2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Vətən müharibəsinin beşinci gününün xronikasını təqdim edirik.

- Müdafiə Nazirliyi xəbər verib ki, Vətən müharibəsinin beşinci gününün sonunadək düşmən bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib. Vətən müharibəsi başladığı gündən düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi sıradan çıxarılıb.

- Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb. Dövlətimizin başçısı Belarus Prezidentini Ermənistan tərəfinin törətdiyi təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları barədə məlumatlandırıb.

- Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Nəticədə mülki əhali arasında həlak olanların sayı 19-a, xəsarət alanların sayı 55-ə çatıb. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb.

Baku TV-nin Vətən müharibəsinin beşinci gününün xronikasıyla bağlı süjetini təqdim edirik:

“Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən şəhərdə sıxlıq və tıxacların qarşısının alınması məqsədi ilə əvvəlcədən geniş məlumat verməyimizə baxmayaraq müxtəlif şəxslər eyni növ qayda pozuntuları törədirlər”.

Yol-xeber.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

DYP rəsmisi qarşısında sıxlıq və tıxacların yarandığı məktəblərin siyahısını açıqlayıb: “Konkert olaraq insident olan Bakıxanov istiqamətində yerləşən 60 nömrəli tam orta məktəb, 28 May küçəsindəki 23 nömrəli tam orta məktəb, Əliyar Əliyev küçəsindəki "Modern Təhsil Kompleksi" və Ziya Bünyadov prospektindəki "İdrak" liseyinin rəhbərliyindən xahiş edirik ki, şagirlərlə profilaktik danışıqlar aparılsın. Yol bağlanır, narazılıqlar yaranır. Əgər parklama üçün yer yoxdursa, bu, məktəblər tikiləndə nəzərə alınardı. Məktəblər uşaqları tez qəbul etsinlər, avtobuslar təşkil etsinlər. Dövlət məktəblərində də valideynlər maşınları məktəbin düz qarşısında saxlamasınlar. Müəyyən ərazidə saxlayıb, piyada gəlsinlər. Bu hallar avtomobili yolun ortasında saxlamaq üçün bəhanə olmamalıdır. Polisdən soruşurlar ki, yolda niyə sıxlıq var? Biz də sıxlığı aradan qaldırmalıyıq. 60 il bundan qabaq həmin məktəbi yolun kənarında tikiblər. Camaat gəlib orada da yolun ortasında maşınlarını saxlayır. Bu da bizim üçün səbəb deyil, bəhanədir. Əziyyət çəkib maşınları kənar hissələrdə saxlayaraq məktəblərə piyada gəlsinlər. İnsanlarda ictimai məsuliyyət hissi olmalıdır.

Mütəmadi olaraq hərəkəti iflic edən bu cü məktəb və univeristetlərin adını ictimailəşdirəcəyik ki, bu problemin mahiyyətini insanlar görsün”.

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən “Nəsillərin görüşü” adlı konfransın iştirakçıları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət ünvanlayıb.

Yol-xeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Möhtərəm Prezident! Cənab Ali Baş Komandan!

Sizin hərbi-siyasi rəhbərliyinizlə aparılan və böyük zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həyatında yeni bir səhifə açıb, sadəcə erməni işğalı nəticəsində itirilmiş torpaqlarımızı deyil, həm də xalqımızın ləyaqətini, milli qürur və özünəinam hissini tam bərpa edib. Lakin 8 Noyabr zəfəri yalnız Azərbaycan və onun sərhədləri ilə məhdudlaşmır. 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub edən, onun hərbi potensialına ölümcül zərbə vuran Azərbaycan, bununla bütün regionu hədəf alan faşizm təhlükəsini də ortadan qaldırıb, ümumilikdə bəşəriyyət və ümumdünya sivilizasiyasına böyük töhfə verib. II Dünya müharibəsinin nəticəsində olduğu kimi, 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu gün bütün dünya işğaldan azad edilən torpaqlarımızda erməni vandallarının törətdikləri vəhşiliklərə baxaraq dövlətimizin necə qorxunc ümumbəşəri bəlaya qarşı mübarizə apardığını dərk etməli, Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin qlobal önəmini anlamalıdır.

30 ilə yaxın müddətdə Azərbaycan münaqişənin danışıqlar yolu ilə həlli üçün danışıqlarda səbrlə iştirak etdi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar heç bir nəticə vermədi. Münaqişə Sizin və Azərbaycan xalqının qəti iradəsi nəticəsində həll edildiyi halda, həmsədrlərin yenidən "danışıqlardan" bəhs etmələri gülünc və utancvericidir.

Cənab Prezident!

Sizin müharibədən öncə və müharibə zamanı diplomatik görüş və beynəlxalq tribunalardakı çıxışlarınızda, o cümlədən dünyanın nüfuzlu media orqanlarına müsahibələrinizdə işğalçı Ermənistan və onun hərbi cinayətləri haqqında səsləndirdiyiniz fikirlər erməni faşizminin ifşa edilməsində, onun ideoloi əsaslarının sarsıdılmasında mühüm rol oynayıb. Müharibə və post-müharibə dönəminin təhlili göstərir ki, Azərbaycan Ermənistanı sadəcə hərbi platformada deyil, informasiya və diplomatiya müstəvilərində də tam məğlub edib, onu mənəvi-ideoloji cəbhədə də böyük itkilərlə üz-üzə qoyub.

Cənab Ali Baş Komandan!

Sizin cəsarət və qətiyyətiniz, şəhid və qazilərimizin qəhrəmanlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində artıq torpaqlarımız işğaldan azad olunub. Siz faşist Ermənistan hərbi işğalından azad edilən rayonlarımızı yenidən dirçəltməyi, orada həyatı yenidən bərpa etməyi, Qarabağı dünyanın cənnət guşələrindən birinə çevirməyi əsas hədəflərdən biri kimi müəyyən etmisiniz. Biz konfrans iştirakçıları olaraq bəyan edirik ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bu ali, müqəddəs missiyanın uğurla yerinə yetirilməsində iştirak etməyə, doğma Qarabağımızın dirçəlişi prosesinə öz töhfəsini verməyə hazırıq və veteranlarımız bugünə qədər olduğu kimi bundan sonra da Sizin çağırışlarınızı dəstəkləməkdə, bu çağırışların praktiki baxımdan gerçəkləşməsində yaxından iştirak edəcək. Əsla unutmayacağıq ki, bundan sonra qazandığımız hər bir uğura görə Vətən müharibəsindəki tarixi zəfərimizə, bu zəfərin baş memarı olan Sizə və ordumuza borcluyuq!
Biz bundan sonra qalib və müzəffər xalq kimi yaşayacayıq.

Yaşasın qüdrətli ordunun müzəffər Ali Baş Komandanı! Yaşasın bu böyük zəfəri bizə bəxş edən şanlı Azərbaycan ordusu! Yaşasın qalib Azərbaycan xalqı!”

Qubanın Xınalıq kəndinə qar yağıb.

"Yol-xeber.az"ın məlumatına görə, ötən gün axşam saatlarından başlayan qarın hündürlüyü təxminən 2 sm, Qrızda qarın hündürlüyü 3 sm-dir.

 

 

 

 
 

Ötən gün axşam saatlarında vəfat edən müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.

Yol-xeber.az xəbər verir ki, mərhum Füzulidə torpağa tapşırılacaq:

O, vəsiyyətinə əsasən Füzuli rayonunda ata və anasının qəbirləri yanında dəfn olunacaq.

Xatırladaq ki, Səyyad Əlizadə koronavirus səbəbindən vəfat edib. Bir neçə müddətdir xəstəxanada müalicə alırdı.

"Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində itkin düşən şəhidlərimiz var".

"Yol-xeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

"Birinci Qarabağ müharibəsində 4 min, İkici Qarabağ müharibəsində isə 7 nəfər şəxs itkin düşüb. Son günlər müharibənin baş verdiyi ərazilərdən daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir, DNT analizləri götürülür. Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı bizim aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir", - o vurğulayıb.

Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr, körpü və yollar “Azərsu” ASC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında və xidmət dairəsindədir, lakin bu icra hakimiyyətləri və kommunal xidmətlərinin üzərindən cavabdehliyi götürmür.

Yol-xeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sərdliyi də paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair keçirilən videokonfrans formatında müşavirədə deyilib.

Müşavirədə icra başçılarına “Azərsu” ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verməklə özlərini kənarlaşdırmamalı, rayonlarda zəif yerləri müəyyən edərək, koordinator kimi çıxış etməli və həmin qurumlarla birgə mövcud problemləri aradan qaldırmalı olduqları vurğulanıb.

Prezident İlham Əliyevin bu ilin sentyabrın 3-də imzaladığı sərəncama əsasən, Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1986-2002-ci illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınması oktyabrın 30-dək davam edəcək.

Yolasalmalar COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə riayət edilməklə həyata keçirilir.

Müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Dövlət Xidməti tərəfindən sentyabrın 25-də SMS vasitəsilə məlumatlandırılıblar.

Prezident İlham Əliyev "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Sərəncam imzalayıb.

"Yol-xeber.az" xəbər verir ki, Sərəncamda deyilir:

"Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi Azərbaycan müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilmişdir. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaratmışdır.

Təcrübə göstərir ki, təhsilin keyfiyyətinin yüksəlməsi Azərbaycanda iqtisadi tərəqqinin daha da sürətlənməsi üçün güclü potensial yaratmışdır. Xüsusilə gənclərin xarici təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə vermişdir.

Postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alması davamlı olmalıdır".

Nazirlər Kabineti gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti, Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütuna yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimal və şərq rayonlarında güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.

Xəbər lenti