![]() |
|
Üçtərəfli anlaşmalara, eləcə də, Azərbaycan-Rusiya müttəfiqlik sənədinin öhdəliklərinə görə, Kreml Qarabağda erməni separatizminin qarşısını almağa, silahlı terror dəstələrinin ləğvinə borcludur… Ancaq Rusiya həmin öhdəliklərə nəinki riayət etmir, əksinə Kreml rəsmi Bakının Ukraynanın ayrılmaz tərkib hissəsi olan Donbas və Krımdakı rus separatçıları dəstəkləməsini istəyir…
Rusiya Cənubi Qafqazı yenidən qarışdırmağa çalışır. Kreml bu regionun Rusiyanın əlindən “sürüşüb” çıxmaq üzrə olduğunu artıq ciddiyə almağa başlayıb. Ukrayna savaşında “hərbi-siyasi bataqlığa” düşsə də, Rusiya Cənubi Qafqaza nəzarət mexanizmlərini bərpa etmək qərarı vermiş kimi görünür. Və bu, o deməkdir ki, Kreml üçün Cənubi Qafqazın strateji əhəmiyyəti mövcuddur.
Onu da qeyd etmək lazımdır ki, hazırda Rusiyanın hər üç region dövləti ilə ciddi problemləri mövcuddur. Belə ki, Kreml Gürcüstanın ərazi bütövlüyünə təcavüz edib, separatçı Abxaziya və Cənubi Osetiya bölgələrini Rusiyaya birləşdirib. Yəni, Kreml həm separatizmi dəstəkləyir, həm də bundan Rusiyanın ərazisini genişləndirmək üçün istifadə edir. Və bu baxımdan, Rusiyanın beynəlxalq hüquq normalarına, qonşu ölkələrin suverenliyinə olduqca ciddi təhlükə qaynağı olduğu qətiyyən şübhə doğurmur.
Nə qədər qəribə də olsa, Kremldə hesab edirlər ki, beynəlxalq hüquq normaları məhz Rusiyanın maraqlarından və verdiyi qərarlardan ibarətdir. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycana qarşı son etirazları da məhz bunu təsdiqləyir. Belə ki, Kreml rəsmi Bakıya etiraz edərək, Azərbaycanın ərazi bütövlüyünü tanımasının yolverilməz olduğunu bəyan edib. Halbuki, Kremlin rəsmi Bakıya qarşı bu etirazı olduqca məntiqsiz və mənasız xarakter daşıyır.
Məsələ ondadır ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Ukraynanın ərazi bütövlüyünü tanıdığını, dəstəklədiyini bildirib. Eyni zamanda, Azərbaycanın diplomatiya idarəsi separatçı Donbas və Krımda keçirilən qondarma “seçkiləri” tanımadığını birmənalı şəkildə bəyan edib, qınayıb. Və bu, həmin əraziləri ilhaq edib, öz ərazilərinə qatan işğalçı Rusiyanın qıcıqlanmasına səbəb olub.
Halbuki, rəsmi Bakının bu addımı BMT-nin Nizamnaməsinə və digər bütün beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Donbas və Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir və bu hüquqi reallıq dəyişməz qalmaqdadır. Çünki Kreml bu bölgələri işğal edib, öz ərazisinə qatsa da, heç bir dövlət, o cümlədən də, BMT-nin Təhlükəsizlik Şurası Donbas və Krımı Rusiya ərazisi kimi tanımayıb. Yəni, Kreml rəsmi Bakıya o vaxt etiraz edə bilərdi ki, Azərbaycan Donbas və Krımın Rusiya ərazisi kimi təsdiqləndiyi halda, həmin bölgələrdə keçirilmiş “seçkiləri” qınamış olardı.
Daha bir önəmli məqam ondan ibarətdir ki, Kreml rəsmi Bakını Azərbaycan-Rusiya müttəfiqlik anlaşmasına zidd davranmaqda suçlayır. Halbuki həmin sənəd Azərbaycanın üzərinə Rusiyanın qonşu ölkələrə qarşı işğalçılıq siyasətini qeyd-şərtsiz dəstəkləmək öhdəliyi qoymur. Və indiki halda, rəsmi Bakı “müttəfiqlik anlaşması”nı qətiyyən pozmayıb.
Əksinə, əgər, həmin sənədin pozulmasından danışmağa ehtiyac varsa, onda məhz Rusiyanı öz öhdəliklərinə riayət etməkdən yayınmaqda günahlandırmaq olar. Belə ki, müttəfiqlik fəaliyyəti barədə Moskva bəyannaməsinə görə, Azərbaycan və Rusiya bir-birinin ərazisində separatizmi və terrorizmi dəstəkləməmək, hər iki dövlətə qarşı yönələcək belə cinayətlərə qarşı ortaq mübarizə barədə öhdəlik götürüblər. Və hazırda Kreml bu öhdəlikləri kobud şəkildə pozmaqda davam edir.
Məsələ ondadır ki, Rusiya Azərbaycanın Qarabağ regionunda erməni separatizmini və terrorizmini açıq şəkildə dəstəkləyir. Kreml Xankəndi və ətraf bölgədə keçirilmiş qondarma “seçkilərə” münasibətdə hələ də israrla susur. Halbuki müttəfiqlik barədə sənədə əsasən Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini xüsusi olaraq, vurğulamaqla, həmin qondarma “seçkiləri” qınaması vacibdir. Yəni, rəsmi Bakının Donbas və Krım ilə bağlı mövqeyini Kreml erməni separatçılara münasibətdə təkrarlamağa borclu idi. Çünki beynəlxalq hüquq normaları bunu tələb edir.
Əslində, bu, qətiyyən təəccüblü deyil. Çünki Azərbaycan ərazisində erməni separatizminin və terrorziminin əsas dayağı rolunda məhz Rusiya çıxış edir. Rus sülhməramlılar erməni separatçı-terrorçuları qoruyur, bu cinayətkarların təhlükəsizliyini təmin edir. Erməni silahlı terror dəstələrinin silahlandırılması, onlara döyüş mövqelərinin qurulması, istehkamların yaradılması və s. də rus sülhməramlılar tərəfindən reallaşdırılır.
Halbuki, üçtərəfli anlaşmalara, eləcə də, Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sənədinin öhdəliklərinə görə, Kreml Qarabağda erməni separatizminin qarşısını almağa, silahlı terror dəstələrinin ləğvinə borcludur. Ancaq Rusiya bütün bunların heç birisini etməyib və belə bir niyyəti də yoxdur. Bunun əvəzinə Kreml rəsmi Bakının Donbas və Krımdakı rus separatçıları dəstəkləməsini istəyir. Və Kremldə unudurlar ki, Azərbaycan Rusiyadan fərqli olaraq, beynəlxalq hüquq normalarına hörmət edən, separatizmə, terrorizmə qarşı mübarizə aparan dövlətdir.
Belə anlaşılır ki, Ermənistanın xəyanəti qarşısında aciz qalan Kreml indi rəsmi Bakı ilə münasibətləri Rusiyanın maraqlarına uyğun şəkildə nisbətən gərginləşdirmək niyyətinə düşüb. Ola bilsin ki, Rusiya Ukrayna üzərindən Azərbaycana “hücum” etməyə çalışmaqla, Cənubi Qafqazda zəifləyən mövqelərinin bərpasına nail ola biləcəyinə ümid bəsləyir. Halbuki, Kremldə anlamalıdırlar ki, Azərbaycan artıq çoxdan dəyişib və Kremldən verilən təlimatlara riayət etməyəcək qədər müstəqil dövlət olduğunu da dəfələrlə sübut edib.
Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- İlk yük maşını Ağdam yolu ilə Xankəndiyə daxil oldu. Amma separatçılar yükləri bu yoldan qəbul etməyəcəyini deyirdilər. İndi nə dəyişdi ki, geri addım atdılar?
- Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, bu, Rusiya Qırmızı Xaç Komitəsinin təşəbbüsüdür. Bu təşəbbüsün reallaşması ondan xəbər verir ki, artıq Rusiya regiondakı reallığı tam olaraq qəbul edir. Rusiya Qırmızı Xaç Komitəsi rəsmi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinə müraciət ünvanlayıb. Bu addım da həmin müraciət əsasında atılıb.
Beləliklə, Rusiyadan göndərilən yük Ağdam-Xankəndi yolu ilə Xankəndiyə çatdırıldı. Bu, müharibədən sonrakı reallığa uyğun hərəkətdir. Bizim tələblərimizə uyğundur.
Separatçılar bu məsələlər ətrafında “müstəqillik oyunları” oynayaraq göstərmək istəyirdilər ki, guya öz rəyləri var. Ancaq baş verənlər göstərir ki, separartçılara təsir imkanları var. Xüsusən də Rusiya tərəfindən. Son nəticədə yük Xankəndiyə çatdırıldı.
Burada bir məsələ var ki, Rusiyanın addımlarına Azərbaycan təsir edir. Birbaşa və dolayı yolla burada Azərbaycanın təsiri hiss olunur. Baş verənlərdən aydın olur ki, regionda təsir imkanlarımız artır, separatçılar bundan nəticə çıxarmalıdır. Bir sözlə, həmin yüklər Bakının istəyi ilə Ağdam-Xankəndi yolu ilə Xankəndiyə daxil olub.
- Növbəti addımın rəsmi Bakının nümayəndələri ilə erməni icması arasında dialoq ola bilərmi? Bundan nə gözləyirsiz?
- Düşünürəm ki, çətinliklər də olsa, proses öz məntiqi üzrə gedəcək, reinteqrasiya olacaq. Ancaq son insidentlər göstərir ki, reinteqrasiyaya mane olan qüvvələr var. Onlar da regiondakı separatçılardır. Bizim qondarma hökumət və ya separatçılarla heç bir əlaqəmiz ola bilməz.
Reinteqrasiya prosesinin öz məntiqi var. Bu da ondan ibarətdir ki, erməni icması Azərbaycan cəmiyyətinə uyğunlaşmalıdır, reinteqrasiya olmalıdır. Həmin qondarma rejimin bu prosesdə heç bir yeri yoxdur. İndi onlar düşünməlidirlər ki, növbəti addım həmin saxta rejimin buraxılması olmalıdır. Ya bunu özləri xoşluqla edəcəklər, ya da biz məcbur edəcəyik.
Biz bu qondarma rejimlə danışıqlar aparmayacağıq. Əgər onlar şərtlərimizi və reinteqrasiya tələbimzi qəbul etsələr, bunu etmək olar. Amma mən onların buna hazır olduqlarını düşünmürəm. Eyni zamanda, onların arasında elələri var ki, Azərbaycana qarşı hərbi cinayət törədiblər. Belələri ilə nə dialoq?
- Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıbsa, onlar heç nə edə bilməzlər. Rusiya liderinin bu açıqlamasını necə şərh etmək olar?
- Məsələyə müxtəlif, o cümlədən tənqidi yanaşmalar var ki, Rusiya buna məcbur qalıb. Həmin tənqidi fikirlərə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsəydi, Rusiya da qəbul etməyəcəkdi. Bu fikirlə razılaşmıram. Rusiya prezidenti 2020-ci ildə açıq şəkildə dedi ki, Qarabağ Azərbaycan ərazisidir. Yəni Rusiya bunu təsdiqləyib.
Sadəcə siyasi reallıqlar var. Bunlar da ondan ibarətdir ki, Rusiya yaranmış vəziyyətin məsuliyyətini öz üzərinə götürmək istəmir. Belə ifadələr də buna görə dilə gətirilir. Yəni ermənilərə demək istəyirlər ki, məsuliyyəti siz daşıyırsınız, biz yox, indi bunu bizim üzərimizə atmaq lazım deyil.
Paşinyan müxtəlif formalarda dəfələrlə bəyan edib ki, Ermənistan yaranmış vəziyyətə uyğun olaraq məcburən bu addımları atıb, atır. Yəni bununla demək istəyir ki, Rusiya başqa mövqedə dayansaydı, Ermənistan da orada dayanardı, amma Rusiyanın dəstək olmaması Ermənistanı indiki mövqedən çıxış etmək məcburiyyətində qoyub. Putin də ona çatdırır ki, bu, sənin problemindir, bunu mənim üstümə atma.
- Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi, Britaniya, ABŞ kimi güclər Qarabağda keçirilən qondarma seçkiləri tanımadılar. Bu, bizim üçün nə qədər önəmlidir?
- Bu, ənənəvi mövqedir. Onlar qondarma rejimin keçirdiyi “seçkilər”i nə vaxt tanıyıblar? Heç vaxt tanımayıblar. O vaxt bu mövqe nəyi dəyişirdi? Heç nəyi! İndi də elə. Amma bütün hallarda indiki durumda bir daha təsdiqləyir ki, bu, qeyri-qanuni rejimdir. Bu da bu qondarma rejimin ləğvi yönündə Azərbaycanın əllərini daha geniş açır.
- Pik həddə yaxınlaşan Rusiya-Ermənistan gərginliyi haqda fikriniz necədir?
- Ermənistan Rusiyadan istədiyini ala bilmədi, ona görə də özünə tələsik “siyasi sponsor” axtarır. Atdığı addımların məsuliyyətini Ermənistan özü daşıyır, Rusiya öz oyununu oynayır. ABŞ, Fransa və digər ölkələr də heç vaxt öz maraqlarını başqa dövlətin maraqlarından daha aşağıda tutmayıb. Ermənistan bunu anlamalı idi, amma anlamadı.
İndi Rusiyanın regiondakı maraqları dəyişib, Azərbaycan güclənib. Rusiya da Azərbaycanla münasibətlərini Ermənistandan daha üstün tutur. İndi İrəvan düşünür ki, madam Ermənistan illərlə Rusiyanın forpostu olub, demək, Rusiya onun qarşısında müəyyən öhdəliklər daşıyır. Yəni onların nöqteyi-nəzərindən Rusiya Ermənistana “borclu”dur.
Rusiya Ermənistana borclu deyil, Rusiya Ermənistanı alıb, Ermənistan da Rusiyaya satılıb. Rusiya 90-cı illərdə Ermənistana 1 milyard dollarlıq silah-sursat ötürmüşdü. Rusiya bunu niyə etmişdi? Rusiyanın iri şirkətləri Ermənistana gələrək, bura investisiya yatırdılar. Dünyanın heç bir dövləti dağılmış bir ölkəyə - Ermənistana gəlmədi, amma rus şirkətləri gəldilər. Yəni Rusiya Ermənistana xərclədiyini xərcləyib. Əslində, Ermənistan Rusiyaya borcludur.
Ermənistan özünü bu kökə salıb ki, kimsə gəlib səni satın alsın, sən də sonra ona iradını bildir. Sən özünü – iqtisadiyyatını, təhlükəsizliyini, sərhədlərini satmısan. Ermənistan hərbi baxımdan Rusiyadan asılı bir ölkədir. Ermənistan Rusiyanın bir əşyasına çevrilib. Rusiya da bu əşyanın sahibi olaraq ondan istədiyi kimi istifadə edir.
İndi Rusiya, yoxsa ona satılmış Ermənistan günahkardır? Ermənistanın hazırda Rusiyanın himayəsindən çıxması üçün resursları yoxdur. Ermənistandakı rus şirkətlərini kim əvəz edə bilər? Amerikanın, yoxsa Fransanın? Onlar Ermənistana maraq göstərirlər? Söhbət bundan gedir. İndi Rusiyanın bölgədəki maraqları dəyişib, bu da Ermənistanın xoşuna gəlmir, sonda ziddiyyətlərə gətirib çıxarır.
- Bölgədə gərginliyin artdığı vaxtda ABŞ və Ermənistan arasında birgə hərbi təlimlərin keçirilməsində məqsəd nədir? ABŞ Dövlət Departamenti bunun Ermənistan-Azərbaycan gərginliyi ilə bağlı olmadığını deyir.
- Ola bilsin ki, dedikləri kimidir. Bu, daha çox Rusiya-Ermənistan münasibətlərinə təsir edən amildir. Biz bilirik ki, bölgədə Rusiya sülhməramlıları fəaliyyət göstərir. Ermənistan da Rusiya sülhməramlılarının başqa ölkənin sülhməramlıları ilə əvəzlənməsinə çalışır. Bu təlimlər ABŞ sülhməramlılarının bölgəyə uyğunlaşdırılmasına xidmət edir. Rusiya bunu istəmir və ziddiyyətlər əmələ gəlir.
Amerika qoşunlarının regionda peyda olması və təlimlərə başlaması İranı da narahat etməyə bilməz. İran başa düşür ki, bunun ona mənfi təsirləri ola bilər. Amerikanın İrana münasibətini nəzərə alsaq, belə bir addım Tehranda müsbət qarşılanmır. Son nəticədə bu, regionda hərbi gərginliyi artırır.
Ermənistan bölgəyə regiondankənar qüvvələri gətirir: Fransanı, ABŞ-ı və sairi. Ermənistan bundan region dövlətlərinə qarşı istifadə etmək niyyətindədir. Bu, təhlükəli oyundur.
- İran Ermənistandan narazıdırsa, Azərbaycanı niyə hədələyir?
- Belə bir ehtimal var ki, müharibə başlasa, İran Ermənistanın tərəfindən çıxış edə, Azərbaycana qarşı hansısa addımlar ata bilər. Düşünmürəm ki, belə olacaq. “Qırmızı xətlər” var. Bu xətlər həm də İranla Azərbaycan arasında müəyyən olunub. İran hərbçiləri yaxınlarda Azərbaycana gəldilər, bu da o ehtimalı yaradır ki, bizimlə münasibətlərin gərginləşməsini, yaxud Ermənistan tərəfindən açıq şəkildə bizə qarşı çıxış etmək istəməzdilər. Əks halda, bu, presedent yarada bilər.
Ən müasir tarixdə ilk presedent olardı ki, İran Azərbaycana qarşı müharibəyə qatılır. Əlbəttə, bu, regionda vəziyyəti dəyişdirərdi, həm də İranın xeyrinə yox. Çünki bu durumda Azərbaycanın tərəfində Türkiyə çıxış edəcək, Pakistan biganə qalmayacaq, hələ İsraili demirəm. Belə bir durum İranın xeyrinə ola bilərmi? Yox!
İranın öz başağrıları var, açıq təhdid aldığı ünvanlar var. İndi regionda yeni bir təhdid mənbəyi yaratmaq İranın marağında olmamalıdır. Ermənistanın marağında ola bilər, amma İran ermənilərin oyununu oynamayacaq. Paşinyan və Ermənistan hökuməti bunu gözəl anlayır.
Yeri gəlmişkən, İranın son zamanlarda Azərbaycanla sərhəd yaxınlığında qüvvə cəmləməsi və hərbi təlimlərə başlaması haqda məlumat yayılırdı. Tehranın özü bunu təkzib etdi. Bu da onu göstərir ki, İran-Azərbaycan qarşıdurmasını üçüncü tərəf, çox güman ki, Ermənistan istəyir. İranın onun zərərinə ola biləcək bu gərginlikdən kənar durmaq istədiyini düşünürəm.
İranın maraqları var, istəyi budur ki, bölgədə qurulacaq nəqliyyat xətlərində payı olsun. Biz də bildiririk ki, yalnız Azərbaycanla əməkdaşlıq çərçivəsində İran burada maraqlarını ifadə edə bilər. Məncə, son zamanlardakı gəlişmələr göstərir ki, İran bu mesajı alıb və reallığı anlayır, bu istiqamətdə də addımlar atmaq istəyir. Bu da İranı Ermənistanın apardığı təhlükəli siyasətdən ayırmalıdır.
Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Xankədidəki “desant” terrorçu Ruben Vardanyan da artıq Qarabağ məsələsinin bitdiyinin və üfüqdə belə, hər hansı “işıq ucunun” görünmədiyini etiraf etmək zorunda qalıb. Vardanyan dünənki açıqlamaları ilə hər şeyin bitdiyini dolayısı ilə etiraf edib.
O, Putinin dünən verdiyi mesajlardan da çox ciddi narahatlıq keçirib.
“Təəssüf ki, 30 il ərzində Ermənistan hakimiyyəti müttəfiqlərimiz Azərbaycana məqbul şərtləri qəbul etdirmək üçün yol tapa bilməyib... İndi hamımız nə etməli olduğumuz barədə düşünməliyik. O baxımdan da indi çox çətin vəziyyətlə üz-üzəyik”, - Vardanyan dünənki açıqlamasında bildirib.
İndi nə edəcəklərini belə düşünə bilmirlər. Çox çaşqın və psixoloji sarsıntı içindədirlər. Ona görə də verdikləri açılamalar da uğradıqları psixoloji sarsıntıların yaratdığı təsirlərə uyğun olaraq heç bir məntiqə uyğun gəlməyən məntiqsiz, əsəbi, sərsəm açıqlamalar verməklə məşğuldurlar. Bu da yaralı bir heyvanın can verərkən sonuncu çırpıntılarını xatırladır.
Bu o deməkdir ki, indiyədək heç nə etmək mümkün olmayıbsa, artıq bundan sonra nə deyəcəyindən və atacağı addımdan asılı olmayaraq məsələlər bitib. Odur ki, üzləşdikləri vəziyyətdən çıxmaq üçün əlverişli məqam gölzəyirlər. Bunun üçün də öz oyunlarına alət etdikləri ermənilərin gözünə kül üfürüb oyunbazlıqlarını davam etdirməkdədirlər. İndi onlar, sadəcə, kənardakı ağalarının ona və Xankəndidəki terrorçu dəstəyə verdiyi sifarişi sonadək yerinə yetirmək məqsədi ilə nağıllarda olduğu kimi, hansısa “ağ atlı”nın onları xilas edəcəyi xülyası ilə ermənilərin başları altına yastıq qoymaqla məşğuldurlar. Ta ki, nağılının sonluğunda göydən düşəcək “üç alma” kimi... O almalar kimə nəsib olacaq. Ermənilər bu nəşəli qorxulu yuxulardan o zaman ayılacaqlar ki, nə lələ var, nə də yükü... Zori balayanlar, köçəryanlar, sərkisyanlar kimi, vardanyanlar da, arutyunyanlar da, şahramanyanlar da aradan çıxıb.
Rusiyanın ən yaxın müttəfiqlərindən biri, KTMT üzvü olan Ermənistanla münasibətlərində ciddi böhran yaranıb.
Axar.az xəbər verir ki, bu barədə “Kommersant” nəşrində dərc edilən məqalədə bildirilib.
“Tərəflər bir-birini ittiham edirlər. Baş nazir Nikol Paşinyan İtaliya qəzetinə müsahibəsində Moskva ilə strateji müttəfiqlik kursunun səhv olduğunu bildirir, onun həyat yoldaşı Kiyevə gedir və Prezident Vladimir Zelenski ilə görüşür.
İrəvan həm də Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri ilk dəfə Kiyevə humanitar yardım edir. Və nəhayət, Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirir və əvəzində öz nümayəndəsini KTMT-dən geri çağırır”, - deyə müəllifi Maksim Yusin olan məqalədə vurğulanıb.
Müəllifin iddiasına görə, Azərbaycan sərhədə hərbi texnika cəmləyir – onların üzərində Rusiyanın 24 fevral ərəfəsində Ukrayna ilə sərhədə göndərdiyi texnikaların üzərindəki “Z” və “V” hərflərinə bənzər işarələr var. Bundan çıxış edən müəllif Bakının yaxın günlərdə hərbi əməliyyatlara başlayacağı ilə bağlı “çoxlu sübutların” olduğunu bildirib (Halbuki Ermənistanın Azərbaycanla sərhədə zirehli texnika və canlı qüvvə yığdığını təsdiqləyən video-görüntülər yayılıb – red.)
“Və qalır təxmin etmək ki, onlar (Azərbaycan - red.) yalnız Dağlıq Qarabağla kifayətlənəcəkmi (ermənilərin Xankəndini saxlaya biləcəkləri şansı yoxdur), yoxsa Prezident İlham Əliyev vəziyyətdən istifadə edərək, bütün mübahisəli məsələləri, o cümlədən Naxçıvana dəhlizin yaradılmasını təmin edəcək?” – “Kommersant” vurğulayıb.
Analizdə iddia edilib ki, hazırkı şərait Bakı üçün həmişəkindən daha əlverişlidir:
“Birincisi, 2020-ci ilin payızındakı 44 günlük müharibədə də təsdiqləndiyi kimi, qüvvələr balansı açıq şəkildə Azərbaycanın xeyrinədir. İkincisi, Azərbaycan əsas müttəfiqi olan Türkiyənin faktiki olaraq qeyri-məhdud dəstəyinə arxalanmaqda davam edir.
Üçüncüsü, ermənilərin belə müttəfiqi yoxdur. Rusiya onlara kömək etmək istəsə belə, Ukraynada çox dərin bataqlığa düşüb və çətin ki, özünə ikinci cəbhə açsın. Qərb də çox uzaqdadır və hərbi cəhətdən vəziyyətə təsir edə bilmir, iqtisadi cəhətdən isə özü də qismən Rusiya neftini əvəz edən Azərbaycan nefti və qazının tədarükündən çox asılıdır. Odur ki, ABŞ və AB-nin Qarabağdakı hərbi əməliyyatlara və hətta dinc əhalinin ölümünə cavab olaraq Bakıya qarşı sərt sanksiyalar tətbiq edəcəyini təsəvvür etmək çətindir.
Özünü çıxılmaz vəziyyətə salan Nikol Paşinyan, görünür, indidən həmvətənlərinə gələcək məğlubiyyəti və gələcək mümkün güzəştləri necə izah edəcəyini düşünür. Deyəsən, onun “müdafiə xətti” belə olacaq: “Hər şeydə günahkar Moskvadır, həm üç il əvvəl müttəfiqini taleyin ümidinə buraxan o idi, həm də indi, Bakıya Qarabağın blokadasını həyata keçirməyə icazə verən odur və ermənilərin arxasında İlham Əliyevlə danışıqlar aparır”.
Bir ifratdan digərinə tələsən Ermənistanın baş naziri 2020-ci il müharibəsi ərəfəsində etdiyi və xalqı üçün ölümcül nəticələnən səhvləri təkrarlayır.
Siz eyni vaxtda əsas düşməni - Azərbaycanı təxribata çəkə, nəzəri cəhətdən mümkün olan yeganə müdafiəçiyə - Kremlə nümayişkaranə şəkildə meydan oxuya bilməzsiniz.
Ermənistanın düşdüyü qibtəedilməz geosiyasi vəziyyətdə belə bir yanaşmanı uzaqgörən və praqmatik adlandırmaq olmaz. İrəvanın şüurlu şəkildə Moskva ilə yaratdığı gərginlik Bakını yalnız daha qətiyyətli, daha cəsarətli addımlar atmağa sövq edir.
Çünki bu gün də, Ukraynada münaqişənin qızğın vaxtında belə İlham Əliyevi təmkinli olmağa inandıra bilən yeganə şəxs Vladimir Putindir.
Amma bu gün erməni-amerikan təlimləri və Paşinyanın həyat yoldaşının Kiyevə səfəri fonunda Rusiya prezidentinin bunu etmək istəyəcəyini təsəvvür etmək çətindir”.
Yaxın aylarda Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə başlanılacaq.
Bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəhbəri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) logistika forumunda deyib.
O qeyd edib ki, dəhlizin açılması, bütün türk dünyasını birləşdirəcək mühüm addım olacaq.
“Paşinyanın Roma əsasnaməsi ilə bağlı səsləndirdiyi fikirlər yalnız siyasi şou xarakteri daşıyır”.
Bunu beynəlxalq hüquq üzrə ekspert Əfsər Sadıqov Cebhe.info-ya açıqlamsında Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan tərəfindən Roma əsasnaməsinin ratifikasiyasının Azərbaycana qarşı yönəlməsi prosesini şərh edərkən bildirib.
"O qeyd edib ki, Roma statutu BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin əsasnaməsi sayılır, yaxud həmin məhkəmənin fəaliyyətinin hüquqi parametrlərini müəyyən edir.
O ki qaldı Paşinyanın açıqlamasında Roma statutunun Rusiyaya yox, Azərbaycana qarşı yönəlməsinə, bu, yalnız siyasi şouya bənzəyir. Məsələ burasındadır ki, Paşinyanın öz çıxışında sadaladığı hadisələr keçmişdə qalıb.
Roma statutunun tanınmasından sonrakı dövrə şamil olunur. Düzdür, burada müəyyən istisnalar var. Xüsusən də davam etməkdə olan cinayətlər varsa, bu halda Roma statutu geriyə şamil oluna bilər.
Amma yenə də burada mühüm aspekt ondan ibarətdir ki, yəni bu statutun dövlətlər üzərində təsirinin olması üçün həmin dövlətlərin Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul olması tələb olunur. Azərbaycan bu statutu, o cümlədən həmin məhkəmənin yurisdiksiyasını tanımayıb.
Ümumiyyətlə, belə demək olar ki, Roma statutunun Ermənistanda ratifikasiya olunması prosesi Paşinyanın daha çox Avropaya xoşgörünməyə çalışmasına əsaslanıb. Əslində bu, Rusiyaya qarşı görülən bir tədbirdir.
Yəni Rusiyanın Prezidenti Vladimir Putin Ermənistana səfər etdiyi təqdirdə o, bu ölkənin müvafiq məhkəmə orqanlarının qərarı ilə həbs olunub Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilməlidir”.
Əfsər Sadıqov vurğulayıb ki, bu günə kimi heç bir beynəlxalq təşkilat Azərbaycana qarşı qərar qəbul etməyib:
“Beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarında Azərbaycana qarşı hər hansı hüquq pozuntusu faktı qeyd olunmayıb.
Düzdür, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana müəyyən tədbirlərin görülməsi ilə bağlı tövsiyə verib. Amma Azərbaycanın bu günə kimi atdığı addımlar beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarına tam uyğundur”.
Ekspert hər iki beynəlxalq məhkəmə arasında fərqləri də sadalayıb:
"Beynəlxalq Ədalət Məhkəməsi dövlətlərarası mühabisələrə baxır, hər hansı beynəlxalq hüquq pozuntusuna görə dövlətləri mühakimə edir. Beynəlxalq Cinayət Məhkəməsi isə ayrı-ayrı şəxslərin və fərdlərin dövlət və cəmiyyətdə tutduqları mövqeyindən asılı olmayaraq törətdiyi cinayətlərin mühakiməsini həyata keçirir.
Xatırladım ki, BMT-nin Baş Məclisi tərəfindən 1965-ci il qəbul olunan qətnamənin - "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya"nın pozulması faktına görə bu yaxınlarda Ermənistan Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etmişdi. Məhz Azərbaycan da məlum qətnamə əsasında Ermənistanı həmin məhkəməyə müraciət etmişdi.
Nəticə etibarı ilə Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin təsis etməyi ilə bağlı qərarını beynəlxalq hüquqa zidd hesab etmədi.
Məhkəmənin qərarında qeyd olunub ki, bu, Azərbaycanın suveren hüququdur. Məhz bundan sonra heç bir beynəlxalq təşkilat, heç bir dövlət bu məsələdə Azərbayacana təziq edə bilməz”.
“Biz dözümsüzlük və ayrı-seçkiliyin artması tendensiyası, islamofobiya və nifrətin qızışdırılmasının qorxulu təzahüründən narahatıq”.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan insan hüquqlarının fundamental prinsiplərini qorumağa tam sadiqdir.
XİN başçısı vurğulayıb ki, tolerantlığın və ayrı-seçkiliyin qarşısının alınması insanların hüquqlarının müdafiəsinin təmin edilməsində olduqca vacibdir: “Bunlar davamlı cəmiyyətin qurulmasında mühüm elementlərdir. Biz hesab edirik ki, insan hüquqlarının tam şəkildə həyata keçirilməsi davamlı sülh, inkişaf və bütün insanların rifahı üçün vacibdir”.
C.Bayramov Qurani-Kərimin yandırılması məsələsinə də diqqət çəkib: “Dünyanın bəzi yerlərində Qurani-Kərimin yandırılması və təhqir olunması yolverilməzdir”.
Azərbaycan Xarici İşlər Nazirliyində struktur dəyişikliyi olub.
APA xəbər verir ki, yeni nazir müavinləri Samir Şərifov və Yalçın Rəfiyevin cavabdeh olduqları sahələr müəyyənləşib.
Samir Şərifov Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Şərqi-Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi, Linqvistik Təminat İdarəsinə cavabdeh olacaq.
Digər yeni nazir müavini Yalçın Rəfiyev isə Beynəlxalq Təhlükəsizlik İdarəsi, İqtisadi Əməkdaşlıq İdarəsi və Yaxın Şərq və Afrika İdarəsinə cavabdeh olacaq.
Ermənistan hərbi-siyasi və hüquqi cəhətdən prosesdən kənarlaşdırılıb, indi Kreml məhz regional və beynəlxalq mövqeləri daha güclü, eləcə də Türkiyə kimi hərbi müttəfiqi olan Azərbaycanla qarşı-qarşıya qalıb... Rəsmi Bakının "rus sülhməramlılar çıxarılsın" tələbini irəli sürəcəyini Kreml artıq indidən tam dəqiqliyi ilə bilir və buna müqavimət göstərmək üçün Rusiyanın real variantı isə demək olar ki, yoxdur...
Azərbaycan dövləti qarşıya qoyduğu bütün hədəflərə doğru inamla addımlayır. Rəsmi Bakı Qarabağ regionu üzərində Azərbaycanın suveren hüquqlarının bərpa edilməsi ilə bağlı beynəlxalq hüquq normalarına uyğun planlarını addım-addım reallaşdırır. Və bu məsələdə Azərbaycan dövləti nə erməni hay-küyünə, nə də Ermənistanın beynəlxalq himayədarlarının təzyiqlərinə qətiyyən əhəmiyyət vermir.
Artıq Ağdam-Xankəndi yolu reallığa çevrilmək üzrədir. Rusiyanın bu yolla göndərdiyi humanitar yük Xankəndiyə çatıb. Bundan sonra Azərbaycanın göndərdiyi humanitar yükün də Ağdam Xankəndi yolundan keçəcəyi qətiyyən şübhə doğurmur. Başqa variant sadəcə, mövcud deyil. Və erməni separatçı-terrorçuların buna göstərdiyi müqavimət artıq heç bir önəm daşımır.
Rəsmi Bakının Xankəndi və ətraf bölgəyə yönəlik kommersiya xətləri ilə bağlı qərarı da konkret və prinsipialdır. Əvvəlcə Ağdam-Xankəndi yolundan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımları keçəcək. Yalnız bundan sonra Laçın yolu BQXK üçün açılacaq. Ancaq BQXK Laçın yolundan istifadə edərkən, Azərbaycanın sərhəd rejiminə və gömrük qanunlarına, yəni, bütün hüquqi prosedurlara mütləq riayət etməli olacaq. Və bu, rəsmi Bakının heç bir halda, dəyişməyəcəyi yekun qərardır.
İndi hətta Xankəndi və ətraf bölgədə olan qeyri-qanuni erməni separatçı-terrorçuların silahlı dəstələrinin ləğv edilməsi ilə bağlı yekun mərhələ də başlanmış kimi görünür. Hərbi cinayətkar Araik Arutyunyanın "istefa"sından sonra onun əvəzinə yeni terrorçubaşının "seçilməsinə" verilən beynəlxalq reaksiyalar da erməni separatçı-terrorçular üçün hər şeyin sona çatdığını qabarıq şəkildə göstərir. Belə ki, dünyanın heç bir dövlətindən və qurumundan dəstək ala bilmədilər. Beynəlxalq qurumlar və dünya dövlətləri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağdakı qondarma "qurumu" yox sayır.
Təbii ki, erməni radikal-revanşist dairələr böyük ümidlərlə gözlərini məhz ABŞ-a dikmişdilər. Ağ Evin nəhayət ki, "artsax" xəyallarına yenidən meydan aça biləcəyini gözləyirdilər. Çünki ABŞ-da növbəti prezident seçkiləri yaxınlaşır. İndi erməni səsləri öz əhəmiyyətini artırıb. Hətta hakimiyyətə iddialı ABŞ-ın Respublikaçılar Partiyası fürsəti əldən buraxmayıb və erməni səslərini öz tərəfinə çəkmək üçün "artsax" nağılları icad edib. Ancaq bu, qətiyyən əhəmiyyət daşımır. Çünki ABŞ dövləti rəsmi mövqeyini açıqlayaraq, qondarma "seçkiləri" tanımadığını bəyan edib. Və bununla da "erməni ümidləri" növbəti dəfə dəfn olunub.
Təbii ki, bütün bunlar rəsmi İrəvanın da mövqeyinə birbaşa təsir göstərir. Son vaxtlar Fransanın sifarişi ilə hərbi təxribatlar törədən Ermənistan tədricən reallıqla barışmağa, öz həddini anlamağa başlayıb. Baş nazir Nikol Paşinyan da Azərbaycanın Xankəndi və ətraf bölgəsində qondarma "seçkilər"lə bağlı fərqli mövqe tutmağa cəsarət göstərməyib. O, bildirib ki, Araik Arutyunyanın əvəzinə "seçilmiş" şəxsi "təbrik etmək" üçün elə bir səbəb yoxdur: "O, "prezident_ deyil, Qarabağda yaşayan ermənilərin "rəhbər"idir".
Göründüyü kimi, rəsmi İrəvan da "artsax" xəyallarının bitdiyini anlayır və reallıqla barışıb. İndi növbəti mərhələdə rəsmi İrəvanın Qarabağda olan erməni azlığına Ermənistan büdcəsindən ayrılan maliyyə vəsaitinin kəsilməsi qaçılmaz olacaq. Çünki rəsmi Bakı Ermənistana bu prosesi əvvəlki kimi davam etdirmək şansı tanımaq niyyətində deyil.
Eyni zamanda, ən yaxın vaxtlarda rəsmi İrəvanın Azərbaycan dövlətinin tələblərinə adekvat olaraq, Qarabağda qalan Ermənistan ordusunun tör-töküntülərini bölgədən çıxartmaq məcburiyyətində qalacağı da müşahidə ediləcək. Çünki bunun yeganə alternativi məhz Azərbaycan ordusu tərəfindən həmin qeyri-qanuni silahlı terror dəstələrinin məhv edilməsindən ibarətdir. Və bu proses artıq geriyə dönməz xarakter daşıyır.
Ancaq hələlik rəsmi Bakının Qaradağ regionu üzərində Azərbaycanın suveren hüquqlarının tam bərpa edə bilməsi qarşısında müəyyən süni problemlər də olmamış deyil. Üstəlik, bu problemlərin mütləq əksəriyyəti hazırda məhz Rusiyanın Cənubi Qafqazdakı maraqları ilə birbaşa bağlıdır. Çünki Ermənistandan fərqli olaraq, Kreml hələ də Qarabağın de-fakto da Azərbaycanın ayrılmaz tərkib hissəsinə çevrilmək üzrə olması ilə barışmaq istəmir. Və bu baxımdan, Rusiyanın qondarma "seçkilərə" hələ də münasibət bildirməməsi o qədər də təəccüblü deyil.
Prezident Vladimir Putinin son açıqlamaları isə Rusiyanın riyakarlığını növbəti dəfə ifşa edir və Kremlin maskasını tamamilə yırtır. Belə ki, Kreml sahibi yenə də Paşinyan hakimiyyətini Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqda suçlayır. Üstəlik, təəssüfləndiyini açıq şəkildə biruzə verərək, rəsmi İrəvanın bu addımının problemim həllində əsas komponent olduğunu xatırladıb: " Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Ermənistan Qarabağın "status"unu özü müəyyən edib".
Təbii ki, Kreml sahibi Rusiyanın "Qarabağ kartı"nı itirməsindən ciddi şəkildə narahatdır. Çünki indi Ermənistan hərbi-siyasi və hüquqi cəhətdən prosesdən kənarlaşdırılıb. Kreml məhz regional və beynəlxalq mövqeləri daha güclü, eləcə də Türkiyə kimi hərbi müttəfiqi olan Azərbaycanla qarşı-qarşıya qalmasından qətiyyən məmnun deyil. Rusiyaya öz regional maraqlarını təmin etmək üçün Ermənistanın arxasından boylanmaq daha sərfəli idi.
İndisə, Kreml rus sülhməramlıların gələcək taleyini yalnız rəsmi Bakı ilə müzakirə etmək məcburiyyətində qalıb. Rəsmi Bakının Kremlə "rus sülhməramlılar çıxarılsın" tələbini irəli sürəcəyini Kreml artıq indidən bilir. Və bu tələbə müqavimət göstərmək üçün Rusiyanın real variantı isə demək olar ki, yoxdur.(musavat.com)