Sabahdan, iyunun 26-dan Azərbaycanda bir həftəlik bayram tətili başlayır.

Qurban bayramı və Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq tətil günləri 26 iyun- 2 iyul tarixlərini əhatə edir.

Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günləri olub.

Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.

Qeyd edək ki, 26 iyun Azərbaycanın Silahlı Qüvvələri Günü, 28 və 29 iyun isə Qurban bayramıdır.

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.

"AzərTac" xəbər verir ki, daha 53 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.

Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. 

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması təmin edilib.









İyunun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

11 Piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət 8 saatlıq məhdudlaşdırılacaq

 

Yol-xeber.az" xəbər verir ki, Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 26 iyun axşam saat 22:00-dan 27 iyun saat 06:00-a qədər yolun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə Milli Preventiv Qrupun üzvləri tərəfindən Gədəbəy Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) keçirilib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

Başçəkmə zamanı MSY-də saxlanılan şəxslər, o cümlədən rayonun Söyüdlü kəndində baş vermiş hadisə zamanı saxlanılmış və inzibati qaydada həbs edilmiş 5 nəfər şəxs də konfidensial qaydada qəbul edilb, hər birinin müraciətləri yerində dinlənilib.

Qəbul edilmiş şəxslərin hər biri fərdi qaydada vizual müayinə olunub, onlarla rəftardan, qida təminatından, saxlanma şəraitindən şikayətləri olmadığını bildiriblər, məsələyə dərhal reaksiya verərək hüquqlarının təminini diqqətdə saxladığına görə Ombudsmana təşəkkür ediblər. Saxlanılan şəxslərə hüquqları izah edilib, barələrində olan məhkəmə qərarları ilə bağlı müraciətləri üzrə hər birinə hüquqi məsləhət verilib.

Başçəkmə çərçivəsində saxlanılan şəxslərlə bağlı sənədləşmə, saxlanma şəraiti –bütün kameraların vəziyyəti, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qida təminatı yerində araşdırılıb.

Başçəkmənin yekununda MSY rəhbərliyi ilə söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.

Müraciət də deyilir:

"Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində polis, o cümlədən Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də respublikаnın digər şəhər və rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər".

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcək.

Qeyd olunub ki, şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də isə məscidlərdə Bayram namazı qılınacaqdır:

"Qurban bayramı Ülul-əzəm peyğəmbərimiz Həzrət İbrahimin (ə) əhdi və oğlu Həzrət İsmayılın (ə) dəyanəti ilə bəşər tarixində iz qoyan bir gündür. Bu müqəddəs bayram müsəlmanlar arasında ünsiyyəti, həmrəyliyi, yardımlaşmanı, qardaşlıq və dostluğu möhkəmləndirir. Tarix boyu müsəlmanlar:“...Rəbbin üçün namaz qıl və qurban kəs!” (“Kövsər”, 2) ilahi əmrinə riayət edərək Qurban bayramını qeyd edirlər. Vəhdət əqidəsi altında insanları birləşdirən Qurban ibadətinin mahiyyəti barəsində Qurani-Kərimdə belə buyurulur: “Onların (kəsilən qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz (bununla Allahın razılığına nail ola bilməzsiniz) . Allaha çatacaq olan yalnız sizin təqvanızdır (Allahın rizasını səmimi qəlbdən etdiyiniz ibadətlə və yaxşı əməllərlə əldə edə bilərsiniz)” (“əl-Həcc”, 37).

Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə maddi imkanı olan adamların qurban kəsməsi bəyənilən əməldir və Həzrət Peyğəmbərin (s) mübarək hədisinə əsasən “Adəm oğlu üçün Qurban bayramı günündə Allah yolunda qurbanlıq kəsməkdən daha gözəl bir əməl ola bilməz”. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, iribuynuzlu heyvan və dəvəni də qurbanlıq niyyəti ilə kəsmək olar. Qurbankəsmə ayininin təmizlik və sanitariya qaydalarına uyğun şəraitdə, müvafiq icra qurumları tərəfindən təyin olunmuş yerlərdə kəsilməsi məqsədəuyğundur. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər. Borc alıb qurban kəsmək şəriətə uyğun deyildir. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir. Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir.

Əziz qardaş və bacılar! Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların Allah-təala tərəfindən qəbul olduğu zamandır. Bu niyyətlə bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz, dövlətçiliyimizin qurucusu Ulu Öndər Heydər Əliyevi rəhmətlə yad edir, dövlət başçımız, müzəffər Ali Baş Komandan, Zati-aliləri Prezident İlham Əliyevin, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz fəaliyyətlərinə Azərbaycan dindarlarının xeyir-dualarını çatdırır, bu mübarək günlərdə onlara və ailələrinə ən böyük İlahi nemət olan cansağlığı diləyirik.

Qafqaz Müsəlmanları İdarəsi və Qazılar Şurası müqəddəs Qurban bayramı münasibətilə dünya müsəlmanlarını və Azərbaycan xalqını, Zəfər sevincimizdə payı olan Şanlı Ordumuzun əsgər və zabitlərini təbrik edir, Allah, Vətən və Zəfər uğrunda canlarını qurban edən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzulayır. Allah-Taala dövlətimizə qüdrət, xalqımıza əzəmət, süfrələrimizə bərəkət bəxş etsin! Dua və ibadətləriniz qəbul, Qurban bayramınız mübarək olsun!

Vəssəlаmu əleykum və rəhmətullаhi və bərəkаtuh!".

Sabah Azərbaycanda havanın temperaturu 30 dərəcəyədək artacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

İşğaldan azad olunan ərazilərdə özəl sektorunun fəaliyyəti üçün güzəşətlər müəyyən edilib.

Trend bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

"Bu, yaratdığımız stimullaşdırma paketidir. 140 minə yaxın vətəndaşın o ərazilərə köçməsi planlaşdırılıb. Köç edən vətəndaşlarımıza peşə hazırlığı çərçivəsində təlim proqramları tətbiq edilir.

7-10 min şəxsə bilik və bacarıqlar aşılamalıyıq. Güzəşətlər imkan yaradır ki, bilik və bacarıqlı insanlar oraya gedərək biznes qurmağa can atsın", - deyə nazir əlavə edib.

Dünəndən etibarən müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi başlayıb.

“Yeni Sabah”ın məlumatına görə, test imtahanları 13 şəhərdəki 23 imtahan mərkəzində təşkil olunub.

İmtahan üçün müəllimlərə 120 dəqiqə vaxt ayrılıb. Bir çox müəllim imtahanda sualları vaxtından əvvəl cavalandırmağı bacarıb. Müəllimlər arasında maksimum 60 bal toplayanlar da, nisbətən az bal toplayanlar da olub.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, bir müəllimin imtahan nəticəsi digərindən yüksəkdirsə, bu, ona daha yüksək əməkhaqqı almaq imkanı qazandıracaq: "60 baldan 51-ni toplayan müəllimlərin əməkhaqqısına hər ay 35 faiz əlavə olacaq. Bu prosesi uğurla tamamlamış, lakin balları 30-50 arası olan müəllimlərin isə əməkhaqqısına 10 faiz əlavələr ödəniləcək".

Xəbər lenti