![]() |
|
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir.
İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb: daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb.
Köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Məcburi köçkünlərin problemlərinin həlli dövlət siyasətinin prioritetlərindəndir. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda da ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.
Məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı mühüm vəzifə kimi qarşıya qoyulub. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Xatırladaq ki, bundan əvvəl Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb.
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək.
2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100 084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrindən 727 nəfər məzun olacaq.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.
“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər.
“Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
Yol-xeber.az" xəbər verir ki, 11 iyun tarixində ölkə ərazisində bəzi yerlərdə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Quba rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Belə ki, intensiv yağıntılar nəticəsində sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində Çayqovuşan-Yerfi-Qayadalı və Çayqovuşan-Adur avtomobil yollarının bəzi hissələri yararsız hala düşüb, Yerfi kəndi ərazisində Babaçay çayı üzərində mövcud körpünün yanaşma hissəsi (təqribən 11-12 m uzunluqda) dağılıb.
Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “11 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq edilə bilər.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, taksi sifarişi operatorları tərəfindən “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilmiş tələblərin pozulmasına, yəni:
- “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına;
- hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədi ilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsinin təmin edilməməsinə;
- “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün tələb olunan sənədlərin daşıyıcılarda olmasına nəzarət edilməməsinə,
- icazəsi olmayan daşıyıcıya taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər on min beş yüz manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.
Eyni zamanda layihəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.
Bu Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Azərbaycanda sərnişin daşıyan nəqliyyat vasitələrinə yeni cihazlar quraşdırılacaq.
Bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, qanuna analoq taxoqraf anlayışı daxil edilir. Analoq taxoqraf qanunun 57-1-ci maddəsınin tələbləri nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazdır.
İyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.
"Azərbaycanda dərslər sentyabrın 1-dən başlamalıdır. Bu mənim şəxsi fikrimdir. Sovet dövründə təhsilin həm müsbət, həm də mənfi ənənələri olub. Həmin müsbət təcrübələrdən bu gün istifadə etməliyik".
Bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan millət vəkili Ceyhun Məmmədov bildirib.
Deputat hesab edir ki, dərslərin o vaxt sentyabrın 1-dən başlamasının səbəbi hava şəraiti ilə əlaqəli olub: "Nəzərə almaq lazımdır ki, iyunun əvvəlindən havalar istiləşməyə başlayır. Bizim bütün bölgələrimizdəki məktəblərdə şagirdlərin normal təhsil alması üçün müəyyən sistemlər mövcud deyil. O baxımdan bizim bu ənənəni qorumağımız lazımdır.
Digər məsələ isə ondan ibarətdir ki, 3 ay tətil müddəti ilə bağlı təhlillər aparmalıyıq. Sovet dövründə 3 ay yalnız tətil deyildi. Tədris müddəti bitəndən sonra şagirdlərin düşərgələrə getmək imkanı var idi. Şagirdlər orada həm öyrənir, həm əylənir, həm də dincəlirdi".
Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşasının layihəsi ilə əlaqədar iyunun 8-də Bakıda ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat səsləndiriblər.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə azərbaycanlı ekoloqlar ABŞ dövlətinə və Ermənistan ekoloqlarına da çağırış ünvanlayıblar.
Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü QHT-lərin bəyanatında deyilir:
- Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 metr, sahəsi 16500 kvadratmetr olacaq.
Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.
Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.
Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, Ermənistan regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur.
Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. “Metsamor”un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş geniş miqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti “Cronimet” bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb.
Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir.
Məlum olduğu kimi, 2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanımışdır. Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla, Azərbaycan, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur.
Bundan başqa, müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir.
Biz Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları olaraq, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq.
Amerika Birləşmiş Ştatları hökumətinə müraciət edirik ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər.
Bir buradan Ermənistandakı ekofəallara da müraciət edirik. Bu, ilk növbədə Ermənistanın özünün də ekoloji vəziyyətinə mənfi təsir edəcək. Bölgəni təhlükəyə sürükləyən bu prosesi durdurmaq üçün hərəkət zamanıdır.
1. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri – Elman Cəfərli;
2. “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Rüstəm Məlikov;
3. “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Sevil İsayeva;
4. “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov;
5. “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli;
Ətraflı
6. “Eko Aləm” İB-nin sədri Sevil Yüzbaşova;
7. “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov;
8. “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova;
9. “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehtiyeva;
10. “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova;
11. “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev”
12. “Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım” İctimai Birliyinin sədri Rübabə Hüseynli;
13. “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması İctimai Birliyinin nümayəndəsi Jalə Qəribova;
14. “Ekoloji Maarifçiliyə Yardım” İctimai Birliyinin sədri Tarverdi Hüseynov;
15. “Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Əli Mirzəyev;
16. “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin sədri Şahin Hüseynov;
17. “Təbiət Dostları” Gənclərin Ekoloji Maariflənməsinə Kömək İctimai Birliyinin sədri Elman Əsgərov;
18. “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin sədri Emin Əliyev;
19. “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev;
20. “Dalğa” Ekologiya və Təbiətin Qorunması İctimai Birliyinin sədri Natiq Hətəmov;
21. “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov;
22. “Aran” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Nəsrəddin Kərəmov;
23. “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədri Taleh Şahsuvarov;
24. “Ailə və Ətraf Mühit” İctimai Birliyinin sədri İlhamə Qurbanova;
25. “Ruzgar” Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativlərinə (MTK) xəbərdarlıq edib.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, qurumda yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb edilməsi barədə çoxsaylı vətəndaş müraciətlərinə baxılıb. Araşdırmalar zamanı MTK-larla alıcılar arasında bağlanmış müqavilələrdə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin mövcud olduğu aşkarlanıb. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərdə quraşdırılacaq su, elektrik və qaz sayğaclarına görə MTK-lar tərəfindən mülkiyyətçilərdən əlavə ödənişlərin tələb edilməsi halları müəyyən edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçılar arasında bağlanmış müqavilələrə əsasən sayğacların təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilir. Bu zaman üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin iştirakı nəzərdə tutulmayıb.
Təbii inhisar subyektlərinə çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə sayğacların təbii inhisar subyektlərinin vəsaiti hesabına quraşdırılması barədə 2021-2022-ci illərdə Dövlət Xidməti müvafiq göstərişlər verib.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Həmçinin İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi ilə bağlı inzibati xətaya görə hüquqi şəxslərin dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.
Qeyd olunanları nəzərə alaraq, Dövlət Xidməti MTK-lara mənzillərin alqı-satqısı zamanı müqaviləyə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməməsi və qanunvericiliyin tələblərinə riayət edilməsi barədə bildirişlər göndərib.
Son bir neçə gün ərzində keçirilən belə tədbirlər zamanı 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xəbər verdiyimiz kimi vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də nəqliyyat vasitələri sahiblərinə fasiləsiz xidmət göstərilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Eyni zamanda, xidmətin fasiləsiz təşkili nəticəsində gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb. Yaradılan şəraitə baxmayaraq sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə hələ də rast gəlinir. Texniki baxışa təqdim edilməyən avtobuslar isə sərnişinlərin və yollarda digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradır.
Araşdırmalar zamanı qeyri-qanuni yollara əl ataraq avtomobili texniki baxışa təqdim etməyən avtobusların əsasən mərkəzdən kənarda, kənd və qəsəbələr arasında fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin sürücülərin, avtobusların məxsus olduğu şirkətlərin müəyyən edilməsi, bu sahədə nizam-intizamın yaradılması məqsədi ilə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Son bir neçə gün ərzində keçirilən belə tədbirlər nəticəsində texniki baxışdan yayınmaq üçün dövlət qeydiyyat nişanlarına müdaxilə edən, habelə digər üsullara əl atan 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb. Həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülüb. Həmin avtobuslardan 100-dən çoxunun dövlət nömrə nişanının dəyişdirilməsi, nasazlıqların aradan qaldırlması və texniki baxışdan keçirilməsi təmin edilib.
Onların mənsub olduğu sərnişindaşıma şirkətləri qarşısında nəqliyyat vasitələrinin dövlət nişanlarının bərpa edilməsi tələbi qoyulub. Sərnişinlərin rahatlığını təmin etmək və avtobusların qısa müddətdə xəttə qayıtması məqsədi ilə onlara dövlət qeydiyyat nişanlarının dəyişdirilməsi, nasazlıqların aradan qaldırılması və texniki baxışdan keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsində xüsusi şərait yaradılıb.
Hər kəsi texniki cəhətdən nasaz avtobuslarla səfər etməyin ağır faciələrə səbəb ola biləcəyini anlamağa və polis əmədakdaşlarının bu sahədə həyata keçirdikləri profilaktik tədbirlərə öz tövhəsini verməyə çağırırıq. Avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısınını alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.
Xatırladaq ki, sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və “902” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.