![]() |
|
Politoloq Elşən Manafov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək. Sizcə, bu təlimlər kimə qarşı yönəlib?
- ABŞ-la təlim Nikol Paşinyan hələ müxalifətdə olarkən səsləndirdiyi bəyanatların həyata keçirilməsi istiqamətində atılan addımlardan biridir. Yəni Paşinyan zamanında ABŞ-a verdiyi vədləri yerinə yetirməyə çalışır. O, iqtidara gələcəyi təqdirdə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxaracağını bəyan etmişdi. Paşinyanın Ermənistanın KTMT, ardınca da Avrasiya İqtisadi Birliyindən çıxarılması ilə bağlı bəyanatları vardı. İndi ABŞ və NATO ilə nəzərdə tutulan hərbi təlimləri bu kontekstdə dəyərləndirmək olar. Bu, Rusiyaya bir mesajdır. Bu azmış kimi, Paşinyan Ermənistanın KTMT-dəki nümayəndəsini geri çağırdı. Hələlik onun yenisi ilə əvəzlənəcəyi barədə məlumat yoxdur. Bu isə onu göstərir ki, Paşinyan həqiqətən də Rusiyanın təsir dairəsindən çıxmaqda, NATO və Avropa Birliyinə inteqrasiya siyasətini həyata keçirməkdə israrlıdır.
Bütün hallarda Paşinyanın həyata keçirdiyi siyasət Azərbaycanın bölgə ilə bağlı maraqlarına və ərazi bütövlüyünün tam bərpa edilməsi ilə bağlı siyasətinə dolayı yolla olsa da xidmət edir. Ermənistan iqtidarının addımları Rusiya ilə gərgin münasibətləri daha da gərginləşdirəcək. Bu gərginlik dolayı yolla Azərbaycanın xeyrinə işləyəcək. Çünki Rusiyanın bölgədə nüfuzu güclüdür. Rusiyanın Abxaziya və Cənubi Osetiya, eyni zamanda Ermənistanda hərbi bazaları var. Nəhayət, Azərbaycan ərazisində sülhməramlı qüvvələrlə təmsil olunur.
Bir sözlə, Cənubi Qafqazda Qərb və Rusiya arasında geosiyasi mübarizə yeni mərhələyə keçir. Paşinyanın addımları və bəyanatlarının Qərb tərəfindən istiqamətləndiriliyini nəzərə alsaq, məqsəd Rusiyanı Ukraynadan sonra Cənubi Qafqazda qarşıdurmaya sürükləyib onu zəif salmaq və bölgədə Qərbin təsir dairəsini genişləndirməkdir. Qərbin burada proqnozlaşdırmadığı gözləntilər Azərbaycanla bağlıdır. Biz Qərblə əməkdaşlıq edirik, xüsusən də enerji təhlükəsizliyi sahəsində işbirliyimiz var, ölkəmiz Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Bununla belə, biz Gürcüstan və Ermənistandan fərqli olaraq, Qərbin təhlükəsizlik sisteminə - NATO-ya inteqrasiya ilə bağlı prosesin sürətləndirilməsi yönündə hansısa addım atmırıq. Düşünmürəm ki, Azərbaycan mövcud geosiyasi reallıqlar fonunda bu addımları atacaq.
- Paşinyanın KTMT-dən çıxmaq planı çərçivəsində ilkin addımlarını atdığını dediniz. Ermənistan baş naziri məsələni hərbi blokadan tam çıxma nöqtəsinədək aparacaq qədər cəsarətli olacaqmı? Bu fonda NATO-dan alyansa qoşulmaqla bağlı Ermənistana verilən mesaj da diqqət çəkir.
- Əgər Paşinyan həqiqətən də bölgədəki geosiyasi reallığın və yeni dünya nizamının qurulması uğrunda gedən mübarizənin mahiyyətinə varırsa, yəqin özünə hesabat da verir. Qərbin bütün cəhdlərinə baxmayaraq, Rusiyanı Ukraynada ələ keçirdiyi ərazilərdən çıxarmaq və dönüş nöqtəsi yaratmaq mümkün olmur. London Müharibə Araşdırmaları İnstitutu bildirir ki, Ukrayna ordusu son bir həftə ərzində ciddi itkilər verməsinə baxmayaraq, maksimum 600 metr – 1 kilometr irəliləyə biliblər. Pentaqon rəsmiləri də istisna etmirlər ki, savaş qışa doğru uzandıqca, Ukraynanın resursları tükənəcək. Bu kontekstdə Qərb Ukraynaya maliyyə axınını azaldacaq.
Rusiya ordusu payızın sonları – qışın əvvəlində hücuma keçəcəyi təqdirdə Ukraynanın bunun qarşısını ala bilməyəcəyi birmənalıdır. Qərbli mütəxəssislərin böyük əksəriyyəti belə düşünürlər. Zənnimcə, Paşinyan bunu və Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını nəzərə alırsa, bu addımları atmayacaq. Amma Paşinyan Qərbin adamıdır, Sorosun təmsilçisidir. Hakimiyyətə müəyyən vədlərlə gətirilib. Güman edirəm ki, Paşinyan bu addımları atmasa, Qərbin dəstəyindən məhrum olacaq. Bu halda isə Ermənistanda onu devirmək istəyən radikal qüvvələrin əlinə şans düşəcək.
- İrəvanın intensiv anti-Rusiya addımları fonunda erməni mediası “Moskva Ukrayna və Gürcüstan ssenarilərini Ermənistanda təkrarlayacaqmı” sualını gündəmə gətirib. Sizin bu suala cavabınız necədir?
- Ermənistanda Ukraynadan daha çox Gürcüstan ssenarisinin təkrarlanacağını istisna etmirəm. O zaman Mixail Saakaşvili ABŞ-ın şirin vədlərinə aldanaraq, məlum avantüraya getdi. Bu da gürcü ordusunun Abxaziya və Cənubi Osetiyada Rusiya sülhməramlıları ilə toqquşmasına gətirib çıxardı. Nəticədə Fransanın o zamankı prezidenti Nikola Sarkozu Gürcüstanın dövlət suverenliyinin saxlanılması üçün vasitəçilik etmək məcburiyyətində qaldı. Avropa Birliyi və NATO rus tanklarını Tiflisin bir neçə kilometrliyində dayandıra bildi. Əlbəttə, danışıqlar və əldə edilmiş razılaşmalardan sonra.
Gürcüstandan fərqli olaraq, Ermənistana bu sayaq dəstəyin veriləcəyini düşünmürəm. Çünki indi Qərbin əsas diqqəti Rusiya-Ukrayna qarşıdurmasına və bunu öz xeyrinə çevirmək səylərinə yönəlib. Yəqin ki, Qərbin praqmatik siyasətçiləri onlar üçün əlavə başağrısına çevrilə biləcək bu addımı atmaqdan vaz keçəcəklər. Qərbdə onu da bilməmiş deyillər ki, Rusiya və Türkiyə Yaxın Şərqlə yanaşı, Cənubi Qafqazda da razılaşdırılmış siyasət həyata keçirirlər. Bu kimi amilləri nəzərə aldıqda, ən azı sonrakı parametrlər baxımından Qərbin Ermənistana böyük dəstək verəcəyi gözlənilən deyil.
Ukrayna Avropanın qapısıdır, Gürcüstan Qara dəniz və Türkiyə üzərindən dəstək alacağına ümid edirdi, Ermənistanın isə belə imkanları yoxdur. Türkiyə ilə sərhədlər hələ də bağlıdır, İran-Ermənistan əlaqələri yaxın olmasına baxmayaraq, İrəvan Tehranın maraqlarına zidd addımlar atsa, o zaman Türkiyə-Rusiya-İran məngənəsinin ortasına düşəcəklər. Bu halda Paşinyan iqtidarının aqibətinin necə olacağı məlumdur.
Ermənistan-ABŞ təlimləri İranın Əfqanıstan və İraqın işğal dövründəki Amerika ilə əməkdaşlığını xatırlatdı. Əslində, Tehran xarici siyasətində ABŞ düşmənçiliyini bir ritorika olaraq istifadə edir. Rejimə bağlı qüvvələri bunun üzərindən səfərbər etməyə çalışır.
Bunu Axar.az-a Təbriz Araşdırmalar İnstitutunun mütəxəssisi Babək Şahid deyib.
Onun sözlərinə görə, Tehran hökumətinin Ağ Evlə ortaq əməkdaşlığı yeni məsələ deyil və bu hərbi təlimlər İranın razılığı əsasında keçirilir:
“İranın ABŞ Silahlı Qüvvələri ilə istər Əfqanıstan, istər İraqda əməkdaşlıq içində olduğunun dəfələrlə şahidi olmuşuq. Bunu İran rəsmiləri də etiraf ediblər. Onlar ABŞ qoşunlarına müxtəlif kəşfiyyat məlumatlarının ötürülməsi baxımından meydanda birlikdə hərəkət ediblər. Ermənistan-ABŞ ortaq təlimlərinə İranın səssiz qalmasını bu tarixi keçmiş əsasında dəyərləndirmək olar. Tehran Ermənistan hakimiyyətindən üz çevirməyəcək, hətta deyərdim ki, İranın razılığı və tövsiyəsi ilə bu təlimlər baş tutur. Tehran bu mövzuda səssizliyini qoruyaraq bir daha xarici siyasətində ziddiyətlərin olduğunu, sözü ilə əməlinin üst-üstə düşmədiyini sübut etdi”.
Ələt-Astara-İran avtomobil yolunun bir hissəsinin əsaslı təmirinə 7 milyon manat ayrılıb.
"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7 milyon manat ayrılıb.
“Problem ondadır ki, biz mövcud vəziyyəti həqiqətən qiymətləndirmək istəmirik. FSB-nin (FTX) bu bölgə ilə məşğul olan 5-ci şöbəsi qərar verdi ki, Araik getsin, başqası gəlsin. Nə baş verdiyini anlamaq üçün burada siyasətlə məşğul olmağa ehtiyac yoxdur”.
Bunu qondarma rejimin keçmiş “təhlükəsizlik şurasının katibi” Samvel Babayan 1in.Tv kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Araik Arutyunyan artıq Rusiyanın tələb etdiyi vəzifələri yerinə yetirə bilmədi: "Rusiya nə tələb edir? Tələb edir ki, bir neçə maşını Ağdam yolundan keçirək ki, Laçından bir neçə maşın keçirsinlər. Onlar yavaş-yavaş işləmək, sakit qalmaq və bununla da məqsədlərinə çatmaq istəyirlər. Nə erməni, nə də Azərbaycan tərəfinin razılaşacağı və s. yol təklif edəcəklər və yaxşı günlərə qədər donub qalacaqlar. Bu onların ümumi strategiyasıdır".
Babayan deyib ki, Ağdamda yolu bağlayanlar fikirlərindən daşınıblar: "Əvvəllər deyirdilər ki, Araik Arutyunyanın Ağdam vasitəsilə humanitar yardım qəbul etməyə, problemləri həll etməyə, danışıqlar aparmağa haqqı yoxdur, deyirlər ki, bu bizim qırmızı xəttimizdir, "Daşnaksütyun" və digər qüvvələr Ruben Vardanyanla birlikdə Ağdama beton bloklar qoyurlar. Bu gün həmin qüvvələr öz yeni namizədi ilə “parlamentdə” (dırnaqda) görüşüblər və o onlara deyib: alternativ yoxdur, biz Ağdamdan keçərək ticarət etməliyik, Yevlaxda dialoq aparmalıyıq. Rusiya bizimlə olsaydı, yaxşı olardı, amma olmasa, o zaman vasitəçilərsiz dialoq aparmaq lazım gələcək”.
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Şimali Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Şimali Makedoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimizin rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
2023-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Həmçinin, hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.
Təlim toplanışı başa çatdıqdan sonra hərbi vəzifəlilər aidiyyəti dövlət qurumunun nümayəndələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar.
Ermənistanın müdafiə naziri Suren Papikyan yunan Kiprinə səfərini ləğv edib, buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərib. Ermənistan mediası İrəvandan sərhədə doğru irəliləyən hərbi kalonun görüntülərini də yayıb. Bütün bunlar Paşinyan başda olmaqla Ermənistan rəsmilərinin “Azərbaycan hücum edəcək” iddiaları fonunda baş verir və aydın görünür ki, rəsmi İrəvan Bakıdan beynəlxalq müstəvidə şikayət etmək üçün sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara hazırlaşır.
Hərbi mənbələrə istinadən yayılan məlumatlar da bu yöndədir. Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4-cü hərbi korpusları fəal şəkildə gücləndirdiyini, həmçinin son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin hərbi birləşmələrə çatdırılması barədə məlumatlar var.
Baş verənlər sərhəddə yeni eskalasiya gözləntisini artırır. Və bu sual önə çıxır: Ermənistan hansı istiqamətlərdə təxribatlara əl ata bilər?
Bununla bağlı 4 istiqamətin ola biləcəyi ehtimalı daha böyükdür.
Kəlbəcər: Ermənistan 2021-ci ildən başlayaraq, Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan sərhəd xəttində daha üstün mövqelərə nail olmağa can atır;
Sədərək: Arazdəyəndə ABŞ investisiyası ilə zavod inşa edən İrəvanın bu istiqamətdə baş verəcək eskalasiyada Vaşinqtonun reaksiyasına nail olmaq planı var;
Laçın: beynəlxalq diqqəti Laçın yoluna cəlb etmək, Azərbaycanı təcavükzar kimi göstərərək, Bakıya qarşı təzyiqləri gücləndirmək istəyə bilərlər; Qaragöl ətrafında mövqelərini gücləndirmək, ordumuzun geri çəkilməsinə nail olmaq planları da əvvəldən var;
Zəngilan: bu, Zəngəzur dəhlizini arxa plana keçirmək, Azərbaycanın dəhlizlə bağlı öz ərazisində həyata keçirdiyi işləri axsatmaq məqsədi daşıyır; bununla Zəngəzurdan dəhliz verməyəcəklərini göstərmək, eləcə də İranı bu və ya digər formada prosesə qoşmaqla Bakı-Tehran xəttində çatları dərinləşdirmək, öz cəbhəsini gücləndirmək məqsədi daşıya bilər.//Publika.az
“Azərbaycanın tezliklə Xankəndi və Ermənistanla bağlı addım atacağı mümkün görünür”.
Bu sözləri beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. O bildirib ki, Ermənilərin antisülh addımlarına cavab kimi Azərbaycanın hərbi hücumunun alqoritmi kifayət qədər aydın notlara köçür:
Sentyabrın 9-da qondarma "Dağlıq Qarabağın Milli Assambleyası yeni "prezidenti seçməlidir", çünki 2020-ci ildə "seçilmiş prezident" Araik Arutyunyan "istefa verib". Azərbaycan Qarabağın "dövlət qurumlarının" ləğvini tələb edir.
Azərbaycanın separatçı parlamentin yeni prezidenti seçməsinə mane olmaq üçün “Artsax”a qarşı hərbi hücuma keçməsi və bununla da Qarabağda "dövlət sistemi"nin dağılmasına başlaması ehtimalı var.
İstisna deyil ki, Ermənistan-Azərbaycan sərhədi və Qarabağ zonasında qoşun və hərbi texnikanın toplanmasına paralel olaraq, Azərbaycan artıq Qarabağ ermənilərinə belə tələblər irəli sürüb.
Və Azərbaycan neçə vaxtdır ki, haqlı mövqeyini, ədalətli olduğuna dair mövqeyini ABŞ, Avropa İttifaqı və digər ölkələrin diplomatlarına təqdim edib”.
Ə.Əlibəyli hesab edir ki, mümkün müharibənin tezisləri belə ola bilər:
“Azərbaycan bəyan edir ki, Ermənistanın Qarabağda 10 min əsgərdən ibarət hərbi dəstələri var. Bakı tələb edir ki, 9 noyabr 2020-ci il tarixli bəyanatla Ermənistan Qarabağı tərksilah etmək öhdəliyi götürüb.
İrəvan isə deyir ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində silahlı qüvvələr yoxdur.
Azərbaycan Ermənistandan Qarabağa verilən hərbi maliyyə yardımını əsas gətirir, Ermənistan isə iddia edir ki, bu, dövlətlərarası kreditdir. İrəvan qanunsuz silahlı qrupları maliyyələşdirir. Və guya "2020-ci il müharibəsi nəticəsində Qarabağın ərazilərinin və yaşayış məntəqələrinin işğalı nəticəsində on minlərlə insan evlərindən məhrum edilib. Ermənistan onları mənzillə təmin etmək və ağır sosial vəziyyətdən çıxmaq üçün bu pulu Qarabağa ayırır".
Axı yerli ermənilərdən ibarət "Dağlıq Qarabağ Müdafiə Ordusu" da var. Guya bu dəstə ona görə mövcud imiş ki, “Azərbaycan müharibəyə və ermənilərin soyqırımına hazırlaşır. Yəni Müdafiə Ordusu olmasa, Azərbaycan üç saat ərzində 120 min ermənini öldürüb deportasiya edəcək".
Maraqlıdır, nə üçün Xankəndi meydanında "acıdan ölən" 120 min erməninin mitinq etdiyini kimsə görmədi.
Azərbaycan ermənilərin hüquqları və təhlükəsizlik məsələləri ilə bağlı daxili suverenlik haqqı ilə yanaşaraq yerli ermənilərlə öz vətəndaşlarına şamil etdiyi hüquqları tanıyır. Lakin Ermənistan və Qarabağ separatçıları “beynəlxalq mexanizm vasitəsilə Stepanakert ilə danışıqlar aparmaqdan və təhlükəsizlik təminatları vermək”dən bəhs edir”.
Ekspert söyləyib ki, Azərbaycan müharibəyə başlamaq istəmədiyi üçün hüquq və danışıq, inteqrasiya təklif etsə də, ermənilər bu şansdan terror məqsədi kimi istifadə edir və nəticədə ultimatumla üzbəüz qalır:
“Təbiidir ki, arxasında dünya erməni gücünü hiss edən Xankəndi inteqrasiya planı ilə razılaşmayacaq.
Bakı bəyan edir ki, Xankəndi separatçıları onun konstruktiv təkliflərini qəbul etmir, ona görə də bölgə üzərində Azərbaycanın nəzarətini bərqərar etmək üçün hərbi əməliyyata başlamağa məcburdur. Müharibədən əvvəl Azərbaycan da bildirir ki, Ermənistan tərəfinin Qarabağda ağır hərbi texnikası var və mina qoymağa davam edir, minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etmir, kütləvi məzarlıq yerlərini açıqlamır”.
Ə.Əlibəyli “Azərbaycanın sərt mövqeyi Xankəndi separatçılarının seçki keçirməsinə mane olacaqmı” sualına isə belə cavab verib:
“Bu suallara böyük ehtimalla, artıq Azərbaycan Ordusu cavab verməli olacaq kimi görünür. Ermənistan iddia edir ki, "Azərbaycan seçkilərin keçirilməsinə mane olarsa, Bakının danışıqlar aparmalı olduğu Qarabağın seçilmiş prezidenti və onun nümayəndələri olmayacaq. Əgər Bakını hərbi terrordan və ritorikadan əl çəkməli, Stepanakertlə görüşməli olduğuna inandırmaq mümkün olsa, Əliyev indiki vaxtda hərbi hücuma keçməyəcək".
Məlumdur ki, Əliyev bölgəsindəki separatçı ilə danışıqlar masasına əyləşib, müzakirə aparacaq deyil, onu yalnız bölgədəki sadə erməni vətəndaşının taleyi düşündürür”.
Rusiyanın potensial müharibə olacağı təqdirdə mövqeyi necə olacaq?
Beynəlxalq məsələlər üzrə ekspert deyib ki, son günlər Peskov və Zaxarovanın çıxışlarına baxmaq və Ermənistana ABŞ əsgərini gətirmək addımlarından sonra nəticə məlumdur:
“Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləyir. Aylar əvvəl Ərdoğan bəyan etmişdi ki, Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk etməlidir. Amma indi bölgədə işləməlidir və lazımdır. Kim bilir bəlkə ölməyib, sağ qalsa, bir gün separatçı rejim Ermənistana qarşı da müharibə elan edə bilər.
Rusiyanın hesablaması belədir ki, müharibəyə görə erməni tərəfi zəifləyəcək və kömək üçün Moskvaya üz tutacaq. Diplomatik mənbələr deyir ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinin demarkasiya işləri ilə paralel olaraq bütün sərhəd boyu öz qoşunlarının olmasını istəyirdi.
Lakin Ermənistan tərəfi əvvəllər təkidlə bildirib ki, qoşunlar Ermənistan-Azərbaycan sərhədindən çıxarılmalı və sərhədçilər yerləşdirilməlidir. İndi Rusiya istərdi ki, Ermənistanın suveren ərazilərini nəzarətə alsın, Ermənistan isə buna deyir ki, işğal edilirik. Hansısa toqquşma ola bilər ki, Rusiya üçün Ermənistan-Azərbaycan sərhədinə qoşun yeritməyə fürsət olsun.
Paşinyana yaxın şəxslər deyirlər ki, Azərbaycan Sünik ərazisinə yönəlirsə, deməli, koridor üçün gəlir və bu, Rusiyanın da işinə yarayır. Maraqlıdır, Əliyev dəfələrlə çıxışında bildirib ki, Paşinyan hələ 2020-ci ilin noyabrında dəhlizlə bağlı öhdəlik götürmüşdü və ondan qaçdı. Deməli, Azərbaycan koridor almaq iradəsini Nikolun götürdüyü öhdəliklərə əsasən əsaslandıra bilər.
Prezident İlham Əliyev bu yaxınlarda Aİİ-nin iclasında dedi ki, Rusiya Azərbaycanın (Zəngəzur dəhlizi) ideyasını dəstəkləyir. Rusiya Azərbaycan-Naxçıvan-Türkiyə yol marşrutuna nəzarəti də özü istəməklə dəstəkləyir.
Rusiyanın Ermənistana qarşı hərbi planlarının bir qismində isə bu var: 2022-ci ilin oktyabrından başlayaraq Aİ müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi Rusiyada böyük narazılıq yaradıb.
Ermənistan Moskvanın təklifini rədd etdi və KTMT müşahidəçilərini yerləşdirməkdən imtina etdi. Yeri gəlmişkən, 9 noyabr 2020-ci il tarixli elanın ilkin variantında Azərbaycan-Naxçıvan-Türkiyə dəhlizinin təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlılarının Sünikdə, Mehri sektorunda yerləşdirilməli olduğu bildirilirdi.
Rusiyanın təklifi idi, lakin Ermənistanın tələbi ilə rus sülhməramlılarının yerləşdirilməsi ilə bağlı bənd çıxarıldı, ona görə də ruslar Sünikdə yerləşdirilmədi.
Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının statusu dəyişib. Bu səbəbdən Rusiya Laçın Dəhlizinin bağlanmasında Ermənistanı günahlandırır.
Amma maraqlı bir məqam da var: 2020-ci il noyabrın 9-dan sonra Vladimir Putin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı və orada Rusiya sülhməramlıları yerləşdirildi.
Ermənistan Lavrov planından da narazıdır, çünki Qarabağda Rusiya sülhməramlıları və ya hər hansı digər təhlükəsizlik mexanizmindən bəhs edilmir”.
Rusiya sülhməramlılarının yeni statusu nə olacaq?
Ə.Əlibəylinin fikrincə, bu status 2025-ci ildə tamamilə fərqli səciyyəvi xarakter alacaq:
“Amma Ermənistan unutmamalıdır ki, pislədiyi Rusiya separatçıların varlığını qorumaq üçün bir çoxuna da Rusiya pasportu payladı”.