Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Milli Günü münasibətilə təbrik edib.

Bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Çili və xalqını Milli Günü münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımı bildiririk!", - məlumatda qeyd olunub.

Qərb kəşfiyyatı Ukrayna böhranının Azərbaycanda həllinə çalışır: Bakı isə sülh masasında kənar müdaxiləsiz missiya tələb edir

Bəzi ehtimallara görə, Bakıda bağlı qapılar arxasında Azərbaycanın Ukrayna və Rusiya arasında keçiriləcək sülh danışıqlarında vasitəçilik missiyasını öz üzərinə götürməsinin əsas şərtləri müzakirə edilmiş ola bilər... Rəsmi Bakı pozitiv irəliləyiş imkanlarına Qərbin və Rusiyanın əngəl törətməyəcəyinə tam təminat verilməyəcəyi halda, bu missiyanı öz üzərinə götürməz, Azərbaycanın beynəlxalq nüfuzunu riskə atmaz...

Cənubi Qafqaz dünya nəhəngləri arasında "nifaq alması"na çevrilib. Ancaq bu regionda geopolitik şərtləri diqtə edən yeganə güc mərkəzinin məhz Azərbaycan olduğu qətiyyən şübhə doğurmur. Cənubi Qafqazda maraqları olan bütün qarşıduran qütblər Azərbaycanın regional lider və şəriksiz geopolitik iradə mərkəzi olduğunu istəməsələr belə, etiraf edirlər. Və bu səbəbdən də, hazırda Cənubi Qafqazın gələcək taleyi birmənalı şəkildə rəsmi Bakının həm maraqlarından, həm də geopolitik qərarlarından birbaşa asılıdır.

Ona görə də, dünya nəhəngləri Azərbaycanın mövqeyi və geopolitik təsir gücü ilə hesablaşmaq məcburiyyətində qalıblar. Üstəlik, hazırda rəsmi Bakının beynəlxalq məkanda aparıcı dövlətlər sırasına qatıldığı da inkaredilməz reallıqdır. Hətta beynəlxalq siyasi dairələr Azərbaycanın bu geopolitik güc potensialından qlobal proseslərdə istifadə etmək niyyətinə düşdükləri də müşahidə olunur. Və bu, Azərbaycan üçün böyük ölçüdə pozitiv prosesdir.

Məsələ ondadır ki, Azərbaycanın Ukrayna savaşına birbaşa humanitar müdaxilə imkanları beynəlxalq siyasi iradə mərkəzləri üçün cəlbedici xarakter daşımağa başlayıb. Belə ki, Ukrayna savaşı dünya iqtisadiyyatını böyük sürətlə deqradasiya mərhələsinə yaxınlaşdırır. Həm Qərb ölkələri, həm də bu müharibəni başladan Rusiyanın Ukrayna savaşından ciddi şəkildə yorulduğu müşahidə olunur. Və indi Ukrayna savaşının dayandırılması istiqamətində müəyyən cəhdlərin edildiyi açıq-aşkar nəzərə çarpır.

Maraqlıdır ki, prezident Vladimir Putinin sonuncu Bakı səfərindən sonra Ukrayna savaşının sülh danışıqları mərhələsinə keçirilməsinə yönəlik fəaliyyət ön plana keçməyə başlayıb. Bəzi ehtimallara görə, Kreml sahibi Bakı səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevdən Ukrayna savaşının dayandırılması məqsədilə vasitəçilik missiyasını öz üzərinə götürməyi xahiş etmiş ola bilər. Hər halda, son proseslər belə bir ehtimala tamamilə inandırıcı görüntülər verməyə başlayıb. Və bu məsələdə Azərbaycanın hər iki münaqişə tərəfi ilə pozitiv münasibətləri əsas təyinedici faktor rolunu oynaya bilər.

Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Rəsmi Bakı Rusiya ilə yeni regional nəqliyyat-kommunikasiya marşrutlarının açılması istiqamətində intensiv şəkildə əməkdaşlıq edir. Eyni zamanda, Cənubi Qafqazda bəzi geopolitik istiqamətlər üzrə maraqları uzlaşan Azərbaycan və Rusiya arasında iqtisadi-ticari münasibətlər də yüksəliş dövrünü yaşayır. Və bu iki dövlət arasında etimad mühitinin möhkəmləndirilməsinə geniş imkanlar açır.

Digər tərəfdən, Kremlin israrlı eyhamlarına baxmayaraq, rəsmi Bakı Rusiyanın Azərbaycan üzərindən Qərbin sanksiyalarından yayınmasına da qətiyyən imkan vermir. Rəsmi Bakı bu mövqeyini Qərbin Rusiya əleyhinə sanksiyalarına qoşulmamaqla, balanslaşdırmağı da bacarır. Yəni, mövcud situasiyada nə Rusiya, nə də Qərb Azərbaycana qarşı irad bildirmək bəhanəsinə və yaxud şansına sahib deyil. Və hər iki tərəf Azərbaycanın neytral mövqeyi ilə barışmaq məcburiyyətindədir.

Nəhayət, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə açıq mətnlə bəyan etməkdən qətiyyən çəkinmir. Əksinə, Ukraynanın beynəlxalq hüquqla tanınmış sərhədlərinin bərpasını vacib hesab edir. Eyni zamanda, Qərbin istəyinin əksinə olaraq, rəsmi Bakı Ukraynaya hərbi deyil, məhz humanitar xarakterli dəstək verir. Yəni, həm Ukrayna, həm də rəsmi Kiyevin Qərbdəki tərəfdaşları Azərbaycandan narazı qalmaq üçün hər hansı səbəbə malik deyillər. Və bütün bunlar Azərbaycanın Ukrayna savaşının inkişaf istiqamətlərini sülh prosesinə yönəldə biləcək önəmli vasitəçi ola biləcəyini birmənalı şəkildə təsdiqləyir.

Maraqlıdır ki, Prezident İlham Əliyev İtaliya səfiri çərçivəsində verdiyi bəyanatlarda Azərbaycanın Rusiya və Ukrayna arasında vasitəçilik missiyasını öz üzərinə götürməyə və sülh danışıqları üçün müzakirə platforması təqdim etməyə hazır olduğunu vurğulamışdı. Azərbaycan liderinin bu açıqlaması rəsmi Bakının vasitəçilik missiyasının reallığa çevrilə biləcəyini ehtimal etməyə tamamilə imkan verir. Çünki Azərbaycan lideri heç vaxt baş verməyəcək ideyaları gündəmə gətirmir. Əksinə, Prezident İlham Əliyev həmişə ən yaxın vaxtlarda reallığa çevriləcəyinə əmin olduğu mövzular barədə geopolitik mesajlar verir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna savaşı ilə bağlı sülh danışıqlarına vasitəçilik missiyasını gündəmə gətirməsindən qısa müddət sonra daha bir önəmli məqam diqqəti çəkmişdi. Belə ki, CİA şefi Uilyam Börns və Mİ6-nın rəhbəri Riçard Mur ortaq xəbərdarlıq mesajı yayınlamışdılar. Həmin xəbərdarlıq mesajında vurğulanırdı ki, dünya "soyuq savaş"ın bitməsindən sonra ilk dəfə olaraq, olduqca təhlükəli mərhələyə qədəm qoyub. Və qarşısı alınmazsa, bu mərhələ bütün dünyanı böyük kataklizmlərə doğru sürükləyə bilər.

Təbii ki, ABŞ və Böyük Britaniya kəşfiyyat qurumlarının rəhbərləri dünyanın ən məlumatlı şəxsləri sırasına daxildir. Əgər, onlar dünyaya hansısa məsələ ilə bağlı xəbərdarlıq mesajı verirlərsə, deməli, təhlükə qlobal "qırmızı xətlər" üzərində yerləşir. Üstəlik, onların mesajları həm də bu təhlükəyə qarşı bloklayıcı prosesin də artıq başlanıldığı ehtimal etməyə imkan verir. Ona görə də, bütün bu əlamətlərə paralellik təşkil edən hadisələrə mütləq xüsusi həssaslıqla yanaşmaq lazımdır. Və bu baxımdan, Azərbaycanın beynəlxalq səviyyədə diqqət mərkəzində olduğu müşahidə olunur.

Maraqlıdır ki, bütün bunların ardınca əvvəlcə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avrasiya mərkəzinin rəhbəri Patrik Prayor Azərbaycana səfər etdi. Ardınca isə Böyük Britaniyanın nüfuzlu kəşfiyyat qurumu olan Mİ6-nın rəhbəri Riçard Mur da Bakıya təşrif gətirdi. Yəni, ABŞ və Böyük Britaniya kəşfiyyat liderlərinin Bakıya ardıcıl səfərlərinin boşuna olmadığı qətiyyən şübhə doğurmur. Və səhnə arxasında olduqca ciddi proseslərə start verildiyi qətiyyən istisna deyil.

Bəzi ehtimallara görə, Bakıda bağlı qapılar arxasında Azərbaycanın Ukrayna və Rusiya arasında keçiriləcək sülh danışıqlarında vasitəçilik missiyasını öz üzərinə götürməsinin şərtləri də müzakirə edilmiş ola bilər. Çünki rəsmi Bakı pozitiv irəliləyişlərin olacağına Qərbin və Rusiyanın təminat verməyəcəyi halda, bu missiyanı öz üzərinə götürməz. Rəsmi Bakı Azərbaycanın beynəlxalq nüfuzunu qorumaq üçün müəyyən şərtlərin yerinə yetirilməsində maraqlı ola biləcək tərəfdir. Və bu baxımdan, Qərb siyasi dairələrinin dünyaca ünlü kəşfiyyat liderləri üzərindən apardığı məxfi danışıqlarda öz üzərlərinə müəyyən pozitiv öhdəliklər götürməsi də olduqca vacib şərtdir.

Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, Qərbdəki savaş tərəfdarları bloklanarsa, Bakı sülh masasına kobud kənar müdaxilə olmayacağına tam təminat verilərsə, Azərbaycan Ukrayna və Rusiya arasında sülh danışıqlarına vasitəçilik edə bilər. Və bu, həm Ukrayna, həm Rusiya, həm də bütün dünya üçün böyük sülh şansıdır.(Yeni Müsavat)

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər 

Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Ağdərə rayonunun Suqovuşan kəndinə gəlib.

Səfərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə 20-si səfir olmaqla 60-dan çox diplomat iştirak edir.

Səfər zamanı diplomatlar və hərbi attaşelər Suqovuşanda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əyani tanış olmaq imkanı əldə ediblər.

Nümayəndə heyəti əsas infrastruktur obyektlərində, o cümlədən Suqovuşan və Sərsəng su anbarlarında, eləcə də işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatının bərpasında və enerji təminatında mühüm rol oynayan “Yuxarı Vəng” su elektrik stansiyasında olub.

Diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun gələcək perspektivlərini, eləcə də işğaldan azad edilmiş torpaqların davamlı inkişafı və sülh yolu ilə inteqrasiyasının təmin edilməsi istiqamətində ölkəmizin səylərini qiymətləndirməyə imkan verib.

Hikmət Hacıyevdən Kəlbəcər səfəri ilə bağlı paylaşım - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri ilə Kəlbəcər rayonuna səfər edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə bölgənin məruz qaldığı faciələrdən bəhs edərək diplomatların ziyarət edəcəyi istiqamətləri bildirib.

“Report” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.

“Biz diplomatik korpusla birlikdə Ermənistanın hərbi işğalının ön cəbhəsində olan Naftalandan Kəlbəcərə səfər edirik. Antiterror tədbirlərindən sonra dağlarla əhatə olunmuş Kəlbəcərə giriş Ağdərə bölgəsi vasitəsilə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yolda Ermənistan tərəfindən uzun müddət hidroterrorizm və su məhrumiyyəti üçün istifadə olunan Sərsəng su anbarını, eləcə də yeni açılmış yaşayış binalarını, sənaye və mədəni-dini obyektləri və Prezident İlham Əliyevin son vaxtlar açdığı digər obyektləri ziyarət edəcəyik”, – o vurğulayıb.

Eyni zamanda, H.Hacıyev paylaşımında Kəlbəcərin üzləşdiyi faciələrə diqqət çəkib:

“Kəlbəcərin işğalı 1993-cü ildə Ermənistan ərazisindən başlayan hərbi hücum nəticəsində baş verib. Bu hərbi təcavüz aktı Ermənistanın işğalçı dövlət kimi dövlət məsuliyyətini müəyyən edib və BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbuluna səbəb olub. İşğaldan öncə Kəlbəcər və onun mülki əhalisi təxminən bir il blokadada qalıb. Yeganə çıxış yolu çox məhdud girişi olan dolama Ömər aşırımından idi. Erməni terror təşkilatı ASALA-nın üzvü Monte Melkonyan Xocalı soyqırımına bənzər Kəlbəcər tunel yolunda dinc əhaliyə qarşı qırğınlar təşkil edib”.

Onun sözlərinə görə, “işğal zamanı və hətta Kəlbəcərdən çıxarkən mülki əmlak və mədəni abidələr dağıdılıb və talan edilib”:

“Sanki bu kifayət deyilmiş kimi, Ermənistan və onun Qərb institutlarındakı tərəfdarları, eləcə də pullu lobbiçilər utanmadan və ən kiçik günah hissi duymadan Azərbaycana qarşı əsassız və absurd ittihamlar irəli sürməyə davam edirlər. Biz riyakar bir dünyada yaşayırıq! Amma “Həqiqət və ədalət əyilə bilər, lakin sınmaz”.

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərin sentyabrın 18-də Kəlbəcərə səfəri başlayır.

USAID: Qafqazda yeni təxribatlara doğru

Bu günlərdə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistana verdiyi maliyyə yardımını iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırıb.

Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib.

Qeyd olunub ki, USAID-in administratoru tanınmış Samanta Pauerdir - Barak Obama administrasiyasında ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə qədər yüksəlməyi bacaran və ötən ilin sentyabrında "Laçın" sərhəd-keçid məntəqəsinin qarşısındakı təpədə dayanaraq Qarabağdan qaçan separatçılara acıyan həmin xanım.

Bununla yanaşı, Pauerin hazırda Bakı istintaq təcridxanasında olan Ruben Vardanyanla biznes əlaqələri artıq heç kimə sirr deyil.

Ətraflı süjetdə:

sevindik-hetemova-yeni-vezife-verildi

Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Sevindik Hətəmov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, S.Hətəmov 2016-cı ildən Salyanın icra başçısı idi.

rustem-xelilov-salyanin-icra-bascisi-teyin-olundu

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Rüstəm Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, R. Xəlilov 2019-cu ilin dekabrında Hacıqabulun icra başçısı təyin edilmişdi.

Rusiya artıq azərbaycanlıları “ovlamağa” başladı - NƏ BAŞ VERİR?Rusiya Prezidenti Vladimir Putinin fərmanıyla Rusiya silahlı qüvvələrinin şəxsi heyəti 2 milyon 389 min nəfərə qaldırılıb. Bununla Rusiya ordusunda hərbi qulluqçuların sayı 180 min nəfər artırılaraq, 1,5 milyona çatdırılıb. 9 ay əvvəl Rusiya ordusunun şəxsi heyətinin sayı 170 min nəfər artırılmış və 2 milyon 209 min 130 nəfər olmuşdu. Dia-az.İnfo xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu rəqəmlər Rusiyanın Ukrayna müharibəsində itkilərindən və itkilərin yerini yeni hərbçilərlə doldurmaq istəyindən xəbər verir:

“Bu müharibə rusiyalı hərbçilərin kütləvi ölüm məkanına çevrilib. Kreml gəncləri müharibəyə cəlb etmək üçün onlara şirnikləndirici müqavilələr imzalatdırır. Bır sıra hallarda bu müqavilələr üçün məcburiyyət tətbiq edilir və ya aldadıb, imza atdırırlar. Kreml ölkə vətəndaşlarıyla yanaşı, Rusiyada fəhləlik edən xarici vətəndaşları da ölümə göndərmək üçün hiyləgər plan reallaşdırır. Misal üçün Hindistandan Rusiyaya işləməyə gedən hindliləri aldadaraq əllərinə silah verib müharibə bölgəsində göndərmişdilər. Onlardan neçəsi öldü. Sağ qalan hindlilər Hindistan hökumətinə müraciət edərək, onları bu ölümdən xilas etməyə çağırdılar. Narendra Modi üçüncü dəfə Hindistanın baş naziri seçilən kimi birinci Rusiyaya səfər edib Putindən xahiş etdi ki, aldadılan vətəndaşlarını geri qaytarsın. Putin Modinin xahişini yerinə yetirdi. Maraqlısı odur ki, Putin hindlilərin aldadılaraq müharibəyə göndərilməsinə görə kimin məsuliyyət daşımasını müəyyənləşdirmədi. Hazırda eyni durumla Azərbaycan vətəndaşları üzləşiblər. Çeçenistana işləməyə gedən bir qrup Azərbaycan vətəndaşına zorla sənəd imzalatdırıb, Ukrayna ilə müharibəyə yollayıblar”.

Politoloq vurğulayıb ki, oxşar halların baş verəcəyini aylar öncə proznozlaşdırmışdı:

”Bir neçə dəfə internet televiziyalardan vətəndaşlarımıza çağırışım olmuşdu ki, onları aldadıb və ya şirniklədirib ölümə göndərəcəklər. Azərbaycan Xarici İşlər Nazirliyinin və digər müvafiq qurumlarımızın Rusiyada yaşayan və işləyən həmvətənlilərə müraciəti olmalı, onları ölümün çaynağından qurtarmalıdırlar. Çünki belə hallar təkrarlanacaq. Kreml müharibəni dayandırmaq istəmədiyindən daima ölümə göndərməyə canlı qüvvə axtaracaq”.
XİN: "Niderland Ermənistanın qanunsuz hərəkətlərinə göz yumur"

"Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsini bu ölkənin "Dağlıq Qarabağın ələ keçirilməsi" kimi qeyd etməsi qəbuledilməzdir:

"Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub".

A.Hacızadə vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsinin qondarma Dağlıq Qarabağ şəklində yanlış adlandırılması qətiyyən doğru deyil:

"Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik. Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq".

Prezident Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif səviyyələrdə məmnunluq hissi doğurduğunu deyərək siyasi, iqtisadi, enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğuladı.

Azərbaycanın gözəl ölkə olduğunu və buraya səfərindən sevinc hissi duyduğunu bildirən səfir, ilk növbədə, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlət başçısına çatdırdı. O qeyd etdi ki, Əlcəzair prezidenti dövlətimizin başçısı ilə dostluğunu yüksək qiymətləndirir. 2022-ci ildə Azərbaycan Prezidentinin Əlcəzairə səfərinin əlaqələrimizin tarixində yeni səhifə olduğunu deyən Zəkiyyə İğıl vurğuladı ki, Abdelmacid Tebbun Əlcəzairdə keçirilən prezident seçkilərində qələbəsi ilə bağlı dövlət başçısının ona təbrik məktubuna görə minnətdarlığını ifadə edir və Azərbaycan ilə münasibətləri daha da möhkəmləndirmək əzmindədir.

Səfir fəaliyyəti dövründə əlaqələrimizin daha da genişlədirilməsi istiqamətində səylərini əsirgəməcəyini dedi.

Əlcəzair Prezidentinin salamlarına görə minnətdarlığını bildirən dövlət başçısı, onun da salamlarını Abdelmacid Tebbuna çatdırmağı xahiş etdi və Prezident seçilməsi münasibətilə bir daha təbriklərini çatdırdı.

Dövlət başçısı Əlcəzairə səfərini məmnunluqla xatırlayaraq bu səfərin ölkələrimiz arasında sıx əməkdaşlığı bir daha nümayiş etdirdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan və Əlcəzair arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini bildirdi və Azərbaycanın beynəlxalq təşkilatlarda daim səmərəlilik prinsipindən çıxış etdiyini dedi.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində Əlcəzairin ölkəmizə göstərdiyi dəstəyə və həmrəyliyə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev ölkələrin suverenliyi, ərazi bütövlüyü, çoxtərəflilik və neokolonializmlə mübarizə məsələlərinin vacibliyinə toxundu.

Səfir Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı.

Əlzəcairə səfəri zamanı Milli Mücahidlər Muzeyini ziyarət etdiyini xatırladan dövlət başçısı qeyd etdi ki, Əlcəzair xalqına qarşı törədilmiş cinayətlər və vəhşiliklərlə bağlı orada gördükləri onda xüsusi heyrət doğurub.

Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda da keçmiş imperiyaların müstəmləkə üsul-idarəsindən əzab-əziyyət çəkən xalqların azadlığı və suverenliyi işinə dəstək verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Enerji sahəsində əməkdaşlıq məsələsinə toxunan dövlət başçısı ölkələrimizin Avropa qitəsinə mühüm qaz ixracatçısı olduqlarını dedi və OPEC+ çərçivəsində yaxından əməkdaşlığın aparılmasından məmnunluğunu ifadə etdi.

COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbriklərini çatdıran səfir Azərbaycanın bu mühüm tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirdi.

Xəbər lenti