|
Pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir.
Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Hheyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək:
"Mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının tapşırığında bu istiqamətdə mesaj var. Minimum pensiyanın bu il də artırılacağı gözlənilir".
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yanvar ayının 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli və yağıntılı olacağı, fasilələrlə sulu qar və qar yağacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməyi, küləkli havada avtomobillərini aşma, yaxud qopma ehtimalı olan obyektlərin yaxınlığında və ya atında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi xahiş edir.
Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 10-u saat 9.00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasıında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, Mingəçevir, Şabran, Ağdamda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Qar örtüyünün hündürlüyü: Sarıbaş (Qax), Quba, Ordubadda 1 sm olub.
Düşən yağıntının miqdarı: Sarıbaş (Qax), Lənkəran, Astarada 5 mm, Sədərəkdə 4 mm, Şahbuz, Ordubadda 3 mm, Şəki, Quba, Qusarda 2 mm, Neftçala, Göytəpə, Yardımlı, Kəlvəz, Şirvan, Qəbələ, Balakən, Ceyrançöl, Zaqatala, Oğuz, Qobustan, Xaltan, Şabran, Şərur, Naxçıvan və Abşeron yarımadasının bəzi yerlərində 1 mm-dək olub.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 4 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub.
G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan güclü külək yanvarın 10-u gündüz saatlarından zəifləyəcək. Yağıntılı hava şəraiti isə 12-dək fasilələrlə davam edəcək .
Azərbaycanda sənədsiz evlərin mövcud olması bir çoxları üçün problemə çevrilib. “Kupça”sı olmayan evlərdə faktiki insanlar yaşasa da onların əmlaklarının olmasını təsdiq edən rəsmi sənədləri mövcud deyil.
Bəzi vətəndaşların sadəcə Bələdiyyə, bəzilərinin də arxiv sənədləri olsa da yenə çıxarış ala bilmirlər.
Hazırda “kupça”sı olmayan evlərin sayı 500 min, yaşadığı ünvanda qeydiyyatda olmayanların sayı isə 2,5 milyon nəfər təşkil edir.
Daşınmaz əmlakın çıxarış sənədini almaq üçün bəlli qaydalar mövcuddur.
Əmlak eksperti Ramil Qasımzadə “Xəzər TV”yə bildirib ki, vətəndaşların çoxu ya kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikirlər, ya da Bələdiyyə qərarı olan kağız alıblar. Bu da onlara evlərinin qeydiyyatı prosesində problem yaradır:
“Fərdi yaşayış evinin çıxarışla təmin edilməsi üçün həmin torpağın sənədi olmalıdır. Bundan sonra rayon eskiz və layihə ilə İcra Hakimiyyətinə müraciət edilməlidir. İcra Hakmiyətinin layihə ilə bağlı etirazı olmazsa, tikinti həyata keçirilir. Tikilinin qeydiyyata alınmasına dair sərəncam verilir. Daha sonra Dövlət Reyestri Xidmətinə müraciət etməklə isə həm torpaq, həm də fərdi yaşayış evinə çıxarış təmin olunur”.
Azərbaycan bankları bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarını siləcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası"nın sədri Zakir Nuriyev bildirib.
"Son antiterror əməliyyatları zamanı və onda öncə Vətən Müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib. Eyni zamanda qazilərimizin kredit borclarına hesablanmış faizlər dayandırılıb. Bundan başqa bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçiriləcək. Qarşıdakı dövrdə də Azərbaycanın bank və sığorta sistemləri qarşılıqlı şəkildə mövcud olan, meydana çıxan biləcək problemlərin həllinə yaxından dəstək verəcək", - deyə Z.Nuriyev əlavə edib.
Hər ayın 7 və 8-də pensiyalar verilir. 2024-cü ildən pensiyaların məbləğində artımlar olacaq. Bəs ödənişlər nə zaman veriləcək?
Bu sual ilə bağlı müraciətlər daxil olur.
Eyni zamanda, bu məsələ ətrafında sosial şəbəkələrdə də müzakirələr aparılır. Hətta deyilir ki, yanvar ayında ödənişlər 10-dan veriləcək. Həm də, pensiyalar artımla ödəniləcək.
Qeyd edək ki, hər il pensiya və təqaüd artımları yanvar ayından deyil, fevral ayından verilir. Yanvar ayının artım hissəsi də, fevral ayında kartlara yüklənir.
Məsələyə aydınlıq gətirmək üçün Dövlət Sosial Müdafiə Fondundan BAKU.WS-ə bildirildi ki, pensiya və təqaüdlərin gecikdirilməsindən söhbət gedə bilməz. Bu həftə yeni iş həftəsidir.
"Yaxın günlərdə əhaliyə ətraflı məlumat veriləcək”, - deyə qurumdan bildirilib.
Son günlər əhali arasında virusa yoluxmaların sayı artıb. Qrip, halsızlıq, əzələ ağrısı... Vətəndaşlar arasında müşahidə olunan bənzər simptom karantin məsələsini yenidən gündəmə gətirib. Tibbi maska taxmağın məcburiləşdirilməsi əsas müzakirə mövzusudur.
Bu barədə Pravda.az-ın suallarını cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, pandemiya xaric, əvvəlki bütün illərdə qış fəslində virus infeksiyalarının fəallaşması qeydə alınıb:
“Bu, indi də davam edir. Ən başlıcası, nəzərə alsaq ki, koronavirus pandemiyası bitsə də, virusun Omikron ştammı, mutasiya variantları ayrı-ayrı yerlərdə epidemiya yaratmaqda davam edir. Bunun özü bir epizoddur. Ayrı-ayrı ölkələrdə identifikasiya olunan mutasiya ştammları haqqında tez-tez eşidirik. Bundan başqa, qrip, rinoviruslar, adenoviruslar həmişəki kimi fəallaşır. Koronavirusun soyuqdəymə törədən 4 forması var, hər il peyda olur. Bunların da yayılması mümkündür. Bir sözlə, qış fəslində infeskiyaların bu cür fəallaşması, yayılması, soyuqdəymə hallarının artması həmişə qeyd olunur. Bu gün koronavirus hələ tamamilə yoxa çıxmayıb, gələcəkdə qripin də pandemiyası gözlənilir. Əlbəttə, bunu nəzərə alaraq, karantin qaydalarına riayət edilməlidir. Karantin qaydaları şəxsi gigyena qaydalarından təcridə qədər bütün prosedurları əhatə edir. Biz bunu pandemiya dövründən bilirik. Təbii ki, əməl etməliyik”.
Bakı şəhərində əhalinin hər 1000 nəfərinə 0,24 ha qəbiristanlıq sahəsinin ayrılması nəzədə tutulub.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Mövcud qəbiristanlıqlarda fəal istifadə olunmayan ərazilərin olduğunu nəzərə alaraq, növbəti iyirmi ilin tələbatını qarşılamaq üçün hazırki qəbiristanlıqların sahəsinin təqribən 32 ha genişləndirilməsi tələb olunacaq. Bununla yanaşı, uzunmüddətli perspektivdə qəbiristanlıqlar üçün kifayət qədər sahənin nəzərdə tutulmasını təmin etmək üçün Bakı şəhərinin Baş planı çərçivəsində qəbiristanlıqların genişləndirilməsi üçün müvafiq sahələr müəyyən edilir.
Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən qəbiristanlıqların torpaq sahələri ən azı 300 m-lik sanitariya-mühafizə zonası nəzərdə tutulmaq şərtilə ayrılır. Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra sanitariya-mühafizə zonasının eni Səhiyyə Nazirliyinin rəyi əsasında 100 m-dək azaldıla bilər.
Hazırda Bakı şəhərinin inzibati hüdudları daxilində qəbiristanlıqlar təqribən 800 ha ərazini əhatə edir. Bundan təqribən, 702 ha aktiv qəbiristanlıq və ya xiyabanlar kimi istifadə olunur. Yerdə qalan təqribən 98 ha qəbiristanlıq ərazi aktiv istifadə olunmur və ehtiyat kimi nəzərdə tutulur.
2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq ərazilərin təqribən 34 ha genişləndirilməsi və şəhər üzrə qəbiristanlıqların ümumi sahəsinin təqribən 834 ha-ya çatdırılması tələb olunacaq. Baş Planla 2040-cı ilədək qəbiristanlıqların genişləndirilməsi üçün əlavə sahələr nəzərdə tutulur.
2024-cü ilin may ayında Kəlbəcərə ilk köç reallaşa bilər. Rayona əvvəlcə 150 ailənin köçürülməsi nəzərdə tutulur.
Xezerxeber.az xəbərinə görə, Millət Vəkili Aqil Məmmədov bildirib ki, Kəlbəcər şəhəri də daxil olmaqla Zallar, Zar və Yanşaq kəndlərində tikinti işləri davam etdirilir. Məcburi köçkünlərin dövlət proqramında nəzərdə tutulmuş vaxtda doğma yurda qayıtması üçün digər sosial infrastruktur layihələri də icra olunur. Artıq İstisu mineral su doldurma zavodunun da tikintisi yekunlaşmaq üzrədir.
2040-cı ilə qədər Ələt, Lökbatan, Sabunçu və Mərdəkan alt-mərkəzlərində ümumi ərazisi 2650 ha, qoyuluş gücü 1200 MVt olan bir külək və üç günəş elektrik stansiyasının inşası təklif olunur.
“Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, bu ərazilərdə perspektivdə (hesabat müddətindən sonrakı dövrdə) bərpa olunan enerji təsərrüfatlarının inkişafı üçün 3313 ha əlavə ərazi nəzərdə tutulub.
Baş Plan layihəsində, hal-hazırda çirklənmiş torpaq sahələri olan ərazidə müvəqqəti bərpa olunan enerji stansiyaları üçün əlavə 676 ha ərazi ilə bağlı mərhələli “Regenerasiya Çərçivəsi” nəzərdə tutulur. Regenerasiya çərçivəsinə həyata keçirilməsi planlaşdırılan “Böyükşor gölü üzərində üzən günəş elektrik stansiyası (300 kVt)” layihəsi, həmçinin Qırməki Təbii Geoloji Parkı (202 ha) daxil edilmişdir. Bu parkda günəş və külək enerjisi istehsalı və karbon-neytral sistemin layihələndirilməsi mümkün olacaq.