![]() |
|
“Jurnalistlərin vergi güzəştləri və digər sosial təminatlardan da yararlanması üçün layihələr üzərində iş gedir”.
Modern.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı layihələr hazırlanıb:
“Yaxın vaxtlarda bununla bağlı da açıqlamalar veriləcək. İqtisadiyyat Nazirliyilə bu yöndə mütəmadi müzakirələr aparılır. Artıq jurnalistlərin narahat olduğu məqamlarla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi üçün konkret layihə var. Həm “Media haqqında” qanun, həm də Vergi Məcəlləsinə dəyişikliklərin eyni anda qəbul olunmasını istəyirik. Vergilər Məcəlləsinə jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur”.
Helikopter qəzasında şəhid olan tibb xidməti kapitanı Əhmədxanov Ceyhunun arzusu gerçəkləşib.
Yol-xeber.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşımlar edilib.
Ceyhunun Vətən müharibəsi zamanı dostu ilə "WhatsApp” danışıqlarının fotoları yayımlanıb.
Belə ki, dostunda xeyli şəkillərinin olduğunu bildirən Ceyhun şəhid olduğu təqdirdə fotolardan birinin avtomobilin arxa şüşəsinə vurulmasını istəyib.
Dostu Ceyhunun bu istəyini helikopter qəzasında şəhid olmasının ardından həyata keçirib.
Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
Sözü gedən fotoları təqdim edirik:
Azərbaycan Velosiped Federasiyasının yeni prezidenti Mədət Quliyev idmançılar üçün təzə mükafatlar müəyyənləşdirib.
Yol-xeber.az xəbər verir ki, eyni zamanda müdafiə sənayesi naziri olan M.Quliyevin göstərişi ilə mükafatlar barədə velosipedçilərin məşq etdiyi zalların girişinə məlumat lövhəsi yerləşdirilib.
Lövhədə Olimpiya, dünya və Avropa çempionu olan idmançıya “Mercedes-Benz A-Class” və ya "BMW" 7-ci seriya avtomobil, Bakı şəhərində 5 otaqlı mənzil, 100 min manat mükafat, ayda 3 min manat olmaqla illik 36 min manatlıq maddi yardım veriləcəyi qeyd olunub.
Adıçəkilən turnirlərdə gümüş medal qazanan idmançı isə “Mersedes E-Class” və ya "BMW "5-ci seriya avtomobil, Bakı şəhərində 4 otaqlı mənzil, 70 min manat mükafat və ayda 2 min olmaqla 24 min manatlıq maddi yardım alacaq.
3-cü yerin sahibi isə “Mersedes C-Class” və ya "BMW" 3-cü seriya avtomobilə, Bakıda 3 otaqlı mənzilə, 50 min manatlıq mükafata və ayda min manat olmaqla illik 12 min manat maddi yardıma sahib çıxacaq.
Qeyd edək ki, rəsmi olaraq Prezident sərəncamı ilə Olimpiya çempionlarına pul mükafatı təqdim edilir.
“Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər”.
“Yol-xeber.az” xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "YAŞAT" Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla bağlı Türkiyənin Ali Təhsil Şurası ilə birgə proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq.
Azərbaycanın bir müddət əvvəl Ermənistana təhvil verdiyi keçmiş əsirlər - ötən il dekabrın əvvəlində Xocavənd rayonunda saxlanılan 62 nəfərlik diversiya-təxribat qrupunun bəzi üzvləri İrəvanda sorğu-sual ediliblər.
Modern.az verdiyi məlumata görə, 44 günlük İkinci Qarabağ Müharinbəsinin başa çatmasından sonra Ermənistanın Şirak vilayətindən Xocavəndə göndərilən diversantlar İrəvandakı sorğu-sual zamanı Azərbaycan əsgərlərinə necə əsir düşdüklərini danışıblar.
Adları tam olaraq açıqlanmayan 12 erməni hərbçisinin sözlərinə görə, 62 nəfərlik qrupun tərkibində Azərbaycana göndəriliblər. Xocavənd ərazisində irəliləyərkən Azərbaycan əsgərlərilə üzbəüz gəldiklərini deyən erməni hərbçilər bildiriblər ki, qarşıdakılardan təmiz rusca danışan biri narahat olmamağa, onlara yaxınlaşmağa çağırış edib:
“Qarşımızda təxminən 7-8 nəfər əli silahlı dayanmışdı. İrəli gedəndə gördük ki, onlar azərbaycanlılardı”.
Keçmiş əsir R.K. ifadəsində deyib ki, saxlanılarkən müqavimət göstərməyiblər. Qarşı tərəfdəkilər də zor tətbiq etməyiblər:
“Bizə dedilər ki, silahlarımızı təhvil verməliyik. Növbə ilə əlimizdə olan silah-sursatı təhvil verdik, bundan sonra azərbaycanlılar əl-qolumuzu bağlayıb dedilər ki, hara aparırlarsa, biz də onlarla getməliyik. Onlar təxminən 7 Azərbaycan əsgəri və bir komandir idi”.
Digər erməni həbçi A.S. onları əsir götürənlərin Azərbaycanın “Yaşma” xüsusi təyinatlı dəstəsindən olan əsgərlər olduğunu vurğulayıb:
“Biz 62 nəfər, onlar isə təxminən 6-7 nəfər olardı. “Yaşma” dəstəsinin hərbçiləri idi. Bizi saxlayandan sonra silahları və zirehli gödəkçələrimizi təhvil verdik".
Sorğu-sual edilən keçmiş diversantların demək olar ki, hamısının ifadəsində “Yaşma” sözü xüsusi vurğu ilə qeyd olunub. Bu, erməni həbçilərin Azərbaycan xüsusi təyinatlılarının adından belə necə qorxduqlarını göstərir.
Xatırladaq ki, ötən il sentyabrın 27-də başlayıb 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Rusiyanın vasitəçiliyilə 10 noyabr 2020-ci il tarixli üçrətərəfli bəyanatla başa çatıb.
Atəşkəs imzalanadan sonra noyabrın 26-da Ermənistanın Şirak vilayətindən yola çıxan 62 nəfərlik qrup Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisinə gələrək, diversiya-təxribat fəaliyyəti göstərmək istəyib. Ancaq terrorçu qrup dekabrın əvvəllərində tam heyətlə Azərbaycan tərəfində əsir düşüb.
Zərərsizləşdirilən diversantların bir çoxu tərəflər arasında aparılan danışıqlardan sonra Rusiyanın vasitəçiliyilə Ermənistana təhvil verilib.
“İnfrastrukturu dəyişsək belə, insanın rəqəmsal transformasiyaya uyğunlaşmasa çox çətin olacaq”.
Report xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda deyib.
“Pulla bağlı 3 inqilabi dəyişiklik olub. Sonuncu dəyişiklik blokçeyn texnologiyaları əsasında kriptovalyutaların dövriyyə buraxılması oldu. Artıq rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Hökumətdə bu barədə danışıqlar gedir”, - o qeyd edib.
Azərbaycanda dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilməyəcək.
Bu məsələ “Dövlət borcu haqqında” qanuna təklif olunan əlavə və dəyişiklərdə öz əksini tapıb.
Bundan başqa, qanundakı “Dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu” anlayışı “hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu” ilə əvəzlənir.
Həmçinin, qanuna təklif olunan əlavəyə görə, Dövlət borcu və öhdəliklərinin Təminat Fondunun xərclərinin yuxarı həddi həmin fondun büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz.
“Ana hədəfimiz ölkədə cənab Prezidentin müvafiq fərmanı ilə təsdiq olunmuş yeni məşğulluq konsepsiyasına uyğun olaraq məşğulluq xidmətlərinin yanaşmasının dəyişməsidir”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda deyib.
“Hədəfimiz hər bir işsizə fərdi məşğulluq planının tərtib edilməsi, işsizin qeydiyyata düşdükdən sonra növbəti addımları üzərində məşğulluq orqanlarımızın kariyera məsləhətçisi qismində onunla birlikdə addımlamasıdır. Fərdi məşğulluq planı tərtib ediləcək və bu çərçivədə onların iş imkanları araşdırılacaq, ixtisaslarına uyğun olaraq bazarda iş imkanları yoxdursa, onların peşə bacarıqlarının dəyişdirilməsi üzərində iş aparılacaq”, - deyə nazir söyləyib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib.
BDYPİ-dən Yol-xeber.az-a daxil olan xəbərdarlıqda deyilir:
"Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri və şəraiti araşdırılarkən müxtəlif amillərlə rastlaşırıq. Adətən əsas səbəb yol hərəkəti qaydalarının pozulması ilə əlaqəli olur. Təbii ki, yolların sürüşkən və ya nahamar örtüklü olması, hərəkət hissəsinin qeyri-kafi işıqlandırılması, piyada keçidlərinin yetərincə olmaması və sair kimi qismən nəticəyə təsir göstərən bəzi amillər də var.
Yol-nəqliyyat hadisələri törədən şəxslərin sürücülük təcrübəsi ilə bağlı statistik göstəricilərə diqqət yetirsək görərik ki, qeydə alınan ağır qəzaların çoxu məhz 10 ildən yuxarı sürücülük təcrübəsi olan şəxslərin təqsiri üzündən baş verib. Ümumiyyətlə, sürücülük hüququ yarandıqdan sonrakı birinci onillik ərzində fərdlərin məsuliyyət hissi növbəti onilliklərlə müqayisədə daha artıq olur. Sonradan sürücülərdə yaranan arxayınlıq, özünə güvənmə məsuliyyət hissini azaldır ki, bu da yol hərəkətində intizamsızlığa və qəzaların baş verməsinə gətirib çıxarır.
Əgər sürücü yolda müəyyən olunan sürət həddini görüb ona əhəmiyyət vermirsə, aramla hərəkətdə olan nəqliyyat axınında digər sürücülərə hörmətsizlik edərək nümayişkəranə şəkildə qarşı hərəkət zolağına çıxırsa, ötmə, manevr etmə və yaxud yolayrıcını keçmə qaydalarını bilərəkdən və kobud şəkildə pozursa, araməsafəsi saxlamırsa, bu o demək deyil ki, həmin şəxs törətdiyi əməllərin qanuna zidd olduğundan, nəticəsinə görə cavabdehlik daşıdığından xəbərdar deyil, sadəcə məsuliyyət hissini unudaraq hərəkətlərini davam etdirir. Bu baxımdan sürücülərin təcrübəsiz olması, yol hərəkəti və yol hərəkətinin təhlükəsizliyi qaydaları haqqında nəzəri biliklərinin qənaətbəxş olmaması kimi fikirlər irəli sürmək düzgün olmazdı.
Sözsüz ki, sükan arxasına əyləşən hər bir sürücü yol və hava şəraitinə görə nə qədər təcrübəli olduğunu özü daha yaxşı bilməli, təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalı, daima yol hərəkəti qaydalarına dair biliklərini və sürücülük vərdişlərini təkmilləşdirməlidir. Bir sözlə, hər bir peşə sahəsində olduğu kimi, nəzərə alsaq ki sürücülük özü də bir peşədir, sürücü həmişə öz üzərində çalışmalı, yollarda diqqətli və məsuliyyətli olmalıdır. Hətta istənilən peşəkar sürücünün belə, ani diqqətsizliyi, məsuliyyətsizliyi faciəvi qəzaya səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi gündəlik fəaliyyətdə istər-istəməz iştirakçıya çevrildiyimiz yol hərəkəti prosesində şəxsi və ictimai məsuliyyət hissinin son dərəcə vacib olduğunu xatırladır, hər kəsi yollarda intizamlı olmaqla ölkəmizdə yol hərəkəti mədəniyyətinin möhkəmlənməsinə və qəzaların sayının azaldılmasına yardımçı olmağa dəvət edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Daxil Qoşunların hərbi həkim-ekspertləri erməni terroru nəticəsində xəsarət almış iki hərbçi və bir mülki şəxsi ziyarət ediblər.
Nazirlikdən verilən məlumata görə, hər üç şəxs - ötən ay hərbi xidmət vəzifələrini yerinə yetirərkən Füzuli rayonunda minaya düşən hərbi qulluqçular Sarib Məmmədzadə, Murad Məmmədzadə və Cəbrayıl rayonunda təmir-tikinti işləri apararkən minaya düşən mülki şəxs Natiq Məmmədov hazırda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunur.