Bu gün Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirin məqsədi trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkil edilməsi, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.

Konfransda 15 ölkədən, 8 beynəlxalq təşkilat təşkilatından, o cümlədən beynəlxalq maliyyə institutlarından 200-dən çox qonaq iştirak edir. Tədbirdə yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə bir neçə mövzuda panel müzakirələr nəzərdə tutulur.

Konfrans işini sabah Bakıda davam etdirəcək.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bakıdan yola düşən köç karvanına Tərtər, Bərdə, Qax və Lənkərandan Zabuxa qayıdan ailələr də qoşulacaq. Bu gün kəndə 25 ailə - 94 nəfər köçürülür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanıma Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, bugünkü köç nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndində 46 ailə, yəni 188 nəfər yaşayacaq.

Bu gündən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili başlayıb.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən, məktəblərdə payız tətilinin günləri 16-20 noyabr (5 gün) olmaqla əhatə edir”, - deyə nazirlik qeyd edib.

Paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən xəbərə görə, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilib.

İlk müşavirələr paytaxtın Xətai, Nizami və Binəqədi rayonlarında keçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazirlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.

Bildirilib ki, son günlərdə ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.

Azərbaycanda sürücülük vəsiqələrində qadınların hicabla fotolarının yerləşdirilməsinə qoyulan qadağa aradan qaldırılıb.

Bu barədə Lent.az-a sürücülük vəsiqəsi alan xanımlar məlumat veriblər.

Qeyd edək ki, uzun müddət idi Azərbaycanda şəxsiyyət və sürücülük vəsiqələrində xanımların hicablı fotolarına qadağa qoyulmuşdu. Bu da inanclı insanlar arasında narazılıqla qarşılanıb.

Paytaxtın Nəsimi rayonunda hərəkətin intensiv olduğu küçədə qanunsuz parklanma fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında tədbirlər görülür.

Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, bir qrup müharibə veteranı tərəfindən əhalinin və avtomobillərin intensiv hərəkət etdiyi əsas küçələrdən birində qanunsuz və intizamsız parklanma hərəkətin fasiləsiz təşkilində bir sıra çətinliklər yaradıb. Bunu nəzərə alaraq bu qanunsuz fəaliyyətin qarşısı alınmaqla, aidiyyəti icra orqanları tərəfindən həmin fəaliyyəti təşkil edən şəxsləri qayğılandıran halların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Polis əməkdaşları tərəfindən onlara qarşı təzyiq edilməsi iddialarına cavab olaraq N.Əliyev bildirib ki, Daxili İşlər Orqanlarında minlərlə Vətən müharibəsi iştirakçısı xidmət edir: "Tək sıralarımızda olanlar yox, hər bir veteranı maraqlandıran məsələyə qanun çərçivəsində tərəfimizdən dəstək verilir, onlara hörmət göstərilir. Hansısa müharibə veteranına təzyiq edilməsi iddiası mübahisəlidir, həqiqəti əks etdirmir.

Hüquq qaydasının qorunmasına məsul olan polis əməkdaşları qanunla üzərinə düşən vəzifələri icra edir. Ərazini kütləvi şəkildə zəbt etməklə digər şəxslərin hərəkətinə mane yaradılması hüquq pozuntusudur və buna görə qanunamüvafiq tədbirlər görülür".

Sabahdan, noyabrın 16-dan məktəblilərin payız tətili başlayır.

5 günlük tətil noyabrın 20-də başa çatacaq.

Şagirdlər noyabrın 21-də dərsə gələcəklər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr olmaqla 5 gün davam edir.

Əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cü ildə 483 manat olacağı proqnozlaşdırılır.

Bunu Milli Məclisin plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. O, digər növ pensiyaların da artımına diqqət çəkib.

İclasda "2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Layihədə gələn il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub.

Növbəti ilin büdcə müzakirəsi zamanı isə millət vəkili Vüqar İskəndərov istismar müddəti 10 ildən artıq olan avtomobillərin utilzasiya məsələsindən danışıb. Millət vəkili deyib ki, növbəti ildən utilzasiya proqramına start veriləcəyi gözlənilir.

Millət vəkili Əziz Ələkbərov alimlərin maaşlarının az olmasına diqqət çəkib. O, bildirib ki, bu gün Bakıda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır.

Deputat Zahid Oruc isə ana bətnində məhv edilən uşaqların sayının çox olmasından narahatlığını ifadə edib. Bildirib ki, ''3-cü uşaq'' siyasəti stimullaşdırılmalıdır.

İclasda qeyd edilib ki, növbəti ildə də özünüməşğulluq layihəsi davam edəcək. Bununla da bu proqram çərçivəsində məşğulluğu təmin olunanların sayı 80 min nəfərə çatacaq.

Bir müddət əvvəl Sumqayıt-Bakı yolunda avtobuslar üçün xüsusi zolaq çəkilib.

Xezerxeber.az-ın məlumatına görə, məqsəd ictimai nəqliyyatın və minlərlə sərnişinin mənzil başına daha rahat çatmasını təmin etmək olub. 

Minik avtomobillərinin sürücüləri avtobus zolağı çəkildikdən sonra yollarının daraldığını, əvvəlki dövrlə müqayisədə daha çox çətinliklə hərəkət etdiklərini bildiriblər.

Avtobus sürücüləri və ictimai nəqliyyatdan istifadə edənlər sərnişinlər isə vəziyyətdən məmnundurlar.

Onlar avtobus zolağı ilə mənzil başına daha tez çatdıqlarını deyirlər. Amma avtobus sürücülərinin narazı olduğu məqamlar da var.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakı-Sumqayıt yolunda xüsusi zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 22-24 dəqiqə qısalıb.

Qeyd edək ki, avtobus zolağına daxil olan minik avtomobillərinin sürücüləri 40 manat məbləğində cərimə edilirlər.

Ətraflı süjetdə:

Qarabağda torpaqlar vətəndaşlara necə paylanılacaq? - Nazir müavini ilə MÜSAHİBƏ

“Tarixdə ilk dəfə olaraq büdcənin cari xərclərinin dövlət vergi və gömrük orqanlarından daxilolmalar hesabına qarşılanması təmin olunub ki, bu da çox ciddi nailiyyətdir”.

Bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “APA-Economics”ə müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- Sahib müəllim, 2024-cü il və sonrakı 3 ilin büdcə layihələrinin komitələrdəki müzakirəsi zamanı siz öz çıxışınızda qeyd etdiniz ki, gələn ilin büdcəsinin gəlir hissəsinin icrası üçün etibarlı zəmin yaradılıb. Belə deməyə əsas verən nələrdir?

- 2022-ci ildə dövlət vergi orqanları öz tarixində ilk dəfə dövlət büdcəsinə 15,543 milyon manat vəsaitin daxil olmasını təmin ediblər. Bununla da Dövlət Gömrük Komitəsinin büdcəyə köçürdüyü vəsaitlə (5 milyard 654,6 milyon manat) birlikdə tarixdə ilk dəfə olaraq büdcənin cari xərclərinin dövlət vergi və gömrük orqanlarından daxilolmalar hesabına qarşılanması təmin olunub ki, bu da çox ciddi nailiyyətdir.

2023-cü ilin 9 ayı ərzində büdcəyə proqnozdan əlavə vergi daxilolmaları 723,5 milyon manat, o cümlədən qeyri-neft-qaz sektoru üzrə proqnozdan əlavə vergi daxilolmaları 415 milyon manatdan çox olub. Bütün bunlar ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatların, o cümlədən vergi islahatlarının, şəffaflaşmanın nəticəsidir.

İqtisadiyyatımız dayanıqlı olaraq inkişaf edir, yeni sənaye parkları və sənaye məhəllələri, aqroparklar yaradılır, bərpaolunan enerji istehsalı sahəsində ilk uğurlu addımlar atılıb. Bütün bunlar nikbin olmaq üçün ciddi əsaslardır.

- Azərbaycanla Özbəkistan investisiya həcmi 104 milyon manat olan minik avtomobillərinin istehsalı kompleksini yaradır. Avtomobil istehsalı sahəsində ixtisaslaşmış böyük şirkətlər və ölkələr olduğu halda bu layihə niyə Özbəkistanla həyata keçirilir?

- Əvvəla “UzAuto” Mərkəzi Asiya regionunda ən böyük avtomobil şirkətidir. 2021-ci ilin məlumatlarına əsasən, “UzAutoSanoat” Aksioner Cəmiyyətində 27 min nəfər çalışır, onunla əlaqəli sahələrdə 200 mindən çox yeni iş yerləri yaradılıb. Cəmiyyətin illik məhsul istehsalı 4 milyard ABŞ dollarından çoxdur ki, bu da Özbəkistanın ÜDM-nin 7,3%-ni təşkil edir.

İki il əvvəl Daşkənddə olarkən mən bu şirkətin 3 zavodunda və bu sahə üçün mütəxəssis hazırlayan universitetdə olmuşam. Qeyd etməliyəm ki, çox müasir zavodlardır və onları idarə edən mütəxəssislərin bir qismi ABŞ, Yaponiya, İtaliya və başqa inkişaf etmiş ölkələrdə təhsil almış yüksək hazırlıqlı özbək mütəxəssislərdir. Kadr hazırlanması üçün İtaliyanın Turin Politexnik Universiteti ilə birgə universitet yaradıblar. Yeri gəlmişkən, hazırda bizdə də ixtisaslı mühəndislərin hazırlanması üçün Turin Politexnik Universiteti ilə ADA Universiteti arasında akademik əməkdaşlığa başlanılıb. Özbəkistanda bu sahədə 200 min nəfərdən çox insanın çalışması texniki səviyyədə yeni bir ziyalı təbəqəsinin yaranmasına səbəb olub. ABŞ-nin məşhur “General Motors” şirkəti ilə birlikdə istehsal edilən genişçeşidli avtomobillər ölkəyə böyük vəsait qazandırmaqla yanaşı, yeni ziyalı, mühəndis təbəqəsinin yetişməsində böyük rol oynayıb.

İstehsal olunan avtomobillərin 500 milyon ABŞ dollarından da çox hissəsi ixrac olunur.

Özbəkistanı Azərbaycana bağlayan mədəni, iqtisadi və tarixi kökləri də nəzərə almaq vacibdir. Özbəkistan Qarabağda, işğaldan azad olunmuş Füzulidə böyük bir məktəb tikib istifadəyə verib, bu təhsil ocağının açılış mərasimində Azərbaycan Prezidenti ilə bərabər Özbəkistan Prezidenti də iştirak edib.

Biz bu günə qədər iki ölkə ilə birlikdə İnkişaf Fondu yaratmışıq. Özbəkistanla 500 milyon dollarlıq, Qırğızıstanla isə 25 milyon dollarlıq. Bu da bizim iqtisadiyyatlarımızın gələcək inkişafında öz müsbət rolunu oynayacaq.

Məlumunuz olduğu kimi, Naxçıvanda “NAZ Lifan”, Neftçalada isə “Xəzər” avtomobil zavodları var idi. Özbəkistanlılar təklif etdilər ki, biz sizinlə birgə avtomobilin istehsalını təşkil edə bilərik. İki il əvvəl biz Hacıqabulda sənaye məhəlləsində bu işləri həyata keçirməyə başladıq. Bu zavodda keyfiyyət və qiymət baxımından münasib, genişçeşidli avtomobillər istehsal ediləcək.

- Sahib müəllim, son dövrlər Azərbaycanın ixracının azalmasının səbəbi nədir?

- İxracın azalması əsasən neft sektorunda baş verir ki, bu da təbii bir prosesdir, yəni çıxarılan neftin həcmi azalır. Qeyri-neft sektoru üzrə məhsul ixracında isə əksinə artım müşahidə olunmaqdadır. Əvvəllər bizim qeyri-neft məhsulları ixracında kənd təsərrüfatı məhsulları üstünlük təşkil edirdi. Artıq Azərbaycanda ixracın strukturu dəyişir. Bu gün bizdə qeyri-neft-qaz sahəsindəki ən əsas məhsulumuz elektrik enerjisidir. Təkcə cari ilin 9 ayında 330 milyon dollarlıq elektrik enerjisi ixrac etmişik. Kimya sənaye məhsullarının ixracında da artımlar var.

Yeri gəlmişkən, şərabçılıq sahəsinin potensialına da toxunmaq istəyirəm. Vaxtilə bu sahə tarixən ölkəmizin ən gəlirli sahələrdən biri olub. Ancaq Mixail Qorbaçovun anti-alkoqolizm siyasəti nəticəsində üzümçülük təsərrüfatları məhv edildi. 1983-cü ildə ölkəmiz 2 milyon tondan çox üzüm istehsal etmişdi. Belə bir məlumat var ki, 1984-cü ildə Azərbaycanın şərabçılıq məhsullarından aldığı gəlir, hətta neftdən aldığı gəlirdən də çox olub. Bizim ən böyük ixrac olunan şərabçılıq məhsulumuz bütün SSRİ məkanında məşhur olan “Ağdam” şərabı idi. SSRİ dağılandan sonra Baltikyani ölkələrdən biri “Ağdam´s” brendi adı altında şərab məhsulları istehsalına başlanılmışdı, ancaq bu uğursuz oldu. Artıq bu brendin bizə məxsus olması təmin edilib və gələcəkdə “Ağdam” şərab brendi altında məhsul istehsalı ilə bağlı təkliflər var.

İndi Azərbaycanda şərabçılıq məhsullarının istehsalı inkişaf edir, çox yüksək keyfiyyətli şərabçılıq məhsullarımız var. Lakin etiraf etməyə məcburuq ki, hələlik biz bu məhsulların istehsalında yalnız 1969-cu il səviyyəsinə çatmışıq. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq bu sahəyə diqqət ildən-ilə artır və ümid etmək olar ki, yaxın gələcəkdə ciddi müsbət dəyişikliklərə baş verəcək.

- Gələcək layihələr və inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycanda iqtisadi inkişafla bağlı çox ciddi proseslər gedir. 2022-2026-cı illər sosial-iqtisadi inkişaf proqramı və milli prioritetlər müəyyən olunub.

Diqqətinizi iki vacib məsələyə cəlb etmək istərdim.

Birinci məsələ, yaşıl enerji və hidrogen istehsalı ilə bağlıdır və bu işlərlə bağlı ilk uğurlu addımlar atılıb. 2030-cu ilə qədər istehsal ediləcək enerjinin 30%-ni yaşıl enerji təşkil etməlidir və bu sahədə bizim çox böyük ixrac potensialımız var.

Digər məsələ, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasıdır. Qarabağda iki sənaye zonası yaradılıb. Bunlar Ağdam Sənaye Parkı və Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıdır.

- Qarabağda torpaqların vətəndaşlara paylanılmasına başlanıbmı?

- Məndə olan məlumata görə, bu, hələlik müzakirə predmetidir. Təcrübə göstərdi ki, torpaqların bölgüsündə yeni yanaşmalardan istifadə olunmasına ehtiyac var.

Buradakı əsas problemlərdən biri torpaqların konsolidasiyası məsələsidir. Qeyd edim ki, 90-cı illərin əvvəllərində həyata keçirilmiş torpaq bölgüsü bir çox müsbət nəticələrlə yanaşı, bəzi problemləri də üzə çıxardı.

Məsələn, yanaşı torpaq sahələrində biri noxud, digəri pambıq, digəri isə başqa bir məhsul əkir. Nəticə isə bundan ibarətdir ki, həmin torpaqlardan səmərəli şəkildə istifadə etmək, yüksək məhsul əldə etmək mümkün olmur. Kənd təsərrüfat texnikasından istifadə, suvarma, müasir aqrotexniki qaydaların tətbiqi ilə bağlı bir çox suallar ortaya çıxır.

Düşünürük ki, işğaldan azad olunmuş torpaqlarla bağlı bu sualların qarşısının vaxtında alınması mümkün olacaq.

Xəbər lenti