Yol polisi “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar vətəndaşlara növbəti dəfə çağırış edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, iyun ayının 6-13-də yarışla əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət məhdudlaşdırılıb və istiqamətlər dəyişdirilib.

O bildirib ki, “Formula-1”ə görə Kövkəb Səfərəliyeva, Rixard Zorge, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayel Useynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adlı küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilib:

“Afiyəddin Cəlilov-Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsində sağa yalnız 28 May küçəsinə, 20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə, Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə, Bakı-Zığ yolu-Nobel prospekti, eləcə də Hava Limanı-Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev-Babək prospekti, 10-cu Zavod dairəsindən-Nərimanov rayon ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə, Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət edilməlidir. Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyən edilib.

Sürücülərdən iyunun 13-dək mərkəz istiqamətlərində şəxsi avtomobilləri ilə hərəkətləri məhdudlaşdıraraq əsasən ictimai nəqliyyatdan istifadə etmələrini xahiş edirik. Paytaxt ərazisində Dövlət Yol Polisi və aidiyyəti üzrə daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş qaydada xidmətlərini davam etdirir”.

“Bildirmək istəyirik ki, nizamlayıcı qismində əməkdaşlarımız tərəfindən verilən bütün göstərişlərə sürücülərimiz diqqətlə əməl etməlidirlər. Gündəlik hərəkətin fasiləsizliyini, süni sıxlıqların yaranmaması üçün isə mərkəzə doğru səfərləri azaltmalı, daha çox ictimai nəqliyyata üstünlük verməyi də vətəndaşlardan xahiş edirik”, - DYP rəsmisi vurğulayıb.

"Sosial şəbəkədə bəzi istifadəçiləri iddia edirlər ki, guya Azərbaycan polisi dinimizi təhqir edib".

Bu barədə "Yol-xeber.az"a DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, qeyd olunan iddialar polisi qanunla müəyyən olunmuş fəaliyyətindən və xidməti vəzifəsindən çəkindirmək üçün atılan uğursuz cəhddən başqa bir şey deyil: "Polis əməkdaşları əvvəllər də oxşar şər-böhtan kampaniyalarına tuş gəliblər. Lakin qəsdən uydurularaq yayılan belə ittihamlara məhəl qoymadan polis həmişə vətəninin və xalqının qarşısında öz xidməti vəzifələrini sədaqətlə davam etdirib.

Polisin dini təhqir etməsi barədə bugünlərdə yayılan böhtan xarakterli şaiyələr də yuxarıda qeyd edilən kampaniyanın tərkib hissəsidir. Lakin onlar bu dəfə müqəddəs dinimizi də öz çirkin niyyətlərinə alət etməyi hədəf götürüblər. Amma bilməlidirlər ki, Azərbaycan polisi bütün dinlərə, o cümlədən mənsub olduqları müqəddəs islam dininə, milli dəyərlərinə böyük hörmət və sayğı ilə yanaşırlar. Bu cür kampaniyaların müəllifləri, ilhamvericiləri birdəfəlik bilməlidirlər ki, onlar belə saxta ittihamlarla Azərbaycan polisinə heç bir təsir və təzyiq göstərə bilməzlər".

"Polis əməkdaşları hər zaman olduğu kimi bundan sonra da öz müqəddəs peşələrinə sadiqdirlər və heç nədən çəkinmədən xidməti vəzifələrini icra edirlər", - Xidmət rəisi vurğulayıb.

Nazirlər Kabinetinin Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı keçirdiyi İqtisadi Şuranın növbəti iclasında bu ilin büdcəsinə düzəlişlər hazırlanması üçün sahəvi qurumlara tapşırıqlar verilib. Həmin qurumların təklifləri alındıqdan sonra layihə baxılması üçün cənab Prezidentə təqdim olunacaq. “Büdcə Sistemi” haqqında Qanuna uyğun olaraq daha sonra layihə Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, son günlər daha çox verilən suallar dəyişikliklər ilə hansı istiqamətlərə vəsaitlərin ayrılması və eləcə də əməkhaqlarına necə təsir edəcəyi ilə bağlıdır:

"2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulsa da, bu ilin ötən aylarında orta qiymət hər barel üçün 100 dollardan çox olub. Bu isə həm neft, həm də qeyri-neft sektorundan dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradıb.

Təbii ki, layihə hazırlanma mərhələsində olduğu üçün konkret dəyişikliklər ilə bağlı fikir söyləmək mümkün deyil. Dəyişikliklər layihəsi Milli Məclisə təqdim olunduqdan sonra bu istiqamətdə daha konkret müzakirələr aparmaq mümkün olacaq. Bununla yanaşı, Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ölkə rəhbərliyinin xüsusi diqqətində olduğu üçün bu istiqamətə daha çox vəsaitin ayrılacağı istisna deyil. Digər tərəfdən, iqtisadi aktivliyin daha da genişləndirilməsi üçün ayrılacaq vəsaitlərin həcminin artırlacağı da gözləniləndir".

"Bütövlükdə, mövcud təsdiq olunmuş büdcə sənədinə əsasən, 2022-ci ildə ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45%-dən çox olacaq. Büdcə xərclərinin 46,5%-nin sosial istiqamətə yönəldilməsi sosial təminat məsələlərinin prioritet olduğundan xəbər verir. Bu il ərzində yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir. Büdcə imkanlarının artması sosial istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradır", - deyə millət vəkili əlavə edib.

"42 yaşdan aşağı insanlar vaksinasiyasızdırlar. Yəni qeyd etdiyimiz şəxslər meymunçiçəyi vriusuna qarşı həssasdırlar. Xəstələnmə və ölüm halları bu şəxslər arasında daha çoxdur".

Bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

O əlavə edib ki, vaksinasiya olunan şəxslərdə xəstəlik çox zəif keçir və ya onlar heç yoluxmurlar.

Ətraflı videoda izləyə bilərsiniz:

Bu il Azərbaycandan Həcc ziyarəti üçün səfər etmək istəyənlərin sənəd qəbulu başa çatıb.

Bu barədə “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

Şöbə müdiri bildirib ki, artıq siyahıyaalma və qruplaşma prosesi gedir:

“Yaxın günlərdə həmin şəxslərə vizaların verilməsinə başlanılacaq”.

QMİ rəsmisi qeyd edib ki, bütün kvota dolub:

“16 qrup olacaq. Hər təyyarədə 4 qrup olacaq ki, hər qrupda da 45-ə yaxın zəvvarın olması planlaşdırılır. Səfər üçün 4 təyyarə ayrılacaq. İlk zəvvar qrupunun səfəri iyunun 29-da baş tutacaq. Növbəti səfərlər iyunun 30-u, iyulun 1-i və 2-də olacaq”.

Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Bakıda və Abşeron yarımadasında bu gündən başlayaraq iyunun birinci ongünlüyün sonunadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında isə bu gündən iyunun 11-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə  vacib beynəlxalq platformadır”“İyunun 1-də paytaxtda Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə start verilmişdir. İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi özündə üç ayrı layihəni ehtiva edir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu. Bu il 30 ölkədən 249 şirkətin qatıldığı Bakı Enerji Həftəsinin ən böyük tədbiri 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisidir. Bu layihə Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir və regionda neft-qaz sənayesinin əsas tanınmış beynəlxalq platforması olmaqla hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

“Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bu sərgi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb.”

Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib: “Ölkə Prezidenti cənab İlham Əliyevin hər il sərginin açılış mərasimində iştirakı bu layihənin yüksək statusunu və Azərbaycan üçün əhəmiyyətini bir daha təsdiqləyir. 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində etdiyi çıxışında da dövlət başçısı vurğuladı ki, Azərbaycanın müstəqillik illərində öz enerji təhlükəsizliyinə yatırdığı sərmayələri və tərəfdaş ölkələrin diqqətini ölkəmizə cəlb etmək baxımından da Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox əhəmiyyətli və vacib olub. Prezident İlham Əliyev ölkəmizin müstəqillik illərində bu sahədə əldə etdiyi nailiyyətlərin tarixini bir daha xatırladaraq qeyd etdi ki, ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı”.

K.Qafarov sözünə davam edərək deyib: “Prezident İlham Əliyev öz çıxışında Cənub Qaz Dəhlizinin böyük önəm daşıdığını qeyd etdi. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi 2020-ci ilin dekabr ayının 31-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə tamamlandı. Bu nəhəng layihənin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Bu gün dünyada, o cümlədən Avropada əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Beləliklə, Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı statusunu daha da möhkəmləndirib.”

Sonda millət vəkili hazırda ölkəmizdə bərpa olunan enerji növlərinin istehsalı sahəsində də böyük iş aparıldığını qeyd edib: “ Azərbaycan bərpa olunan enerji növlərinin istehsalı baxımından da kifayət qədər böyük potensiala malikdir. Bu gün ölkəmiz bu sahədə dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Hazırda ölkədə biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu tipli iki stansiya istifadəyə veriləcəkdir və bu, Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, yalnız başlanğıcdır. Xəzər dənizinin Azərbaycan sektorunun enerji potensialı 150 min meqavat təşkil edir. Bundan başqa, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada, ilk növbədə, külək və günəş enerjisi istehsalı nəzərdə tutulur. Hazırda neft və qaz sahəsində strateji tərəfdaş olan SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edirlər.Bütün bunlar Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolunun getdikcə artmasına və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir”.

Bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada həyata keçiriləcək. 

Təhsil Nazirliyindən  verilən xəbərə görə, prosesə iyul ayında start veriləcək.

Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

İyunun 1-dən qəbulun elektronlaşdırılması üzrə işlər çərçivəsində məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların məlumatlarının elektron sistemdə toplanılır.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir. 

11 Bakı-Şamaxı-Yevlax yolunun 67-70-ci km-lik hissəsində təmir işləri aparılır

 

"Yol-xeber.az" xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 67-70-ci km-lik hissəsində cari təmir işləri icra olunur.

Təmir işləri yaxın bir-neçə gün ərzində davam edəcək və həftəsonuna qədər yekunlaşdırılacaq.

Təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.  

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb. 

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

YOLUNUZ AÇIQ OLSUN...

“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı şəhərində bağlanmış, istiqaməti dəyişdirilmiş küçə və prospektlərin adı məlum olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, iyunun 6-dan iyunun 13-dək “Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar keçirilən tədbirdə paytaxt ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyi təmin etmək məqsədilə bağlanan və istiqaməti dəyişdirilmiş küçə və prospektlər bunlardır:

“Formula 1 istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorge, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayel Useynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adlı küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

Afiyəddin Cəlilov-Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsində sağa yalnız 28 May küçəsinə:

20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament Prospektinə:

Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə:

Bakı-Zığ yolu-Nobel Prospekti, eləcə də Hava Limanı-Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev-Babək prospekti, 10-cu Zavod Dairəsindən-Nərimanov rayon ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə:

Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur.

Üzeyir Hacıbəyov küçəsindən kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyənləşdirilib.

“Avtomobil sürücülərindən iyunun 13-dək mərkəz istiqamətində hərəkətlərini məhdudlaşdıraraq ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik”.

Xəbər lenti