![]() |
|
Sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslər problemlərlə üzləşirlər.
xəzərxəbər bildirir ki, qiyməti aşağı olduğundan belə avtomobillərə maraq göstərənlər çoxdur. Lakin alanların çoxu sonradan problemlərlə üzləşirlər.
Avtomobil ustaları deyirlər ki, sükanı sağdan sola keçirilmiş avtomobillərdə tez-tez qüsurlar yaranır.
Belə avtomobillər xüsən Yaponiya istehsalı olur. Ölkəmizə belə maşınların gətirilməsi qadağan olduğundan elə oradaca sükanı sağdan sola keçirilir. Bu da sonradan bir sıra problemlər yaradır. Avtomobil nəqliyyatı üzrə ekspert Eldəniz Cəfərov deyir ki, sükan sisteminin dəyişdirilməsi zamanı bəzi avtomobillərdə standartlara uyğun olmayan ehtiyat hissələrindən istifadə edilir. Bu isə ciddi təhlükələr yaradır.
Ekspert bildirib ki, həmin avtomobillərdə dönmə bucağı, qısaqapanma, təhlükəsizlik yastıqlarının açılmaması, sensorların və digər elektron sistemlərin düzgün işləməməsi kimi müxtəlif problemlər yarana bilir. Bu da ya qəzanı, ya da qəza zamanı daha ağır fəsadları qaçılmaz edir.
Eldəniz Cəfərovun sözlərinə görə, bu cür avtomobillərin bazar dəyəri nisbətən aşağı olur. Ən yaxşı seçim orijinal sükanlı və düzgün texniki baxışdan keçmiş avtomobil almaqdır.
Xatırladaq ki, Azərbaycanda sükanı sağda olan avtomobillərin idarə edilməsi 1998-ci ildən qadağandır.
Azərbaycanda dekabrın 24-də hava əsasən yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 3-8° isti olacaq.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü məlum olub.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 6 yanvar, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 4 yanvar 2025-ci il tarixi ilk iş günüdür.
Xatırladaq ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 5 və 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 28-29 dekabr 2024-cü il tarixində iş günüdür. 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 28 dekabrda həftənin bazar ertəsi, 29 dekabrda cümə gününün, 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 29 dekabrda həftənin bazar ertəsi gününün dərsləri tədris olunacaq.
Dekabrın 22-də cari tədris ili üçün respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.
Ümumilikdə 90 mindən çox şagirdin iştirak etdiyi fənn olimpiadaları 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə ölkənin müxtəlif bölgələrində 190 mərkəzdə keçirilib.
İşğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlamış ümumi təhsil müəssisələrinin şagirdləri də fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak ediblər. Belə ki, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Xocalı şəhəri 1 nömrəli və Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblərdə ümumilikdə 213 nəfər şagird respublika fənn olimpiadalarına qatılıb.
Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabr, X-XI siniflər üçün isə 29 dekabr tarixində keçiriləcək.
Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq.
Respublika fənn olimpiadalarının keçirilməsində məqsəd gənclərin elmə və təhsilə marağını artırmaqla yanaşı, onların intellektual inkişafına töhfə vermək, eyni zamanda müvafiq istiqamətlərə olan marağın artırılmasından ibarətdir.
Torpaqlardan istifadə ilə bağlı qanuvericiliyə edilmiş dəyişikliklər yeni ildən qüvvəyə minir.
yanvarın 1-dən kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması üçün yaşayış təyinatlı tikililərin inşa edilməsinə və quraşdırılmasına icazə veriləcək.
Torpaq məcəlləsinə edilmiş yeni dəyişikliklər əhali arasında bir sıra yanlış anlaşılmalara səbəb olub. Bəzi vətəndaşlar elə hesab edir ki, bu dəyişikliklərlə gələn ildən Bakı və ətraf ərazilərdə, inşa edilmiş "özbaşına" tikililərin sənədləşdirilməsinə başlanılacaq, yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarda daimi yaşayış məqsədləri üçün tikintilərin aparılmasına icazə veriləcək.
Ekspert isə deyir ki, bu iddialar həqiqəti əks etdirmir.
Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək.
Qərarı şərh edən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əvvəlki qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurdular. Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilib:
“Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.
Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Bu zaman aşağıdakı sənədlər tələb olunur:
- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti;
- əmək kitabçasının surəti;
- valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.
Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər.
Bütün bunlar ilə yanaşı bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.
Qeyd edək ki, Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.