![]() |
|
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Şavkat Mirziyoyev dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı yüksək səviyyədə qarşılıqlı səfərlərin və mütəmadi təmasların ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə qeyd edilib, Prezident İlham Əliyevin bu il Özbəkistana dövlət səfərinin əməkdaşlığımızın daha da gücləndirilməsi işində xüsusi rol oynadığı vurğulanıb. Qeyd olunub ki, həmin səfər zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında Müqavilə ikitərəfli münasibətlərimizin ən yüksək zirvəsini nümayiş etdirib.
Özbəkistan Prezidenti COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə bir daha təbriklərini çatdırıb və bu mühüm tədbiri ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinin nümayişi kimi qiymətləndirib.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını ifadə edərək, Şavkat Mirziyoyevin COP29-da fəal iştirakına görə bir daha təşəkkürünü bildirib.
Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasının üzvləri Prezident İlham Əliyevi təbrik ediblər.
Təbrikdə deyilir:
"Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə, beynəlxalq müstəvidə dəyər kəsb edən səylərinizdə Uca Yaradandan Sizə uğurlar diləyirik.
Ulu Rəbbimizin xeyir-duası ilə Zati-aliniz dünya miqyasında hər bir dövlət xadiminin qibtə edəcəyi yüksəkliyə ucalmış, müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə təsdiq etmiş dövlət xadimisiniz. Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə tarixi ədalətin təntənəsini təmin etmiş, Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz soydaşlarımızı dədə- baba torpaqlarına qovuşdurmaqla, azad olunmuş Qarabağda şəhərləri, kəndləri yenidən dirçəldərək genişmiqyaslı quruculuq işləri ilə yanaşı, məscid və məbədləri xüsusi qayğı ilə bərpa etməklə Ulu Yaradanın nəzərində və xalqın qəlbində ucalmaqdasınız. Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir.
Möhtərəm cənab Prezident, Sizin həyatınızın şərəfli ildönümü bizə xoş fürsət verir ki, cənabınızın Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlığını bir daha ifadə edək. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və iqtisadi qüdrətinin artması, dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, heç şübhəsiz, Zati-alinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir.
Beynəlxalq müstəvidə dinlərarası dialoq və əməkdaşlıq işinə önəmli töhfələr verən qlobal ideyalarınız və təşəbbüsləriniz, müəllifi olduğunuz Mədəniyyətlərarası Dialoqa dair Bakı Prosesi, insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləriniz Azərbaycanın tolerant imicini, ali mənəvi dəyərlərə sadiqliyini dünya miqyasında əyani təsdiq edir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir.
Dövlət siyasəti olaraq yürütdüyünüz multikulturalizm siyasəti sayəsində dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarını milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model olaraq təqdir edilir.
Möhtərəm cənab Prezident, iqlim dəyişmələrinə dair qlobal əhəmiyyətli mötəbər COP 29 tədbirinə yüksək səviyyədə ev sahibliyi və əldə olunmuş uğurlu nəticələr münasibətilə Zati-alinizi və Sizin simanızda Azərbaycan dövlətini ürəkdən təbrik edir, Uca Yaradana xoş olan məramlara xidmət edən fəaliyyətinizin Azərbaycan və bütün dünya üçün xeyirlərə vəsilə olması naminə dualar edirik.
Sizin xeyir-duanızla COP 29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Bakı Sammiti, heç şübhəsiz, Azərbaycan dövlətinin daha bir böyük nailiyyəti oldu. Bəşəriyyət üçün çox önəmli olan iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsinə həsr olunmuş belə bir qürurverici Zirvə görüşünün Azərbaycanda ərsəyə gəlməsində, möhtərəm cənab Prezident, Sizin böyük rolunuz danılmazdır.
Məhz Sizin “yaşıl iqtisadiyyat” quruculuğu istiqamətində dəyərli fəaliyyətinizlə, planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən “Yaşıl Dünya Naminə Həmrəylik İli” kimi dəyərli qlobal təşəbbüsünüzlə Azərbaycan dünyanın iqlim nəbzinin vurduğu məkan kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Çox hörmətli cənab Prezident, dini konfessiyaların rəhbərləri olaraq, ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza, dini konfessiyalara diqqət və dəstəyinizə görə təmsil etdiyimiz icmalar adından Sizə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuruq.
Azərbaycanın dövlət rəhbəri olaraq doğum gününüzdə dünyanın müxtəlif nöqtələrindən təbriklər qəbul edən qalib xalqın Müzəffər Sərkərdəsi, Qarabağın Fatehi olaraq Sizin ən böyük mükafatınız xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbəti, dərin etimadı və hədsiz minnətdarlığıdır. Var olun, hər zaman zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi dəstəkləyən biz dindarların duaları hər zaman Sizinlədir.
Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurası adından bir daha Sizi - müzəffər dövlət başçısını şərəfli ildönümü münasibətilə ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizdə uğurlar diləyirik. Bir olan Yaradanımız hər zaman yardımçınız olsun, lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və onun müdrik rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri
Yepiskop Aleksiy
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri
Yepiskop Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının
ordinarisi
Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri
Robert Mobili
Alban-udi Xristian Dini İcmasının sədri"
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə paylaşım edib.
"24.12.2024. Doğum gününüz mübarək, cənab Prezident! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!"
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 63 yaşı tamam olur.
İlham Heydər oğlu Əliyev 1961-ci ildə Bakı şəhərində anadan olub.
1967-77-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.
1977-82-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.
1985-ci ildə dissertasiya müdafiə edərək "tarix elmləri namizədi" elmi dərəcəsini alıb və 1985-90-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
1991-94-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
1995-ci və 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkisində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkidə seçicilərin 88.73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən seçkidə isə seçicilərin 84.54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2018-ci il aprelin 11-də keçirilən seçkidə də İlham Əliyev seçicilərin 86.02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2024-cü il fevralın 7-də keçirilən seçkidə İlham Əliyev seçicilərin 92.12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Evlidir. Üç övladı, beş nəvəsi var.
Təltiflər və fəxri adların siyahısı:
Ordenlər
Rumıniyanın "Rumıniya Ulduzu" ordeni (11 oktyabr 2004-cü il)
Səudiyyə Ərəbistanı Krallığının "Kral Əbdüləziz" ordeni (8 mart 2005-ci il)
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının "I dərəcəli Aleksandr Nevski" ordeni (11 aprel 2005-ci il)
Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeni (28 aprel 2005-ci il)
Rus Pravoslav Kilsəsinin "I dərəcəli Müqəddəs Sergi Radonejski" ordeni (14 sentyabr 2005-ci il)
Qafqaz Müsəlmanları İdarəsinin "Şeyxülislam" ordeni (22 dekabr 2005-ci il)
Fransa Respublikasının "Fəxri Legionun Böyük Xaç Komandoru" ordeni (29 yanvar 2007-ci il)
Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Xaç ordeni (26 fevral 2008-ci il)
Ukraynanın "I dərəcəli Knyaz Yaroslav Mudrı" ordeni (22 may 2008-ci il)
Küveyt Dövlətinin "Mübarək əl-Kəbir" ordeni (10 fevral 2009-cu il)
Latviya Respublikasının "Üç Ulduz" ordeninin "Böyük Xaç Kavaleri" dərəcəsi (10 avqust 2009-cu il)
Rus Pravoslav Kilsəsinin "I dərəcəli Şöhrət və Şərəf" ordeni (24 aprel 2010-cu il)
Rumıniyanın "Sadiq Xidmət" milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)
Rumıniyanın "Sadiq Xidmət" milli ordeni (18 aprel 2011-ci il)
Bolqarıstan Respublikasının "Stara Planina" ordeni (14 noyabr 2011-ci il)
Tacikistan Respublikasının "İsmoili Somoni" ordeni (12 iyul 2012-ci il)
Belarusun "Xalqlar dostluğu" ordeni (28 avqust 2012-ci il)
Türkiyə Respublikasının "Dövlət nişanı" ordeni (12 noyabr 2013-cü il)
Ukraynanın "Azadlıq" ordeni (18 noyabr 2013-cü il)
"Türk Dünyasının Ali Ordeni" (12 Noyabr 2021)
Fəxri elmi adlar
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)
Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və "Qızıl döyüşçü" medalı (1 mart 2004-cü il)
Türkiyənin Kırıkkale Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)
Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)
Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)
Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)
Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)
İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)
Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)
Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)
Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)
Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)
Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)
Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)
Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)
Çinin Renmin Universitetinin "Tarix üzrə fəxri professor" diplomu (11 dekabr 2015-ci il)
İdman təşkilatlarının mükafatları
Dünya Taekvondo Federasiyasının 6-cı dan qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)
Beynəlxalq Güləş Federasiyasının (FILA) xüsusi mükafatı (3 aprel 2004-cü il)
Beynəlxalq Olimpiya Komitəsinin "Olimpiya" ordeni (19 aprel 2004-cü il)
Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)
Beynəlxalq Hərbi İdman Şurasının "Böyük Kordon" Şərəf ordeni (27 may 2005-ci il)
MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)
Beynəlxalq Güləş Federasiyasının (FILA) "İdman əfsanəsi" medalı (17 sentyabr 2007-ci il)
Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)
Azərbaycan Milli Olimpiya Komitəsinin "Olimpiya" ordeni (27 dekabr 2007-ci il)
Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)
Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı (15 may 2009-cu il)
Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il).
İlham Əliyev Ali Baş Komandan, qalib sərkərdədir. Onun siyasi qətiyyəti, düzgün strategiyası nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək düşmən təxribatlarına qarşı şanlı Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda "Dəmir yumruq" əməliyyatını həyata keçirib. Bu əməliyyatla tarixi Zəfər çalan şanlı Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
2023-cü ilin sentyabrın 19-da isə Ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizdə separatizmin kökü kəsilib və Azərbaycan dövləti bütün ərazisi üzərində suverenliyini qəti şəkildə təmin edib!
24 saatdan az müddətdə Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları uğurla həyata keçirən Ordumuz növbəti misilsiz qəhrəmanlıq nümunəsi göstərərək yenidən tarix yazıb.
İlham Əliyev bu gün qalib Ali Baş Komandan kimi çıxışlar edir və ölkəyə qarşı olan gücləri Azərbaycanla hesablaşmağa çağırır.
Dövlət başçısı 2024-cü il ərzində, demək olar ki, ölkənin bütün bölgələrində səfərlərdə olub. İşğaldan azad edilmiş bölgələrimizdə görülən işlərlə tanış olub, onlarla kəndin təməli qoyulub. Hər zaman xalq arasında olan Azərbaycan lideri sakinlərlə görüşlərdə böyük sevgi və hərarətlə qarşılanıb.
Azərbaycan lideri 2024-cü ildə ölkəmizdə və dünyada keçirilmiş bir çox beynəlxalq tədbirlərdə iştirak edib. Son olaraq Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransı - COP29 Prezident İlham Əliyevin öndərliyində bütün dünyada geniş rezonans doğurub.
Redakisyamızın kollektivi adından Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayırıq!
Azərbaycanda minimum əməkhaqqı, əmək pensiyasının minimum məbləği artırılıb.
Bu, Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalaması ilə mümkün olub.
1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 101 (Cild I) 1-ci hissəsi ləğv edilsin.
4. Bu Sərəncamın 1-ci və 3-cü hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Prezidenti İlham Əliyev idmançıların və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, aşağıdakı şəxslər Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə təltif ediliblər:
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
Bağırov Natiq Nadir oğlu
Bunyatəliyev Rauf Əli-Heydər oğlu
Qurbanov Cavanşir Kazım oğlu
Sadıqov Sadıq Asəf oğlu
“Tərəqqi” medalı ilə
Abbasova Zərqələm Məstan qızı
Abdullayev Vasif İslam oğlu
Cəfərov İqrar İsa oğlu
Əliyev Fərhad Vaqif oğlu
Mamedov Musa Saleh oğlu
Məmmədov Aydın Ağa-Əli oğlu
Musayev Nəsimi Hüseyn oğlu
Rəsullu Rəşad Fərhad oğlu
Tahirov Tahir Sahibcan oğlu
Verdiyev Vüqar Mürvət oğlu.
2. Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:
Abdullayev Nəriman Sadıx oğlu
Umudov Rövşən Ağahüseyn oğlu.
3. Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Qarayev Faiq Əli oğlu
Qiyasov Mirağa Şahbudağ oğlu
Tağıyev Ramiz Cahangir oğlu.
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.
məktubda deyilir:
“Zati-müqəddəsləri,
Müqəddəs Milad bayramı münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Mərhəmət, xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirən, yeni ruh gətirən bu nurlu bayram özünün bütün məramı ilə insanlar arasında qarşılıqlı anlaşmanı, dəstəyi və birliyi tərənnüm edir. Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması tərəfindən bu bayramın daim xüsusi coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd edilməsi ölkəmizdə hökm sürən etnik-mədəni müxtəliflik, zəngin multikulturalizm ənənələrinin bariz təzahürüdür.
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik və tolerantlıq mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı etimad və hörmət şəraitində birgə yaşadığı nadir diyarlardan biridir. Biz bütün bunlarla fəxr edir və bu dəyərləri milli sərvət kimi qoruyuruq. Təsadüfi deyil ki, xalqlararası dostluğun və dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olmaqla yanaşı ilk növbədə xalqımızın təbii yaşam tərzidir.
Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır. Yüz illər boyu Azərbaycanda məskunlaşıb vahid ailə kimi yaşayan xristian vətəndaşlarımız Vətənlərinin ictimai-siyasi və sosial-mədəni həyatının bütün sahələrində yaxından iştirak edərək doğma ölkəmizin rifahına böyük töhfələr verirlər. Ərazimizdə mövcud olan qədim xristian irsi, məbədlər, kilsələr və digər ibadət yerləri, məscidlər və sinaqoqlar kimi eyni səviyyədə Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Ölkəmiz eyni zamanda dünya mədəni irsinin incilərindən sayılan xristian abidələrinin qorunmasında fəal rol oynayaraq mədəniyyətlərarası dialoqu təşviq edir.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış münasibətlər bizi sevindirir. İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər, daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və Papa II İohann Pavelin şərəfinə ucaldılacaq yeni katolik kilsəsi ölkəmizdə katolik dini icmasına göstərilən böyük diqqət və qayğının təzahürü, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin yeni rəmzidir.
Zati-müqəddəsləri,
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə təşəkkürümü bildirir, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrini daim yüksək dəyərləndirdiyiniz üçün minnətdarlığımı ifadə edirəm.
Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı səmərəli əməkdaşlıq bundan sonra da dünyada dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin qorunub saxlanması, insanlar arasında həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizə doğum gününüz və qarşıdan gələn Yeni, 2025-ci il münasibətilə də ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm”.
Prezident İlham Əliyev Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısının müraciətini Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, habelə xarici işlər naziri Marko Curiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.