![]() |
|
Paşinyan hakimiyyəti Ermənistanı gözləyən real təhlükənin əhatə dairəsini artıq daha yaxşı təsəvvür edir və ABŞ və Qərbin uydurma “erməni dövləti”ni xilas edə bilməyəcəyinin fərqindədir... Ona görə də, hazırda siyasi manipulyasiyalar edərək, zaman qazanmağa cəhd göstərən rəsmi İrəvanın Azərbaycanla yekun sülh sazişini imzalamaq üçün yalvarmaq məcburiyyətində qala biləcəyi də qətiyyən istisna deyil...
"Yeni Müsavat xəbər verir ki, Cənubi Qafqazda sülh prosesinin dalana dirənməsində əsasən iki səbəb daha ön planda yer alır. Belə ki, rəsmi İrəvan bir tərəfdən, Ermənistan cəmiyyətinin sərt reaksiyasından çəkinir. Ona görə də, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətində praktiki addımlar atmağa cəsarət göstərmir. Xüsusilə də, Paşinyan hakimiyyətinin bundan sonrakı siyasi mərhələdə Ermənistanda 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərinin təsiri altında olacağı da qətiyyən şübhə doğurmur. Və bu baxımdan, rəsmi İrəvan üçün situasiyanın nə qədər qəliz olduğunu təxmin etmək o qədər də çətin deyil.
Digər tərəfdən, rəsmi İrəvan Ermənistanın beynəlxalq himayədarlarından da tamamilə asılı vəziyyətə düşüb. Belə asılılıq isə Paşinyan hakimiyyətini regional sülh prosesində müstəqil siyasi iradə nümayiş etdirmək şansından məhrum buraxır. Çünki Ermənistanın beynəlxalq himayədarlarının – ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazda geopolitik prioritetləri hələlik regional sülh prosesi ilə kəskin ziddiyyət təşkil edir. Və bu səbəbdən də Cənubi Qafqazda daha çox silahlı toqquşmalarda maraqlı olan Ermənistanın beynəlxalq himayədarları sülh prosesinin uğur qazanmasına əngəl törətməyə cəhd göstərirlər.
Əslində, regional sülh prosesinə qarşı əsas təhlükə də məhz Cənubi Qafqaza aidiyyatı olmayan Qərb siyasi dairələrinin kobud kənar müdaxiləsindən qaynaqlanır. Belə ki, Ermənistanı "geopolitik müstəmləkə"yə çevirməyə nail olmuş ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazda yalnız pozuculuq fəaliyyəti ilə bu regionda öz hədəflərini reallaşdırmağa can atırlar. Bu baxımdan, rəsmi İrəvanın ABŞ və Qərbin birbaşa icazəsi olmadan Azərbaycanla yekun sülh sazişinin imzalamağa cəsarət edəcəyi qətiyyən inandırıcı görünmür. Və bu baxımdan, Ermənistanın Azərbaycanla yekun sülh sazişini imzalamağa nə vaxt hazır ola biləcəyi müəmmalı olaraq, qalmaqdadır.
Ancaq rəsmi İrəvan nə qədər sülh prosesini manipulyasiya etməyə çalışsa da, əslində, hazırda zaman Ermənistanın əleyhinə işləyir. Düzdür, Paşinyan hakimiyyəti ABŞ və Qərbin Ermənistana verdiyi dəstəyə ümidlərini hələlik qorumaqda davam edir. Bununla belə, rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişini imzalayaraq, Ermənistanın inkişaf perspektivlərinin önünü açmaq imkanlarının böyük ölçüdə itirilə biləcəyini də artıq anlamağa başlayıb. Və bu baxımdan, Ermənistanın hakim siyasi dairələrində müəyyən təlaşın olması əslində, o qədər də təəccüblü deyil.
Məsələ ondadır ki, Suriya böhranının nizamlanması ilə bağlı prosesin indiki nəticələri Ermənistan cəmiyyətində və siyasi dairələrində ciddi narahatlıq doğurub. Belə ki, rəsmi İrəvan İranın Ermənistana davamlı dəstəyinə böyük ümidlər bəsləyirdi. Eyni zamanda, Qərbə inteqrasiya siyasəti yürüdən rəsmi İrəvanın Kremllə ciddi ziddiyyətləri olsa da, Rusiyanın Türkiyənin Cənubi Qafqazda tam yerləşməsi qarşısında əsas bloklayıcı geopolitik faktor kimi qəbul edirdi. Və bu baxımdan, rəsmi İrəvan üçün həm Rusiyanın, həm də İranın Cənubi Qafqaza təsir gücünün qorunub, saxlanması böyük əhəmiyyət daşıyır.
Ancaq Suriyada Rusiya və İranın məğlub olaraq, geri çəkilmək məcburiyyətində qalması indi rəsmi İrəvanı ciddi şəkildə narahat etməyə başlayıb. Çünki Suriyada “proksi qüvvələri” sıradan çıxarılaraq, zəiflədilmiş İranın Cənubi Qafqaza təsir imkanları da ciddi şəkildə məhdudlaşıb. Buna paralel olaraq, hən Suriyada məğlub olan, həm də Ukrayna “savaş bataqlığı”nda hərbi-siyasi potensialının tükətmək üzrə olan Rusiyanın da Cənubi Qafqazda çevik manevr imkanları artıq şübhə doğurmaqdadır. Və bu, o deməkdir ki, Ermənistan üçün böyük önəm daşıyan Rusiya-İran cütlüyü hazırda Cənubi Qafqazda cərəyan edən proseslərə təsir mexanizmlərindən uzaq qalmağa başlayıb.
Bütün bunlar Ermənistan cəmiyyətində Türk İttifaqı ilə bağlı dərin xof yaradıb. Belə ki, indi erməni siyasi dairələri Türkiyənin Suriyadan sonra Cənubi Qafqaza da yerləşməyə çalışa biləcəyindən narahardırlar. Əsas iddilarsa ondan ibarətdir ki, Rusiya və İranın Cənubi Qafqazda təsir mexanizmlərinin sıradan çıxmaqda olduğu bir şəraitdə Türkiyənin bu regiona yolu tamamilə açılıb. Ona görə də, Türkiyə Azərbaycanla ortaq şəkildə Cənubi Qafqazı tamamilə nəzarət altına almaq imkanlarını artırıb. Və bu, ilk növbədə Ermənistanın gələcək taleyini ciddi təhlükə altına sala biləcək faktor hesab olunur.
Belə anlaşılır ki, erməni siyasi dairələri Türkiyə və Azərbaycanın ortaq geopolitik addımları qarşısında ABŞ və Qərbin Ermənistana dəstəyinin yetərli olmayacağı qənaətinə gəlməyə başlayıblar. Yəni, hesab olunur ki, Türk İttifaqı yaxın vaxtlarda Cənubi Qafqazda həlledici səviyyədə hərəkətə keçərsə, ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı xilas etməkdə gücsüz qala bilər. Əslində, erməni siyasi dairələrinin bu qənaəti həqiqətdən o qədər də uzaq deyil. Və Paşinyan hakimiyyətinin Qərbə güvənərək, sülh prosesini manipulyasiya etməsi, indi Ermənistanı çıxılmaz vəziyyətə salmaq üzrədir.
Maraqlıdır ki, son vaxtlar Ermənistanın hərbi-siyasi dairələri iki paralel iqtiqamətlər üzrə addımlar atmaqla, diqqəti çəkirlər. Belə ki, Ermənistan ordusu Azərbaycanla sərhəd bölgəsində atəşkəsi yenidən pozmağa başlayıb. Bəzi ehtimallara görə, bu, Paşinyan hakimiyyətini Azərbaycanla yekun sülh sazişini imzalamaq şansından məhrum buraxmaq məqsədilə edilir. Digər tərəfdənsə, baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinə növbəti dəfə yekun sülh sazişinin imzalanmasının qaçılmazlığı barədə mesajlar verməyə başlayıb. Və bu baxımdan, Ermənistan cəmiyyətində sülh tərəfdarları ilə savaşa üstünlük verənlər arasında kəskin qarşıdurmanın olduğöunu da düşünmək olar.
Təbii ki, Paşinyan hakimiyyəti Ermənistanı gözləyən real təhlükənin əhatə dairəsini erməni radikal-revanist müxalif qüvvələrdən daha yaxşı anlayır. Hər halda, erməni radikal-revanşistlərin Azərbaycanla növbəti savaşa nail olacaqları təqdirdə, ABŞ və Qərbin Ermənistanı xilas edə bilməyəcəyinin fərqindədir. Və bu halda, Ermənistanın gələcək taleyinin ciddi suallar doğuracağını elə indidən də təxmin etmək olar.
Ona görə də, Türk İttifaqının tezliklə hərəkətə keçəcəyi barədə “yaxınlaşan fəlakət” mesajı verən Paşinyan hakimiyyəti indi əvvəlcə Azərbaycanla yekun sülh sazişinin imzalanması, ardıncasa Türkiyə ilə münasibətlərin normallaşdırılmasının yeganə çıxış yolu olduğunu təbliğ etməyə çalışır. Belə davam edərsə, son vaxtlara qədər siyasi manipulyasiyalar edərək, zaman qazanmağa cəhd göstərən rəsmi İrəvanın Azərbaycanla yekun sülh sazişini imzalamaq üçün yalvarmaq məcburiyyətində qala biləcəyi də qətiyyən istisna deyil.
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirib, zədələnib və demək olar ki, idarəolunmaz vəziyyətə salınıb. Məhz pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib. Pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Mənim Sərəncamımla ekipaj üzvləri ilə vida mərasimindən sonra ekipajın üç üzvü - iki pilot və bir bələdçi Milli Qəhrəman adına layiq görülüb, iki bələdçi isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Əgər pilotlar peşəkarlıq, qəhrəmanlıq göstərməsəydilər, bu qəzada sağ qalan olmazdı.
Bildiyiniz kimi, Dövlət Komissiyası yaradılıb, komissiya fəaliyyət göstərir. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan prokurorluğu cinayət işi açıb. Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir. Bu barədə ilkin məlumat bizdə artıq dekabrın 29-da var idi və Azərbaycan Televiziyasına vida mərasimindən sonra verdiyim müsahibədə mən həm öz fikirlərimi, eyni zamanda, istintaqın bizə verdiyi məlumatı Azərbaycan xalqına çatdırmışdım. Bildirmişdim ki, Azərbaycan ictimaiyyəti istintaqın gedişatı ilə müntəzəm surətdə tanış olacaq.
Prokurorluğun işçi qrupları həm Qroznı, həm Aktau şəhərlərinə ezam edilmişdi, orada operativ işlər görmüşdür. Yenə də deyirəm, ilkin məlumatlar var. Biz təbii olaraq istintaqın başa çatmasından sonra tam məlumatı Azərbaycan ictimaiyyətinə çatdıracağıq. Ancaq dekabrın 29-da bildirdiyim bir məqamı bir daha diqqətinizə çatdırmaq istəyirəm. Qroznı şəhərində “kavyor əməliyyatı”, yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna “kavyor əməliyyatı” deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək. Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar. Yenə də deyirəm, məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanmışdır. Onu da bildirməliyəm ki, qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışdır.
Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında mən vida mərasimi zamanı bildirmişdim. Bir daha demək istəyirəm, bu, doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər. Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər. Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Xüsusilə nəzərə alsaq ki, bələdçilərin ikisi qadın idi.
“Qara qutu”ların açılması prosesi başlanmışdır. Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılmışdır və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.
Ekipaj üzvlərinin fəaliyyətini nəzərə alaraq, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti onları yüksək mükafatlarla təltif edib.
Ekipaj üzvlərinin ailələrinə, həmçinin təyyarə qəzasında həlak olanların hamısının ailələrinə bir daha başsağlığı vermək istəyirəm. Məhz ekipaj heyətinin peşəkarlığı, rəşadəti və qəhrəmanlığı sayəsində 30-a yaxın insanın həyatını xilas etmək mümkün oldu.
Yəqin ki, siz də bu faciəvi xəbərin dünya mediasında necə işıqlandırıldığını izləyirsiniz. Bütün digər məsələlərlə yanaşı, ekspertlər məhz pilotların peşəkarlığını və qəhrəmanlığını qeyd edirlər, eyni zamanda, ekipaj heyətinin bütün digər üzvlərinin. Çünki belə bir şəraitdə qəza enişi etmək və Rusiyanın hava məkanında kənar müdaxilə nəticəsində demək olar ki, idarəolunmaz halda olan təyyarəni sahilə qədər çatdırmaq həm peşəkarlıq, həm də qəhrəmanlıq tələb edirdi. Heç kim özünü itirmədi, hərçənd artıq dediyim kimi, ekipaj üzvləri başa düşürdülər ki, sağ qalmaq şansı demək olar, yoxdur. Görünür, pilotlar əmin idilər ki, bu, onların sonuncu reysidir, amma bununla belə, insanları xilas etmək üçün hər şeyi etdilər. Qəhrəmanlıq da bundan ibarətdir. Əgər pilotların nümayiş etdirdikləri qəhrəmanlıq və fədakarlıq meyarları varsa, bunu məhz belə adlandırmaq lazımdır.
Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi. Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür. Həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Biz buna operativ şəkildə reaksiya verdik, elə bir şəraitdə Azərbaycanın hər bir vətəndaşının həyatının bizim üçün çox qiymətli olduğunu bəyan edərək, prinsipial davrandıq və ədalət, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik. Əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi.
Mən hələ ki, cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik.
“Qara qutu”ların Braziliyaya göndərilməsi də ondan xəbər verir ki, biz obyektivlik tələb edirik. Mən artıq bu barədə ekipajla vida mərasimindən sonra da demişəm. Əgər biz ilk dəqiqələrdən və ya saatlardan Rusiya Federasiyası rəsmi dairələri tərəfindən bu faciəni obyektiv araşdırmaq cəhdini görsəydik, onda çox güman ki, “qara qutu”ların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən açılmasının həyata keçirilməsinə razılıq verərdik. Biz onilliklər ərzində bu struktur ilə əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub. Bu struktur əsasən keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub. Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı. Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesi gedir. Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq.
Mən həlak olanların ailə üzvlərini, eləcə də ekipaj üzvlərini bu yüksək mükafatları şəxsən sizə təqdim etmək, sizə bir daha başsağlığı vermək və Azərbaycan dövlətinin hər zaman sizinlə olacağını bəyan etmək üçün dəvət etdim. Mən sizə müraciət və xahiş etmək istəyirəm ki, həyatın istənilən şəraitində sizin arxanızda güclü Azərbaycan dövlətinin dayandığını biləsiniz. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, həmçinin “Azərbaycan Hava Yolları” QSC-yə sizinlə daimi əlaqə saxlamaq və sizi narahat edən məsələləri operativ şəkildə həll etmək tapşırılıb.
Bir daha mənim başsağlığımı qəbul edin və əmin olun ki, biz bu məsələni, bu araşdırmanı sonadək başa çatdıracağıq.
X X X
Sonra təltifolunma mərasimi keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə Tədbirlərin Təqvim Planı”na əsasən, yanvarın 6-dan seçkiqabağı təşviqat başlayır.
Təşviqat kampaniyası yanvarın 28-dək davam edəcək.
Kampaniya çərçivəsində Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri təşviqat işlərini apara bilərlər.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.
Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 15 min 696 namizəd qeydə alınıb.
Xatırladaq ki, ölkənin əksər siyasi partiyaları bələdiyyə seçkilərində iştirak edəcəyini bəyan edib. Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası bələdiyyə seçkilərinə qatılmayıb.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.
Bununla bağlı məlumat Mərkəzi Seçki Komissiyasinin (MSK) rəsmi saytında yerləşdirilib.
Bildirilib ki, 3 min 730 açıq, 2 min 182 qapalı olmaqla, ümumilikdə 5 min 912 yer ayrılıb.
Ayrılan yerlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Monteneqro xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hotelində aparılmış işlərlə tanış olublar.
“Archico” MMC-nin texniki direktoru Nazim Şirinov dövlətimizin başçısına və birinci xanıma burada görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verdi.
Bildirildi ki, hotelin interyeri Lahıcın ən məşhur misgərlik ustalarının əl işləri olan Lahıc misgərlik sənətinin nümunələri ilə bəzədilib.
Yeni hoteldə qonaqların istirahətinin hərtərəfli, dolğun və mənalı təşkili üçün geniş imkanlar yaradılacaq. Burada ümumilikdə 122 nömrə olacaq.
Hoteldə idman, “Kids Care” zonaları, işgüzar tədbirlər üçün müasir konfrans zalı və iclas otağı, xizək həvəskarları üçün xizək məktəbi və iki xizək simulyatoru ilə təchiz edilmiş mərkəz fəaliyyət göstərəcək.
Hotelin yerləşdiyi əraziyə xizək sürənlərin rahat yaxınlaşmalarını təmin etmək üçün burada ilk dəfə “MegaCord” əlaqələndirici lift fəaliyyət göstərəcək. Bu lift hoteli ümumi kanat yolları şəbəkəsi ilə birləşdirəcək.
Şahdağın gözəl təbiəti və yeni hotelin təqdim göstərəcəyi xidmətlər qonaqların istirahətini unudulmaz edəcək. Hotelin qarşısında təbii gölün füsunkar mənzərəsi, gölətrafı müxtəlif restoran və kafelər qonaqların istirahətinə xüsusi rəng qatacaq.
Qeyd edək ki, yeni hotelin interyerində milli ornamentlərə üstünlük verilib. Taxtadan hazırlanmış və əl işi olan Qarabağ xalçasının nümunəsi də hotelin interyerini bəzəyən elementlərdən biri olacaq.
Hoteldə 250 yerlik restoran qonaqların ixtiyarına veriləcək.
Məlumat verildi ki, inşaat işlərinin ikinci fazasında hotelin yaxınlığındakı dağlıq ərazidə gəzinti parkının tikintisi də nəzərdə tutulur.
Son illərdə dövlətimizin başçısının diqqəti və qayğısı nəticəsində ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi istiqamətində çox mühüm layihələr həyata keçirilir. Dünyanın ən yüksək standartlarına cavab verən müasir turizm infrastrukturunun yaradılması sayəsində insanlarımızın, eləcə də ölkəmizə gələn turistlərin rahat istirahəti üçün hər cür şərait yaradılır. Bunun nəticəsində həm yeni iş yerləri açılır, həm daxili turizmin potensialı genişlənir, həm də Azərbaycana gələn xarici turistlərin sayı artır. Bütün bunlar, eləcə də ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq Azərbaycanı dünyanın ən cəlbedici məkanlarından birinə çevirib.
Sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən Xizək Stadionu Kompleksinin “Xizək klubu” binasının tikintisi ilə tanış olublar.
Qeyd edək ki, “Xizək klubu” binasında kafe, brifinq, iclas və konfrans zalları, mətbuat nümayəndələri üçün otaq olacaq. Yalnız qış mövsümündə deyil, bütün ilboyu burada “Xizək klubu”nun üzvü olanlara, o cümlədən uşaq və yeniyetmələr üçün xizəksürmə kursları təşkil ediləcək.
Xizək Stadionu Kompleksində yaradılmış yamac Beynəlxalq Xizək və Snoubord Federasiyasının bütün tələb və standartlarına tam cavab verir. Burada idmanın bu növü üzrə müxtəlif beynəlxalq yarışların, o cümlədən dünya və Avropa çempionatlarının keçirilməsi üçün hərtərəfli şərait yaradılacaq. İdman kompleksində idmançıların, məşqçilərin və azarkeşlərin rahatlığı üçün bütün məqamlar nəzərə alınacaq. Burada 500 nəfərlik tribuna quraşdırılacaq.
Qeyd edək ki, artıq bir neçə ölkə öz idmançılarının Şahdağ Turizm Kompleksinin ərazisində inşa olunan Xizək Stadionu Kompleksində təlim-məşq toplantıları keçirmələri üçün müraciət edib.
Beləliklə, burada yaradılan şərait bir daha Azərbaycanın idman ölkəsi kimi dünyada beynəlxalq rolunu daha da artırmaqla yanaşı, ölkəmizdə idmanın bir çox növü üzrə nüfuzlu yarışların keçirilməsi üçün mühüm layihələrin icra olunduğunu, müasir infrastrukturun qurulduğunu nümayiş etdirir.
Xizək Stadionu Kompleksinin istifadəyə verilməsi ilə gənc nəsildə idmanın bu növünə olan maraq artacaq, bu sahədə idmançılar yetişəcək, ölkəmizi beynəlxalq səviyyəli idman yarışlarında layiqincə təmsil edəcəklər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu göndərib.
təbrikdə deyilir:
“Hörmətli cənab Sədr,
Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycanla Sudan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev kubalı həmkarı Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Kuba arasında dostluq əlaqələri xoş ənənələrə əsaslanır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin daha da inkişafına, qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlığımızın genişlənməsinə nail ola bilərik.
Bu xoş fürsətdən istifadə edərək Yeni, 2025-ci il münasibətilə də Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".