![]() |
|
Həkimlərin əməkhaqlarının artırılaraq 1000 manata çatdırılması nəzərdə tutulur.
Bunu mayın 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2021-ci ilin yekunları və 2022-ci ilin ilk üç ayı üzrə fəaliyyətlə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.
Bundan başqa, reanimasiya, intensiv terapiya və digər şöbələrdə çalışan həkimlərə həm gecə, həm də gündüz növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat ödəniləcək.
Digər bir yenilik isə tibb işçilərinə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlıdır.
Zaur Əliyev qeyd edib ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təkliflər hazırlanıb. Təkliflərdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda, gənc ailənin üzvü olmayan tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb.
O, Xidmətlər Zərfinə edilən dəyişikliklərdən də danışıb. Bildirib ki, hazırlanmış yeni layihədə daha 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur.
Zaur Əliyev Şuşadan sonra işğaldan azad olunmuş 6 ərazidə - Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda da modul tipli xəstəxanların açılmasının nəzərdə tutulduğunu da bildirib.
Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.
"Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib.
Bu gecə “leylətül-qədr” - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır:
“Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür” (97:1-5).
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb.
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 23 il ötür.
Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.
2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevdir.
Əziz həmvətənlər!
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir.
Bu əziz gündə ailələrə firavanlıq, süfrələrə xeyir-bərəkət, hər evə sevinc arzulayırıq!
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü yolunda canından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini bu müqəddəs bayram günündə ehtiramla yad edirik!
Mübarək Ramazan bayramı münasibətilə hər birinizi təbrik edir, mərhəmət və şəfqət rəmzi olan bu bayramda tutulan orucların, edilən dua və niyyətlərin qəbul olunmasını diləyirik.
Bayramınız mübarək!
Mayın 2-də Azərbaycan məscidlərində Ramazan bayramı namaz qılınacaq.
“Report” məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazında iştirak etməyəcəyi gözlənilir. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.
Qeyd edək ki, Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar.
Azərbaycanda Ramazan bayramı mayın 2-si və 3-də qeyd ediləcək.
30 aprel və 01 may tarixlərində (şənbə və bazar günləri) aşağıda qeyd olunan prospektlərin müəyyən hissələrində təmir işləri aparılacaq:
1. 30 aprel saat 08:00-dan 01 may saat 20:00-dək Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında yerləşən hissəsində. Aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti TAM məhdudlaşdırılacaq.
2. 30 aprel saat 08:00-dan 01 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü). Aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti QİSMƏN məhdudlaşdırılacaq.
3. 01 may saat 08:00-dan saat 20:00-dək Heydər Əliyev prospektində Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində). Aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti QİSMƏN məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən küçə və prospektlərdə aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Ötən gün baş verən yanğında “Azərsun Sənaye Parkı”na dəymiş ziyanla bağlı bəzi detallar məlum olub.
APA-nın “Azərsun Sənaye Parkı”ndakı mənbəyə istinadən verdiyi məlumata görə, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub.
Məlumata görə, fabrik bir neçə aydır ki, bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilir. Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş:
“Plastik qablar fabriki yeni yaradılmış müəssisə idi və tam gücü ilə işləmirdi. Əsas zərər yağın istehsal edildikdən sonra ilk daxil olduğu əsas anbarla bağlıdır. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan təkcə məhsulla ölçülmür, orda istehsal avadanlıqlarına ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni, alternativ depolama yeri yaradılmalıdır. Bu, özü də böyük xərc tələb edir”.
Qeyd edək ki, sənaye parkı daşınmaz əmlakın icbari sığortası, danışmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası və yanan məhsullar isə əmlak sığortası üzrə “Azərbaycan Sənaye Sığorta” Şirkətində sığortalanıb. Dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanacaq.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov "Azərsun Sənaye Parkı”nda yanğının səbəbləri barədə açıqlama verib.
Nazirin sözlərinə görə, ilkin ehtimala əsasən, yanğın karton tullantıları olan yerdən başlayıb.
"Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi tərəfindən başlanmış cinayət işində bəzi istintaq sirləri olduğundan hər məlumatı deyə bilməyəcəm. İstintaqın gedişi barəsində Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi tərəfindən məlumat veriləcək", - o bildirib.
“Azərsun Holdinq” MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “Azərsun Sənaye Parkı”da baş vermiş yanğına görə sığorta ödənişi veriləcək.
Bunu “Report”a holdinqə məxsus, Parkın sığorta olunduğu “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Samir Məmmədov bildirib.
Bununla belə, o, sığorta ödənişinin məbləği barədə konkret açıqlama verməyib və bu rəqəmin dəymiş ziyan hesablandıqdan sonra məlum olacağını deyib.
Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında baş verib. Alov təxminən 5 000 kvadratmetr sahəni əhatə edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü tədbirlər nəticəsində onun 4 000 kvadratmetrlik hissəsində yanğın söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.