![]() |
|
Bu il Cəbrayıl şəhərinə köç olacaq.
Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi salınır. Kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir. Bu binalarda 712 mənzil olacaq.
Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra edilir.
Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri İdarəsinin rəisi Mahir Abdullayev 2023-cü ilin dekabr ayı üzrə kommunal işıq borcunun çox yazılması barədə şikayətlərə aydınlıq gətirib.
İdarə rəisi Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, dekabr soyuq aylardan biri hesab edilir: "Bu səbəbdən də isitmə cihazları və s. istifadə olunur, bu da enerji sərfiyyatını artırır. Enerji sərfiyyatının hesabatı elektrik sayğacları vasitəsi ilə aparılır. Vətəndaşların ödəyəcəkləri məbləğ sayğac göstəriciləri əsasında yaranır".
Yanvarın 24-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 54 , o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
“Azərpoçt”un 2024-cü il üzrə əsas hədəfi yenidən əməkdaşların maddi rifah səviyyəsinin yüksəldilməsi olacaq.
Bunu “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev “2023-Hesabat” adlı tədbirdə bildirib.
“Büdcə xərclərində də bu istiqamətdə 15 faizlik artım nəzərdə tutulub” – o bildirib.
Qurum rəsmisinin sözlərinə görə, son 3 ildə “Azərpoçt” MMC-nin aktivləri 5 dəfəyə yaxın artıb, müştəri bazasının artımı hesabına müştəri qalıqlarının həcmi isə 2020-ci ilə nisbətdə 10 dəfə artıb: “2020-ci ildə 7,7 milyon manat xalis zərər olmasına baxmayaraq 2023-cü il ərzində 4,6 milyon manat xalis gəlir əldə edilməsinə nail olunub”.
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 25-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində yanvarın 24-ü axşam saatlarından yağıntılar tədricən kəsilib, şaxtalı hava şəraiti davam edib.
ETSN-dən verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Laçında 60 sm, Xocavənddə 40 sm, Kəlbəcər, Füzulidə 35 sm, Lerik, Biçənəkdə (Ordubad) 30 sm, Daşkəsən, Yardımlıda 29 sm, Kişçayda (Şəki) 28 sm, Şuşada 25 sm, Cəlilabadda 21 sm, Biləsuvarda 20 sm, Gədəbəydə 18 sm, Xankəndi, Qəbələ, Göygöldə 15 sm, Şahbuzda 14 sm, İmişlidə 13 sm, Qrız , Xaltan, Oğuz, Şəki, Naxçıvan, Şərur, Altıağac, Sədərək, Qusar, Göyçay, Quba, Tərtər, Şabranda 12 sm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcə şaxta, Naxçıvan MR-da 4-6 dərəcə şaxta (dağlıq ərazilərdə 12 dərəcə şaxta), Aran rayonlarında 1-3 dərəcə şaxta, dağlıq rayonlarda 9-12, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta olub.
Yanvarın 25-26-da ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Dağ yağda və ya früterdə qızardılmış kartof, peraşji, ponçik və şirniyyatlar orqanizm üçün çox təhlükəlidir.
“Medicina” xəbər verir ki, diyetoloq İrina Mansurova früterlərin xüsusən uşaqlara zərərini açıqlayıb:
“Burada əsas təhlükə elə früterdə olan termo emaldır. Bu zaman zərərli birləşmələr yaranır ki, bunlar kanserogen təsir edir. Kanserogen maddələr isə xərçəng yaradır.
Früterdə hazırlanan desertlərdə şəkər, karbohidrat, yağ, üstəlik də kanserogen maddələr orqanizmi yükləyir, mədəaltı vəz, qaraciyər, ürəyə zərər verir.
Belə qidaları yeyənlərdə diabet, ürək xəstəlikləri, gələcəkdə xərçəng ola bilir.
Digər zərərli şirin məmulatlar:
Saqqız, içlikli transyağlı şirniyyatlar, batonlar, şokolad batonları, əriyən konfetlərdir.
Bu qidalarda əlavələr və transyağlar olur”.
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafi ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq.
Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.
Vətəndaşlar kommunal xidmətlərlə bağlı ödənişləri gecikdirdikdə və ya ümumiyyətlə ödəmədikdə bir çox halda aidiyyəti qurumlar tərəfindən göstərilən xidmət dayandırılır. Bu isə çox vaxt insanların narazılığına səbəb olur. Görəsən borca görə vətəndaşın qazının, suyunun, işığının kəsilməsi qanunidirmi?
Mövzu ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Yenisabah.az-a açıqlamasında bu addımın qanunvericiliyə uyğun olduğunu qeyd edib.
“Biz Allaha şükür etməliyik ki, mütəxəssislər nə yaxşı kanalizasiyanın ayrılma xəttini yaratmayıblar. Qanunvericiliyə görə kommunal borcu olan vətəndaşa 1 ay müddətində xəbərdarlıq olunursa və bu müddət ərzində ödəniş edilmirsə, həmin kommunal təminat kəsilə bilər. Qeyd edim ki, ümumiyyətlə istehlakçılar bununla bağlı maariflənməli və kommunal borcları vaxtında ödəməlidir”.
Eyyub Hüseynov vətəndaşların tez-tez üzləşdiyi daha bir problemə diqqət çəkib.
“Bu sahədə geniş yayılmış problemlərdən biri ev alqı-satqısı zamanı mənzilin yeni sahibinə bir müddət sonra böyük miqdarda borc gəlməsidir. Burada borc yeni istehlakçının üzərinə yazılır. Bu anormaldır və bu sahədə çox ciddi problemlər var. Düşünürəm ki, ev alqı-satqısı zamanı bu məsələlər həll olunmalıdır. Heç kimin borcunu əsassız yerə digəri ödəməməlidir. Notarius bu məsələlərə diqqət yetirməlidir. Eyni zamanda istehlakçı istifadə etdiyi kommunalın haqqını verməlidir. Əks halda, kommunal xidmətin kəsilməsi qanunidir”.