Bir neçə gün öncə Dubay-Bakı aviareysi ilə Bakıya gələn və həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə 23 ədəd mobil telefonu xüsusi "ssenari" ilə keçirməyə cəhd edən Yaqubova Layə Cümşüd qızı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş mühasibi Şövkət Yaqubovanın qızıdır.

Axar.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlama verən Ş.Yaqubova saxlanılan şəxsin onun qızı, Nurlan Nəsibovun isə kürəkəni olduğunu təsdiqləyib.

Xatırladaq ki, dekabrın 11-də FZ 707 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətini keçdikdən sonra əl yükü olan çamadanı lentin yanında qoyaraq ayaqyoluna daxil olub və orada əyninə çadra geyinərək lentin yanında qoyduğu çamadanı götürüb və "Yaşıl Kanal"a doğru hərəkət edib.

Layə Yaqubova gömrük əməkdaşı tərəfindən saxlanılaraq "Qırmızı Kanal"a yönləndirilib və bu zaman həyat yoldaşının çamadanındakı qaçaqmal predmetlərinin aşkar ediləcəyini anlayan Nurlan Nəsibov diqqəti yayındırmaq məqsədilə yerə yıxılaraq özünü pis hiss etdiyini bildirib.

Gömrük əməkdaşlarının diqqətinin Nurlan Nəsibova yönəldiyini görən Layə Yaqubova "Qırmızı Kanal"a daxil olmadan yenidən çamadanını lentin yanına qoyaraq ayaqyolunda çadrasını çıxarıb və əl yükü olmadan "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etməyə cəhd göstərib. Gömrükçülər tərəfindən saxlanılaraq yoxlama otağına dəvət edilən Layə Yaqubovanın havalimanının zalında qoyaraq gömrük nəzarətindən keçmək istədiyi əl yükü olan çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 6 ədəd "Samsung S9 64GB", 1 ədəd "Samsung Note 9 128GB" , 5ədəd "İphone XS Gold 64GB", 3 ədəd "İphone XS Space Gray 64GB" , 1 ədəd "İphone XS Gold 256GB", 1 ədəd "İphone X Silver 64GB", 1 ədəd "İphone XS MAX Space Gray 256GB", 1 ədəd "İphone XS MAX Space Gray 64GB", 1 ədəd "İphone XS MAX Gold 256GB" və 2 ədəd "İphone XS MAX Gold 64GB" markalı mobil telefonlar, əl çantasından isə 1 ədəd "Samsung S9 64GB" markalı mobil telefon aşkar olunub.

Yaqubova Layə Cümşüd qızı ilkin izahatında mobil telefonların həyat yoldaşı Nurlana məxsus olduğunu, gömrük nəzarətindən bu üsulla keçməyi də onun planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ərlə arvadın hazırladıqları "ssenari" kameralar vasitəsilə qeydə alınıb və həmin görüntüləri təqdim edirik.


Sürücü özünü yandırmaqla onu saxlayan polisləri qorxutmaq istəyib. Yol polisi əməkdaşlarının köməyi olmasaydı, həmin sürücünün sağ qalma ehtimalı bəlkə də olmayacaqdı. Hadisənin necə baş verdiyi, sürücünün özünü necə yandırdığını əks etdirən görüntülər də var.

Bu sözləri Axar.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə olan avtomobilinin üstündə 12 metr uzunluğa malik tikinti materialı – armatur daşıdığı üçün yol polisi əməkdaşları tərəfindən saxlanılan və buna etiraz olaraq özünü yandıran sürücü barədə danışarkən bildirib.

V.Əsədovun sözlərinə görə, polis əməkdaşı sürücünü yanmaqdan xilas etmək üçün onun əynindəki gödəkçəni çıxarıb və bu zaman da özü xəsrət alıb:

“O özünü yandırmaq istəyən zaman polis əməkdaşı onun əlindən əvvəl kibriti alıb. Lakin sürücünün digər əlində alışqan olub və o, bununla özünü yandırmağı bacarıb. Buna baxmayaraq, polis əməkdaşları onun artıq alışaraq yanan gödəkçəsini çətinliklə də olsa, əynindən çıxara bilib. Polis əməkdaşının bu zaman özünün də yanıq xəsarəti almasına baxmayaraq, sürücünün tam yanmaması üçün əlindən gələni edib. Polis sürücünün əynindəki gödəkcəni çıxarmasaydı, indi sürücünün yanıq dərəcəsi daha da ağır olardı, bəlkə də onun sağ qalması mümkün olmazdı.

Sürücünün təkcə boynu və sağ əlinin dərisinin yanması, yanığın az olması polis əməkdaşının cəld tərpənməsi sayəsində olub.

Bütün bunları sübut edən kamera görüntüləri də var. Müşahidə kamerasına da baş verən hadisə anbaan düşüb. Görüntülərdən də görünür ki, yol polisi əməkdaşları sürücü ilə söhbət etməyə çalışır, sənədlərini tələb edir.

Sürücünün əynindən çıxarılan gödəkcə tez bir zamanda necə alışıb yanır, hamısı müşahidə kamerasında əksini tapıb”.

V.Əsədov bildirib ki, hələlik sürücünün bunu hansı səbəbdən etdiyi məlum deyil. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır:

“Araşdırmadan sonra məlum olacaq ki, sürücü bu addımı nə üçün atıb. Həmçinin sürücünün yaralanmasına səbəb olduğu polisə görə hər hansısa formada cəzalandırıb-cəzalandırlmayacağı da araşdırmalardan sonra məlum olacaq.

Sürücülər başa düşməlidir ki, bu tip avtomobilllərin istifadə edilməsi həm sürücünün özü üçün, həm də digər avtomobillər üçün olduqca təhlükəlidir”.

Əsədov bildirib ki, bu cür avtomobil sürücülərinə qarşı reydlər davam etdiriləcək.

Qeyd edək ki, ötən gün saat 16:40 radələrində paytaxtın Nəsimi rayonunun Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə, yol hərəkətində istismarı mümkün olmayan QAZ-31 markalı, 10 NR 899 dövlət nömrə nişanlı avtomobil yük daşıma qaydasını pozduğu, üstündə 12 metr uzunluğa malik tikinti materialı – armatur daşıdığı üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü saxlanılarkən yol polisləri tərəfindən ona müvafiq sənədin təqdim edilməsi, eyni zamanda spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsi təklif edilib. Lakin sürücü sənəd təqdim etməyib və spirtli içkinin dərəcəsinin yoxlanılmasından imtina edib. Daha sonra o, avtomobilində olan benzini üzərinə tökərək özünü yandırıb.

Yaralı sürücü Respublika Yanıq Mərkəzinə çatdırılıb. Mərkəzdən bildirilib ki, onun boynu və sağ əlinin dərisinin yanığı qeydə alınıb.

Xarici ticarət fəaliyyəti ilə məşğul olan hər bir şəxs gömrük sərhədindən keçirəcəyi mal və nəqliyyat vasitələribarədə məlumatları gömrük orqanlarına daha rahat göndərə bilər.

Dövlət Gömrük Komitəsindən (DGK) Axar.az-a verilən məlumata görə, Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələr–idxal və ixrac daxil olmaqla, yalnız elektron formada aparılır. Elektron bəyannamə gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və əlavə vaxt itkisinin qarşısının alınması üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, sahibkar elektron bəyannaməni internetə çıxışı olan istənilən məkandan elektron hökumət portalı (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin saytı (www.customs.gov.az) vasitəsilə tərtib edib, gömrük orqanına göndərə bilər.

Daha ətraflı məlumat DGK-nın hazırladığı maarifləndirici videoçarxda:


Ağdam Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

Report xəbər verir ki, RPŞ-nın iki bölmə rəisi işdən çıxarılılb.

Məlumata görə, RPŞ-nın ictimai təhlükəsizlik bölməsin rəisi, polis polkovnik-leytenantı Razil Zeynalov və post patrul bölməsinin rəisi, polis baş-leytenantı Tacir Muradov tutduqları vəzifədən azad ediliblər.

İşdən çıxan bölmə rəislərinin vəzifələrinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Pərviz İsmayılov Ağdam RPŞ-yə rəis təyin olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 18-dən dekabrın 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dekabrın 19-da gündüz yağışda fasilə olacaq.

Azərbaycanın rayonlarında dekabrın 19-u axşam bəzi şərq rayonlarında, dekabrın 20-si axşam, dekabrın 21-də isə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli daşqın keçəcəyi ehtimalı var. Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) paytaxtı Əbu-Dabinin küçələrini dəvələrin üstündə əyləşən polislər qoruyacaq.

Axar.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.

Dəvələrin üstündə əyləşən polislər həm səhralığı, həm də şəhərin təhlükəsizliyini təmin edəcək.

Qeyd olunur ki, belə patrulların yaradılmasının əsas məqsədi təhlükəsizliyin qorunması ilə yanaşı, əmirliyin qədim ənənələrini qoruyub saxlamaqdır. Bu xüsusi patrul cinayətlərin qarşısının alınması üçün yüksək standartlara uyğun təlim keçib.


Yağışlı və qarlı havalar başlayır

Dekabrın 17-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

“Qafqazinfo” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5°, gündüz 5-7° isti, Bakıda gecə 3-5°, gündüz 5-7° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu ndan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığına görə, dekabrın 17-si gündüz bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. 18-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru isə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 2-4° isti təşkil edəcək.

Xəbərdarlığa əsasən, dekabrın 17-si günün ikinci yarısından 19-dək ölkə ərazisində havanın şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

 

Azərbaycan hərbi məhsul ixracını 9,2 faiz artırıb

“2017-ci il ilə müqayisədə Azərbaycan ölkə daxilində istehsal olunan hərbi təyinatlı məhsulların xarici dövlətlərə ixracını bu il 9,2 faiz artırıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.

Nazir müavininin sözlərinə görə, ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsal ilə əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılıb:

“Artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olublar. Bu da öz novbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edən əsas şərtlərdəndir. Nəticədə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb”.

Yəhya Musayev bildirib ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin rnüəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınlarının və digər məmulatların ixracı hayata keçirilir.

“Hazırda onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir. 2017-ci illə müqayisədə bu il ixrac edilmiş məmulatların həcmində 9,2 faiz artım olub. Böyük qürur hissi ilə deyə bilərik ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlar Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Vurğulamaq lazımdır ki, istehsal olunan rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına əsas zəmin yaradan amillər nazirliyin müəssisələrinin beynəlxalq standartlara cavab verə biləcək məhsul istehsal etmək potensialına malik olması va yüksəkixtisaslı kadrlarla təmin edilməsidir”, - deyə nazir müavini əlavə edib.


Qəbələdə “Qırmızı Kitab”a düşən maralı ovlayanlar axtarılır

 

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dolaya yaxınlaşan əməkdaşlar bir baş dişi maralın  vurulduğunu müşahidə ediblər. 

Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət edilib.

Adı Azərbaycan “Qırmızı Kitab”ına düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi məqsədilə  təhqiqat aparılır.


Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır

Milli Məclisin üç komitəsinin səlahiyyəti artırılır. Bunlar İnsan hüquqları komitəsi; İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi; Ailə, qadın və uşaq məsələləri komitəsidir.
 
“Qafqazinfo”nun Modern.az-a istinadən məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik təklif olunur.
 
Belə ki, qanuna edilən əlavə ilə parlamentin İnsan hüquqları komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.
 
Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək.
 
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik parlamentin dekabrın 18-də keçiriləcək iclasında I oxunuşda müzakirə ediləcək.

Xəbər lenti