Bakcell MMC-nin baş direktoru dəyişib.

Report xəbər verir ki, Nikolay Bekersini Rainer Rathgeber əvəz edib.

Rainer Rathgeber öz vəzifə səlahiyyətlərinin icrasına may ayında başlayacaq.

Bakı Metropoliteni QSC Sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edir.

QSC-dən Axar.az-a verilən məlumata görə, metroya ali təhsilli həkim-terapevt, orta-ixtisas təhsilli tibb bacısı tələb olunur. Həkim və tibb bacısının idarəedicilik qabiliyyəti olmalı, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı mütləqdir.

Azərbaycan dilini mükəmməl bilmə və kompüter bilikləri tələb olunur.

Vəzifə öhdəliklərinə gəlincə, metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərməli və maşinistləri reysqabağı tibbi müayinədən keçirməlidir.

İş rejimi saat 09:00-dan 17:00-dəkdir.

İddiaçılar Bakı Metropoliteninin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdır.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.

Salyanda isə suyun səviyyəsi 8 sm azalıb və 154 sm olub.

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 94 sm- çatıb. Bu rəqəm 2018-ci il aprelin 15-də 60 sm təşkil edib.

Dünən 27 şəhər və rayonda 11-ci sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib. Abituriyentlərin sözlərinə görə, 7 aprel tarixində keçirilən imtahanda düşən suallar ötən gün keçirilən imtahanın sualları ilə oxşar olub. Şagirdlər hətta bir neçə sualın eyni olduğunu deyiblər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bir həftə ərzində test tapşırıqlarında ciddi dəyişiklik etmək fiziki və texniki baxımdan mümkün deyil:

“2019-cu ildən etibarən orta məktəblər üçün 11-ci sinifdə keçirilən buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi hesab olunur və burda əldə edilən nəticə universitetlərə qəbula təsir göstərir. Ona görə də əvvəlki illərdən fərqli olaraq bu ildən etibarən qeyd olunan imtahanın əhəmiyyəti böyükdür.

DİM 7 apreldə bu prosesə başladı. İlk imtahanda müəyyən problemlər yaşandı. Belə ki, imtahan prosesində təhlükəsizlik və texniki xidmətlə bağlı qüsurlar yarandı, şagirdlər arasında sual kitabçasını kənara çıxaranlar oldu.

14 apreldə keçirilən eyni tipli imtahanda isə qeyd olunan qüsurlar aradan qaldırılsa da, test tapşırıqlarının müəyyən hissəsi artıq əvvəlki imtahanda istifadə olunduğu üçün bəzi şagirdlər ondan məlumatlı idilər. Ümumilikdə DİM hər iki eyni tipli imtahan arasında ciddi fərq yarada bilməzdi. Bir həftə ərzində test tapşırıqlarını kəskin şəkildə dəyişmək fiziki və texniki cəhətdən mümkün deyil. Bundan başqa, imtahan prosesində yoxlamada iştirak edənlərin sayının az olması yeni tipli test tapşırıqlarının yoxlanılmasında da problemlər yarada bilərdi”.

Ekspert bildirib ki, buraxılış imtahanlarının 3 fəndən keçirildiyini, bu fənlərdə test tapşırıqları üçün istifadə olunacaq mövzuların həddindən artıq məhdud olduğunu nəzərə alsaq, sualların yox, mövzuların təkrar olacağını gözləmək olar:

“Amma birinci imtahanda istifadə olunan test tapşırıqlarının məlum olması, növbəti imtahanın nəticələrinə təsir göstərəcək və növbəti imtahanların nəticələri əvvəlkindən daha yüksək olacaq. Çünki hər növbəti imtahanda iştirak edənlər artıq həmin mövzularla bağlı məlumata malik olurlar”.

Bir neçə gündür ki, “Delta Telekom”da ciddi texniki problemlər yaşanır.

Axar.az xəbər verir ki, “Delta Telekom”un xidmət etdiyi portallara girişdə məhdudiyyətlər tətbiq edilir. Ötən həftənin sonunda başlayan problem isə getdikcə genişlənməkdədir. Belə ki, “Delta Telekom”un xidmət etdiyi portallara giriş tam dayandıqdan qısa müddət sonra qurum problemi qismən aradan qaldırsa da, 5 gündür texniki nasazlığın öhdəsindən gələ bilmir. Hətta ötən gün “Delta Telekom”un öz saytına giriş də dayanmışdı.

Texniki problemin nədən qaynaqlandığı haqda qurumdan heç bir açıqlama verilməyib və “Delta Telekom” müştərilərinə hələ də səbəbi izah etməyib. Şifahi olaraq isə “Delta”ya hücum olduğu, bu səbəbdən saytlara girişin qismən məhdudlaşdırıldığı bildirilib.

Qeyd edək ki, hazırda Axar.az saytına da dünyanın bir çox ölkəsindən, o cümlədən ölkə daxilindəki bəzi provayderlərdən giriş bloklanıb.


Yanan binadakı 23 ailəyə kirayə pulu veriləcək

 

Bakıda, Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğının söndürülməsi zamanı sudan ziyan dəymiş 23 mənzildə yaşayan məcburi köçkünə dövlət tərəfindən kirayə pulu veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirib ki, yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Qeyd edək ki, yanğın binanın üçüncü mərtəbəsində, dəhlizdə baş verib.

Bakıda üçmərtəbəli bina yanır

Bakının Nəsimi rayonu ərazisində, Füzuli və Topçubaşov küçələrinin kəsişməsində, “Günaybank”ın arxasında 3 mərtəbəli bina yanır.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, yanğın zamanı xəsarət alanlar var.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, təcili yardım briqadaları hadisə yerindədir. 57 yaşlı qadın başın 2-ci dərəcəli yanığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. 16 yaşlı oğlan isə zəhərlənmə diaqnozu ilə həmin xəstəxananın taksikologiya şöbəsinə yerləşdirilib.

8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb

 

Bu günədək artıq 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu il 1 yanvar tarixindən avtomatlaşırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addımdır.

Bununla da pensiya yaşına çatmış şəxslərin heç bir sənəd toplamadan və heç yerə müraciət etmədən pensiya hüquqları elə pensiya yaşı çatan gün reallaşdırılır və özlərinə də bu barədə e-qaydada məlumat göndərilir.

Eyni zamanda, fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan pensiya yaşı çatmış şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı avtomatik hesablanır ki, bu da onların pensiya təminatı sistemi ilə əhatə olunmasına imkan verib.

 

Dünən 43 nəfər saxlanılıb

 

Aprel ayının 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. 

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

 

 

 
Prezident şeyxlə bağlı sərəncam verdi

 

Azərbaycan Prezidenti İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin təkliflərini nəzərə almaqla, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti