![]() |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Azərbaycana qarşı ərazi iddiaları və separatçılığa dəstəklə bağlı absurd bəyanatlar verib. Bu, sözsüz ki, Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlıdır. Çünki əsas səbəb kimi Laçın sərhəd-keçid məntəqəsinin yaradılması önə çəkilir. Fakt odur ki, Laçında Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin yaradılması prosesdə dinamikanı tamam dəyişib.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, erməni tərəfinin blokada və humanitar vəziyyətlə bağlı qaldırdığı məsələlər mənasızdır:
“Görünən odur ki, Paşinyan konkret addım atmağa cəsarət etmir. Ona görə də, Ermənistan tərəfindən sülh sazişinə doğru heç bir hərəkətlilik müşahidə edilmir. Fakt odur ki, Paşinyanın bu ilin may ayında vermiş olduğu bəyanatından sonra prosesdə konkret mövqe sərgilənmədi”.
Mərkəz sədri bildirib ki, Ermənistan tərəfi yenidən Qarabağ məsələsini ortaya atır: “Ona görə də, prosesdə hər hansı bir proqres müşahidə etmək mümkün olmur. Bunun fonunda isə sülh istiqamətindəki proses ləngiyir. Belə olan halda onlar Ermənistan Azərbaycan tərəfindən edilən təzyiqi hiss edir. Ermənistan Azərbaycanın bu təzyiqini Qərbin təsiri ilə neytrallaşdırmağa çalışır. Təbii ki, ermənilərə yardım yox, Laçın yolu lazımdır. Çünki Laçın yolu onlar üçün “Miatsum” yolu idi”.
“Macarıstanla Azərbaycan arasında dostluq iqtisadi vəziyyətdən asılı deyil. Macarıstan Azərbaycanın təbii qaz mənbələri aşkarlanmazdan daha əvvəl bu ölkə ilə dostluq edib”.
“Haqqin.az” xəbər verir ki, bunu Macarıstanın XİN rəhbəri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
“Yadımdadır ki, 2010-2011-ci illərdə Azərbaycanla münasibətlər qurmağa başladıqda Avropada bizə yuxarıdan aşağı baxırdılar. Buna görə də, indi Qərbi Avropa liderlərinin Bakıda Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün bir-birilərini necə itələdiklərini görmək gülməlidir”, - deyə Siyarto qeyd edib.
Prezident İlham Əliyev Yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
"Yol-xeber.az" xəbər verir ki, Sərəncamla Xudafərin ‒ Qubadlı ‒ Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır.
Görüntülər Caliber.Az tərəfindən yayılıb.
Məlumatda qeyd olunur ki, çəkiliş 5 sentyabr 2023-cü tarixində qeydə alınıb.
Həmin videonu təqdim edirik:
Xankəndidəki xunta rejimi orada yaşayan ermənilər üçün elə bir dəhşətli bir vəziyyət yaradıb ki, artıq hamı onların əlindən qaçıb canını qurtarmaq istəyir.
“Bunu Xankəndidə yaşayan erməni ekspert Arşak Abramyan deyib.
Onun sözlərinə görə, qondarma “rəhbərlər” özünü hər şeylə təmin etdiyindən heç biri çöldə baş verənləri görmək üçün camaatın yanına getmir.
“Bu gün kabinetində oturanlar nə baş verdiyini görmək üçün aşağı düşmürlər. Bu, biabırçı vəziyyətdir.
Otururlar, özləri üçün qanun qəbul edirlər, camaatı küçələrə atırlar. Yaxşısı odur ki, ayağa qalxıb camaata desinlər ki, cəngəllik qanunu ilə yaşamalısan, bacardığın qədər yaşa. Bu belə davam edə bilməz”, - ekspert qeyd edib.
O əlavə edib ki, insanların əsəbləri dəhşətli dərəcədə gərgindir: “Sahibi olmayan bir yerdəyik. Camaatın qayğısına qalan yoxdur”.
Onun fikrincə, bütün bunlar qəsdən edilir: “İnsanları elə vəziyyətə salıblar ki, iyrəniblər, hər şeyi buraxıb qaçmaq istəyirlər. İnsanlar elə vəziyyətə düşüblər ki, onlar maraqlandırmırlar ki, kim hansı vəzifəni daşıyır. İnsanlar artıq öz həyatları və övladlarının həyatı ilə maraqlanır. Bu uzun müddət belə davam edə bilməz. Vəziyyət belə davam edərsə, mütləq partlayış olacaq. Dəhşətli vəziyyətdir”.
Araik Arutyunyanın gedişi Xankəndidəki böhranı ermənilərin xeyrinə həll etmədi, əksinə, böhran daha da dərinləşərək kritik xarakter alıb və proseslər sürətlə xaotizm halını almaqdadır. Yaranmış durumun Xankəndidə silahlı toqquşmalarla müşayiət edilməsi də istisna edilmir. Buna səbəb isə terrorçu-quldur dəstəsi daxilindəki qruplar arasında cinayətkar hərbi xunta rejiminin başçısı “postu”nu ələ keçirməsi uğrunda gedən amansız mübarizədir. Xunta rejiminə isə yeni “rəhbər”in sentyabrın 9-da “seçilməsi” nəzərdə tutulur. Maraqlı güclər öz “namizədi” ilə bu “prosesdə” iştirak edəcək. Vaxt yaxınlaşdıqca isə xunta rejiminin başçısı uğrunda mübrizə aparan qüvvələri əsasən aşağıdakı qruplara bölmək olar:
- Ermənistan və Xankəndidəki revanşist qüvvələrin təmsilçiləri: Robert Köçəryan, Serj Sarqsyan və onların Xankəndidəki təmsilçiləri Arkadi Qukasyan, Bako Saakyan, bir də Ruben Vardanyandır.
- Rusiya. Yuxarıda qeyd etdiyimiz şəxslər həm də Kremlə bağlı olan qüvvə kimi, onların bölgədəki təmsilçiləridir. Bunlar eyni zamanda Tehranın da bölgədəki maraqlarının təmsilçiləridir.
Bu qüvvələrin əsas namizədi Samvel Şahramanyandır. İstər Ermənistandakı, istərsə də onların Xankəndidəki tör-töküntüləri bu namizədin üzərində dayanıblar və hər vasitə ilə digər alternativ irəli sürülməsinə mane olmağa çalışırlar.
- İrəvan və onun Xankəndidəki uzantıları: Qərbin simasında Paşinyan hakimiyyəti baş verən son hadisələrdən çox əndişəlidir. Paşinyan hakimiyyəti Xankəndidəki proseslərə təsirinin məhdud olmasına baxmayaraq, bacardığı imkanlardan istifadə edib müdaxilə etməyə cəhd edir. Onların Xankəndidəki əsas təmsilçisi qismində isə daha çox Samvel Babayan və onun ətrafında olan qüvvələr çıxış edir. Baş verən proseslərdə Samvel Babayanla Paşinyan hakimiyyətinin maraqları taktiki baxımdan üst-üstə düşsə də, fərqli insanlardır və fərqli baxışlara malikdirlər.
Lakin buna baxmayaraq Paşinyan hakimiyyətinin başqa seçimi olmadığından məcburi formada Xankəndidəki proseslərə müdaxilədə Samvel Babayan kartından faydalanmağa çalışırlar. Ermənistan hakimiyyəti hesab edir ki, Xankəndidəki dəyişiklik onların hakimiyyətinə ciddi təhdid yaradır. Artıq revanşistlər açıq bəyan edirlər ki, Xankəndidəki dəyişiklik İrəvanda da baş verməlidir. Əgər bu proses uğurla nəticələnərsə, bu, revanşist qüvvələr üçün bir stimul ola bilər. Onun üçün də revanşistlər qüvvələrini bacardıqca konsolidasiya edib İrəvanda keçiriləcək meriya seçkilərində qələbəni əldə etmək istəyirlər. Bu təhlükəni görən Paşinyan hakimiyyəti hər vasitə ilə Xankəndidəki proseslərə müdaxilə etməyə çalışırlar. Ona görə də Xankəndidəki adamları vasitəsi ilə prosesləri idarə etməyə çalışıb öz istədikləri məcraya yönəltməyə can atırlar.
Samvel Babayan açıq formada Şahramanyanın xunta rejiminin “rəhbər”i seçilməsinə qarşı olduğundan Qarabağda yaşayan ermənilərə sentyabrın 8-də Xankəndidə küçələrə çıxmaq barədə çağırış edib. Bildirib ki, Qarabağda yaşayacaq ermənilərin gələcəyi bir neçə nəfərə bağlı qapılar arxasında deyil, ermənilər özləri öz gələcəyini müəyyən etməlidir. Ermənilər Köçəryan, Sarqsyan, Qukasyan, Saakayan və Vardanyan oyununun reallaşmasına imkan verməməlidir.
Samvel Babayan onu da açıqca bəyan edib ki, Xankəndidə baş verən bütün bu oyunlar Ermənistanda hakimiyyət dəyişikliyinə xidmət edir və bunun Qarabağdakı ermənilərə ziyanından başqa heç bir faydası yoxdur.
O eyni zamanda Bakı ilə dialoqun tərəfdarı olduğunu bir daha bəyan edərək bildirib ki, yalnız Azərbaycanla birbaşa danışıqlar yolu ilə vəziyyətdən çıxa bilərlər, bunun alternativi yoxdur.
“Azərbaycanla birbaşa dialoq yolu ilə məsələləri müzakirə etməklə həm də Azərbaycan-Ermənistan arasında sülhün əldə olunmasına yardımçı ola bilərik”, - o qeyd edib.
Odur ki, Xankəndidə böhran hər saat dərinləşməkdədir. Çünki insanlar Şahramanyanın Azərbaycanın belə israrlı mövqeyi qarşısında tab gətirə biləcəyinə və onların gözləntilərini doğruldacağına inanmır. Şahramanyan Bakının şərtlərindən imtina edəcəyi təqdirdə vəziyyət fələkətli bir mərhələyə qədəm qoymuş olacaq ki, bu da onların sonu deməkdir. Bu da Xankəndidə xaotizmi qaçılmaz edir. Hətta nəticədə bu xaotizm və çıxılmazlıq durumu ermənilər arasında açıq silahlı toqquşmalarla da müşayiət oluna bilər və bu, istisna deyil. Bakının şərtlərindən imtina erməniləri ancaq bu dalana sürükləyir.
Xunta rejiminin təmsilçilərindən olan Akop Akopyan da Xankəndidə xaotik vəziyyətin yarana biləcəyini istisna etməyib: “Bəzi siyasi qruplar və fiqurlar vəziyyəti gərginləşdirmək istəsələr, belə bir vəziyyətin yaranacağını istisna etmirəm”.
Hələ bir neçə gün öncə erməni politoloq Argişti Kiviryan belə bir proqnozla çıxış edib ki, Arutyunyan Xankəndidəki xunta rejiminin sonuncu “rəhbər”i ola bilər.
Təbii ki, Bakının şərtlərinin qəbul edilməməsi, Xunta rejiminin sonunu sürətlə yaxınlaşdırır və bu geriyədönməz bir proses almaqdadır. Xunta rejimi ən azından Bakının şərlətini qəbul etməklə öz canlarını xilas edib bu coğrafiyanı tərk etmək imkanları ələ edə bilərlər. Əgər dirəniş olacaqsa, o zaman bu hüquqdan da məhrum olacaqlar. Çünki rəsmi Bakı açıq bəyan edib ki, öz ərazisində hansısa nəzarətsiz boz ərazinin olmasına tolerantlıq nümayiş etdirmək fikri yoxdur. Bunun isə nə anlama gəldiyi hamıya bəllidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Görüşdə regionda vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması barədə müzakirələr aparılıb.
Dövlət başçısı Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət olunmasına baxmayaraq, onların bundan imtina etdiklərini diqqətə çatdırıb.
İqor Xovayev Rusiyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib.
Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır.
Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.
Belə ki, içərisində 40 ton un məmulatları olan iki TIR artıq 8 gündür Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.
Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.
Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb.
Yeni tədris dövrünün başlanması ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən yarış və məşqlər davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Yarışların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasıdır.