![]() |
|
Baku TV xəbər verir ki, hazırda iki növbəli olmaqla, bir neçə briqada bu işə cəlb olunub.
Beş bloklu yaşayış binasının üzlüyü qaşınaraq, suvaq işləri aparılır. Dəmir çərçivələr qurulub, yüksək səviyyədə təmir işləri görülür. Dövlət tərəfindən həyata keçirilən işlər sakinlərin ürəyincədir.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bir neçə gündür başlanan təmir-bərpa işlərinin qısa zamanda başa çatdırılması üçün lazımi tədbirlər görülüb.
Əraziyə tikinti materialları gətirilib. Əsaslı təmirin yüksək səviyyədə həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Hazırda binanın ön üzlük hissəsi təmir olunaraq rənglənir.
Daha sonra giriş hissələrə müasir qapılar qoyulacaq. Binanın bütün kommunal xətləri yenilənəcək. Görülən işlər şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılmasının aydın təzahürüdür.
Yaşayış binasında həyata keçirilən təmir-bərpa və abadlıq işlərinin qısa müddət ərzində başa çatdırılması planlaşdırılır.
Ceyhun Məmmədov, millət vəkili
"Ölkə.Az" xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, məlum olduğu kimi, keçən həftə Təhsil Nazirliyi tərəfindən növbəti tədris ilində məktəblərin açılması və tədris prosesinin təşkili haqqında açıqlama verildi: “Təkliflərin məzmunu açıqlanmasa da, ümumi şəkildə bildirildi ki, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir. Ümumilikdə bunu hamı bilməlidir ki, tədris ilinin başlanması məsələsinə cari vəziyyəti nəzərə alaraq baxılacaq. Hazırda bizim üçün vacib olan nüans əhalinin, insanların sağlamlığı məsələsidir. Bu baxımdan, hadisələrin gedişatından asılı olaraq, tədris ilinin başlanması əhalinin sağlamlığı üçün təhlükə olarsa, bir neçə versiya nəzərdən keçirilə bilər. Bu versiyalardan biri də növbəli tədris sistemidir: aşağı və yuxarı siniflərin müxtəlif vaxtlarda dərsə başlaması. Belə olduğu təqdirdə məktəblərdə şagird sıxlığı nisbətən aradan götürülə bilər. Bu zaman sosial məsafə və digər qabaqlayıcı tədbirlərin görülməsi də vacibdir. Əgər dərslər ənənəvi şəkildə başlarsa, müəyyən qaydalar tətbiq olunacaq, insanların virusa yoluxmasının qarşısının alınması istiqamətində vacib tədbirlər görüləcəkdir”.
Deputat qeyd edib ki, şagirdlər arasında maariflənmə işlərinin aparılması istiqamətində zəruri addımlar atılacaq: “Ümumilikdə tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. Hazırda isə bizim üzərimizə düşən tətbiq olunan qaydalara riayət etməkdir. Şagirdlərin davamlı və keyfiyyətli tədrislə təmin olunması üçün bütün zəruri addımlar atılacaq. Təhsil və tədrislə bərabər sağlamlığın qorunması üçün də qabaqcadan müvafiq təlimat və göstərişlər hazırlanacaq. Digər vacib məsələ isə hər bir vətəndaşımızın müəyyən qayda və normalara əməl etməsidir. Bu müvəqqəti çətinlikdir. Zamanla hər şey öz normal axarına dönəcəkdir”.
Təhsil esperti Kamran Əsədov vurğulayıb ki, sentyabrın 15-dən sonra dərslər ənənəvi qaydada keçirləcəksə, bunun üçün müəyyən qaydalar hazırlanmalıdır: “Mənim də bu barədə Operativ Qərargaha bir neçə təklifim var. Həmin təkliflər aşağıdakılardır:
I.Dərs ilinin başlanmasına qədər
Tədris həftəsi müddətində hər məktəbdə bir həkim və ya tibb bacısının olması təmin olunsun.
TƏBİB-lə məlumat mübadiləsi aparılsın, koordinasiya işi həyata keçirilsin.
Xəstəliyə yoluxmuş ailələr, onların yaxınları, xroniki, digər yoluxucu və təhlükəli xəstəlikləri olan şagirdlər, onların daşıyıcıları dərslərə gəlməsin. Onların təhsili mərkəz məktəblər tərəfindən məsafədən təşkil olunsun. Həmin şagirdlərin müəyyən olunaraq qeydiyyatının aparılması, əyani iştirak edə bilmədiyi dərslərinin cədvəllərinin müəyyən olunması oxuduğu məktəblə mərkəz məktəb arasında əlaqələndirilsin.
Şagirdlərin dəyişmə vərəqələri (“obmenni”) Səhiyyə Nazirliyi ilə paralelləşdirilsin-sənədlər elektronlaşdırlısın. Məzun sistemi, UTİS, Şagird yerdəyişmə sistemi, Səhiyyə Nazirliyinin sistemi əlaqələndirilsin. Şəxsi işlər elektronlaşdırılsın. Sənəd mübadilələrində kağız daşıyıcılarından istifadə minimuma endirilsin.
Valideynin məcburi köçməsi və digər zəruri hallarla bağlı olmayan (daha yaxşı məktəbə və s.) şagird yerdəyişmələrinin qarşısı alınsın.
Tədris planlarında dərnəklər və fakültətivlərə saat ayrılmasın. Operativ və mobil tədris planları müəyyənləşdirilsin, maliyyə itkisinə yol verməmək üçün real tədris planları hazırlansın.
I, V, IX siniflər həftədə 3 dəfə, ara siniflər həftədə 2 dəfəlik tədrisi nəzərdə tutan cədvəllər hazırlansın. X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil edilsin (Onların dərsdən sonra şəhərin müxtəlif ərazilərində repetitorluq fəaliyyəti ilə məşğul olaraq vuris daşıyıcısı olma ehtimalları nəzərə alınsın.).
Baza və praktiki fənlər (tədris dili, xarici dil, riyaziyyat, kimya, fizika) əyani, digər fənlər onlayn-məsafədən tədris edilsin (Qarışıq tədris modeli).
Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilsin. Həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilsin. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər.
Psixoloqlarla bağlı yeni təlimat-500 şagirdə 1 psixoloq uyğunluğu reallaşdırılsın. Psixoloqlarla bağlı yeni davranış qaydaları müəyyən edilsin.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına müxtəlif daxilolmasının təmini üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları (fərqli siniflər və fərqli otaqlar) müəyyən edilsin.
Məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilsin.
Şagirdlərə dərslik komplektləri xüsusi bağlamalarda verilsin.
Lazımi elektron avadanlığı olmayan (onlayn dərslər üçün) müəllim və şagirdlər üçün bunlar təmin olunsun.
II.Dərs başlayarkən məktəbdə
Məktəb heyəti müvafiq qoruyucu vasitələrlə (lazım olduqda xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska, dezinfeksiya vasitələri) təmin olunsun.
Bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmasın.
Qapıda qızdırmaölçən cihaz və dezinfeksiya aparatı qoyulsun, hər kəs ondan məcburi istifadə etsin.
Şagirdlərin dərs başlayarkən və dərs yekunlaşarkən əllərini sanqovuşaqda yuması təmin edilsin. Bunun üçün məktəbdə infrastruktur qaydaya salınsın.
Məktəb həyəti və məktəb daxilində şagirdlərin bir yerə toplaşması qadağan olunsun.
Təşkilatçı müavin,UBTR, bəzi laborantlar və növbətçi müəllimlər şagirdlərin siniflərə gəlməsi və davranışlarına nəzarət etsinlər. Bunun üçün müvəqqəti normalar müəyyən olunsun.
Risk qrupu altında olan müəllmlər və digər işçilər işə cəlb edilməsin. Onların dərsləri onlayn keçilmə mümkün olmadıqda, əvəzçilik qaydasında digər müəllimlərə həvalə edilsin. Mümkün olan hallarda onlayn cədvəllər hazırlansın.
Sanqovuşaqlarda, otaqlarda, dəhlizlərdə müntəzəm dezinfeksiya işləri aparılsın.
Davamiyyət məcburi olmasın.
Şagirdlər tibbi maskadan məcburi istifadə etsin. Müəllimlər, işçilər maska və mümkün olduqda üz örtüyündən (dərs keçməyən rəhbərlik mütləq) istifadə etsin.
Məktəb daxilində şagird hərəkəti lazımi sosial məsafəni gözləməklə təşkil edilsin.
III.Dərslərin təşkili
Siniflərdə mümkün və lazım olduğu vəziyyətdə qoruyucu örtüklərdən istifadə olunsun.
Tez-tez sinif otaqlarının havasının dəyişməsi təmin olunsun.
Nəm, havalanması normadan az olan, gün işığı zəif düşən otaqlarda dərslər təşkil edilməsin.
1 dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə müəyyən edilsin.
Bir gün ərzində maksimum 5 dərs (əyani və ya onlayn) müəyyənləşdirilsin.
Onlayn dərslərin uçotu aparılsın. Bununla bağlı qanunverici bazaya müvəqqəti əlavə edilsin.
Əyani dərslərdə şagird sıxlığını azaltmaq üçün siniflər 2 yerə bölünsün: 5a1və 5a2. Dərs yükü bu iki sinif arasında bərabər bölünsün. Məsələn, tədris dili 6 saatıdırsa, 3 saat 5a1 və +3 saat 5a2.
8.Tədris materialının yeni və optimal bölgüsü müəyyənləşdirilsin.
IV.Şagirdlərlə bağlı tövsiyələr
İctimai nəqliyyatdan mümkün olduqca daha az istifadə etsinlər.
Məktəbə gələrkən tibbi maska və üz sipərindən istifadə etsinlər.
Şəxsi əşyalarını digər şəxslərlə, sinif yoldaşları ilə paylaşmaqdan çəkinsinlər”.
Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti bu gündən dayandırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin verdiyi məlumata görə, qatarlar avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq. Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.
Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü isə genişləndirmə işlərinə maneçilik törədir. Bu səbəbdən köhnə körpü söküləcək və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa olunacaq.
Körpünün tikintisi müddətində Sumqayıta gedən və ya ordan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarından istifadə edə biləcəklər.
Redaksiyamıza koronavirus testlərinin götürülməsi ilə bağlı müraciət daxil olub. Oxucumuz bildirir ki, COVID-19 testi vermək üçün təcili tibbi yardıma zəng edib:
“Mənə deyildi ki, testin götürülməsi səlahiyyəti təcili tibbi yardım xidmətindən alınıb. Bunun üçün mənsub olduğumuz ərazi üzrə poliklinikaya zəng etmək lazımdır, onlar gəlib test götürəcəklər.
Bunu da onunla əsaslandırdılar ki, təcili yardım xidməti çağırışlara getməyi çatdıra bilmədiyinə görə belə qərar verilib”.
Oxu.Az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevlə əlaqə saxlayıb.
Müsahibimizin sözlərinə görə, Bakı şəhəri üzrə 87 ərazi poliklinikası fəaliyyət göstərir:
“Onların tərkibində 39 məntəqə yaradılıb. Məqsəd odur ki, vətəndaşlarda koronavirusa yoluxmanı aşkar etmək üçün testlər götürülsün. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası həddən artıq yük altında işləyirdi. Onların işi, adından da göründüyü kimi, təcili yardım xidmətidir, profilaktik işin görülməsi deyil.
Əgər vətəndaş vəfat edibsə, ölüm səbəbindən asılı olmayaraq, bizim qurumun əməkdaşları müayinə materialı götürür, eyni zamanda, onun yaxınlarının siyahısı tərtib olunur. Həmin siyahı ərazi poliklinikasına və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir. Nəticədə, ölən şəxsin müayinəsinin cavabı müsbət gələrsə, ətrafında olan insanların COVID-19-a yoluxub-yoluxmaması müəyyənləşdirilir.
Vətəndaş yüksək temperaturla (38 dərəcədən yuxarı) müraciət edərsə və onun yanaşı ağır xəstəliyi varsa, bizim xidmətin əməkdaşları ünvana gedir və analiz götürülür. Həyati göstərişi varsa, koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilir və ətrafında olan şəxslərdən analiz götürülür”.
Həkim qeyd edib ki, poliklinikada müayinə işləri aparılmalıdır:
“Şəxsin COVID-19 testi müsbətdirsə, o, xəstəxanaya getməlidir. Evdə qaldığı təqdirdə, təcrid haqqında iltizamnamə alınır və yenə də əlaqədə olduğu insanlardan yaxma götürülür. Yüngül yoluxma varsa, səhhətində şübhəli əlamətlər – dad, qoxubilmə hissinin itirilməsi, 38 dəcərəyə kimi temperatur müşahidə olunursa, poliklinika həmin şəxsdən müayinə materialı götürə bilər.
Vətəndaşlar bu qənaətdədirlər ki, Bakı şəhərində ancaq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası mövcuddur. Poliklinika sistemi onların yadından çıxıb. Ağırlaşma olubsa, bu zaman təcili tibbi yardım köməyə gəlməlidir.
Onda poliklinika nəyə lazımdır? Axı, xəstəliyin erkən dövrdə aşkarlanması, profilaktika işi, təcridolunma və müayinənin təşkili onların funksiyasına daxildir”.
Son bir həftədə Azərbaycanda COVID-19 infeksiyasına gündəlik yoluxma sayında ciddi azalma müşahidə olunur.
"Qafqazinfo" İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı, son həftənin nəticələrini əks etdirən qrafiki təqdim edir.
Qeyd edək ki, 3 avqust tarixində qeydə alınan yoluxma sayı 241 olubsa, 9 avqustda bu rəqəm 87-yə düşüb.
Bakı Nəqliyyat Agentliyi paytaxtın iki fərqli ərazisində sıxlıq səbəbi ilə ictimai nəqliyyatda fəaliyyət göstərən avtobusların hərəkət intervalında gecikmə olduğunu açıqlayıb.
Agentliyin mətbuat katibi Mais Ağayev bildirib ki, Q.Qarayev prospekti Özbəkistan küçəsi ilə kəsişmədə ("Koroğlu" m/st istiqamətində) yol nəqliyyat hadisəsi baş verib:
“Hazırda hadisə baş verən yerədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.
Sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.
Eyni zamanda hazırda Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində və M.Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin çoxluğundan sıxlıq müşahidə olunur. Burda da xeyli sayda sərnişin avtobusunun intervalında gecikmələr yaranır.
Xatırladım ki, sərnişindaşımalarının yalnız avtobuslara həyata keçirildiyi indiki vaxtda bu kimi hallar ciddi çətinliklər yaradır. Bir marşrut xətti üzrə bir və ya bir neçə avtobusun intervalında yaranan gecikmə həm dayanacaqlarda həm də digər xətlər üzrə avtobuslarda sıxlıqlara səbəb olur.
Qeyd olunanları nəzərə alaraq bir daha fərdi minik avtomobili sürücülərini hərəkətdə olan zaman sərnişin avtobuslarına qarşı son dərəcə anlayışlı olmağa çağırırıq”.
Xatırladaq ki, bu gündən qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti bərpa edilib.
Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, bu gündən etibarən bəzi səhalərin fəaliyyətinə icazə verilib.
Bunlar aşağıdakılardır:
- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
- maşın və avadanlıqların istehsalı;
- elektrik avadanlıqlarının istehsalı;
- kompüter, elektron və optik məhsulların istehsalı;
- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
- sair nəqliyyat vasitələrinin istehsalı;
- poliqrafiya məhsullarının istehsalı;
- zərgərlik məmulatlarının istehsalı;
- musiqi alətləri, idman mallarının istehsalı;
- geyim istehsalı;
- toxuculuq sənayesi;
- ayaqqabıların istehsalı;
- dəri və dəri məmulatlarının istehsalı;
- tütün məmulatlarının istehsalı;
- sair sənaye məhsullarının istehsalı.
“Sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyi ilə bağlı qərar verilib. Bu qərara görə, vergi ödəyicilərinə və onların sayına uyğun olaraq, aylıq əməkhaqqı məbləğində ödənişlər ediləcək”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.
O qeyd edib ki, kiçik və fərdi sahibkarlara 250 manat ödənilməsi barədə qərar təsdiq edilib:
“Dövlət mütəmadi olaraq sahibkarlarla görüşür, təkliflər dinlənilir. Bizneslərə dəstək göstərilməsi və açılması istiqamətində məsələlər də müzakirə olunub.
Hazırda hökumət biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır. Ardıcıl olaraq qərarların verilməsi gözlənilir”.
“İlkin olaraq daha az insanların toplaşdığı yerlərin açılmasına qərar verilib”, - deyə, o qeyd edib.
“Məktəblərin açılması ilə bağlı məsələ üzərində bir neçə vaxtdır iş gedir və dünya təcrübəsi öyrənilir”.
Oxu.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, hazırda vəziyyət dinamik olduğu üçün qərarların verilməsi çətin olur.
“Bütün çətinliklər nəzərə alınaraq, gərgin iş gedir. Tədris məsələlərinə dair xüsusi brifinq keçiriləcək və suallar cavablandırılacaq”.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.
Yeni qaydalara əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.