Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.
Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.

Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.

Qeyd edək ki, Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.

Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar Yol Polisi İdarəsinin sisteminə ötürüləcək. Bu, Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək. Bəs görəsən buraxılış vərəqələrinin verilməsi ilə bağlı hansısa kriteriyalar və öhdəliklər tələb olunacaqmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov qanunun bu sahədə olan bir çox çətinliyi aradan qaldıracağını deyib:

“Bu məlumatların mərkəzi bazada olması təqdirəlayiq bir addımdır. Çünki belə bir bazanın olmaması gələcək iş prinsiplərində bəzi çətinliklər yaradırdı. Daha öncə müəyyən prosedur qaydaları, inzibati tənbehləri tətbiq etmək çətin idi. Çünki hər hansı bir qayda pozuntusu etmiş şəxs bilir ki, cərimələnəcək və sadəcə cəriməsini ödəyəcək. Ona görə də mərkəzi baza sisteminin Daxili İşlər Nazirliyinin nəzdində yaradılması bir növ prosesləri kökündən həll etmək deməkdir. Sürücülük vəsiqəsini və avtomobillərin dövlət qeydiyyatına alınmasını Daxili İşlər Nazirliyi yerini yetirir. Bu səbəbdən sistemə birbaşa nəzarət də Daxili İşlər Nazirliyində olmalıdır”.

Ekspert buraxılış vərəqələri ilə bağlı kriteriyaların müəyyən olunması üçün zamana ehtiyac olduğunu qeyd edib.

“Buraxılış vərəqəsinin verilməsi ilə bağlı kriteriyaların müəyyən olunması üçün hələki tezdir. Mərkəzi baza sistemi tətbiq olunduqdan sonra müştəriləri incidən sürücülər, qanunu pozan şirkətlərlə bağlı hansısa ölçü götürülə bilər. Lakin bunu tətbiqi üçün müəyyən vaxt lazımdır”.

“Büdcənin yenidən baxılması neftin qiymətindən asılıdır. Neft və qazın qiymətindən əlavə gəlirlər daxil olacaqsa, büdcəyə yenidən baxıla bilər”.

Bunu “Unikal”a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, bu, qiymətlərin necə dəyişəcəyindən asılıdır:

“Baxaq görək qiymət məsələsində stabillik olacaq ya yox. Əlbəttə, inflyasiya proqnozlaşdırılan 5 faizdən yüksək olacaqsa, maaş, pensiya və müavinətlərə yenidən baxılmalıdır. Hazırda isə neftin qiyməti yüksəkdir”, – deyə deputat vurğulayıb.

Zərdab Rayon Polis Şöbəsinə (RPŞ) yeni təyinat olub.

"Report" xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Pərviz Hüseynov Zərdab RPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, o, bu təyinata qədər Mingəçevir Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsində çalışıb.

44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında dayanan ən mühüm hədəflərdən biri işğaldan azad edilmiş ərazilərin bərpasını və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməkdir. Böyük Qayıdış proqramına uyğun olaraq 2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərə 34 500 ailənin, yəni 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub. Məcburi köçkünlərlə yanaşı bu illər ərzində dünyadan köçmüş doğmalarının da məzarlarının azad ərazilərə köçürülməsi təklif olunur.

Maraqlıdır, keçmiş məcburi köçkünlərin qəbirlərinin də işğaldan azad olunmuş ərazilərə köçürülməsi mümkündürmü?

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Bizim.Media-ya açıqlamasında qəbirlərin daşınması məsələsini insanların haqqı kimi qiymətləndirib:

“Əlbəttə, belə bir layihə nəzərdə tutulubsa, qəbirlərin daşınmasını da etmək normaldır. Çünki insanlar öz yurd yerlərinə qəbirlərin köçürülməsini təmin edə bilərlər. Bunun nə cür reallaşacağı formalarına baxmaq lazımdır. Yəqin ki dövlət qurumları bu istiqamətdə konkret layihə işləyib hazırlamalıdırlar.

Çünki bu, insanların haqqıdır. Bu haqqı onlara qaytarmaq lazımdır. Təbii ki, Vətən torpağının fərqi yoxdur, istər Bakı olsun, istərsə də Laçın, Qubadlı və s. Lakin öz əzizlərinin qəbirlərini yaşadıqları əraziyə köçürmələri ilə bağlı insanlara məhdudiyyət qoyulmamalıdır. Qarabağda daimi yaşayan insanlara doğmalarının qəbirlərini də aparmağa şərait yaradılmalıdır”.

Hüquqşünas Turan Abdullazadə isə məsələnin hüquqi tərəflərindən bəhs edib. Onun sözlərinə görə Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması qayda”larında məzarların köçürülməsinə dair tələblər müəyyən edilib:

“Qanunvericiliyə əsasən, vahid dövlət reyestrinə dəfn edilmiş şəxsin qəbrinin köçürülməsinə dair məlumatlar daxil edilməlidir. Qəbirstanlıqların köçürülməsi və ya bağlı elan olunması barədə qərar müvafiq komissiyanın rəyi nəzərə alınmaqla, bələdiyyə tərəfindən qəbul edilir və bu barədə media ilə əhaliyə məlumat verilir. Habelə qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə məlumat yerləşdirilir”.

Turan Abdullazadə sözügedən qaydaların 16-cı maddəsinə əsasən, qəbiristanlıqların köçürülməsinə hansı hallarda yol verildiyi məsələsinə də toxunub. O, deyib ki, subasma, daşqın, sel, torpaq sürüşməsi, zəlzələ və digər təbii fəlakətlər zamanı, qəbiristanlığın ərazisi olan torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda da məzarların köçürülməsinə icazə verilir. Qaydaların 16-cı bəndi ilə müəyyən edilmiş səbəblərdən müəyyən hissəsinin və qəbiristanlıqdakı ayrı-ayrı qəbirlərin köçürülməsi halında, bu Qaydaların tələbləri gözlənilməlidir. Düşünürəm ki, qanunvericiliyə əsasən, ayrı-ayrı qəbirlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsinə zəruri hallarda şərait yaradıla bilər, lakin bunun kütləvi şəkildə edilə biləcəyini ehtimal etmirəm. Hər bir halda belə bir addım üçün bu barədə aidiyyatı dövlət orqanları tərəfindən konkret olaraq müvafiq qərar qəbul edilməlidir” - deyə, hüquqşünas bildirib.

Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas Axar.az-a müsahibəsində maraqlı məqamları açıb.

O, Ağdam işğaldan azad edildikdən sonra orada toy məclisi keçirdiyini bildirib.

“Demişdiniz ki, Ağdamda İradə Tuncayla yenidən toy edəcəksiniz. Necə oldu, İradə xanım yenidən evləndimi sizinlə?” sualına millət vəkili belə cavab verib:

“Əlbəttə, demişdim, elədim də. 40 illiyimizi Ağdamda, məscidin yanında 50-60 nəfərdən ibarət toy şəklində etdik. Amma içkisiz.

Toyda iştirak edənlər orada xidmət edən polis və hərbçilərimiz idi, içmək olmazdı. Amma yemək yaxşıydı. Hələ postlara da payladıq. Bircə dedim, qabları qaytarın, onlar dövlətindir (gülür)”.

A.Abbas qeyd edib ki, xanımı ilə razılaşıb və köçüb Ağdamda yaşamaq üçün dövlətdən ev istəyəcək.

 

 

 

 

Ölkədə keçirilən növbədənkənar Prezident seçkilərindən və Nazirlər Kabinetinin təsdiqlənməsindən sonra gündəlikdəki məsələlərdən biri də struktur dəyişikliyidir.

Maraqlıdır, növbəti mərhələdə icra hakimiyyətlərinin ləğvi, nazirliklərin, başqa qurumların birləşdirilməsi və s. kimi islahatlar olacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyev andiçmə mərasimində ölkəmizdə aparılacaq islahatların daha da dərinləşəcəyi anonsunu verdiyini xatırladıb:

“Ölkə başçısı bildirdi ki, idarəetmədə yeni innovativ texnologiyaların iqtisadiyyatımıza qazandırılması, yeni kibertexnologiyaların milli maraqlarımız üçün səfərbər edilməsi və bu istiqamətdə kadrların hazırlanması prosesi həyata keçirilir.

Azərbaycanda islahatlar təkamül formasında gedir. Bəzən ölkədə radikal islahatların aparılması haqda fikirlər səsləndirilir. Lakin idarəetmə çox mürəkkəb və həssas olduğu üçün birdən-birə hər şeyi dəyişib, risklər yaratmaq doğru olmaz. Hazırkı reallıq kontekstində Azərbaycan öz ənənəsinə sadiq qalmalıdır. Ardıcıl, məqsədyönlü islahatlar bundan sonra da keçirilməlidir. Bu, daha yaxşı nəticələr verir”.

Deputat vurğulayıb ki, kəskin struktur dəyişiklikləri, hansısa qurumların ləğvi riskli ola bilər:

“Əldə etdiyimiz uğurlar da göstərir ki, ardıcıl fəaliyyət daha effektlidir. İdarəetmədə yeni institutların formalaşması məhz ardıcıllıq kontekstindən aparılmalıdır. Bu təcrübə uğur qazandıqdan sonra proses digər sahələrə də tətbiq olunur”.

Kamaləddin Qafarov: “ Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

Bu sözləri Xocalı Soyqırımı Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada durur. “Xüsusilə son otuz ildə Ermənistan Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsədilə xalqımıza qarşı olmazın vəhşiliklərə əl atmışdır. Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da aqressiv və cinayətkar erməni siyasətinin təzahürlərindən biri kimi baş vermişdir. Lakin ermənilərin vəhşilikləri xalqımızın iradəsini qıra bilmədi. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sayəsində torpaqlarımızın 30 illik işğalına birdəfəlik son qoydu. Bu parlaq Zəfərdən cəmi üç il sonra- 2023-cü il sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbiri nəticəsində isə, Xocalı, Xankəndi, Ağdərə, Xocavənd şəhərləri və digər qalan ərazilərimiz separatçılardan birdəfəlik təmizləndi. Həmin ərazilərdə şanlı Azərbaycan bayrağını şəxsən qaldıran Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı qətliamı qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi.”

K.Qafarov qəti şəkildə əmin olduğunu bildirib ki, keçən il qolları qandallanaraq Bakıya gətirilən və hazırda öz əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verən digər separatçılar kimi, əlləri Xocalı qurbanlarının qanına bulaşmış bütün cinayətkarlar da bir gün öz cəzalarını alacaqlar: “Erməni separatistlərinin bütün dünyada olan havadarları tərəfindən yaradılmış və uzun illər boyunca saxlanan cəzasızlıq mühiti bu qəsbkarları yeni təxribatlara sövq edirdi. Otuz ilə yaxın müddət ərzində bir çox beynəlxalq təsisatlar Qarabağ münaqişəsini guya ki, sülh yolu ilə həll etməyə çalışsalar da, əslində onların məqsədi bu münaqişəni dondurmaq, Azərbaycana hərbi yolla öz ərazilərini geri almağa imkan verməmək və illər sonra xalqımızı işğal faktı ilə həmişəlik barışdırmaq idi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz siyasi iradəsi və qətiyyəti bu planları alt-üst etdi. Son üç il ərzində Azərbaycan əvvəlcə 44 günlük Vətən müharibəsi nəticəsində işğala son qoydu və daha sonra, keçən il cəmi 1 günə həyata keçirdiyi antiterror əməliyyatı ilə bütün Qarabağda separatizmin və terrorçuluğun kökünü kəsdi, özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. Bu ardıcıl qələbələrlə şanlı ordumuz həm də Xocalı qətliamının günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Bu gün artıq Xocalı soyqırımını törədən qatillərin bir qismi, xalqımıza qarşı kütləvi qətliamlar, soyqırımlar törədən cinayətkar erməni separatçıları indi bir-bir Azərbaycan qanunları qarşısında cavab verirlər. Əlbəttə, bu gün onlardan hələ də azadlıqda gəzənlər, öz himayədarlarının kölgəsində saxlananlar da var. Lakin onlar da bilməlidirlər ki, bu cəzasızlıq mühiti daimi olmayacaq. Gec-tez onlar da öz qanlı əməllərinə görə ədalət məhkəməsi qarşısında mütləq cavab verməli olacaqlar”.
İndi Rusiyaya getməyək? - AKTUALMoskvanın “Domodedovo" hava limanında Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan tanınmış fitnes məşqçisi Kamil Zeynallı artıq azadlığa buraxılıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Kamil Zeynallının saxlanılma səbəbi Ermənistanın onu beynəlxalq axtarışa verməsidir.

Erməni tərəfi iddia edir ki, guya Azərbaycanlı məşqçi İkinci Qarabağ müharibəsində dinc erməni sakinlərinə qarşı cinayət törədib.

Maraqlıdır, Azərbaycan Respublikası tərəfindən beynəlxalq axtrışa verilən erməni terrorçuları nə Rusiyada, nə də Qərb ölkələrində bu günə qədər həbs olunmayıb. Həmin şəxslər Birinci Qarabağ müharibəsində dinc azərbaycanlı əhalisinə qarşı törədilən saysız-hesabsız qətliamlarda iştirak ediblər.

Məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya bildirib ki, Moskvada Kamil Zeynallın heç bir əsas olmadan saxlanılması Azərbaycana qarşı hörmətsizlikdir:

“Azərbaycan Respublikasının Baş Prokurorluğu Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızda xalqımıza qarşı qətliamlar və qırğınlar törədən, bütün bu cinayətlərin başında duran erməni terrorçularını cinayət məsuliyyətinə cəlb edib və onları beynəlxalq axtarışa verib.

Rusiyanın hüquq-mühafizə orqanlarında bu şəxslər barədə kifayət qədər məlumat var. Azərbaycan hamısını Rusiyanın müvafiq orqanlarına təqdim edib. İndiyə qədər Rusiyaya səfər edən heç bir erməni həbs olunub Azərbaycana təhvil verilməyib. Təəssüf edici hal odur ki, İkinci Qarabağ müharibəsindən sonra müəyyən müddət ərzində Azərbaycana qarşı terror aktları törədən erməni separatçıları – Araik Arutyunyan və digər şəxsləri Rusiyaya sərbəst şəkildə daxil olurdular.

Onlara heç kəs toxunmurdur. Hətta erməni separatçıların Rusiya rəsmiləri ilə gizli şəkildə görüşləri olurdu. Yəni, Rusiya Azərbaycanın təqdim etdiyi terrorçuların siyahısına məhəl qoymurdu.

Hazırda da Rusiyanın bu siyasəti davam edir. Nəinki Rusiyada, hətta Qərb ölkələrində də Azərbaycanın beynəlxalq axtarışa verdiyi erməni terrorçular barədə tədbir görülmür. Baxmayaraq ki, həmin şəxslər barədə sübutlar ortalığa qoymuşuq. İstənilən halda Rusiya və Qərb ölkələrində bu şəxslər barədə həbs qərarı çıxarılmalıdır.

O ki qaldı Azərbaycanlı məşqçi Kamil Zeynallının heç bir səbəb olmadan saxlanılmasına, bunu Azərbaycana qarşı hörmətsizlik hesab edirəm. Ölkəmizin müvafiq qurumlara Rusiyanın bu hərəkətinə qarşı ciddi münasibət sərgiləməlidir."

Uşaqlara bir neçə peyvəndin eyni vaxtda vurulması məsələsinə aydınlıq gətirilib.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, eyni vaxtda bir neçə peyvəndin tətbiq edilməsi uşağın immun sistemini pozmur:

“Uşağınızı təhlükəli xəstəliklərdən qorumaq üçün tələb olunan səviyyədə immunitetin yaranmasını təmin etmək vacibdir. Bunun üçün peyvəndin bütün dozaları profilaktik peyvənd təqviminə uyğun vaxtında vurulmalıdır”.

Xəbər lenti