“BakuBus” avtobuslarının yanmasına görə fransalı mütəxəssislər Bakıya çağrılıb

1 və 15 sentyabr tarixlərində “BakuBus” MMC-nin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın hadisələri ilə bağlı araşdırma aparılıb. Mütəxəssislərin ilkin rəyinə əsasən yanğının yüksək təzyiqli yağ borusunun pərçimdən qopması nəticəsində baş verdiyi ehtimal olunur.

Bakı Nəqliyyat Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın İVECO şirkəti ilə danışıqlar aparılır. Şirkətin ixtisaslı mütəxəssisləri Bakıya dəvət edilib:

"Məlumat üçün bildiririk ki, 2015-ci ilin sentyabrından müntəzəm sərnişindaşımalarına cəlb edilən “BakuBus” avtobuslara gündəlik və dövrü texniki qulluq, təmir və dezinfeksiya işləri aparılır. Bu işlər istehsalçı şirkət tərəfindən təlim keçən və sertifikatlaşdırılmış texniki personal tərəfindən yerinə yetirilir.

Qeyd edək ki, eyni markalı avtobuslarda buna bənzər hadisələr 2018-ci ildə Fransada, 2019-cu ildə isə İtaliyada baş verib".

İlk tədris günü nəqliyyat sıxlığının qarşısını almaq üçün kompleks tədbirlər görülüb

İlk tədris günü şəhər yollarında xüsusən də məktəblərin ətrafında nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, bu gün səhər saatlarında əsas nəqliyyat yükü olan 25 küçə və prospektdə svetoforlara "yaşıl dalğa" əmri tətbiq edilib. Nəticədə səhər pik saatlarda nəqliyyat vasitələrinin hərəkətində ümumilikdə çətinliklər müşahidə olunmayıb.

Qanunsuz parklanma hallarının daha çox müşahidə olunduğu ərazilər əvvəlcədən müəyyən edilərək xidməti fəaliyyət təşkil edilib. Yol hərəkəti iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb.

Yol polisi Bakıda bütün məktəblərdə təbliğata başladı - FOTOLAR

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Diqqət, uşaqlar!” adı altında təhlükəsizlik aylığının keçirilməsi ilə əlaqədar təbliğat işlərinə start verilib. Yol-xeber.az xəbər verir ki, bu məqsədlə bütün təhsil müəssisələri yol polisi tərəfindən nəzarətə götürülüb və tədbirlər keçirilir.

Sentyabrın 5-dən oktyabrın 5-dək davam edəcək təhlükəsizlik aylığı zamanı DYP əməkdaşları şagirdlərlə profilaktiki söhbətlər apararaq koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə məktəblərdə və ictimai nəqliyyatda, eləcə də dayanacaqda sosial məsafənin gözlənilməsinin vacibliyini qeyd edirlər. Eyni zamanda, yol hərəkəti qaydalarını izah etmək üçün valideynlərlə təbliğat xarakterli görüşlər keçirilir.

Bu gün Bilik Günü münasibətilə bütün orta məktəblərdə yol polisi əməkdaşları da tədbirlərə qatılıb. Bakıdakı 20 nömrəli məktəbdə keçirilən tədbirə qatılan Bakı şəhər DYP-nin inspektoru, polis baş leytenantı Pərvanə Muradova şagirdlərlə fərdi söhbət aparıb, eyni zamanda valideynlərlə görüşərək tövsiyyələr verib. Bildirib ki, azyaşlı uşaqlar daimi valideyn nəzarətində olmaqla yollarda hərəkət etsə daha təhlükəsiz olar. Bununla yanaşı, DYP zabiti hesab edir ki, valideynlər uşaqlara yol hərəkəti qaydalarını izah etməlidir. İlk növbədə isə valideynlər özləri nümunə göstərərək uşaqların yanında yol hərəkəti qaydalarına əməl etməlidirlər ki, uşaqlar da bunu qavrasın.

Qeyd edək ki, Bakı şəhər DYP-nin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən bütün təhsil müəssisələrinin olduğu küçə və prospektlərdə müayinələr aparılıb, aşkar olunan çatışmazlıqlar aradan qaldırılıb. Yol nişanları quraşdırılıb, köhnələri yenisi ilə əvəz edilib, eləcə də nişanlanma xətləri çəkilib.

Bununla da məktəblərin qarşısında hərəkətin təhlükəsizliyi təmin edilib, şagirdlərin məktəbə gəlib-gedərkən sosial məsafənin qorunması üçün müvafiq dayanma xətləri çəkilib.

Bütün bu işlər, eyni zamanda təbliğat xarakterli görüşlər dərs ili boyunca davam etdirləcək.

 

 
Su polisləri qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı əməliyyat keçirib  - VİDEO

Müvafiq icazələri olmadan qanunsuz olaraq ov edən və balıqçılıqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Qazax rayonunda idarənin inzibati ərazisinə daxil olan Qarayazı Dövlət Təbiət Qoruğunda həyata keçirilən tədbir zamanı elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan rayon sakini Kərəm Mansurov saxlanılıb. Araşdırma zamanı həmin şəxsin balıqçılıqla məşğul olması üçün heç bir icazəsinin olmadığı məlum olub. Kərəm Mansurovla aparılan profilaktik söhbət zamanı ona elektrik avadanlıqları ilə balıq tutmanın təhlükəli olduğu və bu halın suda yaşayan canlıların kütləvi məhvinə səbəb olduğun izah edilib.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdalıqlara baxmayaraq brokenyerliklə məşğul olan şəxslərə qarşı daha bir tədbir Qaradağ rayonu Sahil qəsəbəsində həyata keçirilib. Həmin ünvanda qanunsuz olaraq dənizdə tor quraraq balıq ovlayan paytaxt sakinləri Nəriman Abdullayev və Ziyafət Məcidov saxlanılıblar. Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları müxtəlif növ balıq aşkar olunaraq götürülüb. Sorğu zamanı bu şəxslərin heç birinin balıqovlama biletinin olmadığı məlum olub.

 

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərlə mütəmadi olaraq profilaktik söhbətlər aparılır. Həmin şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub.

Həmçinin idarənin inzibati ərazisinə daxil olan Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri davam etdirilir.  Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq qətiyyətlə davam etdirilir.

Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və adları sadalanan qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.  

Sabunçu DYPŞ "Diqqət uşaqlar" aylığı çərçivəsində tədbirləri gücləndirib  - VİDEO - FOTO

Yol polisi tərəfindən “Diqqət uşaqlar” adı altında təhlükəsizlik aylığı çərçivəsində yeni dərs ilinin başlaması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir. Yol-xeber.az xəbər verir ki, Sabunçu rayonu Dövlət Yol Polisi şöbəsinin əməkdaşları rayon ərazisində küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olma ehtimalını nəzərə alaraq məktəblərdə və məktəbəqədər müəssisələrdə təhsil alanların təhlükəsizliyinin təmin edilməsi, onların həyat və sağlamlıqlarının qorunması üçün mühüm işlər həyata keçirir. Belə ki, DYP əməkdaşları tərəfindən təhsil ocaqlarının qarşısında təhlüksəzilyin təmin edilməsi, azyaşlıların iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması və bu hadisələrin başvermə səbəblərinin aradan qaldırılması  məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün çatışmayan yol nişanlarının qoyulması, yararsız nişanların yenilənməsi, həmçinin nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirilir.
Eyni zamanda valideynlər, məktəblilər və müəllimlərlə profilaktik söhbətlər aparılır. 
Məktəblərin qarşısında dayanma-durma qaydalarını pozan sürücülərlə maarifləndirici söhbətlər aparılır, eyni zamanda ikinci sırada park edən, yol nişanlarının qarşısını kəsən sürücülərə inzibati qaydada protokol tərtib olunur. Bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

 

Restoran və kafelər yoluxma riskini 2 dəfə artırır

Avropa ölkələrində və Amerika Birləşmiş Ştatlarında (ABŞ) COVID-19-a yoluxma hallarının müqayisəli statistikası aparılıb.

Bununla bağlı "Report"a danışan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev yaxın bir neçə gün ərzində Avropada koronavirusa yoluxma sayının ABŞ-dakı yoluxma sayını keçəcəyinin anonsunu verib.

O, son günlər virusun ölkələrdə yayılması ilə bağlı aparılan statistikaya əsasən bu qənaətə gəlindiyini bildirib:

"Elmi tədqiqatlara əsasən, hazırda virusla bağlı müəyyən ölkələrdə sabitlik, bəzi ölkələrdə isə yoluxma sayında artım müşahidə olunur. Bunun da səbəbləri mütəxəssislər tərəfindən müəyyənləşdirilib. Bu səbəblərdən biri son günlər yoluxma sayının artdığı ölkələrdə sərt karantin rejimindən çıxış zamanı, yəni yumşalmalar vaxtı virus daşıyıcıları olan qalıq xəstələrin nəzərə alınmamasıdır".

Tibb elmləri doktoru yumşalmalar zamanı virusun genişlənməsinə və yoluxma hallarının artmasına təsir edən digər amillərdən də danışıb. Onun sözlərinə görə, son günlər aparılan elmi tədqiqatlardan biri onu göstərir ki, restoran və kafelərə getmək virusun yayılma riskini 2 dəfə artırır:

"Həmin tədqiqata əsasən, hətta açıq havada fəaliyyət göstərən restoran və kafelər də virusun yayılmasında mühüm rol oynayır və ona görə də burada müştərilər risk qrupuna daxildirlər".

Azərbaycanlı alim kafe, restoran və çayxanaları ziyarət edən müştərilərə müraciət edib:

"Hər kəs bilməlidir ki, restoran və kafelərə getmək yoluxma sayını artıra bilər. Ona görə də düşünürəm ki, kafe və restoranları ziyarət etmək kütləvi yoluxma hallarının artımına səbəb olan faktor kimi dəyərləndirilməli və bu istiqamətdə də ictimai iaşə müəssisələrinə xüsusi tapşırıqlar verilməlidir. İnsanlar da maksimum dərəcədə ictimai iaşə müəssisələrini ziyarət etməkdən çəkinməlidirlər. Belə olduğu halda virusla mübarizə öz müsbət nəticəsini verər".

Türkiyə Azərbaycanda hərbi baza quracaq?
Türkiyənin Azərbaycanda hərbi baza qurması ilə bağlı bir sıra fərziyyələr səsləndirilir.

Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

ABŞ-ın “Vaşinqton Post” qəzetinin məsələ ilə bağlı iddiasına münasibət bildirən səfir qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri hər zaman bütün istiqamətlərdə inkişaf edib və etməkdədir:

“Türkiyə və Azərbaycan bir-birinə hər mövzuda yardım edib və edəcək. Bu gün Nuru Paşa və ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümünü qeyd edirik. Məhz bu hadisə də qardaşlığın tarixi sübutlarından biridir. Məncə, bu gün zəfər bayramımızı qeyd etməli və bu cür fərziyyələri bir kənara qoymalıyıq”.

İlk dəfə məktəblər belə açıldı
Məlum olduğu kimi, bu gün Azərbaycanda 2020-2021-ci tədris ilinin ilk dərs günüdür. Yeni tədris ilində həm ənənəvi, həm də distant olmaqla respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilir.

Şagirdlərin 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165511, IX sinfində 132734, XI-XII-ci sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Bu tədris ili koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən məktəblərdə yeni qaydalar tətbiq olunur. Şagirdlər həftənin yalnız 2-3 günü ənənəvi qaydada dərsə gedəcəklər, qalan günlər onlayn şəkildə dərslərə qoşulacaqlar. Həmçinin siniflər növbəli şəkildə iki qrupa bölünüb. Məktəblərdə dezinfeksiya aparatları quraşdırılıb, ara məsafəsi saxlanır və məktəbə daxil olan şagirdlərin hərarəti ölçülür. 

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın ilk dərs günündən çəkdiyi fotoları təqdim edirik:

 


















Astarada yol polisi təhlükəsizlik tədbirlərini gücləndirdi - FOTO

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Astarada məktəblilərin iştirakı ilə yol nəqliyyat qəzalarının baş verməməsi, həmçinin yol hərəkətinin normal fəaliyyətini təmin etmək məqsədilə Dövlət Yol Polisi əməkdaşlarının aidiyyatı üzrə xidməti təşkil olunub. DİN-dən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən təhsil müəssisələri, onlara bitişik küçə və yollar nəzarətə götürülməklə xidmət həyata keçirilib. Təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkətə, həmçinin məktəbliləri gətirən avtomobillərin dayanıb azyaşlıları düşürüb mindirməsinə nəzarət olunub ki, sıxlıq və tıxac yaranmasın. Məqsəd dərs ilinin başlaması ilə əlaqədar yollarda hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir. Görülən tədbirlər valideynlərin və müəllimlərin ürəyincə olub.

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq keçirilən “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı sentyabr ayının 5-dən oktyabr ayının 5-dək davam edəcək.

 
 
Dönərxanalarda işləyənlərlə əmək müqaviləsi bağlanacaq
“Dönər biznesi ilə məşğul olan obyektlərdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması da nəzərdə tutulur”.

"Ölkə.Az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Beynəlxalq Əlaqələr və Layihələrlə İş Departamentinin direktoru Hacı Əliyev deyib.

O qeyd edib ki, nazirlik yanında Dövlət Məşğulluq Agentliyi dönərxanaların sağlamlaşdırılması layihəsi çərçivəsində həmin qida obyektlərini lazımi avadanlıqlarla təmin edəcək.

Xatırladaq ki, layihənin icra müddəti 2020-2021-ci illəri əhatə edəcək. Layihə  üzrə tələb olunan sənədlərin, qrafik-dizayn işlərinin, idarəetmə üçün nəzərdə tutulmuş nəzarət cədvəllərinin tərtib olunması, təlim materiallarının hazırlanması, təmir və ya yenidənqurma işlərinin aparılması, lazımi avadanlıqlarla təchizat, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövrü yoxlamaların aparılması kimi tədbirlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçiriləcək.

Xəbər lenti