Prezident COP29-la bağlı vergi güzəştlərini təsdiqlədi

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşib.

Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər-2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad olunub.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri 2024-cü il martın 1-dən 9 ay müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə vergidən azad edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı 2024-cü il martın 1-dən 9 ay müddətinə ƏDV-dən azad olunub.

İlham Əliyev Qırğızıstanın Joqorku Keneşinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Qırğız Respublikasının Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident TÜRKPA-nın nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident DTX ilə bağlı Fərman imzaladı

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilib.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46 (Cild I) dəyişikliklər təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin", - deyə Fərmanda bildirilir.

İrəvan Bakının nəhəng strateji layihəsinə göz dikib: Ermənistan Azərbaycanın tam nəzarətinə keçir

Paşinyan hakimiyyəti ABŞ və Qərbin təzyiqləri sayəsində, rəsmi Bakını Ermənistanın Azərbaycan və Avropa Birliyinin ortaq “Yaşıl enerji” layihəsinə qatılmasına razı sala biləcəyinə hələ də ümid bəsləyir... Ancaq rəsmi Bakı prinsipialdır, əgər, Azərbaycanın beş şərti əsasında yekun sülh sazişi imzalanmazsa, Ermənistan növbəti dəfə nəhəng regional layihələri kənardan müşahidə edən tərəf kimi qalacaq...
Cənubi Qafqazda sülh prosesi intensivləmiş kimi görünür. Hər halda, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin məzmunu üzrə təkliflərin mübadiləsi intensiv şəkildə davam edir. Halbuki, bir müddət öncəyə qədər bu prosesdə müəyyən durğunluq müşahidə olunurdu. Ermənistan xarici himayədarlarının təlimatları ilə Azərbaycanla yekun sülh sazişinin müzakirəsindən yayınmağa çalışırdı. Və bu baxımdan, regional sülh masasında müəyyən irəliləyişlərin olması, Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın təmin olunacağına kifayət qədər ciddi ümidlər yaradır.

Onu da qeyd etmək lazımdır ki, regional sülh prosesinin durğunluq dövründən çıxarılması ilk növbədə Azərbaycanın prinsipial mövqeyindən qaynaqlanır. Çünki Ermənistanın xarici havadarları bu prosesi əngəlləməklə, Cənubi Qafqazda öz geopolitik maraqlarını təmin etmək üçün münbit şərait yaratmağa çəhd göstərirdilər. Yəni, bəzi Qərb siyasi dairələri Cənubi Qafqaza yerləşmək üçün regional sülh prosesini nəzarətə almağı hədəfləyirdilər. Və bununla da, Azərbaycan-Ermənistan sülh danışıqlarını öz geopolitik maraqlarının girovuna çevirməyi planlaşdırırdılar.

Ancaq ABŞ, Avropa Birliyi və Fransanın bu cəhdləri iflasa uğradıldı. Belə ki, rəsmi Bakı bu beynəlxalq üçlüyün regional sülh prosesinə müdaxilə imkanlarını və mexanizmlərini tamamilə blokladı. Azərbaycanın “boz zona”da erməni separatizmini və terrorizmini tamamilə sıradan çıxartmasından sonra ABŞ, Avropa Birliyi və Fransa demək olar ki, oyundankənar vəziyyətə düşmüş oldu. Və bu, birmənalı şəkildə rəsmi İrəvanın da mövqeyinə təsir göstərdi.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti yekun sülh sazişinin imzalanması gecikdikcə, bundan ən çox itirən tərəfin məhz Ermənistan olacağını anladı. Xüsusilə də, ABŞ və Avropa Birliyinin Ermənistana vədlərdən başqa heç nə verməməsi rəsmi İrəvanın yaxınlaşan daha böyük təhlükələrdən duyuq düşməsini təmin etdi. Çünki, maliyyə-iqtisadi problemləri olan Ermənistanın blokada şəraitindən çıxma şansı indiki situasiyada reallıqdan çox-çox uzaqlaşmış kimi görünür. Yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına bağlıdır. Və bu, isə ilk növbədə Ermənistanın ən qısa zamanda Azərbaycanla yekun sülh sazişini imzalamasından keçir.

Bəzi məlumatlara görə, Paşinyan hakimiyyəti hətta Azərbaycanla növbəti savaş olmasa belə, Ermənistanın tədricən dağılma mərhələsinə girəcəyinə artıq əmin olub. Hər halda, mövcud blokada şəraitində xarici maliyyə qaynaqlarından borclanmaqla, Ermənistanın uzun müddət davam gətirə bilməyəcəyini Paşinyan hakimiyyəti də anlayır. Ən qısa zamanda, yekun sülh sazişinin imzalanması üçün tələsir. Və bununla da ilk növbədə Türk İttifaqı ilə iqtisadi-ticari münasibətlər qurmaqla, Ermənistanın sosial-iqtisadi çöküşünün qarşısını almağa çalışır.

Son məlumatlara görə, Azərbaycan və Ermənistanın siyasi rəhbərliklərinin mövqeyi yekun sülh sazişinin məzmunu üzərində ciddi şəkildə yaxınlaşmağa başlayıb. Rəsmi İrəvan həmin sənədin böyük ölçüdə razılaşdırıldığını iddia edir. Azərbaycanın rəsmi dairələri isə sülh müzakirələrində müəyyən irəliləyişlərin olduğunu qətiyyən inkar etmirlər. Bu isə o deməkdir ki, rəsmi Bakının israr etdiyi ikitərəfli və birbaşa müzakirə formatı artıq öz effektini göstərməyə başlayıb.

Ancaq rəsmi İrəvan Cənubi Qafqazda davamlı sülhə nail olmaq və Ermənistanı gələcək təhlükələrdən xilas etmək üçün daha cəsarətli və konkret addımlar da atmalıdır. Belə ki, Ermənistan konstitusiyasındakı bəzi müddəalar regional sülhə birbaşa təhdiddir. Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı açıq ərazi iddiaları mövcuddur. Ona görə də, hətta rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişini imzalasa belə, bu önəmli məqam Ermənistan üçün davamlı sülh vəd etmir.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti yalnız Azərbaycanla sülh sazişinin imzalanması deyil, həm də Ermənistan konstitusiyasındakı savaş səbəbi olan müddəaların dəyişdirilməsi barədə də düşünməlidir. Rəsmi İrəvan Ermənistanda konstitusiya islahatları aparmaq niyyətinin olduğu barədə mesajlar verməyə başlayıb. Ancaq Ermənistanda “kilsə qiyamı”nın hələ davam etdiyi bir şəraitdə Paşinyan hakimiyyətinin buna cəsarət edib-etməyəcəyi hələlik müəmmalı qalmaqdadır.

Halbuki, bu problemin həllinin gecikdirilməsi ilk növbədə Ermənistanın iqtisadi maraqlarına ağır zərbə vura bilər. Belə ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini ən qısa zamanda normalaşdırmasa, mövcud ziddiyyətli problemləri tam həll etməsə, yenə də önəmli regional iqtisadi layihələrdən kənarda qalacaq. Hər halda, rəsmi Bakı Azərbaycana ərazi iddialarını saxlayan Ermənistana regional layihələrdə iştirak edərək, maliyyə-iqtisadi sahədə güclənmək şansı tanımaz. Və rəsmi İrəvan Azərbaycana təzyiq mexanizmləri olmayan Qərbə güvənmək əvəzinə məhz bu məsələ üzərində düşünsə, Ermənistan daha çox mənfəət əldə edə bilər.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti Azərbaycanın son regional enerji layihələrinə gözünü dikib. Belə ki, rəsmi İrəvan Azərbaycanın Avropa Birliyi ilə imzaladığı enerji təhlükəsizliyi üzrə tərəfdaşlıq sazişindən faydalanmaq niyyətinə düşüb. Xüsusilə də, Paşinyan hakimiyyəti rəsmi Bakının “yaşıl enerji” layihəsində Ermənistanın iştirakına nail olmağa can atır. Və bu məqsədlə Avropa Birliyinin dəstəyinə ümid bəsləyir.

Ancaq Avropa Birliyinin bu məsələdə Ermənistana yardım edə biləcəyi o qədər də inandırıcı görünmür. Çünki rəsmi İrəvan bu nəhəng enerji layihəsindən faydalanmaq niyyətində ciddidirsə, onda, ilk növbədə vaxt itirmədən Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında yekun sülh sazişinin imzalanmasına nail olmalıdır. Əks halda, rəsmi Bakı buna qədər olan regional layihələrdə olduğu kimi, bu dəfə də Ermənistana Azərbaycanın növbəti nəhəng layihəsinin icrasını yalnız kənardan müşahidə etmək şansı tanıya bilər.(Yeni Müsavat)

“Yeni dövlət” iddiası: Xəritəni cızdılar - Güney Azərbaycan da daxil edildiPolitoloq Vüqar Zifəroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyəyə qarşı “Kürdüstan dövləti” projesi yenidən gündəmə gəlib. Rəsmi Ankara buna görə ABŞ və bəzi digər Qərb dövlətlərini ittiham edir. Ümumiyyətlə, bu layihənin mahiyyəti nədir, nəzərdə tutulan xəyali Kürdüstanın sərhədləri haraları əhatə edir?

- Əslində, “kürd dövləti projesi” yeni layihə deyil, əsasən də Qərb ölkələri tərəfindən illərdir bu istiqamətdə işlər aparılır. Bir “kürd zolağı” yaratmağa çalışırlar. Hətta illər əvvəldən Türkiyə bunun qarşısını almaq üçün antiterror əməliyyatlarına başlayıb. Əvvəlcə İraq, ardınca da Suriyanın şimalında əməliyyatlar keçirildi, bu gün də davam edir. Türkiyənin məqsədi öz sərhədlərində bu planın qarşısını alacaq bir təhlükəsizlik zolağı yaratmaqdır.

Bəli, bölgədə “kürd dövləti” yaratmaq planları var. Bu xəyali dövlətin sərhədləri də İraq (Şimal), Suriya (Şimal), İran (Güney Azərbaycan) və Türkiyənin (Cənub-Şərqi Anadolu) müəyyən ərazilərini əhatə edir. Planın başında bəzi Qərb dövlətləri, xüsusən də ABŞ-nin dayandığı bildirilir.

Amma Türkiyə və bölgə dövlətləri birmənalı şəkildə bu projenin əleyhinədirlər, öz mövqelərində də haqlıdırlar. Çünki bu, bölgədə düzəni pozmaq cəhdi kimi qəbul edilir. Təsadüfi deyil ki, bu layihə üçün regiondakı terror təşkilatlarından ciddi şəkildə istifadə olunur.

- Plan Güney Azərbaycan ərazilərini də əhatə etsə də, İranın cidd-cəhdlə bölgəni kürdləşdirdiyini, hətta PKK terror təşkilatının bir qanadı PJAK-ın oradakı fəaliyyətinə göz yumduğunu görürük. Tehran niyə mümkün təhlükəni nəzərə almır?

- Bəli, Urmiya gölünün ətrafı bu xəyali Kürdüstanın tərkibi kimi göstərilir. Həmçinin bu məsələdə bölgədə Azərbaycan türklərinin çoxluq təşkil etməsi faktoruna diqqət çəkmək istəyirəm. İran rejimi bu cür məskunlaşmalar aparmaqla Azərbaycan türklərinin sayını süni şəkildə azaltmağa çalışır.

Hətta İranda keçirilən son bələdiyyə və parlament seçkilərində bölgədə kürd namizədlər önə çəkildi və dəstək verildi. Təəssüf ki, həmin namizədlər də seçildi. Bütün bunlar orada demoqrafik vəziyyəti dəyişdirməyə və balansı Azərbaycan türklərinin əleyhinə çevirməyə xidmət edir.

İran rejiminin bu addımları bölgədə narazılığa səbəb olub. Nəticədə həmin regionda toqquşmaların yaşandığını görürük. Silahlı-separatçı təşkilatların, elə PJAK-ın bölücü fəaliyyətləri nəticəsində tez-tez qarşıdurmalar yaşanır. Çox vaxt bu silahlı insidentlərin hədəfi İranın rəsmi güc strukturları olur. Bu addımlar bölgədə demoqrafik vəziyyəti süni şəkildə dəyişdirməyə xidmət etsə də, gələcəkdə İran daxilində ciddi problemlərin yaşanması üçün də zəmin hazırlayır. İran rəhbərliyi bunu nəzərə almalıdır.

- Layihəni ortaya atanların hədəfində Azərbaycan Respublikası da varmı?

- Sovet dönəmində belə bir əsassız proje vardı, “Qırmızı Kürdüstan” və ya “Sovet Kürdüstanı” adlandırdı. Amma bu proje aradan qaldırıldı, bu gün də müzakirə predmeti deyil. Hazırda əsas hədəfləri İran, Türkiyə, Suriya və İraqın müəyyən ərazilərini əhatə edən “kürd zolağı” yaratmaqdır. Bunun da bir tarixi məqamı var.

Birinci Dünya Müharibəsindən sonra Qərb kürd-erməni kartlarından istifadə edərək müəyyən manevr imkanları əldə etməyə çalışırdı. Bəli, erməni kartı reallaşdı, Ermənistan adlı bir dövlət qura bildilər. Amma kürd dövləti qurmaq planı alınmadı, Türkiyə imkan vermədi.

Qərb Birinci Dünya Müharibəsindən sonra ara-sıra bundan həm Türkiyəyə qarşı təzyiq aləti, həm də bölgədə maraqlarını təmin etmək üçün istifadə edib. Əslində, Suriya və İraqın şimal əraziləri etnik türklərin məskunlaşdıqları ərazilərdir, buralar onların tarixi vətənləridir. İraqın şimalından danışırıqsa, Kərkük, Mosul, Süleymaniyyə və Ərbildən söhbət gedir. Həmin ərazilərin yerli, aborigen əhalisi türklər – türkmənlər olub.

1990-cı illərdən bölgədə demoqrafik vəziyyəti elə köklü şəkildə dəyişdilər ki, türkmənlərin sayı kəskin şəkildə azaldı. Bu, sərt təzyiqlər və aparılan əməliyyatlar nəticəsində oldu.

- Türkiyə prosesin qarşısını hansı yolla alacaq? Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və müdafiə naziri Yaşar Gülər belə bir plana qətiyyən imkan verməyəcəklərini açıqlayıb.

- Türkiyə bunun qarşısını almaq üçün zaman-zaman antiterror əməliyyatları keçirir. Türkiyə Suriya və İraqın şimalında ard-arda irimiqyaslı antiterror əməliyyatları keçirməklə həm bu təhlükəli projenin, həm də həmin bölgələrdən gələn terror təhdidlərinin qarşısını aldı. Əməliyyatların bu gün də davam etdiyini görürük.

Ankaranın bu məsələdə mövqeyi aydın, qəti, kəskin və dəqiqdir. Türkiyə həm də haqlıdır. Çünki bu proje Türkiyənin ərazi bütövlüyü, maraqları və təhlükəsizliyinin hədəfə alınması deməkdir. Həmçinin Türkiyə dövləti üçün bir təhdid formalaşdırmaq... Türkiyə haqlı olaraq, bu təhdidlə razılaşa bilməz.

- İraq terrorizmlə mübarizədə Türkiyə ilə əməkdaşlığa getsə də, Suriyadakı Bəşər Əsəd rejimi yayınır. Halbuki İraqla yanaşı, Suriyaya da ərazi iddiaları var. Hətta PKK/YPG terror təşkilatının Suriyanın şimalında “muxtariyyət üçün seçki”yə hazırlaşdığı haqda məlumat var. Belə bir təhlükə varsa, niyə Dəməşq Ankaranın əməkdaşlıq təklifini qəbul eləmir?

- Əslində, Əsəd rejimi Suriyada daxilində bölücülüklə məşğul olan təşkilatlarla mübarizəsi mövcuddur. Zaman-zaman Suriyanın rəsmi hərbi qüvvələri ilə PYD/YPG terrorçuları arasında toqquşmalar yaşanır.

Amma 2014-cü ildən sonra Suriyada yeni gəlişmələr oldu, İŞİD faktoru ortaya çıxdı. Həmçinin Əsəd rejiminə müxalif olan ayrıca qüvvələr mövcud idi. Xarici qüvvələrin də Suriya daxilində gedən proseslərə ciddi təsir imkanları vardı. Xüsusən də Qərb dövlətləri, Rusiya və İranın... Ayrı-ayrı güclərin toqquşan maraqları Suriyada mürəkkəb mənzərə yaratmışdı.

Bəli, təəssüf ki, Bəşər Əsəd rejimi Türkiyənin çağırışlarına baxmayaraq, Suriyanın özü üçün belə təhlükələrə qarşı birgə mübarizə aparmaq istəmir. Söhbət təkcə kürd qruplaşmaları yox, elə İŞİD-in özündən də gedə bilər. Əsəd rejimi həmişə Ankaranın bu təkliflərini geri çevirir. Bu cür terror təhlükələri Suriyanın ərazi bütövlüyü və suverenliyinə ciddi təhdidlər yaradır.

Ankaranın təklifi geri çevrilməsəydi, Dəməşq bu təhdidlərin aradan qaldırılmasına ciddi dəstək vermiş olardı. Təkliflərin qəbul edilməməsi isə bölgədəki qarışıq mənzərənin bir az da müərəkkəbləşməsinə zəmin yaradır.

Dəməşqin bir arqumenti də budur ki, guya Türkiyə Suriya ərazisində icazə almadan antiterror əməliyyatları həyata keçirir. Hətta iki-üç il əvvəl belə bir absurd təbliğat da qurulmuşdu ki, guya Türkiyə Suriyanın ərazi bütövlüyünə qəsd edir. Ankara dəfələrlə bəyan edib ki, nə Suriya, nə də İraqda ərazi bütövlüklərinə qəsd var, belə bir niyyət yoxdur. Türkiyə hər iki qonşusunun ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Aparılan əməliyyatlar sırf antiterror tədbirləri xarakteri daşıyır. Bu, təkcə Türkiyə yox, həm də İraq və Suriya üçün təhdid yaradan amillərə qarşı mübarizəni özündə əks etdirir.

Bölgədə maraqları olan ayrı-ayrı güclərin manipulyasiyaları bölgədə terrorizmə qarşı mübarizədə birliyin təmin edilməsinin qarşısını alır.
Ermənilərin KONSTİTUSİYA oyunbazlığı... - Mirzoyan NƏYƏ İŞARƏ EDİR?Ararat Mirzoyan konstitusiya dəyişikliyi məsələsinin Bakı-İrəvan danışıqlarına daxil edilmədiyini deyib, lakin qeyd edib ki, “həm Ermənistan, həm də Azərbaycan bir-birinin konstitusiyasında uzunmüddətli sülhün bərqərar olması üçün mühüm problemlər və maneələr görür”.
Bakının Azərbaycana qarşı birbaşa ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyanın dəyişdirilməsi tələbi ilə çıxış etdiyi bəllidir. Ermənilərin Ana Qanunu müstəqillik bəyannaməsinin icrasını vəzifə olaraq müəyyənləşdirir. Bəyannamədə də qeyd olunur ki, “qondarma “dağlıq qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarı yerinə yetirilməlidir”. Bu iddialardan rəsmi şəkildə imtina edilmədiyi müddətdə sülh sazişinin imzalanması mümkünsüz görünür, konstitusiya dəyişikliyi olmadan imzalanacaq sülhün də davamlılığı daim sual altında olacaq. Mirzoyanın “bu, danışıqlar gündəliyinə daxil deyil” sözləri isə erməni ictimai rəyində “hakimiyyət Əliyevin tələbi ilə konstitusiya dəyişir” ittihamlarından yayınmaq məqsədi daşıyır.
Əsas məqam Ermənistanın da “Azərbaycanın kontitusiyanın dəyişdirilməsi” istəyindən çıxış etməsidir. Rəsmi İrəvan “nəyin dəyişməsini” istədiyini açıqlamır, lakin erməniləri “narahat edən” 1991-ci ildə qəbul edilən Konstitusiya Aktıdır. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli “İstiqlal Bəyannaməsi”nə istinad edilir, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd olunur. İrəvanda hesab edirlər ki, rəsmi Bakı varislik məsələsindən çıxış edərək, AXC ərazilərinin bərpa edilməsini istəyə bilər. Halbuki, bu varislik qeydi Azərbaycan konstitusiyanın dəyişdirilməsini şərtləndirmir.
- Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq mətnlə qeyd olunmur;
- AXC-yə varislik məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur;
- Qondarma “miatsum” iddiasının yer aldığı “istiqlal bəyannaməsi”nin müddəalarının yerinə yetirilməsini vəzifə kimi qoyan Ermənistan konstitusiyanından fərqli olaraq, Azərbaycan Konstitusiyasında belə bir məqam yer almır;
İrəvanın belə bir “tələblə” çıxış etməsi Bakının konstitusiya tələbi qarşısında əks-həmlə xarakteri daşıyır.

Asif Nərimanlı 
Mirzoyanın bu cəhdi qəbuledilməzdir - Bayramov

Azərbaycan XİN rəhbəri Ceyhin Bayramov erməni həmkarı Ararat Mirzoyanın Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik cəhdini qəbuledilməz adlandırıb.

Bunu Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Ermənistanın Müstəqillik aktında, Konstitusiyasında, digər qanunvericilik aktlarında qonşu ölkələrə, Azərbaycana qarşı ərazi iddialarının olması faktdır:

"Ermənistan cəmiyyətində belə diskussiyaların getməsi özlüyündə müsbət haldır. Amma Azərbaycan və Ermənistan konstitusiyaları arasında bu baxımdan paralellik aparmaq yolverilməzdir. Biz anlayırıq ki, bu xarici tərəfdaşlarımızda çaşqınlıq yarada bilər. Ona görə biz bunu qətiyyətlə yolvermilməz sayırıq və digər tərəfdaşlarımızı da bununla bağlı məlumatlandırırıq", - nazir deyib.

İrəvanda kritik seçim anı: Bu konstitusiya ilə hara kimi? - Görünəni odur ki...Tezliklə Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilə bilər.

Bununla əlaqədar olaraq Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, Ermənistanın hazırkı Konstitusiyası regionda daimi sülhün bərqərar olunmasına əngəl yaradacaq.

“Ölkə Konstitusiyasının dəyişdirilməsi vacibdir. Çünki Azərbaycanın da, Ermənistanın da Konstitusiya ilə bağlı narahatlıqları var. Bu, uzunmüddətli sülhə maneədir. Lakin Ermənistanın Konstitusiyanı dəyişməsi Azərbaycanın tələbi ilə baş vermir, bu Ermənistanın daxili işidir”, - deyə nazirliyinin bəyanatında qeyd olunub.

Maraqlıdır, Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendumun sülh sazişinin imzalanmasından əvvəl, yoxsa sonra keçiriləcək? Yəni, Ermənistan Azərbaycanla sülh müqaviləsinə maneəni aradan qaldırmaq üçün referenduma gedəcək?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, Paşinyan hakimiyyəti konstitusiya dəyişiklikləri ilə bağlı referenduma getmək məcburiyyətindədir:

“Ermənistan çox ciddi seçim qarşısındadır. Ona görə ki, Paşinyan hakimiyyətinin planlarının heç biri reallaşmayıb. ABŞ və Avropa İttifaqının vədləri yalnız söz yığınından ibarətdir və əməldə heç bir addım atılmır.

Rusiya ilə münasibətlər isə gərginləşməyə doğru gedir. Ona görə də Ermənistan hakimiyyəti istənilən halda Türkiyə ilə münasibətləri normallaşdırmaq məcburiyyətindədir. Ermənistanın təhlükəsizliyinin təminatı Azərbaycanla sülh sazişinin imzalanmasından keçir. Nəzərə almaq lazımdır ki, Bakı ilə İrəvan arasında sülh sazişi imzalansa belə, bu, regionda sülhün əbədi bərqərar olunacağı anlamına gəlmir.

Çünki Ermənistanın hazırkı Konstitusiyası buna mane olacaq. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar var. Yəni bu ölkənin Konstitusiyasında faktiki olaraq, Qarabağ Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanınmır. Belə bir halda Ermənistanla sülh sazişinin imzalanması heç bir əhəmiyyət daşımayacaq.

Buna görə də Ermənistan öz Konstitusiyasında bu müddəaların ləvği üçün referendum keçirməli və konstitusiyanı qonşu ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə uyğun formallaşdırmalıdır. Əks halda Cənubi Qafqazda sülh və sabitliyin daimi bərqərar olunmasına inanmaq çətindir”.

Ekspert bildirib ki, Ermənistanda referendumun keçirilicəyinə heç bir şübhə yoxdur:

“Nikol Paşinyan və onun komandasının davranışlarında sərbəstlik və özünə inam əlamətləri müşahidə olunur. Bu səbəbdən Ermənistan Xarici İşlər Nazirliyi konstitusiya dəyişiklikləri ilə bağlı bəyanat verib. Böyük ehtimalla, ya sülh sazişinin imzalanmasından əvvəl, ya da sonra Ermənistanda referendum keçiriləcək”.
24-il-nazir-muavini-olan-togrul-musayev-isden-cixarildi

Ədliyyə nazirinin müavini Toğrul Musayev vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, ikinci dərəcəli dövlət ədliyyə müşaviri T.Musayev tutduğu vəzifədən azad edilib. 

Qeyd edək ki, Toğrul Musayev 24 ildir ədliyyə nazirinin müavini idi.

Xəbər lenti