XİN Pakistanda baş verən terror aktı ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktı ilə bağlı paylaşım edib.

Nazirlik bu barədə rəsmi "X" sosial media hesabında yazıb.

Palyaşımda Pakistanla həmrəylik qeyd olunub:

"Pakistan İslam Respublikasının Bəlucistan əyalətindəki terror aktı xəbəri bizi dərindən kədərləndi. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir".

Milli Məclisin yaz sessiyası başladı

Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclas başlayıb.

Sessiya dövlət himninin oxunması ilə açılıb.

İlk plenar iclasın gündəliyinə 16 məsələ daxil edilib.

Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır: Ermənistan isə geri çəkilir, Zəngəzur dəhlizinin önü açılır

Rəsmi İrəvan hazırda ya Azərbaycanın bütün şərtlərini qəbul etməklə, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir, ya da buna qarşı çıxaraq, Ermənistanın Cənubi Qafqazdakı geoiqtisadi layihələrdən kənarda qalması ilə barışmalıdır... Paşinyan hakimiyyətinin müqaviməti Ermənistanı blokada vəziyyətinə məhkum buraxa bilər, kəskin regional geopolitik ziddiyyətlər şəraitində “erməni dövlətçiliyi”nin uzun müddət buna tab gətirə bilməyəcəyi isə qətiyyən şübhə doğurmur...

"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazda geopolitik, geoiqtisadi və geostrateji proseslər artıq həlledici mərhələyə keçid etmiş kimi görünür. Belə ki, bu regionun gələcək inkişaf istiqamətləri tədricən dəqiqləşməyə yönəlməkdədir. İndi yaxın gələcək üçün Cənubi Qafqazda şəriksiz hegemonluğun konkret ünvanı da aydınlaşmaq üzrədir. ABŞ, Avropa Birliyi və Fransa bu regionu öz təsir dairəsinə daxil etmək hədəflərindən uzaqlaşmış kimi görünür. Çünki ABŞ və Qərb hazırda ən yaxşı halda, yalnız Ermənistana tam nəzarət etmək imkanlarına malikdir. Və bu, Cənubi Qafqaza yönəlik strateji hədəflərin böyük risk altında olduğunu göstərir.

Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Fransa bütün israrlı cəhdlərinə baxmayaraq, Cənubi Qafqaz uğrunda mübarizədə Ermənistanı “geopolitik müstəmləkə”yə çevirməkdən daha artığına nail ola bilmədi. Halbuki, Ermənistan hazırda Cənubi Qafqazda real geopolitik dəyəri olan dövlət hesab olunmur. Ermənistanın regional önəmini artırmaq üçün maliyyə-iqtisadi və hərbi-siyasi resursları mövcud deyil. Əksinə, Ermənistan, bu süni yaradılmış dövləti himayə edənlər üçün yalnız əlavə yük rolunu oynayır. Və bu baxımdan, Ermənstana nəzarət mexanizmləri Cənubi Qafqaz uğrunda mübarizədə təsirsiz faktordur.

Onu da qeyd etmək lazımdır ki, ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqaz uğursuzluğu Rusiyanın regional mövqelərinin möhkəmlənməsi anlamı daşımır. Əksinə, Ukraynada “savaş bataqlığı”na düşən Rusiya Cənubi Qafqazda da təsir gücünü böyük sürətlə itirməyə başlayıb. Hər halda, ABŞ və Qərblə regional qarşıdurma Rusiyanın Ermənistanı da itirmək təhlükəsini gücləndirib. Bu baxımdan, indi Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi məhz Azərbaycan hesab oluna bilər. Və Gürcüstanın da həm Qərbdən, həm də Rusiyadan məsafə saxlaması Azərbaycanın regional liderlik mövqelərini daha da gücləndirir.

Göründüyü kimi, Cənubi Qafqazda geopolitik proseslər böyük ölçüdə Azərbaycanın maraqlarına uyğun şəkildə cərəyan edir. Ona görə də, həm ABŞ və Qərb, həm də Rusiya bu regiondakı maraqlarını Azərbaycanın geopolitik hədəfləri ilə uzlaşdırmaq məcburiyyətindədir. Əks halda, hər iki tərəf elə bir ciddi regional önəmi olmayan Ermənistan üzərində qarşıdurmaya məhkum vəziyyətdə qalmalı olacaqlar. Və bu baxımdan, rəsmi Bakı taleyüklü regional layihələrlə bağlı təkbaşına prinsipial qərarlar vermək imkanlarına malikdir.

Onu da qeyd etmək lazımdır ki, hazırda rəsmi Bakının geopolirik, geostrateji və geoiqtisadi hədəfləri sırasında məhz Zəngəzur dəhlizinin açılması xüsusi yer tutur. Belə ki, Azərbaycan bu geoiqtisadi layihənin reallaşdırılması ilə həm Naxçıvana birbaşa çıxış qazanmaq, həm də gələcəkdə böyük geostrateji əhəmiyyəti olacaq Türk dünyasını vahid nəqliyyat-kommunikasiya məkanında birləşdirmək hədəflərini qarşısına əsas vəzifələrdən biri kimi qoyub. Və son proseslər onu göstərir ki, rəsmi Bakı bu strateji hədəflərinə çatmaq üçün bütün imkanlara artıq sahibdir.

Məsələ ondadır ki, Zəngəzur dəhlizinə kəskin şəkildə müqavimət göstərən İran artlq ciddi şəkildə zəifləməyə başlayıb. Eyni zamanda, bu dəhlizə birbaşa nəzarəti ələ keçirtmək niyyətində olan Rusiya da oyundankənar vəziyyətdə qalmağa çox yaxındır. Çünki rəsmi İrəvan ABŞ və Qərbin təlimatları ilə Rusiyanı Ermənistandan sıxışdırıb, çıxartmaq istiqamətində addımlar atmaqda davam edir. Üstəlik, Abş və Qərbin Rusiyanı Zəngəzur dəhlizi layihəsində görmək istəmədiyini nəzərə aldıqda, rəsmi İrəvanın bu məsələdə Kremlə hər hansı güzəştə gedəcəyi qətiyyən inandırıcı görünmür. Və Kremldən verilən açıqlamalarda da Zəngəzur dəhlizinə nəzarət hədəfinin uzaqlaşmasından məyusluq hiss olunur.

Təbii ki, belə situasiyada indi Zəngəzur dəhlizinin açılması ilə bağlı şərtlərin diqtə olunması hüquqları məhz Azərbaycanın əlinə keçmiş kimi görünür. Belə ki, rəsmi Bakı Ermənistandan bu dəhlzin məhz Azərbaycanın şərtləri daxilində açılmasını tələb edir. Əks halda, rəsmi İrəvana Ermənistanın bundan sonra da blokada şəratinə məhkum qalacağı xatırladılır. Eyni zamanda, rəsmi Bakı Ermənstanı mümkün qədər sürətli qərar verməyə də məcbur edir. Və əgər, rəsmi Bakı Naxçıvana birbaşa marşrutu İran ərazindən keçirərsə, Ermənistanın blokada şəraitində qalması qaçılmaz xarakter daşıya bilər.

Ona görə də, rəsmi İrəvan son vaxtlar Zəngəzur dəhlizi ətrafında yaranmış qəliz situasiyadan narahatlığını gizlətməkdə çətinlik çəkir. Belə ki, baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizinin məhz Azərbaycanın şərtləri çərçivəsində açılmasının mümkünlüyünü qətiyyən istisna etməyib. Azərbaycanın əsas şərti isə Naxçıvana maneəsiz gediş-gəliş modelinin təmin olunması ilə birbaşa bağlıdır. Erməni baş nazir isə Ermənistanın maneəsiz marşrut modelinə qarşı olmadığını vurğulayıb. Və bu, rəsmi İrəvanın Azərbaycanın mövqeyi qarşısında geri çəkilmək məcburiyyətində qaldığını göstərir.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti hazırda taleyüklü və strateji seçim qarşısında qalıb. Yəni, rəsmi İrəvan ya Azərbaycanın bütün şərtlərini qəbul etməklə, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir. Ya da buna qarşı çıxaraq, Ermənistanın Cənubi Qafqazdakı geoiqtisadi layihələrdən kənarda qalması ilə barışmalıdır. Və Ermənistanın iqtisadi-ticari maraqları baxımından, rəsmi İrəvanın ikinci variantı seçmə şansı o qədər də cəlbedici görünmür.

Xüsusilə də, Paşinyan hakimiyyətinin müqaviməti Ermənistanı blokada vəziyyətinə məhkum buraxa bilər. Kəskin regional geopolitik ziddiyyətləri də nəzərə aldıqdasa, Ermənistanın uzun müddət blokada şəraitinə tab gətirə bilməyəcəyi qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinə mümkün qədər tez bir zamanda razılıq vermək məcburiyyətində qalacağı istisna deyil.

Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı

Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib:

Ağalarov Mircavid Elşad oğlu

Əjdərli Aytac Ceyhun qızı

Əzimov Rüstəm Bakir oğlu

Hacıbəyli Rafael Siyavuş oğlu

İsrafilova Fatimə Seymur qızı

Məhərrəmova Şövkət Fikrət qızı

Məmmədzadə Vüqar Əbdüləli oğlu

Muradova Jalə Tərlan qızı

Nuruzadə Ömər İman oğlu

Birgə fəaliyyətə görə:

Abdullayev Nihat Rauf oğlu

Əliyeva Ləman Əhəd qızı.

Azərbaycanda süni intellekt strategiyası hazırlanır - Baş nazir

Azərbaycanda süni intellekt strategiyası hazırlanır.

Trend xəbər verir ki, bunu bu gün Baş nazir Əli Əsəsdov Almatıda "Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışı zamanı deyib.

"Rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir. Hazırda biz Azərbaycan üçün süni intellekt strategiyasını hazırlayırıq. Biz süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlar ilk növbədə səhiyyə, nəqliyyat və təhsildir", - o bildirib.

Baş nazir qeyd edib ki, müasir qanunvericiliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetirilir.

"O cümlədən, bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. Bu, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı əlaqəni sadələşdirir və rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına töhfə verir", - Əli Əsəsdov bildirib.

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür


Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib.

1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyasının işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyətində qalıb. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
SSRİ arxivindən sənəd: Zəngəzur yolu kimindir? - Video

AzTV-də yayımlanan “Hədəf” verilişində SSRİ arxivlərində qeyd edilən Zəngəzur yoluna (Zəngəzur dəhlizi) aid məxfi sənədlərə nəzər salınıb.

Verilişdə SSRİ hökumətinin qəbul etdiyi qərarlarda bu ərazilərin Azərbayacana məxsus olmasını sübut edəcək faktlara diqqət çəkilib.

Tarixçi-alim Cəbi Bəhramov AzTV-nin efirində bu amili xəritə üzərindən izah edərək əsaslandırıb.

Daha ətraflı videoda:

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.

" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, orada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidirlər.

Cahit Bağçı Azərbaycanla bağlı vida paylaşımı edib

Diplomatik fəaliyyətini başa vuran Türkiyə səfiri Cahit Bağçı sosial şəbəkələrdə Azərbaycanla bağlı vida paylaşımı edib.

Səfir paylaşımda Azərbaycanın müxtəlif bölgələrinin gözəlliyini, mədəniyyət və incəsənət zənginliyini, Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayıb.

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Xəbər lenti