişaf edə bilərmi? Yada salaq ki, 20 noyabr (2020) kapitulyasiya sənədinin 9-cu bəndinə əsasən, Naxçıvanla Azərbaycanın materik hissəsi arasında MANEƏSİZ gediş-gəliş olmalıdır. Bu da elə dəhliz məntiqidir. Yəni İran əslində bu bəndə qarşı çıxır. Amma Türkiyə və Azərbaycanın Zəngəzur ərazisinə iddiası yoxdur, hədəf koridorun açılmasıdır.

“Abdullahian (İran xarici işlər naziri - red.) dedi ki, İran sülh sazişini və sülh proseslərini dəstəkləyir, lakin şərt qoyub. İran XİN rəhbəri bildirdi ki, biz sərhədlərin heç bir geosiyasi dəyişikliyini və ərazi bütövlüyünün dəyişdirilməsini qəbul etməyəcəyik. Bura Zəngəzur dəhlizi də daxildir”.

Bu sözləri iranlı politoloq Pouya Hüseyn Türkiyə və İran XİN başçılarının görüşündə Hüseyn Əmir Abdullahianın Azərbaycan və Ermənistan arasında sülh sazişinə tərəfdar olduqları barədə fikrini şərh edərkən erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın sərhədləri “qorunub saxlanılsa”, geosiyasi sərhədlər heç bir dəyişikliyə məruz qalmasa, İran Azərbaycanla Ermənistan arasında sülhün tərəfdarı olacaq: “Abdullahian dedi ki, İranın tarixi yolları, tranzit yolları bağlanmamalıdır, söhbət Zəngəzur dəhlizindən gedir; Ermənistan vasitəsilə Avropaya, Rusiyaya gedən tarixi yoldur, o, bu tarixi yolu nəzərdə tutur. Yəni Ermənistanın sərhədlərinin qorunub saxlanması halında İran dəstək verəcək”.

Əslində isə İranın Ermənistanla əlaqələrinə xələl gəlməyəcək. Tehranın əsas əndişəsi Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə “Turan yolu”nu bərqərar eləməsi və Türk dünyasının güclənməsi ilə bağlıdır. Onu da qeyd edək ki, az öncə Türkiyə lideri Ərdoğan Zəngəzur dəhlizinə İranın əngəl olduğunu söyləmişdi. Bəs Rusiya? Ümumiyyətlə, bu dəhliz açılacaqmı? Açılacaqsa, nə vaxt, necə? Ermənistanla sülh müqaviləsindən əvvəl, yoxsa sonra?

Rusiya hökumətinə yaxın “Kommersant” qəzeti yaxın günlərdə Azərbaycanın hərbi əməliyyatlara başlayacağı ilə bağlı “çoxlu sübutların” olduğunu iddia edib: “Və qalır təxmin etmək ki, onlar (Azərbaycan - red.) yalnız Dağlıq Qarabağla kifayətlənəcəkmi (ermənilərin Xankəndini saxlaya biləcəkləri şansı yoxdur), yoxsa Prezident İlham Əliyev vəziyyətdən istifadə edərək, bütün mübahisəli məsələləri, o cümlədən Naxçıvana dəhlizin yaradılmasını təmin edəcək?”

Müəllif hesab edir ki, hazırkı şərait Bakı üçün həmişəkindən daha əlverişlidir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdüblkadir Uraloğlu isə bildirib ki, Türkiyə yaxın aylarda Zəngəzur dəhlizinin açılışına başlayacaq. O, Azərbaycan tərəfinin bu istiqamətdə fəaliyyətini davam etdirdiyini qeyd edib.

“Zəngəzur dəhlizi məsələsində biz müəyyən yol keçmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan bunu qısa zamanda həyata keçirəcək”, - türkiyəli nazir bildirib.

Belə nikbinliyə əsaslar nə dərəcədə ciddidir? Əlavə edək ki, Azərbaycanla İran arasında Zəngəzur dəhlizinə alternativ (Araz boyu) yolun inşası haqda anlaşma memorandumu da imzalanıb. Bu sənədin icrası reallaşacaqmı?

Real Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, Qərb üçün bu koridor maraqlıdır, lakin erməni tərəfinin onlara yanlış təqdim etmək cəhdləri var. Onun sözlərinə görə, əks halda Azərbaycan İrana 5 kilometrlik yolu təklif etməzdi. “Azərbaycan hətta dəhlizin 45 kilometrlik yolunun xərclərini də qarşılamağa hazırdır. Bakı bunu Türkiyə və Qərb tərəfdaşları ilə məsləhətləşməmiş etməzdi. Eyni zamanda, Qərb-İran gizli danışıqları gedir, hətta İranın 12 milyardlıq dondurulmuş vəsaiti ona qaytarıldı ki, neft-qaz satışını davam etdirilsin. Yəni burada erməni ekspertlərinin məsələni bu cür şərh etməsi İranı Zəngəzur koridoruna qatmaq planıdır. Əslində isə Zəngəzur dəhlizinin açılmasının uzanmasında problem daha çox Rusiya ilə Ermənistan arasındadır”.

N.Cəfərli dedi ki, yola nəzarətlə bağlı Moskva-İrəvan arasında fikir mübahisəsi var: “Rəsmi İrəvan dəhlizə kontrol etməkdə müstəsna səlahiyyətlər istəyir, Rusiya bunun əleyhinədir. Üçtərəfli sənədə istinad edərək yalnız özləri nəzarət etmək istəyirlər. Azərbaycan üçün dəhlizə kimin nəzarət etməsinin fərqi yoxdur, əsas gediş-gəliş maneəsiz təmin edilsin. Hətta Azərbaycan hər iki yola - İranla imzalanmış memorandum əsasında cənub qonşudan keçməklə, həm də Ermənistan ərazisindən Naxçıvana quru yolun açılmasının tərəfdarıdır”.

İqtisadçı gec-tez dəhlizin açılacağını vurğuladı: “Əvvəla, dünyaya logistik yollar lazımdır. Bu tək Türkiyənin istəyi deyil. Qərblə Çin arasında ticarət dövriyyəsinin 1 trilyon dollar olduğunu nəzərə alsaq, yolların Rusiyadan keçən hissəsində isə sanksiyalar səbəbindən yüklərin sğortalanmasında çətinliklər yarandığını bura əlavə etsək, o halda dəhlizin açılması mühümdür. Ona görə də G20 sammitində Hindistan və Ərəbistan üzərindən keçməklə Avropaya yeni yolların açılması belə müzakirə edildi. Yəni alternativ yollara ehtiyac var və ən məqbulu da Azərbaycan üzərindən keçən Zəngəzur dəhlizidir. Bu halda yükləri Pekindən Londona 16 günə çatdırmaq olar”.

Ermənistan öz öhdəliklərindən imtina etsə, Azərbaycan digər ölkələrlə alternativ nəqliyyat marşrutları üzərində işləyəcək.

Bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Əgər Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina etsə və təcrid olunmuş vəziyyətdə qalmaq istəsə, onda Bakı gözləmək fikrində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal işləyir. Biz logistik ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlıqlarına bağlamayacağıq və regional tərəfdaşlarımızla hərəkət etməyə davam edəcəyik”, - H.Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki sıx ticarət-iqtisadi əlaqələrin regionun sülh, sabitlik və rifahına töhfə verəcəyinə inanır.

"Bu kontekstdə biz həmin istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk", - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib.

H.Hacıyev bildirib ki, nəqliyyat əlaqələrinin açılması ilə bağlı danışıqlarda müəyyən durğunluq müşahidə olunur. Beləliklə, o xatırladıb ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi deməkdir.

“Təxminən 3 il keçsə də, sazişin bu bəndi hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib”, - Azərbaycan Prezidentinin köməkçisi bildirib.

“Zəngəzur dəhlizinin açılması, ilk növbədə, üç onillikdə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun nəqliyyat və logistika arxitekturasının kənarında qalan Ermənistanın özünə sərf edir”, - H.Hacıyev fikirlərini yekunlaşdırıb.

Bəzi beynəlxalq güclər Cənubi Qafqazda Ermənistan üzərindən geopolitik vəziyyəti qarışdırmağa can atsalar da, Türkiyə Azərbaycana qarşı məkrli hərbi ssenariləri bloklamaq üçün regional proseslərə birbaşa təsir etməkdə qərarlıdır... Yəni, Cənubi Qafqazda real hərbi-siyasi iradə mərkəzi rolunda hazırda məhz Azərbaycan-Türkiyə İttifaqı çıxış edir, bu ortaqlığa qarşı atılacaq istənilən radikal addımlar yekun nəticədə Ankara-Bakı xəttinin genişmiqyaslı hərbi reaksiyasına yol aça bilər...

Cənubi Qafqazda ziddiyyətlər dərinləşməkdə davam edir. Bu regiona hərbi-siyasi nəzarət uğrunda mübarizə artıq amansız xarakter daşıyır. Hazırda regionda mövcud olan geopolitik situasiya Cənubi Qafqazda maraqları toqquşan beynəlxalq güclərə qətiyyən sərfəli deyil. Ona görə də, bütün vasitələrlə indiki vəziyyətin dəyişdirilməsi istiqamətində müxtəlif variantları sınaqdan çıxartmağa çalışırlar.

Təbii ki, regional sülh prosesi Cənubi Qafqazda mövcud olan situsiyanı dəyişə biləcək önəmli faktordur. Ancaq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının uğur qazanması da bütün geopolitik rəqiblərin maraqlarına cavab vermir. Əksinə, onlara regiona daxil olub, möhkəmlənmək üçün daha radikal hadisələrin baş verməsi lazımdır. Və bu, indiki halda yalnız yeni müharibə ola bilər.

Məsələ ondadır ki, məhz yeni müharibə bəzi beynəlxalq güclərə Cənubi Qafqaza “giriş qapısı”nın açılmasına təminat verir. Bu baxımdan, xüsusilə də, Fransanın səhnəarxası müdaxiləsi ilə sülh prosesinin bloklanmasına göztərilən cəhdlər qətiyyən təəccüblü deyil. Yəni, hazırda Ermənistan üzərindən Azərbaycanı daha dağıdıcı regional savaşa çəkməyə çalışır.

Şübhəsiz ki, rəsmi Bakı Cənubi Qafqaz regionu ətrafında qurulan məkrli oyunların əsas hədəfini anlamamış deyil. Ona görə də, Azərbaycan regiondan kənar beynəlxalq güclərə lazım olan yeni savaş ehtimalından mümkün qədər yayınmağa çalışır. Rəsmi Bakı hər ehtimala qarşı savaşa hazırlaşsa da, maksimum səviyyədə təmkinli davranmağa üstünlük verir.

Halbuki, beynəlxalq himayədarlarından təlimatlar alan Ermənistanın hərbi-siyasi təxribatlarının intensivləşdiyi bir şəraitdə rəsmi Bakının təmkinli mövqeyini uzun müddət qoruması da asan məsələ deyil. Çünki beynəlxalq himayədarları öz maraqlarına uyğun şəkildə “geopolitik alət” kimi istifadə edirlər. Yəni, müəyyən mənada, məhz Ermənistan beynəlxalq güclərin maraqlarına “qurban” seçilib.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti son vaxtlar Ermənistanı real hərbi təhlükəyə sürüklədiyini anlamağa başlayıb. Böyük ehtimalla rəsmi İrəvan Azərbaycana qarşı hərbi təxribatların dağıdıcı savaşa yol açmayacağına ümid bəsləyirdi. Ancaq son vaxtlar rəsmi Bakının sərhəd bölgəsində hərbi gücünü artıraraq, açıq şəkildə nümayiş etdirməsi artıq Ermənistanda qorxu yaratmağa da başlayıb. Hər halda, Ermənistanın siyasi dairələrində hərbi-siyasi vəziyyətin ciddi olduğuna, hər an nəzarətdən çıxa biləcəyinə qətiyyən şübhə etmirlər.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan indi artıq yenidən Ermənistanın öz qonşuları – Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmasının vacibliyini qabartmağa başlayıb. Erməni baş nazir Ermənistan dövlətçiliyinin mövcudluğunu qoruma şansını da məhz buna bağlayır. Yəni, belə anlaşılır ki, Paşinyan hakimiyyəti onu yeni müharibə törətməsi üçün hərbi təxribatlara təşviq edən Fransanın Ermənistanı genişmiqyası savaşın dağıdıcı nəticələrindən xilas edə bilməyəcəyindən duyuq düşüb.

Ona görə də, hazırda rəsmi İrəvan yeni müharibə təhlükəsinin real görüntülər almasından qorxuya düşərək, mövcud situsiyadan çıxış yolu axtarır. Baş nazir Nikol Paşinyan bəyan edib ki, sərhəd bölgəsinə cəmləşdirilmiş hərbi qüvvələrin daimi dislokasiya yerlərinə qaytarılması genişmiqyaslı savaş təhlükəsindən yayınmaq üçün böyük əhəmiyyət daşıyır. Və onun fikrincə, bu addımı təxirə salmadan, mümkün qədər tez bir zamanda atmaq lazımdır.

Digər tərəfdən, baş nazir Nikol Paşinyanın savaş qorxusu qarşısında bəzi dünya liderlərinə telefonla zəng etməsi də vəziyyətin təhlükəli həddə çatdığını göstərir. Erməni baş nazirin Azərbaycan Prezidenti İlham Əliyev ilə birbaşa təmas üçün kanallar axtarması isə uğursuz olub. Və eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin də baş nazir Nikol Paşinyanın telefon zənglərinə cavab vermədiyi bildirilir.

Onu da qeyd etmək lazımdır ki, oxşar proses erməni baş nazirin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təmas cəhdlərində də yaşanıb. Belə ki, baş nazir Nikol Paşinyan Türkiyə lideri ilə telefonla danışmağa dəfələrlə cəhd göstərsə də, buna nail ola bilməyib. Sadəcə, erməni baş nazirin israrının davam etməsini nəzərə alan rəsmi Ankara bu barədə Azərbaycan rəhbərliyini məlumatlandırıb.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan məhz Türkiyə siyasi dairələri tərəfindən rəsmi Bakının razılığı alındıqdan sonra xəttin digər tərəfindən prezident R.T.Ərdoğanın səsini eşitməyə nail olub. Böyük ehtimalla elə həmin telefon danışığı da rəsmi İrəvanın Ermənistan dövlətçiliyinə real təhlükənin ən son mərhələdə olduğunu anlamasına yol açıb. Hər halda, verilən məlumatlara görə, Türkiyə lideri yeni savaşın Ermənistana vəd etdiyi yekun nəticələri açıq mətnlə izah edib.

Məsələ ondadır ki, prezident R.T.Ərdoğanın baş nazir Nikol Paşinyana sərt xəbərdarlıq etdiyi bildirilir. Türkiyə liderinin erməni baş nazirə savaşın başlayacağı təqdirdə, rəsmi Ankaranın həm hərbi, həm də siyasi faktorlar üzrə Azərbaycanı tam dəstəkləyəcəyi barədə açıq mesajlar verdiyi vurğulanır. Türkiyə Müdafiə Nazirliyinin Azərbaycanı xarici düşmənlərdən qorumaq üçün tam hazır olması anlamı daşıyan bəyanatı da Ermənistan və onun himayədarlarını çıxılmaz vəziyyətə salıb.

Bütün bunlar onu göstərir ki, bəzi beynəlxalq güclər Cənubi Qafqazda Ermənistan üzərindən geopolitik vəziyyəti qarışdırmağa can atsalar da, Türkiyə Azərbaycana qarşı məkrli hərbi ssenariləri bloklamaq üçün regional proseslərə müdaxilə etməkdə qərarlıdır. Yəni, Cənubi Qafqazda hazırda real hərbi-siyasi iradə mərkəzi rolunda məhz Azərbaycan-Türkiyə İttifaqı çıxış edir. Və bu ittifaqa qarşı atılacaq istənilən radikal hərbi addımlar yekun nəticədə Ankara-Bakı xəttinin genişmiqyaslı cavab reaksiyasına yol aça bilər.(musavat.com)

Elçin Xalidbəyli

Rusiyanın İKİBAŞLI AĞDAMYOLU PLANI... - Görünəni odur ki...

“Tanınmamış Dağlıq Qarabağ respublikasının keçmiş dövlət naziri Ruben Vardanyanın hərəkatı bəyan edib ki, Azərbaycan tərəfi razılaşmanı pozub və Rusiya humanitar yüklərinin Ağdam yoluyla keçməsindən sonra Laçın dəhlizini açmayıb, ona görə də sakinlər bu yolu bağlamaqda davam edəcəklər”.

Moderator.az xəbər verir ki, bunu “Kavkazskiy uzel” nəşrinə Rusiya diktatoru V.Putinin bir ildən çoxdur ki, Azərbaycan Respublikasının tarixi-hüquqi ərazisində qanunsuz ictimai-siyasi və iqtisadi-sosial fəaliyyət göstərən milyarder "desantı"nın yaratdığı və lideri olduğu qondarma ““artsax təhlükəsizlik və inkişaf cəbhəsi”nin nümayəndələrindən biri söyləyib.

Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun "bağlanması aksiyası davam edir, aksiyada Əsgəran və digər yaşayış məntəqələrinin sakinləri də iştirak edir”.

“Ruben Vardanyanın tərəfdarları Ağdamdan gələn yolu açmayacaqlar, çünki Azərbaycan Laçın dəhlizini açmaqdan imtina edib və problemin həlli üçün bütün beynəlxalq səylərə məhəl qoymur”,-deyə qanunsuz hərəkat nümayəndəsi əlavə edib.

“Rusiyanın razılaşmaların tərəfi və 2020-ci il üçtərəfli bəyanatının müddəalarının həyata keçirilməsinin təminatçısı kimi Azərbaycanın növbəti təxribatına məruz qalması ən azı təəccüb doğurur”, - deyə Rubenin fəallarI qeyd edirlər.
“Onlar həmçinin Qarabağ hakimiyyətini(separatçı-terrorçu rejim-S.L.) gələcəkdə Azərbaycan tərəfi ilə hər hansı saziş bağlayarkən beynəlxalq təminatların zəruriliyində israr etməyə çağırıblar”,- xəbərdə belə deyilir.

Dələduz və təxribatçı milyarder Ruben Vardanyan özü teleqram-kanalında çərənləyib ki, “beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələri dəqiq başa düşməlidir”.

P.S. Sözsüz ki, Vardanyan tərəfdarlarının Rusiyadan gələn humanitar yükün Ağdam-Əsgəran yoluyla Xankəndinə keçməsini guya “Rusiyanın Azərbaycanın növbəti təxrubatına dözməsi” kimi qəbul etməsi növbəti fikir azdırması və manipulyasiyadır. Məqsəd Putin rejiminin “bətn”indən çıxmış erməni mənşəli Rusiya milyarderinin guya özünün Qarabağda Kremldən asılı olmadan, oradan heç bir göstəriş almadan “ermənilərin haqları uğrunda mübarizə aparması” təəssüratı yaratmaqdır... Əslində həm Ermənistanla sərhəddə, həm də Ağdam-Xankəndi yolundakı bütün bu oyunların, həmçinin Ruben Vardanyanın Qarabağa gətirilməsi və Nikol Paşinyanın yerinə Ermənistanın baş naziri kimi hazırlanmasnın baş ssenaristi Rusiyadır...

İrəvan Rusiyanı satdı: Kreml qəzəblidir - Markov BELƏ DEYİR...

Rusiyalı politoloq Sergey Markovun Ermənistan və Rusiya arasında yaranan son gərginliklə bağlı Axar.az-a müsahibəsini təqdim edir:

- ABŞ hərbçilərinin Ermənistanda təlim keçməsi Rusiyada birmənalı qarşılanmadı. İki ölkə arasında münasibətlərin gərginləşməsinə təkan verən nüanslar nələrdir?

- Paşinyanın erməni-amerikan hərbi təlimləri keçirmək üçün Amerika qoşunlarını Ermənistana dəvət etmək qərarı Rusiyada sadəcə olaraq qəzəb doğurub. Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində Ermənistan rəhbərliyinin bu cür hərəkətinin İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində üzərinə götürdüyü öhdəliklərə birbaşa zidd olduğu barədə bəyanatları oldu.

Bu, Ermənistanın Rusiyaya qarşı yeqanə belə düşmən bəyanat və hərəkəti deyil. Ermənistan hazırda Rusiya nöqteyi-nəzərincə, Britaniya kəşfiyyat xidmətinin nəzarəti altında olan və tamamilə korrupsionerləşmiş bir təşkilatın - Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq prosesindədir. BCM uşaqları müharibə zonalarından sanatoriyalara köçürdüyünə görə Vladimir Putinin dünya üzrə həbsinə order verib. Bu, BCM-nin həyasızlığıdır, həm də bu təşkilatın qərarını təqdir edən Paşinyanın həyasızlığıdır. Belə çıxır ki, Putin indi Ermənistana səfər edə bilməz, çünki o, Ermənistan hakimiyyəti tərəfindən həbs olunacaq. Bütün bunlar, təbii ki, Ermənistanın son dərəcə qeyri-dost addımlarıdır.

- Rusiyanın Paşinyanı devirmək planı haqqında nə düşünürsünüz?

- İndi Ermənistanın hökumət mətbuatında belə bir hay-küy yaranıb ki, Rusiya Paşanyanı devirmək üçün “Vaqner”in döyüşçülərini Ermənistana göndərir. Bu, elə-belə hay-küy deyil. Əslində, Paşinyan öz mühafizəçilərini dəyişmək üçün bu ajiotajdan istifadə edir. Paşinyanın şəxsi təhlükəsizliyi bundan sonra NATO ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndələrindən təşkil olunacaq. Amma kim olacaq - amerikalılar, ingilislər, fransızlar - bu hələ məlum deyil. Aydındır ki, Paşinyan təhlükəsizliyini elə gücləndirməyə çalışır ki, Rusiyaya düşmən olan ölkələrin kəşfiyyat xidmətləri onu qorusun.

- Ermənistan hökumətinin fərqli siyasət yürüdərək, Rusiyadan uzaqlaşıb, Qərbə meyillənməsi nə ilə əlaqədardır?

- Paşinyan özü bəyan edib ki, Rusiyanın köməyi ilə Ermənistanın təhlükəsizliyini təmin etmək mövqeyi səhv idi. O, Ermənistanı bu mövqedən uzaqlaşdırmaq istəyir. Ümumiyyətlə, rəsmi Moskva düşünür ki, Paşinyan indi Rusiyanın düşmənlərinə doğru kəskin dönüş etməyə başlayıb. Əvvəllər bu istiqamətdə tam dönüş etmişdi, indi isə kəskin dönüş edir. Azərbaycan Qarabağa qoşun yeridərsə, Paşinyan vəziyyətdən istifadə edib, Rusiyanı günahlandıracaq və kəskin dönüş edəcək. Görünür, Qərbə üz tutmağı, Ermənistanı Rusiyadan uzaqlaşdırmağı Paşinyan özünün tarixi missiyası hesab edir.

- Bəs, Rusiya Ermənistandan üz döndərəcəkmi?

- “Rusiya buna necə reaksiya verəcək” sualı hələ açıq qalır. Daha çox bəyanatlar var. Bəyanat nədir ki? Onların heç bir əhəmiyyəti yoxdur. Üstəlik, bəyanatlarda ziddiyyətlər var: bir tərəfdən kəskin tənqid edir, digər tərəfdən isə Ermənistanla dostluq axtarışında olduqları ortaya çıxır. Məsələn, Rusiya Azərbaycanı yeni ərazilərdə (oxu: işğal olunmuş Ukrayna ərazilərində) seçkilərlə bağlı açıq bəyanatını tənqid edəndə, yaxud Moskva Laçın yolunun açılmasının tərəfdarı olduğunu bildirəndə, bu bəyanatlar Ermənistanla dostluq axtarışına oxşayır.

Təbii ki, Rusiya istərdi ki, Paşinyan başqası ilə əvəzlənsin. Amma yəqin ki, indi bunu etmək çox çətindir, çünki Ermənistanda alternativ, həqiqətən də populyar siyasi qüvvə yoxdur. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyana bağlı qruplar isə göstərdilər ki, onların nəinki hansısa reytinqi, həttə yüksək antireytinqi var. Bundan başqa, NATO ölkələrinin xüsusi xidmət orqanlarının Paşinyanı mühafizəsi, Qərb ölkələrindən aldığı kəşfiyyat məlumatları və digər mümkün yardımlar Ermənistanın daxili siyasi qüvvələrinin indiki baş naziri hakimiyyətdən uzaqlaşdırmasını mümkünsüz edir. Üstəlik, İkinci Qarabağ müharibəsindən sonra seçkiləri Paşinyana uduzdular axı. Belə çıxır ki, əhali İkinci Qarabağ müharibəsindən və məğlubiyyətdən sonra da Paşinyanı dəstəkləyib.

Ermənipərəst qüvvələr arasında belə bir fikir var ki, Rusiya kəskin ermənipərəst mövqe tutmalı və bununla da erməni ictimai rəyini öz tərəfinə çəkməli və Paşinyanın Ermənistanı Rusiyadan uzaqlaşdırmaq planlarının qarşısını almağa nail olmalıdır. Bu da bir təklifdir.

Bəziləri təklif edir ki, Paşinyan Rusiyadan uzaqlaşma kursuna çox kəskin davam edərsə, Ermənistanın KTMT-dəki üzvlüyü müvəqqəti olaraq dayandırılmalıdır. Bu o deməkdir ki, Azərbaycan Zəngəzura qoşun yeridərsə, o zaman Rusiya Ermənistana kömək etmək məcburiyyətində olmayacaq. Əgər Ermənistan hakimiyyəti və əhalisi Qarabağın itirilməsi ilə bağlı artıq barışıblarsa, Zəngəzuru itirmək Ermənistan əhalisi və hakimiyyət orqanları üçün böyük təhlükəyə çevriləcək.

- Demək, hadisələrin gedişatı onu göstərir ki, Ermənistan Rusiya üçün dost olmayan ölkəyə çevrilir?

- İndi Rusiya ictimai rəyində vacib dəyişiklik var. Uzun müddət Rusiyada belə bir fikir var idi ki, Ermənistan qardaş xristian ölkəsidir və Rusiya onu qorumalıdır. İndi biz Ermənistan hakimiyyətinin sadəcə olaraq antirusiya bəyanatları və hərəkətləri dalğasını görəndə Rusiya ictimai rəyinin əksəriyyəti belə qənaətə gəlir ki, Ermənistan heç də qardaş ölkə deyil və Rusiyanın onun qarşısında heç bir öhdəliyi yoxdur. Bunlar, sadəcə, bir növ satqınlardır. Rusiya isə Ermənistana qarşı daha sərt davranmalıdır. İctimai rəydə belə dəyişikliklər Rusiyada mövcuddur. Amma onu da qeyd etmək lazımdır ki, Rusiyada çox güclü ermənipərəst lobbi var ki, onlar KİV-ə Ermənistanın antirusiya hərəkətləri barədə yazmağı qadağan etməyə çalışırlar.

Görək, Ermənistandakı ABŞ hərbi təlimləri necə işıqlandırılacaq. Əlbəttə, Rusiya rəhbərliyi tərəddüd edir. Lakin KTMT-nin üzvü olan rəsmi İrəvanın Rusiyanın aşkar düşmənləri olan Amerika hərbçilərini Ermənistana dəvət etməsi yəqin ki, Rusiyanın Ermənistana münasibətində köklü dəyişikliyə səbəb ola biləcək qırmızı xətti keçmək deməkdir.

Xankəndi və ətrafından çıxırlar: Separatçılar tərksilah edilir - Ekspert danışır

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Türkiyə nəqliyyat naziri Abdulkadir Uraloğlu deyir ki, Zəngəzur dəhlizini qısa müddətdə reallaşdırmağa çalışırlar, Ermənistanın mövqeyində də irəliləyiş var. Türkiyənin bu mesajını necə şərh edərdiniz?

- Zəngəzur dəhlizinin açılmasına maneə yaradan İrandır, bunu bilirik. Tehranda hesab edirlər ki, dəhlizin açılması ilə İranla Ermənistan arasında hansısa sədd yaranacaq, sərhədlər pozulacaq və sair. Əlbəttə, bunlar bəhanələrdir, real səbəb deyil. Amma Zəngəzurla bağlı region dövlətləri arasında ciddi müzakirələr gedir. İranla da danışıqlar aparılır. Görünən budur ki, artıq Türkiyə bu prosesdə əsas moderator rolunu üzərinə götürüb. Qənaətimə görə, məsələ gec-tez həll olunacaq. Burada həm bizim təzyiqimiz, həm də Türkiyənin mövqeyi öz effektini verir. Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki bununla rusların da digər regionlara yolu açılır.

- Zəngəzur dəhlizi uzun müddətdir Bakı və Ankaranın gündəmindədir. Bəs Qərb dövlətləri, ABŞ, Rusiya, Çin və digər güclər buna nə qədər önəm verirlər?

- Bu dəhliz Çinin, Rusiyanın maraqlarına cavab verir. Ola bilsin ki, bir sıra Qərb dövlətlərinin də marağındadır. Bir çox dövlətlər bu dəhlizlə öz yüklərini istədikləri nöqtələrə daşıya bilərlər. Bu, ticari və iqtisadi əlaqələri inkişaf etdirəcək. Zəngəzur dəhlizi çox mühüm kommunikasiya xəttinə çevrilir. Bir çox dövlətlər bundan istifadədə maraqlı olmalıdır, edəcəklərinə də şübhə etmirəm.

- Dəhliz məsələsinin aktiv müzakirə olunduğu vaxtda İranın Azərbaycan və Ermənistanla sərhədinə hərbi texnika və canlı qüvvə yığması haqda iddia dolaşır. Tehran rəsmiləri isə bunu təkzib edirlər. Sizcə, bunlardan hansı doğrudur?

- İran qoşunlarının sərhəddə cəmləşməsi mümkündür. Bunu ötürən konkret məlumatlı mənbələr var, bunu inkar etmək mümkün deyil. Amma bununla yanaşı, yaxınlarda Bakıya gələn İran hərbi nümayəndə heyətinin rəhbəri bəyan etdi ki, bu kimi informasiyalar bizi toqquşdurmaq istəyən qüvvələrin uydurmalarıdır. Yəni o bunu təkzib etdi. İndi orada kimlərsə dayanıbsa belə, İran generalının bu açıqlaması bizim maraqlarımıza cavab verir. Bu onun şəxsi fikri deyil. Demək ki, Tehran Azərbaycana münasibətdə mülayimlik kursuna üstünlük verməyə başlayıb. Azərbaycanla əlaqələri inkişaf etdirmək istəkləri görünür. Çünki gərginliyin münasibətləri qırma nöqtəsinə çatdığını anlayırlar, belə bir şey isə onların marağında olmamalıdır.

İran Türkiyənin buradakı mövcudluğunu da görür və bunu gözardı edə bilməz. Rusiya da artıq bəyan edib ki, Qarabağ Azərbaycan ərazisidir, Ermənistan da bunu tanıyıb. İranın özü də yaxınlarda Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını açıqladı. Yəni bu kimi amillər vəziyyəti dəyişdirib. Hesab edirəm ki, İranın yaxınlaşması Zəngəzur dəhlizinin həllində müsbət rol oynaya bilər.

- Ermənistanın ABŞ-la birgə təlimləri Rusiya və İranın etirazına və narahatlığına səbəb olur. Bu narahatlıq nə qədər əsaslıdır, yəni ABŞ-ın Ermənistanda hərbi cəhətdən yerləşməsi imkanları nə qədərdir?

- Paşinyanın düşünülməmiş siyasəti nəticəsində və 85 ABŞ hərbçisini Ermənistana gətirməklə bir sıra dövlətlərlə münasibətlərini gərginləşdirib. İlk növbədə Rusiya bundan qıcıqlandı, öz etirazını bildirdi. Rusiya Ermənistana dəstək verən əsas dövlətdir, onlar müttəfiqdirlər.

Ermənistanı dəstəkləyən İranın da buna kəskin reaksiyası oldu. Bu məsələ də İranın mövqeyinə öz təsirini göstərdi. Əminəm ki, 85 Amerika hərbçisinin Ermənistana gəlməsi və orada təlim keçirməsi vəziyyəti dəyişmir. Paşinyanın boşboğazlığı, çapalamaları, müxtəlif ziddiyyətli bəyanatları özlərini çətin duruma salıb. Bunun bölgədəki mövcud vəziyyətin yaranmasında da rolu böyükdür. Amerika-Ermənistan təlimləri də bunun içindədir.

- Rusiya-Ermənistan gərginliyi pik həddə yaxınlaşır. Paşinyan açıq formada bildirdi ki, bundan sonra Moskvaya arxalana bilməzlər. Rusiya ilə qarşıdurma Ermənistana nə vəd edir?

- Bu gərginlik Ermənistana yox, Paşinyanın özünə problemlər yaradır. Moskvanın Paşinyanın Rusiyaya yönəlik dəfələrlə təkrarlanan ittihamlarına sərt reaksiyası oldu. Ermənistan baş naziri hesab edir ki, Rusiyanın onun yanında olmalıydı, müharibədə Azərbaycana qarşı onlarla birgə döyüşməliydi. Bu, absurd bəyanatdır. Rusiya niyə gəlib Ermənistanın yerinə Azərbaycanla vuruşmalıdır?

Rusiya gördü ki, Paşinyan ziddiyyətli siyasət aparır, bu gün “Qarabağ Ermənistandır” deyir, sabah fikrini dəyişib “Qarabağ Azərbaycan ərazisidir” söyləyir. Əlbəttə, Rusiya bunu qəbul etmək istəmir. Paşinyanın siyasi addımları Moskvanı narahat edir. Rusiya Paşinyanı aradan götürmək üçün əlindən gələni edir. Sadəcə görünür, hələlik Ermənistanda onu əvəzləyəcək xarizmatik lider yoxdur. Hazırda “Qarabağ klanı”nın nümayəndəsini hakimiyyətə gətirmək vaxtı deyil. Çünki onlar özlərini ifşa ediblər. Yeni bir siyasətçi olmalıdır, görünür, həmin sima tapılan kimi, Rusiya Paşinyanı yoxa çıxarmaq üçün əlindən gələni edəcək.

- Ağdam-Xankəndi yolunun açılması da gündəmdədir. Artıq Rusiyadan göndərilmiş bir yük maşını bu yoldan keçib. Yol tam işlək vəziyyətə nə vaxta gətirilə bilər?

- Bizim əsas məqsədimiz bu idi ki, bu yoldan istifadə edilsin. Biz buna nail ola bildik. Düzdür, ilk olaraq oradan Rusiyanın yük maşını keçdi, amma hər halda bizim ərazimizdən keçir. Yəni bu yük Ermənistan və ya başqa bir ölkədən gəlmir. Bu, Qarabağ ermənilərinin reinteqrasiya olması yönündə bir addımdır. Şübhə etmirəm ki, Ağdam-Xankəndi yolu bundan sonra da istifadə ediləcək, Azərbaycanın yükləri də oradan keçəcək. Paralel olaraq, Laçın yolu da açılacaq. Amma onlar yenə də Ağdam-Xankəndi yolunda maneələr yaratsalar, biz yenə Laçın yolunu bağlayacağıq. Hətta ABŞ, Avropa Birliyi və digər ölkələrin rəsmiləri də bildirdilər ki, Ağdam-Xankəndi yolu Laçına paralel istifadə edilməlidir. Yəni burada bizimlə yanaşı, dünya birliyinin də bir açıq mövqeyi var. Bu məsələdə həqiqət bizim tərəfimizdədir, başqa variant ola bilməz.

- Ermənistan ordusunun Qarabağdakı hərbçilərinin mülki geyimlərdə və müxtəlif adlar altında çıxarılması haqda məlumat var. Bu gəlişməni necə dəyərləndirirsiniz?

- Ermənistan başa düşdü ki, onun burada başqa çıxış yolu yoxdur. Rusiya üz döndərməsə də, bir sıra məsələlər göz yumur. Yəni açıq formada ermənilərin tərəfində durub bizimlə vuruşmur. Digər yandan, bizim diplomatik nailiyyətlərimiz də göz önündədir. Bunlardan biri Ağdam-Xankəndi yolunun istifadəsi ilə bağlıdır. Biz buna nail olduq. Çünki onlar ancaq Laçın yolundan istifadə etmək istəyirdilər, biz isə buna imkan vermədik. Bizim dəyişməz mövqeyimizi gördükdən sonra anladılar ki, bu yol da açılmalıdır.

Qarabağın dağlıq hissəsində də gərginlik yaşanır. Orada qondarma rejimdə dəyişiklik oldu. Araik qaçdı, separatçı rejimin başını buraxdı. Araik başa düşdü ki, bu separatçı rejimin sonu ərəfəsindədirlər. Bu, bizim sərt mövqeyimizin nəticəsidir. Biz dəfələrlə bildirmişik ki, orada hələ də 10 minə yaxın qeyri-qanuni hərbi birləşmələr qalır, onlar çıxarılmalıdır. Onlar ya tərksilah edilməlidir, ya da özümüz rədd edəcəyik. Bunu başa düşürlər və nəticə çıxarmağa başlayıblar. Artıq həmin separatçı dəstələrdə xidmət edən və reallığı dərk edənlər ərazimizi tərk etməyə başlayıblar. Mən istərdim ki, bu, artıq kütləvi hal alsın, belə olacağına isə şübhəm yoxdur.

“Zəngəzur dəhlizi Türkiyə üçün çox önəmlidir. Bu, Azərbaycanla birbaşa əlaqə yaradacaq. Türkiyə onun vasitəsilə Orta Asiyanın türk respublikaları ilə əlaqə yaradacaq. Bu isə İranı Zəngəzur dəhlizinə qarşı çıxmağa məcbur edir”.

Bunu türkiyəli analitik Əhməd Sandal “Anadolu”dakı məqaləsində yazıb.

“Türkiyənin regionda ən böyük rəqibi İrandır. Türkiyəyə İraq və Suriyada problem yaradan İran “Zəngəzur dəhlizi” məsələsində də bunu edəcək” - deyən analitik yazır ki, bu prosesin qarşısını almaq üçün İran hətta müharibəyə girə bilər.

“ABŞ hökuməti İrəvanın yalanlarına uymamalı, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməlidir”.

Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd olunub ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim erməni lobbisi ilə korrupsiya əlaqələrinə görə hal-hazırda ABŞ Federal Təhqiqatlar Bürosunun istintaqı altında olan senator Bob Menendesin 14 sentyabr 2023-cü ildə ABŞ Senatında təşkil etdiyi dinləmələrdə anti-Azərbaycan bəyanat verib. ABŞ rəsmisi Laçın yolunun dərhal açılmasını tələb edib və “Dağlıq Qarabağın əhalisinə qarşı” güc tətbiqini qəbul etməyəcəklərini bildirib.

“Əvvəla, ABŞ hökumətinə yaxşı məlumdur ki, Laçın yolu bağlı deyil. Bu yoldan Azərbaycanın qanunları çərçivəsində istifadəyə əngəl törədənlər Azərbaycana qarşı ərazi iddiasında olan Ermənistan hökuməti və onun Azərbaycanın Qarabağ bölgəsində hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləridir.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə qarşı əslində mövcud olmayan təhlükə ilə bağlı Y.Kimin əsassız iddiası ilə bağlı soruşmaq istərdik ki, Ermənistanın öz ərazisindən 300 min, vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən 700 min azərbaycanlını qovmasına, Azərbaycan ərazilərini işğal etməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini qulaqardına vurmasına, 20 mindən çox azərbaycanlı mülki şəxsi öldürməsinə, 900-dən artıq Azərbaycan yaşayış məskənini viran qoymasına, Azərbaycan ərazilərinin bir hissəsini çirkləndirməsinə, əsir və girov götürdüyü 4 000-dən çox azərbaycanlının taleyinə aydınlıq gətirməməsinə ABŞ hökuməti nə üçün biganə qalıb?
Azərbaycan və Ermənistan arasında münasibətlərin və yerdə vəziyyətin bütün incəliklərindən xəbərdar olan ABŞ hökumətinin azərbaycanlılara qarşı törədilmiş bu qədər haqsızlığa göz yumması, Ermənistanın əsassız iddialarını dəstəkləməsi ABŞ-nin nə “insan haqlarının qlobal müdafiəçisi” kimi, nə də Azərbaycan və Ermənistan arasında sülhü təşviq edən tərəfdaş kimi rollarına uyğun gəlir”, - icmadan bildirilib.

Vurğulanıb ki, sülhdən, ədalətdən dəm vuran ABŞ hələ də Ermənistandan öz ordusunun qalıqlarını Azərbaycan ərazilərindən çıxarmağı, qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsini tələb etmir:

“ABŞ-nin postsovet məkanında digər ölkələrin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıdığı, separatizmə qarşı çıxdığı bir şəraitdə, Azərbaycana gəldikdə yenə də nala-mıxa vurması qəbuledilməzdir. Y.Kimin əmr şəklində danışıq tonu da yersizdir. Dövlət Departamentinin rəsmisi ünvanları səhv salıb. Y.Kimə xatırladırıq ki, ABŞ siyasətçiləri, diplomatları yeri gəldi-gəlmədi hər yerdə ABŞ-nin suverenliyi məsələsini qabardırlar. Azərbaycanın suverenliyi heç bir ölkənin, o cümlədən xanım Kimin təmsil etdiyi ABŞ-nin suverenliyindən əksik deyil.

ABŞ hökuməti Ermənistanın yalanlarına uymamalı, insan hüquqlarının müdafiəsi məsələsində etnik ayrı-seçkiliyə yol verməməli, Azərbaycanın daxili işlərinə müdaxilə etməməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməlidir”.

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının sentyabrın 15-də Bakıda keçirilən 33-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.

President.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli tədbir iştirakçıları! Sizi Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının Bakı şəhərində keçirilən 33-cü iclasında səmimiyyətlə salamlayıram.

Azərbaycan MDB-nin fəal üzvü olmaqla bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edir. MDB çərçivəsində təhlükəsizliyin və sabitliyin qorunması, əməkdaşlığın daha da gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Hörmətli qonaqlar, qanunun aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi hər bir hüquqi dövlətin ali məqsədini təşkil edir. Bu baxımdan, prokurorluq orqanlarının qanunçuluğun və hüquq qaydasının təmin edilməsində və möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə müstəsna rolu vardır.
Transmilli mütəşəkkil cinayətkarlıq hər bir dövlətin sosial, iqtisadi və siyasi sabitliyi üçün ciddi təhlükədir. Müasir dünyada qlobal və regional təhlükələrin artdığı bir zamanda MDB iştirakçı dövlətlərinin prokurorlarının qarşısında yeni və mürəkkəb çağırışlar durur. Bu təhdidlər beynəlxalq hüquq-mühafizə potensialının artırılmasını, qanunsuz şəbəkələrin zərərsizləşdirilməsi üçün birgə fəaliyyət göstərməyi, ənənəvi və yeni, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və digər cinayət növlərinin qarşısının alınmasını tələb edir.

Əminəm ki, birgə səyləriniz dövrümüzün neqativ cərəyanlarına vaxtında reaksiya verməyə, dövlətlərimizin və vətəndaşlarımızın etibarlı müdafiəsini təmin etməyə imkan verəcək.

Hesab edirəm ki, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı qorunmasına, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcək.

Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm”.

Prezident İlham Əliyevin Tacikistana səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına səfəri sentyabrın 15-də başa çatıb.

Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər yola salıblar.

Xəbər lenti