|
Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədovun “Bitkidə sintez edilən COVID-19 peyvəndlərinin və terapevtik zülalların istehsalı və preklinik qiymətləndirilməsi” mövzusuna həsr olunmuş onlayn seminarı keçirilib.
"Seminarda AMEA-nın Biologiya və Tibb Elmlər Bölməsinə daxil olan elmi tədqiqat institutlarının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elmi müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova bugünkü seminarın koronavirusla mübarizə kimi bütün dünya üçün əhəmiyyətli bir problemin həllində mühüm rola malik olan və böyük aktuallıq kəsb edən vaksinlərin hazırlanması məsələlərinə həsr olunduğunu bildirib.
O, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun Azərbaycanda “Molekulyar biologiya” ixtisası üzrə ilk doktorluq dissertasiyası müdafiə edən alimlərimizdən olduğunu və dünyanın bir çox aparıcı universitetlərində, elmi mərkəzlərində bu sahədə böyük təcrübə keçdiyini diqqətə çatdırıb.
Vitse-prezident professor Tərlan Məmmədovun ABŞ-da vaksinlərin hazırlanması işlərində yaxından iştirak etdiyini, çoxsaylı patentlərin və məqalələrin müəllifi olduğunu vurğulayıb. Əlavə edib ki, azərbaycanlı alim, həmçinin Türkiyədə TÜBİTAK tərəfindən maliyyələşən yüksəkrəqabətli qrant layihələrinin reallaşdırılmasında ekspert kimi iştirak edir, bu fonddan alının bir çox layihələrin rəhbəridir. Alim vaksinlərin hazırlanması üzərində geniş tədqiqatlar aparır. Akademik İradə Hüseynova qeyd edib ki, Tərlan Məmmədovun hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatının prekliniki mərhələdə olan vaksinlər siyahısına daxil edilib və bu istiqamətdə alınmış nəticələr 2021-ci ildə 3 nüfuzlu jurnalda dərc olunub.
AMEA-nın vitse-prezidenti Azərbaycanın koronavirusla mübarizədə öndə gedən ölkələrdən biri olduğunu bildirib. O, bu istiqamətdə dövlət başçısı tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, vətəndaşların sağlamlığının qorunmasına göstərilən diqqət nəticəsində bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda əhalinin vaksinasiya təminatı ilə bağlı problemlərin olmadığını diqqətə çatdırıb. Akademik İradə Hüseynova Azərbaycanda yerli vaksinlərin hazırlanması məsələsinin zəruriliyinə toxunub, bu istiqamətdə ölkə alimlərinin böyük potensiala malik olduğunu qeyd edib.
Daha sonra AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədovun “Bitkidə sintez edilmiş COVID-19 peyvəndlərinin və terapevtik zülalların istehsalı və preklinik qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib.
Alim İkinci Dünya müharibəsindən sonra bəşəriyyətin ən böyük böhranı kimi qiymətləndirilən koronavirus pandemiyasına səbəb olan SARS-CoV-2 virusu ilə yeganə mübarizə üsulunun vaksinasiya olduğuna diqqət çəkib.
O, hazırda dünyada koronavirus əleyhinə yaradılmış vaksinlərin hazırlanma texnologiyası haqqında məlumat verib, müvafiq işlərə 20 nəfərdən ibarət komandası ilə pandemiyanın ilk günlərindən etibarən başladığını deyib.
Professor Tərlan Məmmədov yeni növ koronavirusun RNT genomlu olduğu üçün onun mutasiyaya uğrayacağının öncədən gözlənilən olduğunu və bu səbəbdən vaksin hazırlanmasında bu mutasiyaların neqativ effektini nəzərə alaraq dizayn etdiyini vurgulayıb.
Məruzəçi SARS-CoV-2-nin xüsusiyyətləri barədə danışaraq qeyd edib ki, yeni Omikron variantı Vuhan ştammı ilə müqayisədə 60-dan çox mutasiya daşıyır və bu mutasiyaların 36-sı Spike (S) zülalının ardıcıllığında aşkar edilib: “Lakin Nukleokapsid (N) zülalının ardıcıllığı daha çox qorunub saxlanılır. Bu səbəbdən mutasiyaların mənfi təsirlərini nəzərə alaraq dünyada ilk dəfə bizim tərəfimizdən N və S proteininin RBD (receseptor binding domen) qarışığından ibarət antigen kokteyl (N+RBD) peyvəndinin hazırlanması həyata keçirilib”.
Tərlan Məmmədov COVID-19-a qarşı iki RBD əsaslı və bir kokteyl əsaslı peyvənd hazırladıqlarını qeyd edib. Alim bu peyvəndlərin Delta və Omikron (60-dən çox mutasiyası olan) variantlarına qarşı çox effektiv olduğunu və ümumiyyətlə, gələcəkdə ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı ola biləcəyini vurğulayıb.
“1 kq Nicotiana benthamiana bitkisindən 25 milliqrama kimi, başqa sözlə, 5 min insana kifayət edəcək qədər kokteyl peyvənd hazırlanması mümkündür. Bu vaksin üzərində işlər başa çatdıqda onu “Qarabağ” adlandırmağı düşünürük”, - deyə professor Tərlan Məmmədov əlavə edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu vaksinlərin hazırlanmasında özlərinin təkmilləşdirdikləri texnologiyanı tətbiq edib və hazırda bununla bağlı bir neçə patentə müəlliflik edir.
Alim rəhbərlik etdiyi komanda ilə birgə COVID-19-a qarşı hazırladığı universal terapevtik protein – SARS-CoV-2 reseptoru olan rekombinant ACE2 əsaslı dərman barədə də məlumat verərək, onun virusla mübarizədə, xüsusilə yüksək təzyiqi olan insanların COVID-19-a qarşı müalicəsində effektiv olduğunu diqqətə çatdırıb. Məruzəçi qeyd edib ki, bu dərman inyeksiya və ya burun spreyi kimi istifadə edilə bilər. O, bildirib ki, bu istiqamətdə əldə olunmuş nəticələr molekulyar biotexnologiya sahəsində “Nature” jurnalından sonra ən tanınmış jurnal olan “Frontiers in plant science”də (impakt faktor - 5.753) dərc olunub.
Professor Tərlan Məmmədov çıxışının sonunda, həmçinin Akdeniz Universitetində quduzluq və malyariya əleyhinə vaksinlər hazırladıqlarını və bu vaksinlərin insanlar üzərində sınaq mərhələsində olduğunu bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.
Nazirlikdən verilən məlumata görə, bu il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın ikinci rüb üzrə nəzərdə tutulan hissəsi (50 manat) da aprel ayının pensiyasının üzərinə əlavə olunub.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Bakı Dövlət Universiteti (BDU) Məzahir Pənahovun Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Universitetdən bildirilib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun bu günlərdə qeyd olunan kafedranın müdiri vəzifəsindən azad olunmasına dair məlumat həqiqətə uyğun deyil.
Qeyd olunub ki, Məzahir Pənahov indi yox, 27 may 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunub.
Məlumatda həmçinin bildirilib ki, fakültənin Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunub.
Qaynarinfo verdiyi məlumata görə, Məzahir Pənahov MSK sədri vəzifəsini tutduğu üçün 25 ildir müdiri olduğu Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasındakı vəzifəsindən getməli olub.
BDU rektoru Elçin Babayevin müvafiq əmri ilə Fizika-riyaziyyat elmləri namizədi, "Ümumi fizika və FTM” kafedrasının dosenti Rəhimov Rəhim Şükür oğlu Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə təsdiqlənib.
Qeyd edək ki, Məzahir Pənahov 1993-cü ildə Fizika-riyaziyyat elmləri doktoru, professordur. 1991-ci ildən 1996-cı ilədək Ümumi fizika kafedrasının, 1996-cı ildən Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri olub. O, 19 may 2000-ci ildən MSK-ya rəhbərlik edir.
Aprel ayının 2-dən etibarən 11 ayın sultanı müqəddəs Ramazan ayı başlayıb.
Ramazan ayında Bakının bir çox kafe və restoranları müştərilərə müxtəlif qiymətdə iftar menyuları təklif edir. Bununla əlaqədar restoranlar oruc tutan vətəndaşlarımız üçün Ramazan menyuları hazırlayıblar. Bu menyulara soyuq və isti yeməklər, desert, müxtəlif içkilər daxil edilir.
Restoran və kafelərdə təklif olunan qiymət paketləri yeməklərə və onların sayına görə dəyişir.
Trend-in əməkdaşı paytaxtın bir neçə kafe və restoranında olub, qiymətlərlə maraqlanıb.
Restoranlarda həftənin hər günü üçün müxtəlif iftar menyusu təqdim edilir. Misal üçün, üçüncü günün menyusuna mərci şorbası, ətli lobya, toyuq salatı, meyvələr, meyvə şirəsi və xurma, çərşənbə axşamı menyusuna isə toyuq şorbası, qovurma, çoban salatı, meyvələr, meyvə şirəsi və xurma daxildir.
İfrar menyularında qiymətlər restoran və kafelərdən aslı olaraq bir nəfər üçün 6,50 manatdan 80 manat arasında dəyişir. Paytaxtda rast gəldiyimiz ən ucuz iftar süfrəsi 6,50 manata olan menyuya mərci şorbası, dönər, kartof frisi, salat, ayran, xurma və su daxildir. 80 manatlıq iftar süfrəsi isə sərbəst menyudur. İstədiyiniz təamları menyudan limitsiz seçə bilərsiniz.
Aprelin 8-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 7-9° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında Bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacaq.
"Yol-xeber.az"un xəbərinə görə, Küçə və prospektlərdə təmir və yenidənqurma işləri həyata keçirilərkən yolun hərəkət hissəsində yerləşən kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesi bəzən birmənalı qarşılanmır. Bəzi şəxslər məlumatsızlıqdan yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyü döşənəndən sonra icra olunan bu iş prosesinin "yaddan çıxmış və sonradan xatırlanaraq edilən iş" olduğunu düşünürlər.
Əslində isə bu proses texnoloji ardıcıllığa riayət olunmaqla icra edilir və hər-hansı bir səhvdən söhbət getmir.
Belə ki, təmir və yenidənqurma işləri zamanı öncə yolun hərəkət hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı (aşınma qatı) frezlənərək kənara daşınır, kommunikasiya xətlərinin baxış qapaqlarının ətrafı köhnə asfalt-betondan təmizlənir. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılır. Bu zaman köhnə baxış qapaqlarının üzəri də asfaltlanır və sonradan yerini müəyyənləşdirmək üçün asfalt-beton örtük boya ilə nişanlanır.
Yeni döşənmiş asfalt-beton örtük möhkəmləndikdən sonra baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesinə başlanılır. Ərazidə hərəkət intensivliyi, həmçinin işi icra edən təmir briqadasının iş qrafiki nəzərə alınmaqla işin icrasına yeni asfalt-beton örtük döşənəndən bir-neçə saat və ya bir-neçə gündən sonra başlanıla bilər.
Bu zaman öncədən yeri nişanlanan baxış qapaqlarının ətrafı kvadrat şəklində xüsusi alətlə səliqə ilə kəsilir və asfalt örtük çıxarılır. Daha sonra kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılır, baxış qapaqları yerinə qoyulur və kənarları betonlanır.
Beton tam quruduqdan sonra isə qazılan ərazi yenidən baxış qapağı ilə eyni səviyyədə olmaq şərti ilə asfaltlanır.
Bununla da kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesi bitir.
YOLUNUZ AÇIQ OLSUN...
Yeni yaşayış binalarında fərdi istilik sistemlərindən istifadə, ətraf mühitin çirklənməsinə səbəb olur.
Bunu "Xəzər Xəbər"ə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirliyinin dövlət ekoloji ekspertiza agentliyinin sədri Mirsalam Qənbərov deyib.
O qeyd edib ki, artıq bu sistemlərin mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz olunması üçün bir neçə qurumla birgə təşəbbüs də irəli sürüblər.
Mənzillərin istilik və isti su ehtiyacını təmin etmək üçün adətən kombidən istifadə olunur. Kombilərə tələbat daha çox payız və qış aylarında artır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi, yaşayış binalarında fərdi istilik sistemlərindən istfadənin ətraf mühitin çirklənməsinə səbəb olduğunu bildirib.
Agentliyin sədri Mirsalam Qənbərov xüsusən də yeni binalarda kombilərdən istifadənin problemə səbəb olduğunu vurğalıyıb.
Mirsalam Qənbərov onu da qeyd edib ki, yaşayış binalarında mərkəzi istixana sistemlərinin yaradılması ilə bağlı bir neçə qurumla birgə təşəbbüs də irəli sürüblər.
Qeyd edək ki, binaların bir qismində mərkəzləşdirilmiş istilik sistemi olsa da, bir qismi hələ də fərdi istilik sistemlərindən istifadə edir.
Azərbaycanda hamilə və ya 3 yaşınadək uşağı olan anaların işdən azad edilməsi qadağandır.
Mövcud qadağa ölkə qanunvericiliyi ilə tənzimlənir.
Belə ki, hamilə və ya 3 yaşınadək uşağı olan analardan əlavə bu şəxslərin də Əmək müqaviləsinin ləğvi qadağan olunur:
Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin;
Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
Mövzu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən BAKU.WS-ə bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 79-cu maddəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsi (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi (70-ci maddənin «a» bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddə ilə xitam verilən hallar istisna olunmaqa) qadağandır.
"Qanunverciliyə uyğun olmadan xitam verildiyi halda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürən inzibati məsuliyyətə cəlb olunur və qanun pozuntusunun aradan qaldırılması üçün müvafiq tədbir görülür, pozulmuş hüquqlarının bərpası təmin edilir", - deyə məlumatda qeyd olunur.