Meymunçiçəyinə görə Azərbaycanda məktəblər gec açılacaq? - RƏSMİ

Bakıda məktəblərdə yeni tədris ilinə hazırlıq məqsədilə dezinfeksiya işləri aparılır.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məktəblərdə dezinfeksiya işləri aparılaraq sinif otaqları, dəhlizlər və ümumi istifadə olunan sahələr xüsusi təmizlik prosedurlarından keçirilir.

Qeyd edək ki, meymunçiçəyi virusunun bütün dünyada yayılması ciddi sağlamlıq böhranı yaradır və bəzi bölgələrdə məktəblərin bağlanmasına səbəb olur. 2020-ci ildəki pandemiya prosesini xatırladan bu vəziyyət təhsilə də öz təsirini göstərir.

Xüsusilə Avropanın “qırmızı həyəcan” vəziyyətində olan ölkələrində məktəblər açılmazdan əvvəl bağlanmağa qərar verilib. Qonşu ölkələrdə, Türkiyədə hələlik bu istiqamətdə qərar verilməsə də, halların sayı artarsa, oxşar addımlar atıla bilər.

Beləliklə, meymunçiçəyi virusu təhsil sistemini də təhdid edir.

Ölkəmizdə yeni dərs ili sentyabrın 15-də başlayacaq. Bununla yanaşı, Baş nazir Əli Əsədov "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında" qərar imzalayıb.

Qərarla Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin hansı qaydada təşkili təmin ediləcəyi göstərilir. Belə ki, ümumi təhsil pilləsi üzrə - 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili; peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant (məsafədən) formada təhsil olacaq.

Hazırda bir sıra dünya ölkələrində meymunçiçəyi ilə bağlı məktəblərin bağlandığı, COP29 ərəfəsində ölkəmizdə tətil olacağı bir dövrə qədər Azərbaycanda məktəblər distant təhsilə keçə bilərmi?

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı bir xəstəliyə kütləvi yoluxma halı baş verdikdə təhsil müəssisəsinin bağlanması, tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar digər aidiyyəti qurumlar tərəfindən verilir: “Bildiririk ki, uşaqlar arasında hansısa xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir.

Buna baxmayaraq ənənəvi olaraq təhsil müəssisələrində müvafiq ehtimallar nəzərə alınaraq, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir. Səhhətində narahatlıq müşahidə edilən təhsilalanlar tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir.

Valideynlərə tövsiyə edilir ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. İnfeksion xəstəliklərə yoluxma hallarının müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir. Hazırda distant təhsilə keçilməsi ilə bağlı hər hansı qərar yoxdur”.

Özəl bağçalarda əl yandıran qiymətlər - Aylığı 1200 manata...

Azərbaycanda bəzi özəl uşaq bağçalarının ödənişi əl yandırır. 

Qaynarinfo xəbər verir ki, paytaxtda yerləşən bağçaların aylıq ödənişi 300 manatdan 1200 manata qədər dəyişir.

Təhsil ekspertlərinin sözlərinə görə, qiymət artımı son illərdə daha çox hiss edilir. Xüsusilə, əlavə xidmətlər təklif edən bağçalarda aylıq ödəniş qiymətləri 1000 manatın üzərindədir.

Bildirilir ki, qiymətlərin baha olmasının əsas səblərindən biri bağçaların sayının az olmasıdır. Tələbə uyğun təklif olmadığından özəl bağçalar müraciət edənlərin sayı baxımından problem yaşamır. 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında bildirmişdi ki, özəl bağçalarda boş qalan yerlərə cəlb edilən uşaqların bir qisminin xərcini dövlət ödəyəcək.

Azərbaycana meymunçiçəyi virusunun müayinəsi üçün testlər gətirildi

“Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib”.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, meymunçiçəyi (yeni adı mpox) viruslu zoonozdur (heyvanlardan insanlara keçən virus), əlamətləri təbii çiçək xəstəliyinə oxşardır, lakin kliniki olaraq daha yüngül keçir. İnfeksiyanın rezervuarına bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir: “Virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənmiş materiallarla təmas yolu ilə baş verir. Viruslar bədənə zədələnmiş dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir. İnsandan insana ötürülmənin ilk növbədə iri respirator damcılarla baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır”.

İnfeksionist qeyd edib ki, virusun gizli dövrü adətən 5 - 21 gündür. 5 günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətləri rast gəlir. Qızdırmadan 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır: “Üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10% arasında dəyişir. Əsasən risk qrupları arasında ( kişik yaşlı uşaqlar, hamilə qadınlar. Immundefisitli şəxslər) rast gəlir. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar olunması və təcrid olunmasıdır.

Məlumat verildiyi kimi ölkəmizdə mpox infeksiyasına yoluxma halları qeydə alınmayıb. İnfeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyatlı Qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir, nəzarət altındadır”.

T.Eyvazov əlavə edib ki, meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə vaksinlər az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır.

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi məlumatında deyilir.

Avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır. Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.

Avtobus sürücüləri öz aralarında sərnişin "satırlar?" - Rəsmi qurumların "sübut" tələbi

Bakıdan regionlara, xüsusilə gömrük-keçid məntəqələrinə yaxın bölgələrə reallaşdırılan sərnişindaşıma fəaliyyəti ilə bağlı vaxtaşırı şikayətlər səsləndirilir.

Belə bir şikayət Oxu.Az-ın redaksiyasına da daxil olub. Vətəndaşların iddiasına görə, avqustun 10-da müxtəlif saatlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Qazaxa yola düşən iki avtobus (birinin marşrutu Qazax rayon mərkəzi, digəri Kəmərli kəndinə qədər olub) sərnişinləri mənzilbaşına çatdırmayıb. Sərnişinləri Qazaxın "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə yaxın kəndlərinə çatdıracaqlarını vəd edən sürücülərdən biri onları Ağstafada, digəri Qazaxda düşürüb. Sürücülər sərnişinləri başqa avtobusa və taksiyə mindirərək yola salıblar. Bəzi sərnişinlər isə taksinin pulunu verərək öz hesablarına getməyə məcbur olublar. Sərnişinlər iddia edirlər ki, xüsusilə axşam reyslərində bu cür hallar tez-tez yaşanır. Sürücülər beş-altı sərnişinə görə Qazaxa, onun kəndlərinə, "Qırmızı körpü"yə getməyi vaxt itkisi sayırlar. Onlar deyirlər ki, sürücülər sərnişinləri yarıyolda düşürəndə avtobusda nasazlıq yarandığını bəhanə edirlər.

Araşdırmamız zamanı məlum oldu ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələdə məsuliyyət daşıyan qurumlardır. Sərnişinlər bileti BBAK-dan alırlar, amma yolda qaldıqları təqdirdə buna BBAK məsuliyyət daşımır. Çünki bu qurum, sadəcə, Bakıdan yola salınmanı təmin etməlidir, qalan məsələlər daşıyıcı şirkətlərin məsuliyyətindədir.

Bəs bu daşıyıcı şirkəti necə tapmaq lazımdır? Sürücülər onlardan şikayət etmək istəyən sərnişinlərə şirkətin əlaqə məlumatlarını verəcəklərmi? Ümumiyyətlə, sərnişinlər müxtəlif daşıyıcı şirkətləri tanımağa məcburdurlarmı, yoxsa iradlarını bildirəcəkləri vahid qurum mövcuddur? Avtobus sıradan çıxdığı halda sərnişinlər hansı addımı atmalıdırlar, məsələ necə nizamlanmalıdır? Sürücülərin yönəltdikləri başqa taksidə və ya avtobusda sərnişinlərin başına iş gəlsə, neqativ hadisə olsa, məsuliyyət kimin üzərində olacaq? İstiqamətlər üzrə daşıyıcı şirkətlər necə seçilir? Onlara hansı şərtlər qoyulur? Sərnişini müxtəlif bəhanələrlə yarıyolda qoyan sürücüləri və daşıyıcı şirkətləri hansı inzibati məsuliyyət gözləyir?

Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Rövşən Əliyev bildirib ki, BBAK öz avtobusları olmadığı üçün daşıyıcı şirkətlərlə çalışır:

"Neqativ hal olduğu təqdirdə daşıyıcı şirkətlərlə bu məsələni aydınlaşdırırıq. Avtobus sıradan çıxanda əlavə avtobus çağırılmalıdır.

Proses belə nizamlanır: istiqamətlər üzrə tenderdə qalib gələn sahibkarlar əsas və əlavə avtobuslarını göstərirlər. Tenderi Bakı Beynəlxalq Avtovağzal Kompleksi yox, AYNA həyata keçirir. Tenderdə qalib gələn sahibkarlar BBAK-a yönəldilirlər. Biz isə həmin istiqamətlər üzrə biletlərin satışını həyata keçiririk. Bu məsələdə AYNA-nın da məsuliyyəti var. BBAK-ın biletin satılması və avtobusun vağzaldan yola salınmasına qədər məsuliyyət zonası mövcuddur. Avtobusun, daşıyıcının, sürücünün qanunsuz hərəkəti artıq bizim səlahiyyətimizə aid olan məsələ deyil. Şikayət olanda paralel olaraq məsələni AYNA-ya yönəldirik".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, təqdim edilən məlumatlar əsasında araşdırma aparılıb, şikayət təsdiqini tapmayıb:

"Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 14:45-də yola düşən reys Bakı-Qazax marşrutudur və son təyinat nöqtəsi məhz Qazax şəhəridir. Bu marşrut "Qırmızı körpü"yədək uzanmır.

Digər müraciətlə bağlı isə bildiririk ki, Qazaxın Kəmərli kəndinə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ümumiyyətlə avtobus reysi mövcud deyil.

Bu cür məsələlərin hərtərəfli və dolğun araşdırılması üçün vətəndaş tərəfindən getdiyi marşrut üzrə biletin təqdim edilməsi vacibdir. Vətəndaşlar yaranan suallarla bağlı AYNA-nın "141" Çağrı Mərkəzinə müraciət edə bilərlər".

Məlumat üçün bildirək ki, BBAK-ın saytında Qazax (Kəmərli) istiqaməti qeyd edilib.

Həftəsonu gözlənilən hava proqnozu

17-18 avqust tarixində ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, temperaturun tədricən 3-4° yüksələcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. 17-si gündüz saatlarında havanın qısamüddətə tutulacağı ehtimal olunur. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 28-33° isti olacaq.

Bölgələrdə də müşahidə olunun yağıntılı hava şəraiti avqustun 17-si gündüz saatlarınadək davam edəcəyi, 18-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti olacaq.

Oğuz-Qəbələ-Bakı kəmərindən su paytaxta daxil olub

Oğuz-Qəbələ-Bakı kəməri içməli su ilə tam həcmdə doldurulub, su Bakı şəhərinə daxil olub.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib.

"Öncədən də elan etdiyimiz kimi günorta saatlarında əhalinin su təminatı normal rejimdə bərpa olunacaq", - deyə o qeyd edib.

Bu şəxslərin BAŞI DƏRDDƏ - Görün nə ediblər...

Antiinhisar Dövlət Xidməti internet xidmətləri bazarında “kartel sövdələşməsi” ilə bağlı araşdırmalara başlayıb; Osman Gündüz: “İlk dəfə rəsmi olaraq sərt yanaşma gördüm”

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.

 Məlumata görə, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlərin internet xidmətlərinin minimum tariflərini yüksəltməsinə dair xəbərlər yer alır, məsələ ilə əlaqədar Dövlət Xidmətinə çoxsaylı vətəndaş müraciətləri daxil olur.

Belə ki, internet provayderlərinin nəzərdə tutulan dəyişikliklərdən sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərini 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzləyəcəyi məlum olub. Nəticə etibarilə, müştərilər (o cümlədən istehlakçı) üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq. Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib.

Kütləvi informasiya vasitələrində yer alan məlumatların, Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərini müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlərin kollektiv əsaslarla müəyyən etdiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlər təyin etdiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderlərinin əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçirəcəyinin ilkin əlamətləri müşahidə olunur.

Hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları iyulun 1-dən qüvvəyə minmiş Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də məcəllə ilə qadağan olunur.

Genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb, bazar iştirakçılarına sorğu məktubları ünvanlayıb, bir sıra görüşlər keçirib və onlardan müvafiq məlumatlar istəyib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.

Osman Gündüz — Vikipediya

 Osman Gündüz 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Antiinhisar Dövlət Xidməti minimal internet tariflərinin qaldırılmasına sərt münasibət sərgiləyib: "İlk dəfə rastlaşdım ki, Antiinhisar Dövlət Xidməti  rəsmi açıqlamasında “kartel sövdələşməsi”  ifadəsi işlədib.

Həmçinin açıqlamada təqdim olunan internet tariflərində “seçim imkanlarının məhdudlaşdırıldığı” qeyd edilib. Bildirim ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir.

Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də məcəllə ilə qadağan olunur. Antiinhisar Dövlət Xidməti araşdırmalar aparıldığını, nəticəsindən asılı olaraq qərar qəbul ediləcəyini bildirib. İKTA-dan hələ xəbər yoxdur".

O.Gündüz internet qiymətinin bahalaşmasına da sərt münasibətini bildirib: “Eyni bir tələbatı ödəmək üçün kənddə yaşayan bir vətəndaş iki il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməyə məcbur olacaq. Ödəyəcəkmi, istifadə edəcəkmi? Yoxsa şərikli internet olacaq? Dövlət operatorları son iki ildə minimal internet tarifini 2 dəfədən çox qaldırıb.

Son iki ildə “Aztelekom” və “Baktelecom” dövlət operatorlarının qiymət siyasəti aşağıdakı kimi olub :

2022-ci ilədək olan dövr

4 Mb/s -   10 manat

10 Mb/s - 12.5 manat

2022-ci ilədək olan dövr

15 Mbit/s - 15 manat

30 Mbit/s - 18 manat

2023-ci ilədək olan dövr

40 Mbit/s - 18 manat

2024, 15 avqust

100 Mbit/s - 25 manat

Burada reallıq nədən ibarətdir?

Öncə qeyd edim ki, əlçatanlıq baxımından, biznes və inkişaf baxımından,  rəqəmsal transformasiyanın güclənməsi baxımından ölkədə yüksək sürətli internet infrastrukturunun olması mühüm əhəmiyyət kəsb edir. Son 3 ildə ölkədə bu istiqamətdə ciddi, nəhəng işlər görülüb.

Amma əhalinin xeyli hissəsinin hələlik yüksək sürətə ehtiyacı yoxdur.

Regionlarda, kəndlərdə yaşayan bəlli bir təbəqə əhali üçün 10 Mbit/s internet sürəti indiki anda yetərlidir. Yəni elementar kommunikasiya üçün, xidmətləri əldə etmək üçün, təhsil və s xidmətlər üçün bu sürət artıqlamasıyla bəs edir.

Regionlarda, xüsusələ də kəndlərdə yaşayan əhali də iki il öncə 10-12 manat verib bu internet sürətini əldə edirdi.

Ötən ildən isə “Aztelekom” bu minimal sürəti 50 faiz 1qaldırıb 18 manat (40 Mbit/s) etmişdi.

İndi isə “Aztelekom” yenidən bu minimal tarifi 40% qaldıraraq 25 manat etməyi düşünür. Təsəvvür edin ki, regionlarda, bəlli bir təbəqədə əhalinin internetə tələbatında  ciddi bir dəyişiklik yoxdur, amma onun öz tələbatını ödəməsi üçün zəruri olan internetin qiyməti son iki ildə toplam 100 faiz qalxıb.

Eyni funksiyanı icra etmək, eyni bir tələbatı ödəmək çün kənddə yaşayan bir şəxs 2 il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməlidir.

AİF olaraq biz hökumətə, RİNN-ə təklif etmişdik ki, müəyyən müddət üçün regionlarda, xüsusən kəndlərdə internet tarifləri əvvəlki qaydada saxlanılsın. Antiinhisar və İKTA,  gözünüzün qarşısında inhisarçı son iki ildə minimal tarifi iki dəfə qaldırıb. İstehlakçıların hüquqlarını qorumaq sizin vəzifənizdir. “Aztelekom” da dövlət operatorudur və rəsmi sənədlərə görə inhisarçıdır.

Tələbatı olmadığı halda, bu pulu kənd əhalisindən qoparmaq, ona tarif seçimi imkanı verməmək nə dərəcədə ədalətlidir? Nə baş verəcək?

Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq.

Regionların və kəndlərin rəqəmsal transformasiyası ləngiyəcək. Qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdıracaqlar, bu da Azərbaycanın indiki inkişaf səviyyəsi üçün xoşagəlməz  hal olacaq. Antiinhisarın və İKTA-nın inhisarçılar qarşısında nə qədər gücsüz olması açıq formada görünəcək".

Bakının içməli suyu ilə bağlı XOŞ XƏBƏR

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 6:00-da tamamlanıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək.

Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir.

Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına su ilə təmin olunması istiqamətində işlər görülüb.

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Elman Hüseyn oğlu Camalov, Əbülfəz Əbülfət oğlu Əbilov, Cavanşir Ərşad oğlu Hüseynov və Tahir Şirin oğlu Şirinovla Abşeron rayonunda keçirilən vida mərasimi başa çatıb.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidlərin nəşi Mehdiabad qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elman Camalov 1970-ci il iyunun 23-də anadan olub. O, 1992-ci il yanvarın 26-da Daşaltı kəndində itkin düşüb. Şəhidin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkar edilib.

Əbülfəz Əbilov 1961-ci il fevralın 12-də anadan olub. O, 1994-cü il yanvarın 19-da Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində itkin düşüb. Ə.Əbilovun qalıqları Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndindəki kütləvi məzarlıqda aşkar olunub.

Cavanşir Hüseynov 1960-cı il iyulun 15-də anadan olub. O, 1993-cü il oktyabrın 23-də Füzuli rayonunun Şükürbəyli kəndində itkin düşüb. Şəhidin qalıqları Füzuli rayonunun Bala Bəhmənli kəndindəki kütləvi məzarlıqda aşkar edilib.

Tahir Şirinov 1959-cu il avqustun 23-də anadan olub. T.Şirinov 1993-cü il oktyabrın 23-də Füzuli rayonunun Şükürbəyli kəndində itkin düşüb. Onun qalıqları Füzuli rayonunun Bala Bəhmənli kəndindəki kütləvi məzarlıqda aşkar olunub.

E.Camalov, Ə.Əbilov, C.Hüseynov və T.Şirinov Mehdiabad qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunacaq.

Xəbər lenti