19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin işçi heyəti və rəhbərliyi qış aylarında sakinlərə göstərilən xidmət keyfiyyəti ilə nümunəvi fəaliyyət ortaya qoyur. Yol infrastrukturlarının qorunması, qış aylarında yollarda təhlükəsiz hərəkətin təmin olunması və qar təmizləmə işləri bu qurumun əsas prioritetlərindəndir.

MMC-nin rəhbərliyi qarla mübarizə tədbirlərində peşəkarlıq nümayiş etdirir, texnikanın düzgün idarə olunması və vaxtında müdaxilə ilə yolların istifadəyə yararlı vəziyyətdə saxlanılmasını təmin edir. Qarlı hava şəraitində, xüsusilə dağlıq ərazilərdəki yolların açılması və təhlükəsizliyin qorunması üçün təşkil edilən işlər sakinlərin yüksək qiymətləndirdiyi xidmətlərdən biridir.

Bütün bu fəaliyyətlər, həmçinin rəhbərliyin və işçi heyətinin məsuliyyətli yanaşması ilə həyata keçirilir. Yol infrastrukturunun müasir tələblərə cavab verməsi və əhaliyə vaxtında xidmət göstərilməsi istiqamətində görülən işlər bir daha MMC-nin uğurlu idarəetmə və iş prinsipini nümayiş etdirir.

Biz də 19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbərliyinə və bütün əməkdaşlarına öz minnətdarlığımızı bildirir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!





Yol-xeber.az" xəbər verir ki, 11-22 noyabr 2024-cü il tarixində Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrasının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə ADY-nin bir sıra departament rəhbərləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Bu ali qiymətə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk.
Kamaləddin Qafarov: “Ölkəmiz özünün təhlükəsizliyi üçün hər şeyi edəcək”

“ Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində dost qonşu ölkələrlə münasibətlərin yüksək səviyyədə qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Şimal qonşumuz olan Rusiya ilə münasibətlər də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya Prezidentlərinin imzaladıqları Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ölkələrimiz arasında münasibətlərin tənzimlənməsi baxımından xüsusi önəm kəsb edən bir sənəddir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ölkə Prezidenti İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində qeyd olunduğu kimi, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaş ölkədir və buna Azərbaycanın da, Rusiyanın da heç bir şübhəsi yoxdur. “Cənab Prezident Azərbaycan-Rusiya münasibətlərinin səmimiliyini vurğulayaraq bildirdi ki, ölkələrimiz çətin vaxtlarda həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdiriblər, həm də özlərini dostcasına aparıblar.”

K.Qafarov Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasətinin unikal xüsusiyyətləri barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini də qeyd edib: “Məlumdur ki, bu gün Azərbaycan həm Qərbin, həm də Şərqin aparıcı dövlətləri tərəfindən müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil aktor kimi qəbul edilir. Buna zəmin yaradan əsas amil Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasətin özünəməxsus xüsusiyyətləridir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Bu unikal status ölkəmizin qarşısında geniş imkanlar açır. Rusiya ilə NATO ölkələri arasında münasibətlərin normallaşdırılması baxımından hansısa mərhələdə Azərbaycanın səyləri tələb oluna bilər. Nəzərə almaq lazımdır ki, dünyada Azərbaycan qədər etibar qazanmış ölkələr çox azdır. Təsadüfi deyil ki, məhz Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Bütün bunlar göstərir ki, əgər belə bir ehtiyac olarsa, Azərbaycan gərginliyin aradan qaldırılmasına öz töhfəsini verə bilər.”

K.Qafarov cənab Prezident İlham Əliyevin müsahibəsində Ermənistanın silahlandırılmasına qarşı ifadə olunmuş fikirlərin aktuallığını da diqqət mərkəzinə çəkib: “Azərbaycan bütün Cənubi Qafqazda sülhün və əmin-amanlığın davamlılığını təmin etmək üçün əlindən gələni edir. Lakin bəzi Qərb dairələrinin mövqeyi ölkəmizin bu səylərinə ciddi əngəllər törədir. O cümlədən, Fransa bu gün bizim regionumuzda vəziyyətin gərginləşdirilməsinə çalışan ölkələrdən biri kimi çıxış edir. Prezident İlham Əliyev öz müsahibəsində növbəti dəfə Makron hökumətini kəskin tənqidə məruz qoyaraq bildirdi ki, Fransanın Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Ermənistanla sərhədimizin uzunluğunun min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, Azərbaycanın bu prosesi yalnız kənardan müşahidə edəcəyini gözləmək olmaz və ölkəmiz özünün təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək”.

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir, bəzi şərq rayonlarında yağıntılar leysan xarakterlidir.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 12, Şabran, Quba, Şəki, Zaqatala, Balakəndə 1 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Altıağacda 20, Qrızda 12, Xaltanda 10, Şamaxıda 7, Qusarda 6, Qax(Sarıbaş), Şahbuzda 5, Şahdağ, Qobustanda 4 sm olub.

Bəzi yerlərdə arabir güclü qərb küləyi əsib, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Daşkəsəndə 28 m/s, İsmayıllıda 26 m/s, Kəlbəcərdə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Qobustan, Şəki, Oğuz, Qəbələdə 20 m/s, Mingəçevirdə 19 m/s, Naftalan, Şamaxıda 18 m/s, Tərtərdə 16 m/s-dək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Sumqayıt, Göyçay, Şamaxı, Qobustan, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 19-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

Bakıda məşhur bazar söküləcək - Yanvarın 1-dək vaxt verildi

Keşlə bazarında fəaliyyət göstərən icarədarlara yanvarın 1-ə qədər bazarı tərk etmələri bildirilib.

Xezerxeber.az məlumat verir ki, bazarda fəaliyyət göstərən icarədarlar verilən qərardan narazıdırlar. Onlar 13 günlük müddətin bazardan çıxmaq üçün kifayət etməyəcəyini bildirir və bu müddətin ən azı 4 ay uzadılmasını istəyirlər.

İcarədarlar deyirlər ki, 4-5 ay öncədən bazarın yeni ildə söküləcəyinə dair məlumat verilsəydi, satmaq üçün əlavə mal almazdılar, həmçinin əllərindəki malları da satıb qurtarmış olardılar.

"Keşlə" bazarının ərazisinə nəzarət edən şəxs bildirib ki, onlara da məlumat elə bu gün verilib.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib. Rəhbərlik özü məsələni gecikdirib. Son xəbərdarlıq isə yaxın zamanda edilib. Ərazi qısa müddətə boşaldılmalıdır ki, tikinti başlasın.

Ətraflı süjetdə:
 

Şuşaya gedən sürücülərin nəzərinə!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şuşa şəhəri istiqamətində hərəkət edən sürücülərə müraciət edib.

Bununla bağlı AAYDA məlumat yayıb.

Bildirilib ki, qarlı və şaxtalı hava şəraitində Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa avtomobil yolundan istifadə etməyə üstünlük vermələri tövsiyə olunur.

HƏRBİ xidmətkeçmə ilə bağlı SUALLAR: Yenilənmiş qanun kimlərə şamil ediləcək?

Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri birinci oxunuşda qəbul edib. Xüsusilə maraq doğuran maddə hərbi xidmətkeçmə yaşı ilə bağlıdır. Belə ki, təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaqlar. Xatırladaq ki, hazırkı qanunvericiliyə görə, həmin yaş həddi 18 yaşından 35 yaşına qədərdir.

Maraqlıdır, bəs hərbi xidmətkeçmə yaşının 30 yaşa endirilməsi ilə bağlı dəyişiklik təsdiq olunarsa, qanun 30 yaşını tamamlamış, lakin hərbi xidmət keçməmiş şəxslərə də şamil olunacaqmı? Yəni onların hərbi xidmətə çağırılması dərhal qüvvədən düşürmü? Həmçinin, qanuna əlavə dəyişiklik ola bilərmi? Məsələn, daha çox müzakirə edilən çağırış yaşının 18-dən 20-ə qaldırılması gözlənilirmi?

Mövzu ilə bağlı Oxu.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda hərbi xidmətkeçmə yaşının 35-dən 30-a endirilməsi hər şeydən əvvəl ordumuzda aparılan islahatlarla - peşəkar ordunun yaradılması ilə bağlıdır:

"Bu qanun qəbul edildikdən sonra artıq hərbi xidmətə çağırış yaşı 35-ə qədər deyil, 30-a qədər mümkün olacaq. Qanun Milli Məclisdə təsdiqlənəndən sonra Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilərək qüvvəyə minmiş hesab olunur. Fərman imzalandıqdan sonra isə artıq qanun 30 yaşını tamamlamış və ondan yuxarı yaşda hərbi xidmətə çağırılmış bütün vətəndaşlara şamil ediləcək.

Yəni qanun qüvvəyə mindikdən dərhal sonra artıq 31, 32 və ümumiyyətlə 35 yaşa qədər olan bütün vətəndaşlarımıza şamil ediləcək. Hətta əgər bu vətəndaşlar hərbi xidmətdə olsalar belə, qanun qüvvəyə mindikdən dərhal sonra yararlı kimi tərxis olunacaqlar. Çünki onlar hərbi xidmətə yararlıdırlar, xidmətdə olublar, sadəcə, yeni qanuna əsasən, Prezidentin sərəncamı ilə müddətdən əvvəl hərbi xidmətdən tərxis olunurlar. Ona görə də düşünürəm ki, bu, müəyyən yaş həddində olan vətəndaşlarımızın xidməti ilə bağlı xüsusi şərtlər formalaşdırmaqla ordu komplektləşməsində yeni keyfiyyət mərhələsi yaradacaq".

"Bu qanunun üçüncü oxunuşunda hər hansı bir dəyişikliyin edilməsi gözlənilmir. Çünki adətən, istənilən qanun layihəsi birinci oxunuşda ümumi kontekstdə təhlil olunur. İkinci oxunuşda birbaşa mətndə dəyişikliklər zərurəti varsa, təklif olunur və qanunvericilik subyekti ilə razılaşdırılaraq bu dəyişikliklərin edilib-edilməməsinin mümkünlüyü nəzərdən keçirilir. Bəzən zərurət yaranarsa, belə dəyişikliklər edilir, bəzən isə edilmir. Üçüncü oxunuş isə son oxunuş olduğuna görə artıq qanunun qəbul edilməsi mərhələsi hesab olunur. Bu baxımdan, hesab edirəm ki, üçüncü oxunuşda hər hansı bir dəyişiklik gözlənilmir", - deyə deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, sözügedən qanun layihəsində çağırış yaşının 18-dən 20-yə qaldırılması qanun layihəsində yoxdur və bu məsələ aktual olmadığı üçün bu gün müzakirə edilmir:

"Məlumdur ki, 18 yaşında artıq gənclərimiz orta məktəbi bitirir və təhsilin növbəti - ali mərhələsinə keçən gənclərimiz hərbi xidmətdən müvəqqəti olaraq fasilə götürmüş olurlar. Ancaq belə bir hüquq qazanmayan gənclərimiz ordu sıralarına cəlb olunurlar. Əgər bu yaş 18-dən 20-yə qaldırılarsa, o zaman iki il müddətində gənclərin məşğuliyyəti ilə bağlı və yaxud onların cəmiyyətdə faydalı iş əmsalının səmərəli təşkili ilə bağlı problemlər yarana bilər. Amma indiki halda 18 yaşından sonra ali təhsil hüququ qazanan gənclərimiz ali təhsil müəssisələrinə, qazana bilməyən gənclərimiz isə ordu sıralarına cəlb olunurlar.

Əslində, gənclərimiz bu situasiyada iki ili qazanmış olurlar. Çünki hərbi xidmətdən sonra yenidən ali təhsil almaq və yaxud cəmiyyətin digər institutlarına inteqrasiya olunmaq üçün fürsət əldə edirlər. Bu, yaxşı haldır ki, zamanla bağlı heç bir fasilə yaranmır. Əgər yaş həddi 18-dən 20-yə qaldırılarsa, iki il qeyri-müəyyən zaman meydana çıxır ki, bu da həmin yaş dövründə gənclərin faydalılıq əmsalına mənfi təsir göstərə bilər. Bu isə ictimai maraqlarımız baxımından doğru olmazdı".



“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişindaşıma xidmətində bu il də rekord göstərici qeydə alınıb. Belə ki, ötən il olduğu kimi, bu il də nəzərdə tutulmuş hədəf aşılaraq ilk dəfə il ərzində 8 milyon sərnişin daşınıb.

Yol-xeber.az" xəbər verir ki, Son illər ADY-də aparılan islahatlar sayəsində sərnişindaşıma göstəricilərində yüksək artım tempi müşahidə olunur. Belə ki, dəmir yolları ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon nəfər təşkil edib.

2024-cü ildə yeni “Stadler” qatarlarının istismara verilməsi nəticəsində Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin gün ərzində 2 dəfə artırılması, Ləki və Ucara dayanacaq verilməsi, həftəsonları və bayram günlərində rayonlararası istiqamətlərə əlavə reyslərin təyin olunması, həmçinin Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət qrafikinin optimallaşdırılması bu il sərnişindaşımada rekord göstəricinin yenilənməsinə imkan yaradıb.

ADY-nin Sərnişin daşımaları departamentinin nümayəndələri 8 milyonuncu sərnişin olan 4 yaşlı Dəniz Məmmədlini və valideyni Aydan Məmmədlini təbrik edərək rayonlararası istiqamətlərə birinci sinif üzrə gediş-dönüş bileti və xatirə hədiyyələri təqdim ediblər.

8 milyonuncu sərnişinimizin valideyni Aydan Məmmədli xüsusi diqqətə görə təşəkkür edərək ADY-nin sürətli sərnişin qatarları ilə daim səfər etdiklərini və rahat, təhlükəsiz səyahətdən zövq aldıqlarını bildirib.

ADY sərnişinlərin rahat və təhlükəsiz daşınmasını səmərəli şəkildə təşkil edir, xidmət keyfiyyətini yüksəldir, qatar personalının bilik və bacarıqlarının müasir standartlara uyğun olaraq artırılmasını uğurla həyata keçirir.

Bu körpü sökülür, 8 marşrutun... - Əhalinin DİQQƏTİNƏ!

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidi bu gün saat 00:00-da söküləcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir.

Məlumata görə, 1970-ci illərdə inşa edilmiş körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri birlikdə baxış keçirib, məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib. Mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.

Yeni körpünün inşası zamanı avtomobil yolunun tamamilə bağlanılması və hərəkətin dayandırılması nəzərdə tutulur. Söküntü və təmir işləri ilə əlaqədar ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.

Belə ki, 16/19, 17, 18 və 27 nömrəli marşrutlar Alı Mustafayev küçəsi (Sumqayıt şəhəri. Tunel) – Ayna Sultanova küçəsi – Hacıbaba Səmədov küçəsi ilə təşkil ediləcək. 503 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksi, 521 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Novxanı qəsəbəsi, 523 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Xırdalan şəhəri olmaqla fəaliyyət göstərəcək. 522 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Koroğlu küçəsi (Sumqayıt şəhəri) olmaqla Nizami Gəncəvi küçəsi – Məhəmməd Əmin Rəsulzadə küçəsi – Bakı-Quba-Rusiya yolu – Sülh küçəsi ilə təşkil ediləcək.

Həmçinin vətəndaşların Sumqayıt şəhərindən Xırdalan şəhərinə birbaşa gedişlərinin təmin edilməsi məqsədilə 505 nömrəli müntəzəm marşrutun müvəqqəti olaraq başlanğıc dayanacaq məntəqəsi Koroğlu küçəsi (Sumqayıt şəhəri, dairənin yaxınlığı) müəyyən edilir.

Saray körpüsündə aparılacaq söküntü və tikinti işləri ilə əlaqədar olaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Nəqliyyatı Əlaqələndirmə Şurasında Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, onun yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” QSC-lər təmsil olunur.

Ödənişli yoldan istifadə edən sürücülərin nəzərinə! - Video

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, “Sürətli Keçid Kartı”nı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44.5-ci kilometrində (yanacaq doldurma məntəqəsi) yerləşən satış məntəqəsindən, eyni zamanda Quba və Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqələrindən, həmçinin Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı, Sumqayıt 2 saylı və Quba “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür. 

“Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm “Sürətli Keçid Kartı” əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkündür. Lakin bir müddətdən sonra ödənişli yoldan yalnız “Sürətli Keçid Kartı” sahiblərinin istifadə etməsi nəzərdə tutulur.

Odur ki, sürücülərdən ödənişli yoldan istifadə zamanı gələcəkdə problemlə qarşılaşmamaq üçün öncədən “Sürətli Keçid Kartı”nı əldə etmələri xahiş olunur”, - agentlik bəyan edib. 

“Sürətli Keçid Kartı”nın əldə edilməsi və istifadə qaydaları ilə videodan tanış ola bilərsiniz:

Xəbər lenti