Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

İclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Bununla da komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdıracaq.

Qeyd edək ki, indiyədək komissiyada baxılan müraciətlərin sayı 950-dən çoxdur.

Ölkədə Novruz bayramından sonra epidemioloji vəziyyətə uyğun olaraq karantin sərtləşdirilə bilər.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində həkim Adil Qeybulla deyib. O bildirib ki, bayram günlərində karantinin olması insanlara mənfi təsir edə bilər:

"Azərbaycanda ikinci dalğada qazanılan təcrübə onu göstərdi ki, bir müddət karantin qaydalarını tətbiq etməməyimiz bizi xeyli çətinliklərlə üz-üzə qoydu. Bu gün gündəlik yoluxmalar barədə açıqlanan rəsmi rəqəmlər də "aysberqin görünən" hissəsidir. Gündəlik iş rejimimizdə də yoluxanların sayının artmasını müşahidə edirik. Hesab edirəm ki, belə bir situasiya varsa, maarifləndirici tədbirlər görülməlidir. Bayram günlərində hansısa karantin qaydalarının sərtləşdilməsi insanların əhval-ruhiyyəsinə mənfi təsir edə bilər. Bu səbəbdən bayramqabağı karantinin sərtləşdirilməsini məqsədəuyğun hesab etmirəm. Bayramlardan sonra yəqin ki, epidemioloji vəziyyətə uyğun qərarlar verilə bilər. Ümid edirəm ki, əhali də bunu anlayışla qarşılayar. Qaydalara əməl edərsək, üçüncü dalğadan daha az itki və problemlə çıxa bilərik”. 

Peyvənd vurulmasının daha intensivləşdirilməsi lazım olduğunu qeyd edən A. Qeybulla risk qrupunun peyvəndlənməsinin baş çatmasından sonra ölkədə yumşaldılmaların ola biləcəyini söyləyib:

“Qısa müddətdə əhalinin böyük hissəsinə peyvənd vurularsa, bu dalğanı az itkilərlə başa vura bilərik. Kütləvi peyvəndlənmənin əsas işi operativlikdir. Bütün tibb müəssisələri bu işə cəlb olunmalı və vətəndaşlar istədikləri müəssisədə peyvənd vurdurmalıdır. Əhalinin 2-3 milyonunun qısa müddətdə peyvənd vurdurması xeyli effekt verəcək. Bunun həm üçüncü dalğanı rahat keçirmək, həm də kollektiv immunitet üçün müsbət tərəfləri olacaq. Risk qrupuna daxil olanların peyvəndlənməsi prosesi bitərsə, biz yumşaldılmalara gedə bilərik. Bu, yenə də epidemioloji vəziyyət nəzərə alınmaqla müzakirə olunmalıdır”.
 

2021-ci ilin yanvarında əhalinin sayı 3015 nəfər və ya 0,03 faiz artaraq fevral ayının 1-i vəziyyətinə 10 milyon 122 min 148 nəfərə çatıb.

"Ölkə.Az" rəsmi statistikaya istinadən xəbər verir ki, yanvarda 10 812 min körpə doğulub, 7972 nəfər dünyasını dəyişib və nəticədə təbii artım 2840 nəfər olub.
 
2020-ci ilin yanvarı ilə müqayisədə təbii artımda kəskin geriləmə qeydə alınıb. Bunun əsas səbəbi ölənlərin sayının kəskin artmasıdır. Ötən ilin yanvarında doğulanların sayı 11 279 nəfər, ölənlərin sayı 5177 nəfər, təbii artım 6102 nəfər olub.
 
Müqayisədə bu il ölənlərin sayı 54,1 faiz (2795 nəfər) artıb, doğulanların sayı 5,2 faiz (467 nəfər) azalıb, təbii artım 2,15 dəfə azalıb. 

Aşıq Şəmşir-128
Böyük ustadı xatırlarkən...

"Mən fəxr edirəm ki, Kəlbəcərliyəm..."

Martın 15-də aşıq-ozan sənətinin görkəmli nümayəndəsi, Azərbaycanda bu gün də sayılıb seçilən və sevilən el sənətkarlarından biri olan haqq aşığı-Aşıq Şəmşirin (Dədə Şəmşirin) anadan olmasının 128 ili tamam olur. Belə bir gündə aşığı xatırlamaq, onun həyat və yaradıcılığına qısaca da olsa, nəzər salmaq məqsədilə millət vəkili Aqil Məmmədova müraciət etdik. Həmin söhbəti ixtisarla nəzərinizə çatdırırıq:
-Aqil müəllim, Dədə Şəmşir barədə saatlarla danışmaq olar. Gəlin bu gün el sənətkarını yad edərkən, reallığı nəzərə alaq və ən vacib məqamlara toxunaq.
- Bilirsiniz, Dədə Səmşir yaradıcılığı, eləcə də onun həyatı o qədər maraqlı və diqqətçəkəndir ki, bu barədə geniş danışmaq mümkünsüzdür. Ona görə mən də yalnız bəzi detalları qabartmaqla kifayətlənmək zorundayam.
Aşıq Səmşir 15 mart 1893-cu ildə Azərbaycanın ən dilbər guşələrindən birində-Kəlbəcərin Dəmirçidam kəndində tanınmış el sənətkarı, şair-Aşıq Qurbanın ailəsində dünyaya göz açıb. Yeri gəlmişkən, deyim ki, Aşıq Qurban Aşıq Ələsgərin Dədə Ələsgərin) müasiri və dostu idi. Belə bir ailədə, belə bir mühitdə böyüyən Aşıq Səmşir çox keçmədən el şənliklərində tanınmağa başladı. Sözsüz ki, onun bütün Azərbaycanda məşhurlaşmasında unudulmaz xalq şairi Səməd Vurğunun böyük rolu olub. Bilirsiniz ki, o da asıq-ozan sənətinin vurğunu idi və Aşıq Səmşirlə dostluq edirdi. Yəni, Səməd Vurğun aşıqla İstisu yaylaqlarında tanış olmuşdu və hətta, ona məşhur qoşmasıni həsr etmişdi. Səməd Vurğunla yanaşı, xalq şairi Zəlimxan Yaqub da Dədə Şəmşir ocağının sakinlərindən idi.Aşıq Şəmşir-128
- Məlum olduğu kimi, Aşıq Şəmşir öz yaradıcılığında Azərbaycan yazılı və şifahi ədəbiyyatından çox ustalıqla yararlanan az-az sənətkarlardan biri olub.
- Bəli, bu həqiqətdir. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divanı, bayatı, rübai, qəzəl və müxəmməsləriylə Kəlbəcərdə öz məktəbini yaratmışdı. Təsəvvür edin, onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı 10-larla saz-söz sənətkarlarının yetişməsində Aşıq Şəmşirin çox böyük təsiri olub. Onu da deyim ki, böyük ustadın məktəbi Bəhmən Vətənoğlu, Şücaət kimi tanınmış şairlərin yaradıcılığında da öz izlərini qoyub.
-Gərək ki, onun qeyri-adi səsi və misilsiz ifaları lentə alınıb. Ümumiyyətlə, yaradıcılığı ən tanınmış ədəbiyyatşünaslarımız tərəfindən tədqiq olunub, deyilmi?
- Elədir. Əgər mən həmin alimlərin adlarını sadalasam, çox uzun bir siyahı alınar. O ki qaldı lent yazılarına, bunu ilk dəfə musiqişünas Əminə Eldarova edib. O, Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb və bunlar radiomuzun "Qızıl fondu"nda saxlanılır. Əminə xanım bu xeyirxah işi 1958-ci ildə həyata keçirib.
- Bəs, Dədə Səmşir ədəbi mühitdə nə vaxtdan tanınmağa başladı?
-Aşıq Şəmşirin "Şeirlər" adlı ilk kitabı 1959- çü ildə çap olunub. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın "Qoşmalar", "Seçilmiş əsərləri", "Dağ havası", yenə "Şeirlər", habelə "Öyüdlər", və sair kitabları işıq üzü görüb.
- Siz "Öyüdlər" dediniz. Həqiqətən Dədə Səmşir yaradıcılığı başdan-basa hikmətli sətirlərlə doludur...
- Onun yaradıcılığını tədqiq edən alimlər kifayət qədər dediyiniz məsələyə toxunublar. Mən isə bir neçə misal gətirməklə kifayətlənəcəm:
İnsanda yaxşı sifət əzəl binadan gərək,
Tərbiyəsi kamil ola ata-anadan gərək.
Yaxud:
Yaxşılara yoldaş olun, şərdən, şeytandan qaçın,
El içinə fitnə salan aravurandan qaçın.
Və ya:
Özün üçün sərf eyləmə özgələrin varını,
Zəhmət çəkib, bağ salanlar qoy dərsin öz barını.
- Aşıq Şəmşir uzun ömür yaşayıb və 87 yaşında dünyasını dəyişib. Saz-söz sənətində xidmətləri necə dəyərləndirilib?
- Əvvəla, o, "Əməkdar incəsənət xadimi" fəxri adını daşıyırdı. Bundan əlavə, 1973-cu ildə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunub və o, "Şərəf nişanı" ordeni ilə təltif edilib. 1980-ci ildə isə Kəlbəcərin Mədəniyyət Evinə Aşıq Şəmşirin adı verilib.
Müstəqillik illərində də Dədə Səmşir heç vaxt unudulmayıb. 2003-cu ildə Heydər Əliyevin sərəncamı ilə Aşıq Şəmşirin 110 illiyi dövlət səviyyəsində qeyd olunub. Onu da əlavə edim ki, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb.
Yeri gəlmişkən, aşıq sənətinə bu gün də dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilir. Yəni, ulu öndərimizin mədəniyyət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Məsələn, Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə 2009-cu ildə Azərbaycanın aşıq sənəti YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə Peprezentiv siyahısına daxil edilib. 2015-ci ildən isə "Aşıq Səmşir" Mədəniyyət Ocağı ictimai Birliyi YUNESCO-da məsləhətçi statusu qazanıb.
Yəqin ki, Azərbaycan Prezidenti İlham Əliyevin Aşıq Şəmşirin 125 illiyi ilə əlaqədar 2 aprel 2018- çi il tarixli sərəncamını siz də xatırlayırsınız.
- Vətən müharibəsində Kəlbəcərin erməni işğalından azad edilməsi bəlkə də Dədə Şəmşirin 128 illik yubileyinə ən böyük hədiyyəsidir.
- Tamamilə doğrudur. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz gerçəkdən tarix yazdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimiz də tezliklə sağlıqlarına qovuşsun . Əminəm ki, bu qələbə Dədə Şəmşirin də ruhunu sevindirdi.

Bəradər SƏMƏNDƏRLİ

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

"Sosial məsafə gözləməklə 2-5 masa ətrafında, yaxud vaxt məhdudiyyəti qoymaqla 3 saata toylar yekunlaşa bilər. Amma 50 nəfərin iştirakına icazə verilsin".

Bu sözləri "ARB24"-ə millət vəkili Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, əks halda bu məsələ ailə içi münasibətlərin gərginləşməsi ilə nəticələnəcək: "Bir ailənin probleminin təxirə salınması digər sosial problemlərin yaranması ilə nəticələnə bilər".

Daxili İşlər Nazirliyinin əməkdaşlarının COVID-19 infeksiyasına qarşı vaksinasiyası davam etdirilir.
Daxili işlər orqanlarında çalışan şəxslərin koronavirus əleyhinə peyvəndlənmə prosesi növbəlilik prinsipi əsasında aparılır.

Hazırda polis orqanlarında çalışanların birinci və ikinci doza üzrə vaksinasiyası davam etdirilir.

Prosesin məqsədi pandemiyanın qarşısının alınması, koronavirusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasıdır.

Xatırladaq ki, yanvarın 18-dən koronavirus əleyhinə vaksinasiya prosesinə start verilib. Paytaxt üzrə ərazi polis orqanlarının əməkdaşlarının vaksinasiya prosesi isə fevral ayında başlanılıb.

Paytaxtdan bölgələrə mikroavtobuslarla sərnişin daşınır. Halbuki bir ildir sərnişinlərin kütləvi daşınmasına Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilmir. Hətta ötən ilin mart ayından ölkə ərazisindəki bütün avtovağzallar belə bağlanıb.

Amma paytaxtda avtovağzalın qarşısından demək olar ki, bütün bölgələrə sərnişin daşınır. Bu, həm mikroavtobuslarla, 7-8 nəfər tutumu olan minivenlərlə, həm də 4 nəfərlik minik avtomobilləri ilə həyata keçirilir.

Sürücülər təsdiq edirlər ki, hər gün paytaxtdan bölgələrə, o cümlədən də əks istiqamətdə sərnişindaşıma ilə məşğul olurlar.

Sərnişinlər də şəhərlərarası avtobuslar işləmədiyindən əlacsız qalıb bu tip nəqliyyat vasitələri ilə rayonlara getdiklərini deyirlər. Baxmayaraq ki, balaca bir avtomobildə 7-8 nəfər yaxın təmas şəraitində 4-5 saat yol qət edirlər. Belə olduqda da virusa yoluxma riski daha yüksək olur.

"Ölkə.Az" xəbər verir ki, məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, sürücülərin hansısa icazə əsasında fəaliyyət göstərmələrinə dair dedikləri yalandır və bütün sərnişindaşıma fəaliyyəti qeyri-qanunidir. Amma o deyib ki, belə sürücülər və yaxud da daşıyıcı şirkərtlərlə bağlı hər hansı bir ölçü götürmək mümkün deyil. Bəs bu cür kiçiktutumlu avtobuslarda yoluxma halının qarşısını almaq üçün şəhərlərarası ictimai nəqliyyatın hərəkətinə icazə verilə bilərmi?

Nuridə Allahyarova bildirdi ki, əgər ictimai nəqliyyatın rayonlara gediş-gəlişinə rəsmi qaydada icazə verilsə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişinlərin rahat və təhlükəsiz daşınması ilə bağlı qabaqlayıcı tədbirlər görəcək.  (Xezerxeber.az)

Müvafiq qurumlar tərəfindən sanitar-epidemioloji vəziyyətin kütləvi imtahanların keçirilməsi üçün əlverişli hesab olunacağı təqdirdə Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayı ərzində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur.
Mərkəzdən verilən məlumata görə, imtahan tarixləri və onların şəhər-rayonlar üzrə bölgüsü aşağıdakı cədvəldə verilib.

Qeyd edək ki, bütün imtahanlar yenə də Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı tövsiyələri nəzərə alınmaqla sosial məsafənin qorunması, eyni binada imtahan verənlərin sayına məhdudiyyətin qoyulması və Qərargahın müəyyən elədiyi digər şərtlərin yerinə yetirilməsi ilə təşkil olunacaq.

Kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə ötən il olduğu kimi, bu il də imtahanlar ölkə üzrə müxtəlif şəhər və rayonlara bölünməklə 3 həftə ərzində (hər həftədə 2 gün) keçiriləcək.

Buraxılış imtahanlarından əlavə, aprel ayının 2-də GRE, 3-də notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı, 11-də isə inzibati icraçı vəzifələr (B növ) üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının I mərhələsinin vaxtı barədə mart ayının sonlarında məlumat veriləcək.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilmə qrafiki (cari ilin məzunları)

15 aprel 16 aprel 22 aprel 23 aprel 29 aprel 30 aprel
Gəncə-Kəpəz
Qazax
Qax
Lənkəran
Ağdam
Tərtər
İsmayıllı
Şirvan
Siyəzən
Xızı
Hacıqabul Nizami
Suraxanı
Binəqədi
Səbail
Sumqayıt
Gəncə-Nizami
Ağstafa
Oğuz
Astara
Ağcabədi
Şamaxı
Saatlı Goranboy
Naftalan
Zaqatala
Cəlilabad
Beyləqan
Ağdaş
Ucar
Salyan
Xaçmaz
Qobustan Xəzər
Qaradağ
Yasamal
Nərimanov
Abşeron
Mingəçevir
Balakən
Masallı
Füzuli
Ağsu
Zərdab
Neftçala
Quba Naxçıvan
Göygöl
Şəmkir
Şəki
Lerik
Bərdə
Göyçay
Sabirabad
Qusar
Ölkə üzrə tədrisi
ingilis, fransız
dilində olan məktəblər
Bakı-xüsusi məktəblər
Çilov Xətai
Sabunçu
Nəsimi
Pirallahı
Samux
Daşkəsən
Tovuz
Gədəbəy
Qəbələ
Yardımlı
Yevlax
Kürdəmir
İmişli
Şabran
Biləsuvar
- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

- Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik təklif olunur.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Layihəyə görə, işğaldan azad edilmiş ərazilərində Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq yaradılmış işçi qrupunun müvafiq qərarına əsasən, şəhidlər, şəhid ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması nəzərdə tutulur. 

Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin hazırlanmasında əsas məqsəd hazırkı tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında şəhidlər, şəhid ailə üzvləri barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir. 

Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti