![]() |
|
Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır.
Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.
Belə ki, içərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.
Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.
Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Bu günlərdə Qarabağ və Ermənistanla sərhəddə çox ciddi görünən olaylar baş verir... Məlum oldu ki, Xankəndindəki acından ölən(?) separatçılar həddini aşaraq bizim Ağdam yoluyla göndərdiyimiz çörəyi də qəbul etmir. Guya həmin un yardımını buraxmağa çalışan Rusiya “sülhəramlı”larının avtomobillərini saxladıb başlarına qapaz da vururlar. Görəsən, Rusiya “sülhməramlı”ları doğrudanmı belə aciz duruma düşüb ki, haylardan qapaz yeyir? Yoxsa bu da növbəti bir manipulyasiyadır?..
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı Moderator.az-ın suallarını qısa və lakonik cavablandırıb:
“Öncəki şərhlərimizdə də dediyim kimi, bu gün bölgədə, xüsusən də Qarabağın dağlıq hissəsində baş verənlərin hamısı Rusiyanın marağındadır və ona görə də Rusiya özünü bax belə aciz göstərir. Demək istəyir ki, guya onun da Qarabağda təsir imkanları yoxdur, guya onun da ermənilərin öhdəsindən gəlmək üçün resursları yoxdur.
Və ümumiyyətlə, Moskva vəziyyəti gərginləşdirməkdə maraqlıdır ki, öz hərbi kontingentini bölgədə saxlaya bilsin. Bu mənalarda, təbii ki, Rusiya hərbçilərinin ermənilərdən qapaz yeməsi də manipulyasiyadır. Çünki, yenə də təkrar edirəm, bütün bu gün baş verən hadisələrin hamısı yalnız və yalnız Rusiyanın marağındadır...”
Rusiyanın Qarabağda qalmaq imkanı yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı tarixçi və ekspert Modest Kolerov deyib.
O bildirib ki, sülhməramlıların özləri Qarabağda “quş hüquqları” (müvəqqəti, köçməyə hazır – red.) ilə yerləşiblər. Onun fikrincə, buna səbəb sülhməramlıların detallı mandatının olmamasıdır:
“Bakı təfərrüatlı mandat verməkdən imtina etdi. Bakının mandatı uzadacağına (2025-ci ildə - red.) isə əmin deyiləm”.
O hesab edir ki, sülhməramlılar döyüşməyəcək, çünki təfərrüatlı mandat olmadan heç bir hərəkət legitim sayılmayacaq:
“Əgər Ukraynada vəziyyət indi başa çatsa və Kiyev təslim olmağa yaxınlaşsaydı, Rusiyanın Qarabağ məsələsində mövqeləri güclənərdi və hətta Azərbaycan da bu faktı qəbul etməli olardı. Amma bu hələ baş verməyib və gələn il də olmayacaq.
Bu vəziyyətdə Paşinyanın niyə sevindiyi bəlli deyil. Niyə Ukraynada Rusiyanı dəstəkləmir? O, başa düşmür ki, Rusiya Ukraynada nə qədər çox məşğul olsa, Qarabağ və Ermənistan üçün bir o qədər pisdir?”
O iddia edib ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğunun uzun müddətdir mənası yoxdur, çünki Rusiyanın Cənubi Qafqazda maraqları Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaları ilə tam təmin olunub:
“Rusiyanın Gümrü və Erebunidəki bazaları təcrid olunub, blokadaya alınıb və Ermənistanın qeyri-dost siyasi mühitindədir. O bazaların mövcudluğu artıq uzun müddətdir məntiqsizdir, Rusiyanın maraqlarını qorumur, əvəzində Paşinyanın əlində girovdurlar. Onların Ermənistan ərazisindən çıxarılması qaçılmazdır”.
Onun fikrincə, bu hadisələrdən sonra Türkiyənin nüfuzunun mümkün güclənməsi Rusiya üçün təhlükə yaratmır:
“İqtisadi baxımdan Türkiyə çoxdan Ermənistandadır, necə deyərlər, qatar artıq yola düşüb. Hərbi-siyasi təsirə gəlincə, Ermənistan artıq NATO-ya istiqamətlənmək istəyir. Beləliklə, Ermənistan NATO-da Türkiyənin müttəfiqi olacaq.
Fransanın fəaliyyətinə gəlincə, o, ancaq özünü böyük dövlət kimi qələmə verir. Bu ölkənin prezidenti hətta Parisdə belə işləri qaydaya sala bilmir. O, Cənubi Qafqazda nə edə bilər? Heç nə”.
Qərbi Azərbaycan İcması ABŞ-ı “bütün açıq qalan məsələlər” kimi artıq köhnəlmiş narrativlərdən istifadə etməməyə çağırır.
Report xəbər verir ki, bu barədə icmanın yaydığı açıqlamada qeyd olunub.
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin mətbuat katibinin 2023-cü il 31 avqust tarixli bəyanatı ilə əlaqədar bildirir ki, ABŞ-ın yalnız Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyindən, “blokada”dan danışıb Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqlarına və qayıdışına toxunmaması ədalətsiz və qəbuledilməz yanaşmadır.
Bütün bunlar, eləcə də Qərbi Azərbaycan İcmasının dövlət katibi Antoni Blinkenə ünvanladığı məktuba hələ də cavab verilməməsi rəsmi Vaşinqtonun məsələlərə ikili standartlar prizmasından yanaşdığını göstərir.
Qərbi Azərbaycan İcması eyni zamanda ABŞ-ı “bütün açıq qalan məsələlər” kimi artıq köhnəlmiş narrativlərdən istifadə etməməyə çağırır.
Azərbaycan-Ermənistan şərti sərhədində baş verən gərginliklə bağlı rusdilli “Кавбюро” teleqram kanalı tanınmış türkiyəli analitik Engin Özerdən müsahibə alıb.
Tərcümə etdiyi müsahibəni təqdim edir:
- Ermənistan niyə məhz indi Azərbaycana qarşı hərbi təxribata əl atdı? Nə əldə etmək istəyirlər?
- İrəvan bu təxribatçı addımı elə indi ona görə atıb ki, Laçın yolu ilə bağlı erməni tərəfinin bütün ideyası məhv olur. Cəmiyyət Ermənistan rəhbərliyinə təzyiq göstərir. Paşinyanın bu zəmində ciddi problemləri var. Nikola daxili auditoriyanın təzyiqi böyükdür. Laçın yolu məsələsində diplomatik arenada baş verən uğursuzluqlara Ermənistanın reaksiyası belədir.
- Şərti sərhəddə şiddətli döyüşləri nəzərə alsaq, vəziyyət necə inkişaf edə bilər?
- Heç bir şəkildə. Ermənistan hərbi baxımdan Azərbaycanla rəqabət apara bilmir. Azərbaycan Silahlı Qüvvələri onları çox tez öz yerinə otuzduracaq. Ermənistan tərəfi isə bunu az hiss etməyəcək. İrəvan bu cür təxribatlarla ancaq erməni əsgərlərini açıq-aşkar ölümə göndərir.
- Bu gün İrəvanın aqressiv əhvali-ruhiyyəsini sakitləşdirməyə və sonda bu ölkəni Bakı ilə sülh müqaviləsi bağlamaq üçün danışıqlar masasına oturtmağa kim qadirdir?
- Moskvanın bu gün İrəvana təzyiq rıçaqları var. Qərbin də planı var, amma şəxsən mən hesab edirəm ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına məhz Rusiya nail ola biləcək. Bu gün Cənubi Qafqazda münaqişənin həlli ilk növbədə Rusiya üçün sərfəli deyil. Düşünürəm ki, Kreml yaxın vaxtlarda Nikol Paşinyanı xalçaya çağıracaq.
Tərcümə: Ölkə.Az
Erməni tərəfi genişmiqyaslı təxribat törədir.
Bu barədə “Caliber” teleqram kanalı yazır.
Qeyd edilir ki, bu məqsədlə düşmən tərəf Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə və hərbi texnikasına ciddi itkilər vermək üçün ağır zirehli texnika, hücuma dair pilotsuz uçuş aparatları və onların yüksək döyüş qabiliyyətinə malik qüvvələri şərti sərhədə cəmləşdirilib.
Bu təxribatı dayandırmaq və düşmənin planlarının qarşısını almaq üçün Azərbaycan ordusu bütün tədbirlər görür.
“Ermənistanın daxili və xarici siyasət məqsədlərinə çatmaq üçün müharibə etmək cəhdi erməni xalqına baha başa gələcək”, - deyə bildirilir.
Hazırda üç yaralımız var.
“Qərbi Azərbaycan İcması Almaniyanın xarici işlər nazirinin 2023-cü il 31 avqust tarixli bəyanatı ilə əlaqədar bildirir ki, alman nazir ya belçikalı və kanadalı həmkarları kimi böyük bir ölçüdə məsələlərin mahiyyətindən xəbərsizdir, ya da bəzi islamofob, azərbaycanofob Qərb mediasının təsiri altındadır”.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
“Almaniya kimi bir ölkənin keçmiş münaqişəyə dair öz mövqeyinin olmaması, başqalarının mövqeyindən çıxış etməsi çoxlu suallar doğurur. Yəqin ki, buna görə Almaniya bütün gün beynəlxalq hüquqdan, qanunun aliliyindən, insan hüquqlarından danışmasına baxmayaraq, Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün Ermənistana çağırış etməyib, bu ölkədən deportasiya edilmiş azərbaycanlıların qayıdışı, hüquqları məsələsinə toxunmayıb.
Alman naziri ölkəsinin başqalarının Cənubi Qafqaz regionuna gətirmək istədiyi təhlükəli geosiyasi rəqabət ssenarisində yer almamağa çağırırıq”, - deyə bəyanatda vurğulanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.
"Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Qardaş Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu gün Sizin liderliyiniz və uzaqgörən siyasətiniz nəticəsində Özbəkistan dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq sosial-iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir. Rəhbərliyiniz altında ölkənizin əldə etdiyi mühüm nailiyyətlərin, beynəlxalq aləmdə qazandığı nüfuzun və hər keçən il daha böyük uğurlara imza atmasının şahidi olmaqdan xüsusi məmnunluq duyuruq. Regionda cərəyan edən proseslərdə fəal rolu və mövqeyi Özbəkistana ən mötəbər beynəlxalq təşkilatların toplantılarını və zirvə görüşlərini yüksək səviyyədə keçirməyə imkan yaradır.
Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir. Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir.
Aramızdakı açıq və fəal siyasi dialoq, ali səviyyəli qarşılıqlı səfərlərimiz, mütəmadi görüşlərimiz, imzalanmış çoxsaylı sənədlər, uğurla həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığımızın müsbət dinamikasını şərtləndirərək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır.
Bir neçə gün əvvəl Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin tarixində yeni səhifə açmış, strateji tərəfdaşlığımızın hərtərəfli inkişafına güclü təkan vermişdir.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın prioritet sahələrinin inkişafı, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu birgə fəaliyyətimizin davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Prezidenti Zuzana Çaputovaya təbrik məktubu göndərib.
“Məlumatına görə, mətndə deyilir:
"Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin dinamikası məmnunluq doğurur. Ölkələrimizin fəal dialoqu bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinə şərait yaratmışdır.
Əminəm ki, Azərbaycan-Slovakiya dostluq əlaqələrinin möhkəmləndirilməsi, ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın böyük potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".