![]() |
|
İsrailin Bakıdakı səfirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə öz binasında təlim keçirib.
Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" hesabında məlumat verilib.
İsrailin Azərbaycandakı səfiri Corc Dik təlimin uğurlu keçdiyini bildirib.
"Biz səfirliyin və diplomatik heyətin təhlükəsizliyini təmin etdiklərinə görə Azərbaycan Respublikasının hüquq-mühafizə və təhlükəsizlik orqanlarına minnətdarıq. Bu birgə təlim çox uğurlu keçdi və ölkələrimizin möhkəm təhlükəsizlik əməkdaşlığına mühüm əlavə idi. Azərbaycan dövlətinin, bütün diplomatik nümayəndəliklərin, o cümlədən İsrail səfirliyinin təhlükəsizliyinə sadiqliyi göz qabağındadır və sarsılmazdır. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirməyə davam etməyi səbirsizliklə gözləyirik", - İsrail diplomatı vurğulayıb.
Fərid Əhmədovun ədliyyə naziri təyin olunması ədliyyə sistemində böyük panika yaradıb. Bu barədə məlumatı “AzPolitika.info” ədliyyə orqanlarına yaxın bir neçə mənbədən əldə edib.
Saytımıza verilən məlumata görə, nazir vəzifəsinə ədliyyə sistemində işləməyən, “yad” bir şəxsin gətirilməsi həm nazirlikdə, həm də Ədliyyə Nazirliyinin tabeliyində olan orqanlarında “soyuq duş” effekti yaradıb.
Qeyd edək ki, 45 yaşılı yeni Ədliyyə naziri Fərid Əhmədov ixtisasca hüquqşünas olsa da, ədliyyə sistemində çalışmayıb.
Onun sələfi Fikrət Məmmədov 24 il bu postda çalışıb. Nazirlikdə və ədliyyə orqanlarında əsas vəzifələri də təbii olaraq onun kadrları tutur. Eyni zamanda bu dövrdə ədliyyə sistemində hamıya məlum olan "daxili qaydalar" formalaşıb. Yeni nazir isə bu sistemdə kiçik istisnalarla heç kimi tanımır. Ona qədər illər ərzində oturuşmuş qaydalardan da yəqin ki, xəbərsizdir.
Başqa dövlət qurumlarındakı dəyişikliklərin təcrübəsi göstərir ki, sistemdən kənar kadrın rəhbər posta təyinatı ciddi dəyişikliklərə ehtiyac yarandığı zaman həyata keçirilir. Yəni, böyük ehtimalla Ədliyyə Nazirliyində də böyük dəyişikliklərə start veriləcək. Həm mövcud sistemin, həm də kadrların yenilənməsi həyata keçiriləcək.
Ədliyyə sistemində yaranmış böyük panikanın səbəbi də məhz bununla bağlanılır. Uzun illər ərzində nazirliyin “gəlirli” sahələrində kök salmış məmurlar yalnız vəzifələrini itirəcəklərindən deyil, həm də “çirkli” əməllərinin araşdırılacağından, hətta məsuliyyətə cəlb edilə biləcəklərindən narahat olmağa başlayıblar.
“AzPolitika”ya verilən məlumatda o da qeyd olunur ki, yeni nazirin ədliyyə orqanlarında üzərinə gedəcəyi çoxsaylı problemlər mövcuddur.
Belə ki, yeni nazir ilk addım kimi yeni cəzaçəkmə müəssisələrinin tikintisinin uzun müddət ləngiməsini, bu istiqamətdə ayrılan külli miqdarda vəsaitin haralara sərf olunmasını araşdıra bilər.
Habelə, dövlət vəsaitlərinin həbsxanalarda və istintaq təcridxanalarında “yoxa çıxması”, bir çox hallarda məhbusların insan ləyaqətini alçaldan formada saxlanılması, müalicə müəssisələrinin varlı məhkumların “istirahət mərkəzinə” çevrilməsi halları da diqqət mərkəzində ola bilər.
Qeyd olunur ki, Penitensiar Xidmətin tabeliyində olan bütün cəzaçəkmə müəssisələri, həbsxanalar rəhbər şəxslərin bitib-tükənməyən pul qaynağıdır. Təkcə dövlət resurslarının mənimsənilməsi deyil, məhkumların hesabına hər ay milyonlar manat vəsait toplanır.
Türmə rəisləri, icra orqanlarının rəhbərləri oliqarxlara çevriliblər. Ədliyyə sistemində gözlənilən dəyişiklik heç şübhəsiz bu “ədliyyə oliqarxlarına” da toxunacaq.
Bir sözlə ədliyə sistemində hər kəs "daşların yerindən oynayacağını" gözləyir, buna hazırlaşır. Yeni naziri isə on illiklər ərzində formalaşmış, kök atmış bürokratik, korrupsioner sistemi dəyişmək kimi çətin vəzifə gözləyir.
Bacaracaqmı, zaman göstərəcək.
Azərbaycan su ehtiyatı məhdud olan ölkədir.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə təşkil olunan “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə çıxışı zamanı deyib.
“Respublikamızın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi Respublika ərazisində, 70 faizi isə qonşu ölkələr ərazisindən daxil olur. Bundan əlavə, son illər baş verən iqlim dəyişiklikləri səbəbindən Respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb”,- Mikayılov qeyd edib.
Kolbasalar ət məhsulu hesab edilsə də, bu, heç də belə deyil. Çünki əksər kolbasa məhsullarının tərkibində ət çox az miqdarda olur.
Maraqlıdır, görəsən, keyfiyyətli kolbasanı necə ayırd etmək olar?
Qida üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, məhsulun rəngi keyfiyyətindən xəbər verir:
“Açıq rəngdə, çəhrayıya çalan rəng olmalıdır. Kolbasa ət məhsuludur. Onun hazırlanmasında 70 faiz ət, 30 faiz isə köməkçi maddələrdən istifadə edilməlidir. Həmçinin kolbasanın qabığını üzərindən ayıran zaman quru olmalıdır, üzəri yapışqan və ya sulu olmamalıdır”.
Mütəxəssis qeyd edib ki, kolbasanın keyfiyyətli olduğunu göstərən amillərdən biri də məhsulun daha bərk olmasıdır:
“Kolbasanı kəsəndə içindəki əlavə inqrediyentlər görünməməlidir və boşluqlar olmamalıdır. Əgər məsamələr varsa, bu o deməkdir ki, kolbasanın hazırlanmasında təkcə ətdən deyil, həm də dəri və qığırdaqlardan istifadə olunub”.
Ətraflı Baku TV-nin süjetində:
Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.
“Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 78 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülür.
Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.
Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 451 ailə (1705 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 808 nəfərə çatıb (211 ailə).
Bəzi universitet məzunları ali təhsilli olmalarına baxmayaraq, mağazalarda satıcı işləyirlər.
Məzunların məşğulluq reytinqinə görə, 2018-2021-ci illərdə ölkənin 11 aparıcı ali təhsil müəssisəsindən məzun olanların ən çox işə qəbul olunduğu 10 müəssisədən 5-i market və məişət əşyaları satan şəbəkələrdir.
İqtisadçı Eyyub Kərimli bildirib ki, beynəlxalq təcrübədə, həmçinin ölkəmizdə baş verən iqtisadi proseslərdən dolayı hazırda əmək bazarında çox ciddi rəqabət formalaşıb:
“Belə ki, bəzən hansısa işə düzəlmək üçün universitet diplomu yetərli olmur. Əlavə bilik və bacarıqların olması tələb olunur. Bu baxımdan əgər insan yalnız universitetdə oxuyub və ixtisasına uyğun biliklərə tam yiyələnməyibsə, işə düzəlməkdə müəyyən çətinliklərlə üzləşəcək”.
Təhsil eksperti Kamran Əsədov isə deyib ki, peşə təhsilli şəxslərin daha çox hissəsi ixtisasları üzrə işləyirlər. Ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrini bitirənlərlə bağlı isə mənzərə fərqlidir. Onların cəmi 42 faizi ixtisasları üzrə iş tapa bilir. Ekspertin sözlərinə görə, abituriyentlər topladıqları ballara uyğun ixtisas seçdikləri üçün müəyyən sahələrdə təhsil alanların iş tapması bəzən mümkünsüz olur.
Odur ki, ixtisas seçərkən əmək bazarının təhlil edilməsi çox vacibdir.
Ətraflı Baku TV-nin süjetində:
Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir:
“Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həmdə məktəblilərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə də, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar”.
BDYPİ valideynlərə çağırış edərək belə hallara yol verməməyə çağırıb.
Azərbaycanın “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etməni də nəzərdə tutur. 18 yaşına çatmış kişi cinsli vətəndaş Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməlidir. Müddətli həqiqi hərbi xidmət ali təhsillilər üçün 1 il, qalan şəxslər üçün 1 il 6 aydır. Çağırışçı üçün son yaş həddi 36,5 yaşdır.
Bəs görəsən hansı hallarda vətəndaşlar həqiqi hərbi xidmətdən azad olunur?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas-vəkil Turan Abdullazadə aşağıdakı hallarda şəxslərin həqiqi hərbi xidmətdən azad olunduğunu deyib:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, fəlsəfə və elmlər doktoru elmi dərəcəsi olan şəxslər, sağlamlıq vəziyyətinə görə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, həm sülh, həm də müharibə dövründə hərbi xidmətə yararsız olan, 35 yaşınadək müxtəlif səbəblərdən hərbi xidmət keçməmiş, alternativ hərbi xidmət keçməyə göndərilmiş, Azərbaycan vətəndaşlığını qəbul etmədən öncə vətəndaşı olduğu ölkənin qanunvericiliyinə uyğun hərbi xidmət keçmiş və ya azad edilmiş şəxslər müddətli hərbi xidmətdən azaddır”.
Vəkil boy və çəki ilə əlaqədar hərbi xidmətdən azad olunmanın hüquqi tərəflərindən də söz açıb:
“Hərbi xidmətdən azad edən xəstəliklərin cədvəli “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də göstərilib. Həmin əsasnamədə qeyd olunub ki, bədən çəkisi 45 kiloqramdan, boyu isə 148 santimetrdən az olan şəxslər endokrinoloq tərəfindən müayinə olmalıdır və 12 ay müddətində hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. 12 aydan sonra həmin şəxslərdə fiziki inkişaf çatışmazlığı davam edərsə, onlar hərbi xidmətə yararlılığın “C” kateqoriyası ilə qiymətləndirilir. “C” kateqoriyasına daxil edilən şəxslər sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə yararlı hesab olunur”.
Son illər ölkəmizdə boşananların sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il 49549 nikah, 19761 boşanma qeydə alınıb. 2022-ci ilin statistik məlumatlarından nikahların 14,5 faiz azaldığı, boşanmanın isə 31,3 faiz artdığı məlum olub.
Qurulan ailənin dağılması mənəvi ağırlıqla yanaşı, maddi məsələlərin həllini də ortaya çıxarır. Ailələr qanunla həm ayrılır, həm də onların hər ikisinə aid olan uşağın atanın və ya ananın yanında qalacağı, birgə əldə etdikləri əmlak məsələsini həll edirlər. Qanunvericilik hər iki tərəfə eyni hüquq tanısa da kişilər qadınların ayrılıb getməsindən, uşağın qadında qalmasından, qadının aliment tələb etməsi və əmlakdan pay istəməsindən narazıdırlar.
Maraqlıdır, ailə boşandıqda qanunvericilik kişiyə hansı hüquqları tanıyır? Qadının üstün olduğu hallar hansılardır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Ruslan Vəliyev boşanma zamanı qadının yeganə üstünlüyünün olduğunu deyib:
“Qanunvericilik həm Konstitusiya, həm Ailə Məcəlləsi, həm də Mülki Məcəllə səviyyəsində ər və arvadın bərabər hüquqlu olmasını təsbit edir. Bizim qanunvericilikdə ər və arvad boşanan zaman hansısa tərəfin üstünlük hüququ yoxdur. Yalnız bir məsələdə üstünlük hüququ qadındadır, yəni qadın hamilədirsə və ya uşağın bir yaşı yoxdursa, həmin dövrdə qadının razılığı olmadan kişi nikahın pozulması, boşanma barədə iddia ərizəsi verə bilməz.
Məhkəmə onu qəbul etmir. Qadının yeganə üstünlüyü burdadır. O da hamiləlikdən, azyaşlı uşağın olmasından irəli gələn məsələdir. O dövrdə qadına pozitiv üstünlük tanıyırlar. Bu, həmin dönəmdə kişinin qadını boşayıb çətin vəziyyətə atmasının qarşısı alınması üçün atılan addımdır”.
Hüquqşünas digər məsələlərdə hər iki tərəfin hüquqlarının bərabər olduğunu vurğulayıb:
“Necə ki qadın uşağın onun yanında qalmasını tələb eləyə bilir, eyni hüquq da kişidə saxlanılır. O da müraciət edib, uşaqların onun yanında qalmasını tələb edə bilər. Uşaq atanın yanında qalırsa, digər valideynin aliment öhdəlikləri yaranır. O deməkdir ki, qadın ərinə aliment ödəməlidir. Kifayət qədər məhkəmə təcrübəsi var ki, kişilərin müraciəti əsasında uşaqlar atanın yanında qalır, ana da aliment ödəyir. Qanun bunu qadağan etmir.
O cümlədən, birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü ilə bağlı məsələdə də durum eynidir. Qadın müraciət edib, ərinin adına qeydiyyatdan keçən əmlakın bərabər bölünməsini tələb edirsə, eyni qaydada da ər müraciət edir və qadının adına olan nikah dövrü birgə əldə olunan əmlakın bərabər şəkildə bölünməsini tələb edə bilər.
Ünsiyyət hüquqları da eynidir. Əgər uşaq atanın yanında qalıbsa, ya əksinə olubsa ata ünsiyyət hüququnun yaranması üçün müraciət edir. Əgər iddia əsaslıdırsa, məhkəmələr kişilərin xeyrinə də eyni cür qərarlar qəbul edirlər”.
Azərbaycan cəmiyyətində uşaqların daha çox ananın yanında qaldıığı fikrinə münasibət bildirən vəkil bunun sovet dönəmində qəbul edilən qərardan irəli gəlmiş olduğunu bildirib:
“Qanunvericilikdə uşağın konkret olaraq kimin yanında qalması qeyd olunmayıb. 1976-cı ildə Ali Məhkəmənin qərarı vardı, orada məktəbə qədər yaşda olan uşaqların daha çox ana nəvazişinə ehtiyac duyduqlarının nəzərə alınması qeyd olunmuşdu. O qərar artıq qüvvədə yoxdur. Ola bilsin ki, bu, insanların, yaşlı nəslin fikrində qalıb. Lakin hüquqların məhkəmə müstəvisində müdafiəsində və iddialarda hamısı eynidir”.
Bəzi valideynlərin sosial şəbəkələrdə qeyri-etik davranışları artıq onların həyat tərzinə çevrilib.
Ən acınacaqlısı isə odur ki, onlar övladlarını, bəzən azyaşlı uşaqlarını da canlı yayımlara çıxararaq öz əməllərinə alət edirlər. Belə hallar isə balacaların tərbiyəsinə mənfi təsir göstərməklə yanaşı, həm də cəmiyyətdə qıcıq yaradır.
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, gənc nəslin tərbiyəsinə zərər verəcək kontentlərin sosial şəbəkələrdə yayılması və bunun artıq bir tendensiya halını alması çox ciddi təhlükələrdən xəbər verir:
“Biz gələcək nəsillərin əxlaqını qorumalıyıq. Məsələn, bir sıra ölkələrdə əxlaq polisləri fəaliyyət göstərirlər. Hesab edirəm ki, oxşar bir nəzarət sisteminin yaradılması haqqında Azərbaycanda da düşünmək üçün ciddi əsaslar mövcuddur”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov isə qeyd edib ki, internet informasiya ehtiyatlarında söyüş xarakterli ifadələrin istifadəsi yolverilməzdir və buna qarşı artıq İnzibati Xətalar Məcəlləsində sanksiyalar mövcuddur:
“Belə ki, Məcəllənin 388-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında qadağan olunmuş informasiyanın yayılmasına görə fiziki şəxslər 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslər isə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir”.
Ətraflı Baku TV-nin süjetində: