Yeni tədris ilindən ölkəmizin bütün məktəblərində vahid forma tətbiq ediləcək. Bununla bağlı “Təhsil haqqında” Qanuna əsasən Nazirlər Kabineti məktəbli formaların nümunələrini də təsdiq edib. Elm və Təhsil Nazirliyi də buna müvafiq olaraq bütün məktəblərdə sentyabrın 15-dən vahid formanın olmasını zəruri sayıb.

Bəs nazirliyin bu niyyəti baş tutacaqmı?

Məlum olduğu kimi, ölkəmizdə 1,6 milyona yaxın şagird var. Bu qədər şagirdin qısa zamanda vahid forma ilə təmin edilməsi, təbii ki, o qədər də real görünmür. Çünki ölkəmizdə 1,6 milyon ədəd vahid məktəbli forması istehsal edəcək tikiş müəssisələri yoxdur. Ona görə də Bizim.Media gözlənilən problemi qabaqcadan öyrənmək və müvafiq qurumların diqqətinə çatdırmaq üçün ölkəmizin ən iri məktəbli forması istehsalçısı olan “Bakı Tikiş Evi” ASC ilə əlaqə saxlayıb.

Cəmiyyətin şöbə müdiri Etibar Əzimov bildirib ki, keçən il də sözügedən məsələdə xeyli çətinlik olub:

“Qərar gec verildi. Ona görə də biz xammalı lazım olan qədər alıb gətirə bilmədik. Bilirsiniz ki, məktəbli forması üçün lazım olan yun və pambıq parçalar ölkəmizdə istehsal olunmur. Bu səbəbdən ötən il istehsalımız bir qədər az oldu. Digər tikiş fabrikləri də bu işdə ötən il passiv oldu. Təkcə bizim fabrikdə istehsal oldu.

Amma bu il vəziyyət yaxşıdır. İlin əvvəlindən zəruri xammal ehtiyatı görmüşük. Və kifayət qədər də məktəbli forması istehsal etmişik. Bundan başqa, təkcə Bakı şəhərində 10 mağaza açmışıq. Regionlarda da dünən üç mağaza açmışıq. Yaxın vaxtlarda isə digər bölgələrdə daha bir neçə mağaza açmağı planlaşdırırıq”.
Şöbə müdiri vəziyyətlə bağlı optimist danışıb:

“Bizim hədəfimiz 300 min məktəbli forması hazırlamaqdır. Bəlkə də, ondan da çox olacaq. Bizdən başqa digər istehsalçılar da məktəbli formasının hazırlanması ilə məşğuldur. Məndə olan məlumata görə, digər şirkətlər də kifayət qədər məktəbli forması istehsal ediblər”.

Etibar Əzimov başqa bir məsələ ilə bağlı narahatlığını da dilə gətirib:

“Təəssüf ki, hazırda mağazalarımızda çox da yaxşı satış getmir. Bu da onunla əlaqədardır ki, hamı avqustun axırını gözləyir. Məktəbin açılmasına 5-10 gün qalmış hamı üz tutur mağazalara. Belə olanda da arzuolunmaz vəziyyət yaranır. Hamı sıxlıqdan gileylənir”.

"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xəttində (Bakı-Sumqayıt sürətli elektrik qatarları) "Visa" bank kartlarına bağlı olan “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsullarını yenidən aktivləşdirib.

Yol-xeber.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir. Yəni, əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.

Utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə utilizatorlar tərəfindən yalnız bir təsdiqedici sənəd veriləcək və güzəştin tətbiqi satın alınacaq yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin kateqoriyası üzrə məhdudlaşdırılmayacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Təsdiqedici sənəd verildiyi gündən 3 il müddətində qüvvədə olmaqla, yalnız bir dəfə istifadə üçün nəzərdə tutulacaq. Təsdiqedici sənəd adsızdır və başqa şəxs tərəfindən də istifadə edilə bilər.

Utilizasiyaya verilən müxtəlif nəqliyyat vasitələrinə görə verilmiş, qüvvədə olan və istifadə edilməmiş təsdiqedici sənədlər əsasında əldə edilən güzəşt məbləğlərinin cəmlənməklə istifadəsinə yol veriləcək.

Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilə bilməz.

Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin satışı təsdiqedici sənədlər əsasında güzəşt tətbiq edilməklə həyata keçirildikdə nəqliyyat vasitələrinin satıcıları 3 iş günü müddətində alqı-satqını rəsmiləşdirən sənədlərin və təsdiqedici sənədlərin surətlərini, habelə onların tətbiq edildiyi nəqliyyat vasitələri barədə məlumatları (ban, şassi, mühərrik nömrəsi) operatora göndərəcəklər.

Operator nəqliyyat vasitələrinin satıcıları tərəfindən bu maddənin beşinci hissəsində qeyd olunan sənədlər təqdim edildiyi gündən 30 (otuz) iş günü müddətində müvafiq güzəşt məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan nəqliyyat vasitələrinin satıcılarının hesabına köçürülməsini təmin edəcək. Tətbiq edilən güzəşt məbləği satın alınan nəqliyyat vasitəsinin müqavilə üzrə satış dəyərindən çox olduqda güzəşt məbləğinin artıq olan hissəsi nəqliyyat vasitələrinin satıcılarına ödənilməyəcək.

Təsdiqedici sənədə malik şəxs öz seçimi əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin satın alınması üçün güzəştin əvəzinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən daha az həcmdə birdəfəlik ödəniş ala bilər.

Aşağıdakı nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri dövlət büdcəsinə köçürüləcək:

- dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət idarə, müəssisə və təşkilatlarına məxsus olan;

- bu Qanunun 14-7-ci maddəsinin birinci hissəsinin üçüncü abzasına uyğun olaraq (Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən) aidiyyəti dövlət qeydiyyat orqanı tərəfindən utilizasiyaya verilən.

Operator müvafiq təsdiqedici sənəd ona təhvil verildiyi gündən 30 (otuz) iş günü müddətində birdəfəlik ödəniş məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan aidiyyəti üzrə təsdiqedici sənədi təqdim edən şəxsin hesabına və ya dövlət büdcəsinə köçürülməsini təmin edəcək və ödənişin həyata keçirilməsi barədə sənədi təsdiqedici sənədi təqdim edən şəxsə verəcək.

Utilizatorlar verdikləri təsdiqedici sənədlərlə bağlı hər növbəti təqvim ili yanvarın 20-dək operatora yazılı məlumat verəcəklər.

Nəqliyyat vasitələrinin satıcıları təsdiqedici sənədlərin uçotunu aparacaqlar və bununla bağlı hər növbəti təqvim ili yanvarın 20-dək operatora yazılı məlumat verəcəklər.

Operator təsdiqedici sənədlərin uçotunun aparılmasını təmin edəcək.

Qanun bu müddəası 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycanda güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşəcək:
- utilizasiyası haqqı;
- kreditlər və qrantlar;
- hüquqi və fiziki şəxslərin könüllü ianələri;
- beynəlxalq təşkilatların və digər donorların ayırmaları;
- qanunla qadağan olunmayan digər mənbələr.

Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Qanun qəbul ediləcəyi halda fondun yaradılmasına dair müddəa 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

“Şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti küləkli, qeyri-sabit və yağıntılı keçib. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv olub. Düşən yağıntının miqdarı 13-36 mm-dək qeydə alınıb”.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O, qeyd edib ki, bəzi bölgələrdə şimal-qərb küləyi 18-22 metr/saniyə, Bakı və Abşeron yarımadasında 28-30 metr/saniyəyədək yüksəlib.

“Müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək. İyulun 27-29-da hava şəraitinin sabit, gün ərzində əksər rayonlarda yağmursuz keçəcəyi gözlənilir. İyulun 28-i gündüz saatlarında mülayim cənub küləyi əsəcək. Bu həftəsonu yenidən şimal-qərb küləyinin güclənəcəyi proqnozlaşdırılır”, - G.Məmmədova bildirib.

Daha bir neçə ailə Laçına yola salınıb.

"Report" xəbər verir ki, bu gün daha 89 nəfərdən ibarət 19 ailə doğma yurduna geri dönür.

Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib.

İyulun 25-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, güclü şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olması tövsiyə edilir.

Son vaxtlar ''yay qripi''nə yoluxanların sayı artıb.

Qaynarinfo xəbər verir ki, həkim-infeksionist Zərintac Hümbətova "Xəzər Xəbər"ə deyib ki, bu xəstəlik yay qripi kimi tanınan və məhz isti havalarda özünü göstərən qrip növüdür. Adi qripdən fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gələ bilir.

Həkimin sözlərinə görə, bu qripin əlamətləri adi qrip xəstəliyinə bənzəsə də, bir çox xüsusiyyətinə görə ondan fərqlənir. Həmin xəstəliyin əlamətləri və yaranma səbəbləri də müxtəlifdir.

Mütəxəssis bu xəstəlikdən qorunmaq üçün bəzi tövsiyyələr verib. Qeyd edib ki, xüsusilə bu qrpin müalicəsində antibiotic tərkibli dərman istifadəsi tövsiyə edilmir

Qeyd edilib ki, hazırda qrip virusunun 2000-dən artıq variantı məlumdur. Növündən asılı olmayaraq qrip ağır forma aldıqda xəstəni evdə saxlamaq onun vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Xəstə qızdırmalı dövründə yataq rejimində qalmalı, vitaminlə zənginləşdirilmiş məhsullar onun əsas qidası olmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

148 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 146 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.

1990-cı illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə mühüm sərəncamlar imzalayıb.

2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Mütəmadi olaraq ölkəmizə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkmədilər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində oldu.

Bununla belə Azərbaycan mətbuatının iki nümayəndəsi erməni terrorunun qurbanı oldu. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşdü. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak oldu, dörd nəfər yaralandı.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

2021-ci ilin iyulun 22-də - Milli Mətbuat günündə Prezident İlham Əliyev şəhid jurnalistlərin - M.İbrahimovun və S.Abışovun ailələrinə mənzillər hədiyyə edib.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Vətən müharibəsi qəhrəmanı, polkovnik Babək Ələkbərov yüksək vəzifəyə təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Babək Ələkbərov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı olub.

O, bu vəzifədə DSX rəisi general-polkovnik Elçin Quliyevin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilmiş general-leytenanant Rəsul Tağıyevi əvəzləyib. 

Qeyd edək ki, B.Ələkbərov Vətən müharibəsində şücaət göstərən hərbçilərdən biri olub. O, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Müharibədən sonra Prezidentin sərəncamı ilə Babək Ələkbərova “Vətən müharibəsi qəhrəmanı” adı verilib.

 

 

 

 

Xəbər lenti