Zəfər yolu buz bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yol-xeber.az-a verilən məlumata görə, hazırda Zəfər yolu qardan təmizlənir, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilir.

Həmçinin nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Agentlik sürücülərə yollarda diqqətli olmalarını və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələrini tövsiyə edir.

Baş Nazir Əli Əsədov “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:

1. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

2. 3.2-ci bəndin birinci cümləsinə “aradan qaldırılması” sözlərindən sonra “(bu Qaydanın 2.9-cu bəndinin tələbi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan xəbərdəki məlumatların həqiqəti əks etdirmədiyini bildiririk.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında qeyd olunur. Bildirilib ki, yanvarın 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntüləri izlənilib.

Məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb.

Bununla yanaşı, ümumi təhsil müəssisəsinin psixoloqları ümumilikdə siniflə, rayon polis idarəsinin əməkdaşları isə valideynlərin iştirakı ilə hər bir şagirdlə ayrılıqda söhbət aparıb.

Bir daha qeyd edirik ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülmüşdür.

Qeyd edək ki, iddia olunurdu, 6 nömrəli məktəb liseydə 2-ci sinif şagirdinə qarşı 7-ci sinif şagirdləri tərəfindən cinsi zəmində təcavüz olub.

2023-cü il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan audit yoxlamaları və monitorinq nəticəsində dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.

XRİTDX-dən verilən məlumata görə, boşluqların aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

Müqayisə üçün qeyd edilib ki, 2022-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 553 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək aradan qaldırılması təmin edilib.

Azərbaycan Prezidentinin 1 avqust 2023-cü il 2279 nömrəli “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanının 8.2 və 8.3-cü bəndlərinin icrası məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hazırladığı “Rəqəmsal Sənəd Dövriyyəsi” alt sistemi, eyni zamanda bu sistemə qoşulacaq dövlət qurumlarında istifadə ediləcək 22 elektron sənəd dövriyyəsi sisteminin də auditi aparılıb.

Aşkar edilmiş informasiya təhlükəsizliyi boşluqları və nöqsanları aradan qaldırılması üçün hər bir sistemin sahibinə təqdim edilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə hazırda ölkə ərazisində müşahidə olunan soyuq və küləkli hava şəraiti yaxın günlər ərzində davam edəcək, bəzi yerlərdə sulu qar və qar yağacaq.

Belə hava şəraitinin yollarda bir sıra çətinliklər yaratması, dağlıq və dağətəyi rayonlarda səhər və axşam saatlarında yolların buz bağlama ehtimalını artırması istisna edilmir.

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini aşma, yaxud qopma ehtimalı olan obyektlərin yaxınlığında və ya atında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, dağlıq və dağətəyi zonalarda qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq, həmin ərazilərdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi xahiş edir.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlara təhlükəsizlik baxımından məsuliyyətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi tövsiyə edirik".

Hazırda Rusiya və Gürcüstanda 3 əsas xəstəlik yayılıb: qızılca, göyöskürək və sarılıq. Ölkəmizə də hər iki qonşu ölkədən gediş-gəlişin çox olduğunu nəzərə alsaq, digər xəstəliklərin bizdə də yayılması şübhə doğurmur.

Qeyd edilir ki, artıq təcili yardımla xəstəxanaya aparılmaq üçün təkid edən xəstələrin çoxalması və qızılcadan ölümlərin olması, insanları xüsusilə narahat etməyə başlayıb.
Bundan əlavə, Bakıda və bir çox rayonlarda sarılıq ocaqlarının olduğu, artıq 3 aydır, uşaqlarda, sadəcə, öskürək və boğulma ilə müşayiət olunan virusun yayıldığı bildirilir.

 Ölkə ərazisində adıçəkilən xəstəliklərlə bağlı vəziyyəti Ölkə.Az-a şərh edən tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, qloballaşan dünyada istənilən yoluxucu xəstəliyin uzaq bir ölkədən Azərbaycana gəlib çıxması tam realdır:

"O cümlədən də hazırda adı çəkilən xəstəliklərin ölkəmizdə yayılması təsadüfi deyil. Məsələn, göyöskürək bakteriya tərəfindən törədilən xəstəlikdir və uzun müddət uşaqlar arasında, xüsusilə də 2 yaşdan kiçik olanlar arasında çox təhlükəli infeksiya kimi qeydə alınıb, kütləvi tələfata səbəb olub. Göyöskürəyin vaksini tapıldıqdan sonra bütün dünyada tətbiq olunub və UNİCEF-in təklif etdiyi Milli Peyvənd Təqviminə daxil edilib. Təəssüf ki, həm koronavirus pandemiyasından xeyli müddət əvvəl, həm də pandemiya və ondan sonrakı dövrdə valideynlər sistematik şəkildə vaksinasiyadan yayınıblar. Qızılca, göyöskürək, difteriya və digər xəstəliklərin yayılması və indiki mənzərənin yaranmasında da bu amilin güclü rolu var". 


Həkim deyib ki, göyöskürək peyvəndi vurulan şəxslər özləri xəsətələnməsələr də, onlarda bakteriyalar qala və digər peyvənd olunmamış uşaqlar üçün təhlükə yarada bilir:

"Məsələnin qəliz tərəfi də bundan ibarətdir. Bu xəstəliklərin baş verməməsi üçün peyvənd olunmaqdan başqa yol yoxdur. Peyvənd olunmayan uşaq nəinki özü üçün, həm də ətrafdakılar üçün təhlükəlidir. Valideynlər bunu nəzərə almalıdırlar. Yaranmış epidemioloji vəziyyət bəzən nəzarətdən çıxa bilər. Bu baxımdan hamımız ayıq-sayıq olmalıyıq". 

A.Qeybulla sarılıq xəstəliyindən də söz açıb:

"Sarılıqla bağlı məsələyə gəldikdə isə burada infeksion sarılıqdan söhbət gedir. Bu, Hepatit A virusudur. Hepatit B, C, D hamısı A virusunun forma dəyişikliyidir. Hepatotrof virusdur. Qaraciyər hüceyrələrində lövbər salır, hüceyrələrin daxilində qaraciyər hüceyrələrinin resurslarından istifadə edərək çoxalır, yaşayır və bu orqanı zədələyərək onda hətta sirroz törədə bilər. Xəstəlik bəzən çox sürətlə inkişaf edə bilir. Buna görə də Heptait A təhlükəli xəstəliklər qismindədir. Bu fekal-oral yolla yayılır. Yəni virus xaric olur, su hövzələrinə kanalizasiyaya və s. düşür. Oradan başqa adamlara yayılır. Elə məhz bunun su hövzəsindən yayılması da təsadüfi deyil. Bu o deməkdir ki, hansısa xəstələr olub ki, oradan yayılıb. Bütün bunlar hamısı epidemiloji vəziyyət qiymətləndirilərkən nəzərə alınmalıdır". 

Tibb eksperti əvvəllər virus xəstəliklərinin 3-5 günə sağaldığı halda, indiki dövrdə həftələrlə davam etməsinin səbəbini belə izah edir:

"Xəstələrin sağlam insanlarla kontaktının mümkün qədər azaldılması, xəstələrin azı ev şəraitində, yataq rejimində olması, sahə həkimlərinin bu işə cəlb edilməsi, ümumi təlimat verilməsi, ağır xəstələrin hospitalizasiya olunması şərtdir. İstər Gürcüstanda, istər Rusiyada, istərsə də qonşu ölkələrdə epidemioloji vəziyyətin yaranması təbiidir. Çünki xəstəlik yayılmaqdadır və bir nəfər xeyli adamı yoluxdura bilər. Məsələn, göyöskürəkdə yoluxuculuq 90%-ə yaxındır. Xəstə adamların kontaktı zamanı xəstəlik hava-damcı yolu ilə yayılır və həddən artıq yoluxucudur. Ona görə də sürətlə yayılması mümkündür. Düşünürəm ki, vaksinasiya məsələsinə çox ciddi yanaşılmalıdır. 
İnsanların sağlamlığına məsul olan qurumlar da bu işdə maarifləndirmə işini güclü və intensiv təşkil etməlidir".

A.Qeybulla qızılca və suçiçəyi kimi xəstəliklərə təkrar yoluxmanın mutasiya ilə bağlı olduğunu söyləyib:

"Məsələn, qızılca virusunun yeni bir performans göstərməsi, bütün dünyada artıq qeyd edilir ki, təkcə vaksinasiya olunmaqla bağlı deyil. Virusun RNT daşıyıcı olduğuna görə daim dəyişmə, mutasiya meyilləri var və bunlar virusu xeyli dəyişdirib. Virusun insan orqanizminə transferi də məhz vaksinasiya olunmamış zəncirdən keçib və bugünkü vəziyyət yaranıb. Ona görə də Milli Peyvənd Təqvimində nəzərdə tutulan vaksinlər son dərəcə önəmlidir və onların vaxtında sistematik edilməməsi, nəinki bizim ölkə üçün, dünya üçün də təhlükəlidir və bu peyvəndlərlə bağlı təsadüfən də bu cür təqvim müəyyən edilməyib. Bunu vətəndaşlar nəzərə almalıdır. 
Düşünürəm ki, uşaqların vaksinasiyası icbari xarakter daşımalıdır. Onlar valideynin rəyindən asılı ola bilməz. Çünki valideynə qalsa, bugünkü vəziyyət yaranır".

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu bardədə DİN Nəqliyyatda İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planını təsdiq edib. Baş planda əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir. Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub. Əslində Bakıda köhnə mənzil fondunun yenilənməsi prosesi bir müddətdir davam edir. Tikinti şirkətləri “xruşşovka” layihəli köhnə beşmərtəbələri söküb yerində çoxmərtəbəli evlər tikirlər. Amma Baş planda köhnəlmiş mənzil fondunun yarısının yenilənməsi hədəf kimi qoyulursa, deməli, növbəti illərdə beşmərtəbəli binalarla yanaşı, digər binaların da sökülməsi reallaşa bilər.

Bu halda köhnə yeddi-doqquz mərtəbəli binalar da bu plan çərçivəsində sökülə bilərmi?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ümumi mənzil fondunda köhnə tikililərin payı azalmaq üzrədir:

“Müəyyən bir dövr olacaq ki, ümumiyyətlə Bakıda köhnə binalar qalmayacaq. Çünki müasir dövrün tələbi geniş otaqlar və işıqlı mənzillərdir. Hazırda, əsasən “xruşşovka”lar sökülür. Gələcəkdə bu proses panel doqquzmərtəbələrə də keçə bilər. Panel doqquzmərtəbələrin istismar müddəti bitməyib. Bir müddətdən sonra onların da yenilənməsinə ehtiyac duyulacaq. Sıralama üzrə bütün köhnə binalar yerini yenitikililərə verməlidir. Burada əsas məsələ onların istismar müddətidir. Elə tikililər var ki, 1980-ci illərdə tikilib. Həmin binalar istismara yararlıdırlar. 2040-cı illərdə onların istismar müddəti bitəcək və bu binalar da sökülməli olacaqlar”.

V.Orucun sözlərinə görə, hazırda birmərtəbəli həyət evləri stilində tikilmiş və söküntü ərazisinə yaxın yerlərdəki mənzillərin də sökülməsi gözlənilir:

“Eyni zamanda, 1940-cı illərdən sonra tikilmiş ikimərtəbəli və üçmərtəbəli binalar, italyan, alman layihələri, “stalinka”lar ardıcıl olaraq söküləcəklər. Onlardan nisbətən yenisi “Leninqrad” və “Minsk” layihələridir. Həmin binaların da istismar müddəti başa çatdıqdan sonra sökülmə ehtimalları yüksəlir. Həyət evləri də söküləcək mənzillər sırasına daxildir. Elə həyət evləri var ki, hasara alınıb və həyətyanı sahə əlavə olunub. Amma bu sahələr qanunsuzdur. Onların da söküləcəyi gözlənilir”.

Müsahibimizin fikrincə, nə qədər ki, köhnə binalar sökülməyib, istismar müddəti tam bitməyib, onların yenilənməyə ehtiyacı var:

“Məsələn, müasir dövrün tələblərinə uyğun kanalizasiya və su xətləri çəkmək olar. Təmir, bərpa-quruculuq işləri aparılmalı, köhnə binalar da müasir şərtlərə cavab verməlidir. Beləliklə, onların ömürlərini artırmaq, müasir tələblərə uyğunlaşdırmaq mümkündür. Amma zaman keçdikcə onların da əvəzlənməsinə ehtiyac olacaq”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, istismar müddətini bitirmiş, xüsusən də qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri 2016-cı ildən başlayaraq mərhələli şəkildə sökülərək, yenitikili binalarla əvəzlənir, yaxud həmin ərazilərdə park tipli komplekslər salınır:

“Sökülən binaların böyük əksəriyyətinin yaşı 70-80 ili ötüb. Onların istismar müddəti maksimum 70 ilə qədərdir. Sökülən köhnə alman layihəli, “xruşşovka” və iki mərtəbədən ibarət olan yaşayış binalarında yaşamaq insan sağlamlığı üçün təhlükəlidir. Hazırda paytaxt ərazisində 11 minə yaxın istismar müddətini bitirmiş qəzalı bina var ki, onlar ən qısa müddətdə sökülməlidir”.

E.Fərzəliyev bildirib ki, daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki mümkün deyil:

“Köhnə çoxmənzilli binalara 10 mərtəbəyə qədər olanlar aiddir. 1980-ci illərdən sonra tikilmiş binalar 10 mərtəbəli binalardır. Həmin çoxmərtəbəli, köhnə tikili binaların istismar müddətinin bitməsinə hələ var. Düşünürəm ki, o binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki, binaları sökənlər özəl şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər. Doqquzmərtəbəli binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinin iflas etməsinə gətirib çıxarar”.

Ekspertin sözlərinə görə, binaların tez zamanda sökülməsini həyata keçirmək lazımdır:

“Söküntüdən əvvəl bütün köhnə yaşayış binalarında müayinələr aparılmalı, hansı binalar qəzalıdırsa, onların qısa müddətdə sökülməsinə start verilməlidir. Əgər qısa müddətdə sökülmələri mümkün deyilsə, həmin müddətə qədər tikinti-bərpa işləri aparmaq lazımdır ki, gələcəkdə hansısa fəlakət nəticəsində dağıntı, insan tələfatı baş verməsin. Binaların sökülüb yenitikili binalarla əvəzlənməsi bəzi ərazilərdə uyğunsuzluq yaradır. Yəni, sökülən hər üç-beş mərtəbəli binanın yerində 16 mərtəbəli bina tikmək binalararası məsafələrin, qaydaların pozulmasına gətirib çıxarır. Bu baxımdan, təsdiq olunmuş Baş Planda bütün bu binaların tikintisi üçün ayrılmış yerlər öz əksini tapmalıdır”.

Qazax rayonunun işğalda olan kəndləri, eləcə də Ermənistanın Berkaber, Voskepar kəndinin eksklüziv görüntüləri yayılıb.

Bu kəndlərdən danışanda ya arxiv kadrlardan, ya da xəritələrdən istifadə etmişik. Bu dəfə isə o kəndlərdən görüntülər lentə alınıb.

Qeyd edək ki, Qazaxın işğalda olan bütün kəndlərini çəkmək mümkün deyil. Çünki üç kəndimiz eksklavdır. Onlar bizdən erməni kəndləri ayırır, digər dörd kəndimiz isə işğal edilib. İşğalda olan Qızılhacılı Ermənistanın Berkaber kəndi ilə sərhəddir.

"İTV Xəbər”in əməkdaşları Ermənistanın İcevan, Tbilisi magistralına yaxın ərazidə də olublar. Bu, Ermənistanın Gürcüstana yeganə quru yoludur. Yolun tam yanında işğalda olan kəndlərimiz Aşağı Əskipara və Bağanis Ayrım yerləşir. Bu ərazidən isə Ermənistanın Voskepar kəndi lentə alınıb.

Sözügedən ərazilərdən görüntüləri təqdim edirik:

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 22-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 106 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 440 ailə, 1625 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Xəbər lenti