Azərbaycanda doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin artım səviyyəsi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb. Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş (o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) idisə, 2018-ci ildə bu göstərici 75,6 yaşa (o cümlədən kişilər arasında 73,1 yaşa və qadınlar arasında 77,8 yaşa) çatıb.

 

ABŞ-da azərbaycanlı ər arvadını öldürdü

ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujva qəddarlıqla qətlə yetirilib. Hüquq-mühafizə orqanları qətlin törədilməsində onun həyat yoldaşı Fuad Paşayevi şübhəli bilirlər.

“Qafqazinfo” “uapost.us” portalına istinadən xəbər verir ki, Viskonsin-Dels şəhərinin polis departamentindən bildirilib ki, Qujvanın meyiti aprelin 4-ü axşam  saatlarında Vaşinqton bulvarında yerləşən evdə tapılıb.

Polis onun 31 yaşlı əri Fuad Paşayevi şübhəli qismində saxlayıb. 

İlkin məlumata görə, Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. Belə ki, o zaman da zərərçəkmiş Tatyana olub.

Hazırda iş Kolumbiya dairə məhkəməsinin sərəncamındadır. Şübhəliyə qarşı boğma, azadlıqdan qanunsuz məhrumetmə, əmlakın məhv edilməsi, hücum və daha beş qanundan kənar davranış tərzi üzrə ittihamlar irəli sürülüb.

Qeyd olunur ki, T. Qujva hələ yanvarın 3-də polisə müraciət edərək  Paşayevin onu öldürəcəyindən qorxduğunu deyib. O bildirib ki, birlikdə yaşadıqları üç il ərzində Paşayev alkoqollu içkilər qəbul edib və dəfələrlə onu döyüb.

 

 

 

Nərimanovda “On milyon” fləşmobu keçirildi

Heydər Əliyev Mərkəzinin qarşısında Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon gənclərinin iştirakı ilə “On milyon” adlı fləşmob keçirilib.

Nərimanov Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, 200-dən artıq rayon gəncinin iştirak etdiyi fləşmob Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə təşkil olunub.

Fləşmob gənclərin, Mərkəz ətrafında istirahət edən sakinlərin, turistlərin böyük marağına səbəb olub.

 

 





 

Zaqatala və Qax rayonunda zəlzələ olub.

Report-un məlumatına görə, zəlzələ yerli vaxtla saat 12:26-da Zaqatala rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkanlar Zaqatala ilə sərhəddə yerləşən Qax rayonunun Zərnə və Güllük kəndlərində güclü hiss olunub.

Dənizkənarı Bulvar İdarəsinin Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində Bulvarın yaranma tarixi ilə bağlı yeni sənədlər əldə edilib.

Bulvar İdarəsindən Trend-ə verilən məlumata görə, tarixi faktlar Bulvarın yaranma tarixinin aprelin 7-dən başladığını göstərir.

Məhz 7 aprel 1909-cu ildə Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmməd Həsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. M.Hacınskinin alovlu çıxışı dənizkənarı bulvarın salınmasında önəmli rol oynayır. Aprelin 9-da “Kaspi” qəzetinin 77-ci sayında Hacınskinin Dənizkənarı bulvarın tikintisi ilə bağlı iclasdakı məruzəsi çap olunur. O, çıxışında şəhərdə yeganə olan Mixaylovski bağının azlıq etdiyini, şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün geniş bir yerin ayrılmasının zəruriliyini vurğulayır. Hacınski çıxışında əsaslandırırdı ki, iqtisadi cəhətdən də sərfəlidir - yeni salınacaq dənizkənarı bulvardakı çiçək və sərinləşdirici su köşkləri şəhər büdcəsinə müntəzəm olaraq ayda 4-6 min rubl gəlir gətirəcək. Nəticədə Bakı Şəhər Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq, bu layihənin icrasına 10 min rubl ayırır. M.Hacınskinin bu layihəsi Bulvarın salınması tarixində ilk maliyyələşdirilmiş sənəd idi.

Aparılan tədqiqatların nəticəsi Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutuna, Memarlıq və İncəsənət İnstitutuna, Azərbaycan Respublikası Memarlar İttifaqına rəsmi olaraq təqdim olunub. Yekun olaraq bu qurumlar Dənizkənarı bulvarın yaradılma tarixinin 7 aprel 1909-cu ildən başlanmasına dair müsbət rəylər veriblər.

Qeyd edək ki, bu il Dənizkənarı bulvarın yaradılmasının 110 ili tamam olur. Bu münasibətlə il ərzində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

2016-cı ilin aprel ayının 2-dən 5-dək cəbhə xəttində gərginliyin artmasının və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlar törətmək cəhdinin qarşı tərəfdən əvvəlcədən planlaşdırıldığına şübhə yoxdur.

Bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Axar.az saytının sorğusuna cavab olaraq deyib.

O bildirib ki, 2016-cı ilin əvvəllərindən Ermənistanın silahlı qüvvələri təxribatlarını artıraraq cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin dinc əhalisinin atəşə tutulmasını daha da gücləndirdi:

“Erməni tərəfi iriçaplı silahlardan, qumbaraatan, minaatan, eləcə də kalibri 120 mm-dən yuxarı olan artilleriya sistemlərindən istifadə etməyə başladı. Azərbaycan Ordusunun bölmələri hər dəfə düşmənə zərbə vuraraq onu canlı qüvvə və döyüş texnikası sarıdan itkiyə məruz qoyurdu.

2016-cı ilin aprel ayının 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz müxtəlif silahlardan intensiv atəşə tutuldu. Eyni zamanda qoşunların təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qaldı.

Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi hissələr, artilleriya bölmələri və digər qoşun növlərinin birgə əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə erməni silahlı bölmələrinə qarşı cavab tədbirləri görüldü”.

V.Dərgahlı bildirib ki, əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimizin önləyici zərbələri ilə dağıdıldı:

“Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və minədək erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Ordumuz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.

Azərbaycan Ordusunun həyata keçirdiyi bu əks-həmlə əməliyyatının əsas məqsədi - erməni hərbi birləşmələrinə zərbə vuraraq onları təmas xəttində yerləşən kəndlərimizdə yaşayan dinc əhaliyə qarşı mütəmadi olaraq törətdikləri təxribatlarının qarşısının alınması və yaşayış məntəqələrimizi hədəfə alan atəş nöqtələrinin təsirinin azaldılmasından ibarət idi. Bu tapşırıq da uğurla yerinə yetirildi”.

Bazar günü ilk buraxılış imatahanı keçiriləcək

 

Dövlət İmtahan Mərkəzi 7 aprel 2019-cu il tarixində Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

"Qafqazinfo" xəbər verir ki, imtahan saat 11:00-da başlanır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək.

Bildiyiniz kimi, imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bütün imtahan iştirakçılarına uğurlar arzu edirik!


Məmmədyarovla erməni jurnalistin maraqlı dialoqu

Xarici işlər naziri Elmar Məmmədyarovun Brüsseldən Moskvaya uçan təyyarədə Ermənistandan olan jurnalistlə Qarabağ münaqişəsi mövzusunda apardığı müzakirənin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, nazir xarici jurnalistlərdən birinin sualını cavablandırarkən erməni jurnalist aqressiv münasibət sərgiləyərək Azərbaycanı işğalçılıqda və sülhü pozmaqda ittiham edib.

Elmar Məmmədyarov isə “Mənim ölkəmin ərazisi erməni əsgərlər tərəfindən işğal olunub. Siz mənə deyin: Xidmətdə olan Ermənistan vətəndaşı Azərbaycan ərazisində nə edir?!” deyə sual edib.

Azərbaycanlı rəsmi qarşı tərəfdən “Qarabağ” sözünün mənasını soruşub. Nazir sualı cavablandıra bilməyən jurnalistə bildirib ki, Qarabağ “qara bağ” deməkdir. 

Məmmədyarov jurnalistə heç bir siyasi məsələdə bu qədər emosional çıxış etməməyi məsləhət görüb.

Daha sonra stüardessa söhbətin davamına imkan verməyib.

Qeyd edək ki, E. Məmmədyarov aprelin 4-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak edib. O, bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılacaq.

 

 

 

Atatürk aeroportunda “Böyük köç” başladı

Atatürk Hava Limanının köçürülməsi prosesinə start verilib. “Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, “Böyük köç” Türkiyə vaxtilə saat 03:00-da başlayıb. 

Türk Hava Yollarının (THY) boş təyyarələri Atatürk aeroportundan İstanbul Hava limanına eniş edib. 

Atatürk Hava Limanının köçürülməsində 5 mindən çox ağır tonnajlı maşından istifadə olunur.

Qeyd edək ki, İstanbul Hava limanının oktyabrın 29-da- Türkiyə Respublikasının qurulmasının 95-ci ildönümü günü istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, Atatürk Hava Limanı 1912-ci ildə açılıb. İlk uçuş 1933-cü ildə İstanbuldan Ankaraya olub.

***

TYH İdarə Heyətinin sədri İlker Aycı 45 saat davam edəcək köçmə prosesinin 25 faizinin həyata keçirildiyini bildirib.

 





 

 

İlham Əliyev Kürdəxanıda

Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış kompleksinin aprelin 5-də açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

 











 

Xəbər lenti