Ruhi Əliyeva Polad Həşimovun evində

İş xanımı Ruhi Əliyeva Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun evindən reportaj hazırlayıb.

News24.az sözügedən reportajı təqdim edir.

Bu gün həmişəkindən tez qalxdım. Bir azdan yola düşməliyəm. Güzgünün qarşısına keçib geyindiyim paltara baxdım. Seçim qara rəngdir. Əslində qara rəngi xoşlayıram, lakin bugünkü geyimin qara olması bu rəngə olan sevgimlə qətiyyən bağlı deyil.

Az sonra yola çıxdıq. Bu yol məni ünvana aparsa da, düşüncələrim başqa yerdəydi. 3 saatdan sonra sürücü avtomobili səliqə ilə təmir edilmiş evin qarşısında saxladı. Aşağı enib həmin evin darvazasına tərəf bir neçə addım atdım. Bu vaxt yol yoldaşım Ülkər xanım dilləndi: “Ruhi xanım, o qapı deyil”. O, mənə həmin evlə üzbəüz qapını göstərdi. Yaxınlaşıb köhnə, amma mənimçün ziyarətgaha açılan qapını ehtiyatla araladım.

Bu, həyatını vətənimiz üçün fəda etmiş general-mayor Polad Həşimovun evinin qapısı idi. Burada şəhid generalımızın üç övladı və həyat yoldaşı yaşayır. Bizi generalımızın həyat yoldaşı Ofelya xanım qarşıladı. Oğlanları Davud, Teymur, qızı Aybəniz yan-yana divanda oturdular. Mənəvi cəhətdən özümü bu ailəyə borclu sayırdım. İlk dəfə idi ki, getdiyim yerdə söhbətə başlamağa çətinlik çəkirdim. Amma Ofelya xanım elə səmimi idi ki, qısa müddətdə aramızda maraqlı ünsiyyət yarandı. Poladdan ürək dolusu danışan bu qadın ləyaqət, ismət nümunəsi idi. 

Ofelya xanım Poladla birgə üzləşdikləri çətinliklər, əziyyətlərdən söz açdı, onun saysız-hesabsız müsbət işlərindən danışdı. Hər dəfə Poladdan danışdıqca gözləri doldu. Evdə ən xırda işi belə özü görən Poladın çöldə nə qədər böyük işlər gördüyündən də xəbərdar idi Ofelya xanım. Hazırkı evə də təxminən bir il idi ki, köçmüşdülər, lakin Polad bu evdə bir neçə gün qalmışdı. 

Şəhid xanımı danışdıqca onun da nə qədər vətənpərvər olduğunu gördüm. İndi qarşıda onu çətin və daha məsuliyyətli yol gözləyir. Çiynində generalın övladlarını elə Polad kimi möhkəm, dözümlü, ən əsası isə milli ruhda böyütmək yükü var. Atalarının mübarək qanının töküldüyü bu torpaq Poladın uşaqları üçün indi ikiqat müqəddəsdi. Bu xanımın onları Polad ruhunda böyüdəcəyinə zərrə qədər şübhəm yoxdur.

Nə xoş ki, mən Ofelya xanımı, bu ailəni tanıdım. Ay çöhrəli Aybəniz, atalarına bənzəyən Davud və Teymur artıq bizə - bütün Azərbaycana əmanətdir.

Məncə, artıq bu ev ziyarətgahdır, müqəddəs ocaqdır. Poladı sevən hər kəs bu evə gələcək və gələnlər də mütləq nəsə öyrənəcək. Vətənpərvərliyi, torpağa sevgini, milli ruha bağlılığı, ən əsası həyat yoldaşına olan hörmət və məhəbbəti...

Elə biz də nəsə öyrənib bu ocağı tərk etdik.

Ruhun şad olsun, cənab general!

 



 
Tahir İmanov “Space” TV-yə rəhbər gətirilir?

Bir neçə gündür mediada “Space” telekanalında maliyyə yoxlamalarına başlanılması barədə xəbərlər yayılıb.
“MediaPost”un əldə etdiyi məlumata görə, kanalla bağlı söhbətlər səngimir. İddialar isə kanalın yenilənməsi ilə bağlıdır. Belə ki, əvvəlcə kanalın tezliyinin satılması barədə iddialar irəli sürülüb.

Bu günlərdə isə telekanalın rəhbəri Vaqif Mustafayevin vəzifəsindən getməsi gündəmdədir. Onun yerinə isə Əməkdar artist Tahir İmanovun gətirələcəyi bildirilir. Məsələ ilə bağlı aktyorla əlaqə saxladıq. O yayılan iddialara belə cavab verib:
“Bu söhbətlərlə bağlı danışmaq istəmirəm. Sənət və fəaliyyətim haqqında sullara cavab verməyə hazıram. Belə mövzularla ucuzluğa getməyək”.

Qeyd edək ki, T.İmanov sosial mediadakı çıxışlarında dəfələrlə “Space” TV-nin rəhbərliyini və kanalı tənqid edib.

“Bu Şəhərdə” sabiq xarici işlər naziri Elmar Məmmədyarovu parodiya edib.

Aktyorlar - əməkdar artist Coşqun Rəhimovla Rafael İsgəndərov “Elmar Məmmədyarov karantində” adlı video ərsəyə gətiriblər. Belə ki, Rafael İsgəndərov ənənəyə sadiq qalaraq tamada, Coşqun Rəhimov isə Elmar Məmmədyarovun obrazını canlandırıblar.

Sözügedən videonu təqdim edirik:

Lalə Azərtaş da “Xəzər”i seçdi

“ATV Xəbər” proqramının aparıcısı Lalə Azərtaş uzun illər sonra çalışdığı telekanalla yollarını ayırır.

Axşam.az xəbər verir ki, aparıcı iş yerini dəyişmək qərarını alıb. Bildirilir ki, Lalə yaxın günlərdə efirə “Xəzər” telekanalında çıxmağa başlayacaq.

O, sözügedən telekanalın rəhbəri Murad Dadaşovdan gələn təklifi müsbət dəyərləndirib və tərəflər arasında razılıq baş tutub.

Səyavuş Aslanla bağlı bilmədiklərimiz
Bu gün Xalq artisti Səyavuş Aslanın doğum günüdür.

“Ölkə.Az” bu münasibətlə jurnalist İntiqam Valehoğlunun aktyor haqqında araşdırma yazısını təqdim edir.

"Populyarlıq evdə bədbəxt olanların çöldəki xoşbəxt görüntüsüdü".

Gənc aktyor Rza Rzayevin müsahibələrinin birində işlətdiyi bu cümlə çoxdan hazırlamaq istədiyim, indi oxuduğunuz bu yazının yazılması üçün bir stimul oldu. Doğrudan da əksər hallarda məşhurluq həmin insanların daxili bədbəxtliklərini ört-basdır eləməkdən başqa bir şeyə yaramır. İstənilən populyar adamın-aktyorun, aktrisanın, məmurun şəxsi həyatına nəzər salanda görürsən ki, adi insanlarla onları fərqləndirən yeganə cəhətləri elə məşhur olmalarıdır. Elə indi haqqında danışacağım xalq artisti Səyavuş Aslanı da. Səyavuş Aslan heç şübhəsiz ki, Azərbaycanın teatr və kino sənətinin titan aktyorlarındandır, amma...

1935-ci ilin sentyabr ayının 5-də Bakının saray kəndində anadan olan gələcəyin aktyoru əvvəlcə tar sinfinə, sonra isə dram dərnəyinə gedir. 7-ci sinfi bitirəndən sonra isə Dəmiryol Texnikumuna qəbul olunur. Və 1954-cü ildən başlayaraq onun peşəkar aktyor karyerası başlayır. Bir-birindən rəngarəng obrazlar yaradan gənc Səyavuş qısa zaman ərzində tamaşaçıların sevimlisinə çevrilir. Amma bütün bunlar Səyavuş Aslanın nə ata, nə də həyat yoldaşı kimi xoşbəxt olmağına yetmir. Mərhum aktyor Rza Əfqanlının qızı Ofeliya Əfqanlı (Ofeliya Aslan-İ.V) ilə sevib ailə həyatı quran aktyorun Çingiz və Eldar adlı iki oğlu dünyaya gəlir. Amma bundan sonra Səyavuş Aslanın o dövrlərdə sənətə yenicə qədəm qoyan gənc müğənni Təranə Vəlizadə ilə istiləşməkdə olan şəxsi münasibətləri ailə həyatında problemlərə səbəb olur.

Səyavuş Aslanı həddən artıq sevən Ofeliya xanım onun bu xəyanətlərini bağışlamır və bir müddət sonra cütlük bir evin içində illərlə küsülü qalırlar. Hətta bu yaşam tərzi aktrisanın əsəblərində böyük problemlərin yaranmasıyla nəticələnir...

Sənətkar adətən özünə yaxın bildiyi gənc həmkarları ilə dərdləşər, onlara "tez evlənin"- deyə məsləhətlər verərmiş. Adının çəkilməsini istəməyən gənc aktyorun dediklərindən: "Həmişə deyirdi ki, çalış səni sevənlə evlən, öz sevdiyinlə yox. Sevdiyinə görə həmişə sənə dözəcək. Biz Ofeliya ilə bir-birimizi dəlicəsinə sevmişik. Hayıf ki, Allah ağlını aldı əlindən. Deyirdi mən evin bu otağından o biri otağa keçəndə də darıxırdı". Amma şəxsi həyatındakı problemlərə baxmayaraq, o, həmişə sənət yoldaşları, ələlxüsus da gənc həmkarları ilə həddən artıq mülayim davranar, onların problemləri ilə maraqlanar, hətta bir çox hallarda onların sosial çatışmazlıqları üçün nüfuzundan istifadə edərək məmurların yanına gedərmiş.

Gənc aktyor Sərdar Rüstəmovun dediklərindən: "Təxminən 2002-2003-cü illər idi. Teatrdan 8-9 "şirvan" maaş alırdım. Özüm də kirayədə qalırdım. Bu pulla həm dolanmalı, həm də kirayə pulunu verməliydim. Bəzən elə olurdu ki, teatrdan aldığım maaşı alıb bütünlüklə bufetə olan borcumu ödəyirdim. Günlərin birində bufetdən yenə nəsə alırdım. Bufetçi Ağabəy dedi ki, bacıoğlu, borcun altı "şirvan"ı keçib. Həmin vaxt Səyavuş əmi də bufetdə idi. Qalxdı ayağa, soruşdu ki, nə məsələdir. Ağabəy dedi ki, filan qədər borcu var. Çıxartdı borcumu verdi, sonra da dedi ki, indi yediyinin də pulunu çıx. Ümumiyyətlə, onun belə bir adəti var idi. Səhər teatra gələn kimi mütləq bufetə dəyməliydi". Amma mərhum xalq artisti Əlabbas Qədirov Akademik Milli Dram teatrına direktor təyin olunandan sonra Səyavuş Aslan şəxsi həyatı ilə yanaşı teatrla bağlı da çətinliklərlə üzləşir. "Azdrama" rəhbəri uzun müddət Musiqili Komediya teatrının direktoru vəzifəsində çalışmış, hər kəsin qeyd-şərtsiz qəbul etdiyi Səyavuş Aslana "dublyorlar" təyin edir ki, bu da sənətkara çox pis təsir edir. Halbuki mərhum xalq artisti Həsənağa Turabov "Azdrama"nın direktoru olanda teatrın iki əsas aktyoru olub. Onlardan biri Yaşar Nuri, digəri Səyavuş Aslan idi. Günlər keçdikcə iki xalq artisti arasındakı münasibətlər daha da soyumağa başlayır və ortada böyük uçurum yaranır. Hidayət Orucovun "Bu dünyanın adamları" əsəri əsasında səhnəyə qoyulan eyniadlı tamaşa isə sənətkarın səbrini daşıran son damla olur. İlham Namiq Kamalın idarə müdiri rolunda ona dublyor verməsi Səyavuş Aslanın İlham Namiq Kamaldan da inciməyinə səbəb olur. Ardınca səhnələşdirilən "Diaqnoz D" tamaşasında da İlham Namiq Kamalı Xalq artistinə dublyor verirlər. Bir müddət sonra isə Səyavuş Aslan "dublyora çevrilir". Zaman keçdikcə Əlabbas Qədirov İlham Namiq Kamaldan "Səyavuş Aslan" düzəltmək istəyir və "Varlı qadın" tamaşasındakı Yeva Zərlinskayanın həyat yoldaşı rolu da İlham Namiq Kamala həvalə olunur. Halbuki həmin illərdə afişada Səyavuş Aslanın adının olması tamaşnın anşlaqla keçməsi demək idi. Vəziyyət o həddə çatır ki, Xalq artistinin teatrın repertuarında yalnız bir rolu qalır: "Hamlet" tamaşasında Polonin. Bu sıxışdırmalar Səyavuş Aslanı nəinki Əlabbas Qədirovdan, həm də teatrdan incik salır. O, həmkarları ilə söhbətləri zamanı həmişə Qədirovdan narazılığını bildirirmış: "Deyirdi ki, Tofiq Kazımov Əlabbası epizoda da çəkmirdi. İndi buna bax da, mənə rol vermir. Məcnun Hacıbəyov kimi gözəl aktyoru işdən çıxardır. Halbuki cavanlıqda Məcnun baş rol oynayanda Əlabbasa epizod da vermirdilər. 93-cü ildə Həcc ziyarətinə getdim. Gəldi Həcc ziyarətində də çıxdı qabağıma".

Günlərin birində Səyavuş Aslan Əlabbas Qədirovun ona qarşı etdiyi haqsızlıqların səbəbini aydınlaşdırmaq üçün onu Dənizkənarı Milli Parka çağırır. Yaradıcılıq söhbəti mübahisəyə, hətta deyilənlərə görə, əlbəyaxa davaya çevrilir və bundan sonra tərəflər arasındakı bütün münasibətlər kəsilir.

Sənət yoldaşları deyir ki, Səyavuş Aslan hər kəslə səmimi ünsiyyət qursa da, hər adamla dostluq etməzmiş. Onun teatrdakı ən yaxın dostları isə mərhum Xalq artisti Yaşar Nuri və aktyor Kamal Xudaverdiyev olub. Deyilənə görə, hər iki həmkarıyla hətta söyüşlü zarafatları da var imiş. Nəsibə Zeynalovayla isə münasibətləri bir o qədər də yaxşı olmayıb. Hətta "Hicran" tamaşasını oynayarkən həm Hacıbaba Bağırov, həm də Nəsibə Zeynalova ilə küsülü olublar.

Nəsibə Zeynalova ilə bağlı GİZLİNLƏR:

Yazının əvvəlində qeyd olunduğu kimi Səyavuş Aslan ata kimi də xoşbəxt biri deyildi və son illər mətbuatda onun oğlanları, xüsusən də Çingiz Aslan haqqında heç də xoş olmayan xəbərlər yer alırdı. 2011-ci ildə ölkə mətbuatında aktyorun oğlu Çingizin atasının 60 illik yubileyinə ölkə başçısı tərəfindən hədiyyə olunmuş evi banklardan birinə girov qoyaraq pul götürməsiylə bağlı məlumatlar yayıldı. Qeyd olunurdu ki, sənətkar oğlunun "Xətai" metrosunun yaxınlığındakı evi girov qoyub pul götürməsinin səbəbi qumarda uduzduğu böyük məbləği geri qaytarması idi. Aktyorun yaxın dostlarından birinin dediklərindən:

"Deyir bir dəfə pis vəziyyətdə evə gəlmişəm. Gördüm ki, binanın qabağında bizim bahalı mebelləri maşına yığırlar. Soruşuram ki, bunu hara aparırsınız? Dedi ki, oğlun bunları bizə satıb 3 min manata. Çıxardıb pulunu qaytarıb yola saldım. Deyirdi ki, çox vaxt belə şeyləri Çingiz edir. Amma özü hər zaman pis vərdişlərdən uzaq olub. Gənc vaxtlarında spirtli içkilər qəbul etsə də, siqaretdən uzaq olub. Sonradan isə müqəddəs yerləri ziyarət elədi və spirtli içkilərdən də uzaqlaşdı". Səyavuş Aslanın ən bəyəndiyi rejissorlar isə Azərpaşa Nemətovla Mərahim Fərzəlibəyov olub. Sənətkarın "Azdrama"da çalışdığı illərdə o, hər iki rejissorun quruluş veridiyi tamaşaların əsas rollarını oynayıb. Amma bu qədər böyük aktyor olmasına rəğmən, heç vaxt pedaqoq kimi fəaliyyət göstərməyib. Hətta dəfələrlə Mədəniyyət və İncəsənət Universitetindən edilən təklifləri müxtəlif bəhanələrlə rədd edib. Səyavuş Aslan boş vaxtlarını Dənizkənarı Milli Parkın yaxınlığında yerləşən "obyekt"lərində keçirməyi xoşlayırmış. Onun başqa bir hobbisi isə təsbeh və üzük kolleksiyası yığmaq imiş. Deyilənə görə sənətkarın 500-ə yaxın təsbehdən ibarət təsbeh kolleksiyası olub. Hətta bir dəfə Türkiyənin Trabzon şəhərində qastrolda olarkən təsbeh almaq üçün xeyli yolu piyada da gedib. Maraqlıdır ki, sənətkar barmağında olan üzüyü kimsə istədiyi halda bağışlamaqdan boyun qaçırmırmış. Ömrünün son illərini bir neçə xəstəliklə mübarizə aparan sənətkara böyük oğlunun tutduğu bir qadın qulluq edirmiş.

Qeyd edək ki, Səyavuş Aslan 2013-cü il iyun ayının 27-də dünyasını dəyişib.

Gülay Kamillə boşanmasından danışdı

Müğənni Gülay Zeynallı həyat yoldaşı Kamil Zeynallıdan boşanması ilə bağlı xəbərlərə münasibət bildirib.
Parla.az xəbər verir ki, sənətçi bu barədə “MTV Azərbaycan”da yayımlanan “10-dan sonra” verilişində danışıb. Müğənni boşandığını üstüörtülü olsa da, etiraf edib:

“Hər kəs reytinq istəyir. Bu, jurnalistlərin işidir. Haqqımda yazılmalıdır. Amma düşünmək lazımdır ki, bu insan axı tək deyil. Bunun anası, ailəsi var. Bir insan nə yaşayırsa, alnına yazılan qismətdir. Bunu heç kim poza bilməz. Gedirəm, ayağım büdrəyir. Deyirəm ki, belə də olmalı imiş. Bunları qəbul edirəm, məcburam. Elə şeylər yazılır ki, ailəm pis olur”.
Qeyd edək ki, G.Zeynallı idmançı həyat yoldaşı ilə 2010-cu ildə ailə qurub. Onların Sahilə adlı qızları var. Ötən gün isə parla.az saytı cütlüyün boşanmasını təsdiq edən fotosənəd yayıb.

Oksana da “Xəzər”ə gəldi

Rəqqasə-aktrisa Oksana Rəsulova Xəzər TV-də aparıcılıq edəcək.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bununla bağlı kanal rəhbəri Murad Dadaşovla razılıq əldə edib.

Sənətçi həftədə bir dəfə tamaşaçı qarşısına çıxacaq. Oksananın verilişinin adı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, Oksana M.Dadaşovla “Bayram axşamı” adlı komediya filmində rol alıb. Eyni ekran işində yer alan aktyor İslam Mehrəliyev də yeni sezonda “Xəzər” ekranlarında görünəcək.

“İnsanları zəhərləyən müğənnilər xalqını sevə bilməz”

Əməkdar artist Sevda Ələkbərzadə bayağı musiqini təbliğ edənləri tənqid edib.

Sənətçi bu barədə “Yanar saat” radio proqramına qonaq olarkən danışıb.

Məhşur müğənni həmkarlarını qınayaraq onları vətəni sevməməkdə ittiham edib: “İnsanların musiqi zövqünü korlayan, onları zəhərləyən müğənnilər vətənini, xalqını sevə bilməz. Ölkələr sənətçiləri ilə tanınır. İtaliya deyəndə rejissorları, filmləri, rəssamları yada düşür. Bunu bütün ölkələrə aid edirəm. Dövlətlər sənətkarlarına görə sevilir, məşhurlaşır. Bu, vacib məsələdir. Hər bir ifaçı bunlara diqqət etməlidir”.

Kənan MM-dən iddialı iş
Tanınmış rejissor Kənan MM yeni layihəyə imza atıb.

Bu barədə Qaynarinfo-ya rejissorun özü məlumat verib. Kənan MM bildirib ki, ekranlaşdırdığı "Qayıdış” adlı serial yeni mövsümdən etibarən tamaşaçıların ixtiyarında olacaq:

"Serialın ideya müəllif Züleyxa NaEl, ssenaristlər Züleyxa NaEL, Gəray Həsənov və mənəm. Senariyə mənim də əlavələrim olub. İdeya çox xoşuma gəldi, real həyatdan götülürüb, az da olsa yaşanmış hekayəsi var. Zənnimcə, Azərbaycan tamaşaçısının sahib çıxacağı bir serial olacaq. Əsas məqsədimiz tamaşaçını milli serialımıza baxmağa təkid etməkdir. Düşünürəm ki, atasız qızlar bizi bu seriala görə bağışlayar. Çünki ssenaridə bəzi həssas mövzular var. Özüm çəkəndə də və bu layihəyə imza atanda da bunu hiss edirdim”.

Kənan MM bildirib ki, ssenaridə rol alan aktyor heyətini özü seçib: 

"Texniki çəkiliş Azərbaycanın standart seriallarından uzaq bir tərzdədir. Bunu filmin fraqmentinə baxanda da hər kəs hiss edir. Xarici ölkələrdə olanda məndən Azərbaycan seriallarından göstərməyimi xahiş edirdilər. Bir-iki serialı çıxmaq şərti ilə çox filmi göstərə bilmirdim. Düşünürəm ki, bu filmi mən və həmkarlarım istənilən ölkədə göstərə bilər. Baş rolun ifaçısı yeni simadır - Günay Həsən. Başqa aktyorlar tanınan simalardandır. Serial mövzusu ailə-məişət zəmininə yaxındır. Bu işə başlamamışdan öncə demişdim ki, səviyyəsiz serialların, filmlərin cənazə namazı qılınacaq. Elə də olacaq”.

Qeyd edək ki, "Qayıdış" serialı yeni mövsümdən "Xəzər" TV-də yayımlanacaq.

“Bu şəhərdə” Mir Şahini parodiya etdi
“Bu şəhərdə” komandası bu dəfə Əməkdar jurnalist Mir Şahin Ağayevi parodiya edib.

Jurnalistin obrazı Əməkdar artist Coşqun Rəhimov tərəfindən canlandırılıb. O, teatrın ənənəvi toy səhnəsində qonaq olub.

Səhnəcikdə Mir Şahinin söz oyunlarına, müxalifətə qarşı münasibətinə toxunulub.(parla.az)

Xəbər lenti