Afətin uşaq götürməsi, Fədayə Laçının fotosu, Elzanın ulağı, Xalq artistinin koronavirus qorxusu…

"Ölkə.Az" Vüsalə Balayevanın təqdimatında "Şoumız" rubrikasını (6-cı say) təqdim edir.

Deyirəm, necəsiniz, 8 mart qadınlar gününü necə keçirdiniz? Əsas odur ki, feminist xanımların mitinqində qarışıqlığa düşüb əzilmədiniz? Sözü uzatmayıb keçim həftənin əsas mətləblərinə.

Bu həftə şou-biznes yaman əsdi, kükrədi. Aparıcı Mətanət demiş “Bu da bir külək idi, əsdi keçdi”. Ancaq deyəsən Bakı küləyi kimi gilavar idi, küləkdən sonra gözlərimizi qumla doldurdu.

Pakizə xalanın da son vaxtlar dili dinc durmur, oturub bütün verilişlərə baxır, yolda da məni görən kimi başlayır müzakirəyə. Deyir əvvəl sənətkarlar var idi, efirdə şəxsi həyatdan danışmaq dəb deyildi. Amma indi kimin kimi övladlığa götürməyi, kimin kimdən uşaq doğmağı gündəm olur. Eşitmisən, Afət Fərmanqızı da yenidən ana olmaq istəyir. Ancaq bioloji yolla deyil, o, Suriyadan uşaq götürmək istəyir. Sən demə, qadının bir oğlu var, bir dənə də qız  götürüb, onu tərbiyə etmək istəyir. Heç dəxli var? Bu, sizin ailənin daxili işidir, tamaşaçıya nə var? Deyirəm, ay Pakizə xala, sən bunları haradan bilirsən, deyir ay bala, indi əvvəlki kimi qəzet-jurnal oxumağa gərək qalmır, elə televizorda hər şeyi müzakirə edirlər, qeybətə də ehtiyac yoxdur, hər şey efirdə var. 
Fədayə Laçın da durub soyuq Rusiya ellərinə el məclisinə gedib, orada da axtarışda olan meyxanaçı Vahid Qədim çıxıb qarşısına. 

Atalar demiş “Mərdimazarı axtarmaqla deyil ki”, Vahid də Fədayə ilə şəkil çəkdir, “İnstagram”da paylaş. Pah, yenə salıb qızı dilə-dişə, başlayıblar Fədayəni “ağ-yuyub, qara sərməyə”. Bir adam sizin dilinizə düşməsin də, düşdüsə, müflis etməmiş əl çəkmirsiniz.

Türklər demiş indi də keçək “Haftanın turu”na. Mən də qardaşlarımız demiş istəyirəm şou-aləmdə bir tur atım.

Vasif Məhərrəmlidə etmə tənbəllik de ki daş daşımaq müğənnilikdən yaxşıdır. Maraqlıdır, birdə görürsən Vasif gündəmdən kənar qalır. İldə 2-3 dəfə “güclü” bir açıqlama verir, 1-2 il ona bəs edir.

Vasifin bəzi ifalarına qulaq asmaq fəhləlik eləməkdən çətindir. O səsə hər qulaq dözməz, vallah.

Nadir Qafarzadənin yenə öz ampluasında olan açıqlaması olub. O, hətta bir qədər də irəli gedərək, deyib ki, “İnstagram”da kişiyə yazan qadın bütün pis sözlərə layiqdir. 

Sitat: “İnstagram”a girib, müğənniyə, başqa kişiyə nə gəldi yazan qadın bütün pis sözlərə layiqdir”. 

Xalq aristi Məleykə Əsədova da koronavirusdan qorxan məşhurlardandır. O da Teymur əmi demiş “maç-maç, quc-quc” dan qaçır. Verilişə gəlib, ancaq aparıcılarla görüşməkdən imtina edib.
Rəqsanənin qızı Aysunun açıqlaması isə hamıya yaman maraqlı gəlib. O gün görürəm ki, Pakizə xala yığıb qadınları başına, hazırlıq edir. Soruşuram xeyir ola, deyir ay bala, bəlkə sən də Aysunun nömrəsi olar? İstəyirəm onu qonaq çağırım, efirdə deyib ki, hara gedirəmsə, bahalı hədiyyələr aparıram, bəlkə bizə də gələndə yaxşı bir sovqat gətirər. Yayda balaca uşağı evləndirmək istəyirəm, xonçaya qoyaram, xərcə düşmərəm. Deyirəm ay Pakizə xala, o qız heç yerdən əliboş qayıtmır, əvəzində sən də gərək ona bahalı bir şey verəsən. Yazıq qadının bu arzusu da puç oldu.

Beləcə, gəlib çıxdıq həftənin əsas hadisəsinə. Elza Seyidcahan, Mətanət Əsədova və Manaf Ağayevin qalmaqal üçbucağına.
Heç şübhəsiz ki, ötən həftənin şou gündəminin adamları bu üçlük olub. Deməli, Mətanət Əsədova Manafla Tolikin verilişinin qonağı olub. Dava, Elza xanımın  "Gənclərin zövqünü korlayan manaflar, mətanətlər var" ifadəsindən sonra başlayıb.  Söhbət sənətdən düşəndə efirə telefonla qoşulan əməkdar artistin Mətanətə "At yerində ola-ola gəlib özünü ulaq yerində saxlamağını mən istəmirəm" deməsi Mətanəti özündən çıxarıb. Sənətçi bir anlıq efirdə 10 milyonluq xalqın qarşısında olduğunu unudaraq, (hələ dünyanın digər yerlərindən baxan, həmvətənlərimizi saymadım) Elzaya “mədəni” cavab verib.
“Bir dəqiqə ay qız. Onun səsini kəsin. Danışma Elza, telefonu söndür. Səsini bağla, onu eşitmək istəmirəm. Ulaq özünsən. Ya durub gedəcəm, ya saxlayın səsi. Elza, məni heç kimlə səhv salma. Bir az ehtiyatlı ol. Ayıb olsun sənə. Bəstəkar, Əməkdar artist adı ayıb olsun. Utanmırsan, ulaqdan, atdan danışırsan? Hələ ki, səni ulaq yerinə qoyub, çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Təkbətək görüşüb, cavabını verərəm. Çaşma", - deyərək nəinki Elzanı, hətta canlı efiri susdurmağı bacarıb. Əhsən, bir daşla iki quşu vurmaq buna deyərəm e. 

Hələ bu azmış kimi Manaf da “Kaş sizin yerinizə bu sözü hansısa kişi deyərdi. Onu həmin gecə yoluna qoymuşdum” deyib. Hə, burada deyirlər e “sən də az aşın suyu deyilsən”.

Deyirəm ki, bu şou- əhlinin yeri deyəsən səhv düşüb. Səhnə ilə haranınsa yerini qarışıq salıblar. Bu yerdə nədənsə ağlıma şairimiz Cabir Novruzun bir misrası düşdü.

“Müsibət oluruq biz, səhv düşəndə yerimiz”.

Sizə nə var ki, efirdə vuruşub, sonra da hansısa məclisdə bir-birinizi görüb yenə qucaqlaşıb, öpüşəcəksiz, olan Tolika oldu, verilişi bağlandı. Özü demiş “Buradan müğənnilərə demək istəyirəm ki, mən sizin hər birinizi yaxşı tanıyıram, iç üzünüzü bilirəm. Amma bu dəfə mən sizin qurbanınız oldum. Sizin tərbiyəsizliyinizin qurbanına çevrildim”. 

Yadınıza gəlirsə,  bir dəfə də belə bir hadisə olub. Mətanət Əsədova, adaşı Mətanət İsgəndərli ilə qalmaqal yaşamışdı, 2 gündən sonra bir məclisdə qol götürüb, şıdırğı rəqs etmişdilər. 

Bu soxhasoxda Zaur Kamal yenə verilişində müğənniyə sataşıb. Bu dəfə onun qurbanı Xatun olub. Deyib "Tez-tez niyə kameraya fırlanırsan ki, başa düşmürəm. Kimə acığ verirsən? Poz verirsən elə bil”. Hələ bu azmış kimi axırda lap kuliminasiya nöqtəsini qoyub. Divanda ona  yer göstərərək "gəl, otur, görüm otura biləcəksən ki" deyərək onun ombasını lağa qoyub. Nə isə, məsələ çox uzandı...

Eşitdim Şəbnəm Tovuzluya it hədiyyə ediblər, adını “Martin” qoyub. Doğru söhbətdir?

Prezident Lalə Məmmədovaya ev verdi
Prezident İlham Əliyev Əməkdar artist Lalə Məmmədovaya ev hədiyyə edib.

 Heydər Əliyev prospektində yerləşən mənzil 3 otaqdan ibarətdir.

Lalə Məmmədova Sabah.az-a açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, ad gününə bundan gözəl hədiyyə ola bilməzdi:

“Ölkə başçısına təşəkkür edirəm. Heydər Əliyev Fondu da təmir işlərini öz üzərinə götürdü. Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya da minnətdaram. Sırf sənətlə məşğul olduğum üçün ev ala bilmirdim. Buna ehtiyacım var idi. İnşallah, balalarımla bu evdə yaşayacam”. sabah.az

Röya konsertinin vaxtını dəyişdi
Xalq artisti Röya Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq 6,7, 8 və 9 mart tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan «Nazlı» adlı solo konsertinin tarixini dəyişdirib.

Bu barədə APA-ya xalq artisti özü məlumat verib.

Onun sözlərinə görə, nəzərdə tutulan 4 günlük solo konsertin hər birində 3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq bu qərarı verib: “Bu tipli kütləvi tədbirlərdə belə virusun yayılma təhlükəsini nəzərə  aldıq. Bizim üçün insanlarımızın, sevimli tamaşaçılarımızın səhhəti ilə bağlı məsələlər vacib olduğu üçün həyata keçirilən profilaktik tədbirlərə dəstək göstərmək qərarını verdik”.

Xalq artisti Röya solo konsertinin yeni tarixi barədə əlavə məlumat veriləcəyini bildirib.

Mart ayındakı konsertə bilet almış şəxslər yaranmış suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət edə bilərlər.

Məleykənin 3 milyonluq villası, Natəvanın Dadodan küsməsi, Teymur əminin “maç-maç, quc-quc”u

"Ölkə.Az" Vüsalə Balayevanın təqdimatında "Şoumız" rubrikasını (5-ci say) təqdim edir.

Deyirəm, hava da deyəsən yerini səhv salıb, qışda yaz oldu, elə ki mart ayı girdi, başladı qış abu-havasını bizə hiss etdirməyə. Uzun sözün qısası, görək keçən həftə şou-biznes camiəsində kim qışı yaşadı, kim bahar havası ilə bizi feyziyab etdi.

Keçən həftə Xalq artisti Məleykə Əsədovanın əldə etdiklərini öz zəhməti ilə qazanması haqqında etdiyi açıqlama gündəmə bomba kimi düşdü. O, üzünü millətə tutub dedi ki, məni niyə qınayırsız ki, 3 milyon manatlıq villam var? Mən hər bir qəpiyimi öz alın tərimlə qazanmışam, tələbəlik vaxtında hamı kinoya gedib, sevgilisi ilə əl-ələ gəzəndə, mən rayonda toylara getmişəm, pul qazanmışam. Hazırki var-dövlətimi əldə etmişəm.

Deyirəm, sizin işiniz – gücünüz yoxdur oturub xalxın malını sayırsız?  Pakizə xala da dünən mənə deyir ki, gör Məleykə xanım yenə toya gedir, nəvəmə toy edəcəm, məclisə dəvət edim.

Stilist Anar Ağakişiyev şəxsi həyatı ilə gündəmə gələn şou əhlini qınayıb. Deyir bu nədir canlı efirdə boşanırlar, evlənirlər, ailə həyatını oyuncaq ediblər. Haqq sözə nə deyəsən, kişi düz deyir.

Natəvən Həbibi də repçi həyat yoldaşı Dado ilə 3 həftədir küsülüdür. Bunu mən demirəm ha, efir deyir. Son trendə uyğun olaraq, o da bunu canlı efirdə açıqlayıb. Arzu edirəm ki, tezliklə barışsınlar. Hərdən düşünürəm ki, bu borc istəmələr, incikliklər olmasaydı görəsən efirdə göstərməyə mövzu tapardılar?

Bu qışın bəlası koronavirus da vallah bizdə ağıl qoymayıb. İnsanlar bu xəstəliyə görə artıq “maç-maç, quc-quc da” eləmirlər. Bunu mən demirəm, Teymur əmi də bunu efirdə açıqlayıb.

“Bu gün “maç-maç, quc-quc” yoxdur. Öpüşmək qəti olmaz. Görüşdük, vəssalam, qurtardı getdi”.

Statistika yaşlı adamların bu virusa yoluxmasının daha ağır nəticələr verdiyini açıqlayıb. Axır ki, Teymur əmi də boynuna aldı ki, qocalır.

Sən demə Xatunla Rüfət Axındovun ifa etdiyi “Sənə görə” mahnısı erməni mahnısı imiş. Hətta klipləri oxşarlıq təşkil edən bu ekran işi hələ də müəmma olaraq qalır. Vallah, bilmirəm bu həqiqəti kim ortaya çıxarıb, ancaq onu bilirəm ki, ermənilərin əlinə yaxşı zurna vermişik. İndi bildikləri qədər üfləyib, dünyaya səs salacaqlar. Bu axı onların sağ əllərinin sol peşəsidir. Nə deyim, Allah bizi sapı özümüzdən olan baltalardan qorusun. 

Xatunun başı bir bəladan qurtarmamış, qıza bir şər də atıblar. Ona deyirlər ki, sən ombana silikon qoydurmusan. O da daş atıb, başını tutur ki, tövbə yalandır, anadangəlmə beləyəm, ombamda heç bir silikon zad yoxdur.

Tolik yenə efirdə qalmaqallı açıqlama edib. Sən demə estrada müğənnilərimiz xanəndə qızların yanında toya getməlidir.

O, xanəndə qızların Rusiyada pullu “daydaylar”la "nə hoqqalardan" çıxdığının şahidi olub. Bu yerdə deyiblər e “suyun lal axanı, adamın yerə baxanı”.

Əli Mirəliyev də bəzi müğənnilərin nə hoqqadan çıxdığını bilmək üçün bu yaşlı vaxtında özünə əziyyət verərək gecə klublarına gedib. Ay Əli müəllim, bu sənə lazımdır, kimlərə görəsə özünə bu zülmü verirsən?

Bu yerdə göydən 3 alma düşdü, biri bu müğənniləri qınayanlara, ikisi də şou-biznes nümayəndələrinə ki, yeyib qüvvətli olsunlar. Yoxsa, bu ağızları bağlaya bilməzlər.

Yadımdan çıxdı, o, Şotlandiyada məhkəmə iki qoyunu şapalaqlayan fermerə 550 funt sterlinq cərimə kəsmişdi, o işin axırı necə oldu?

Müğənni Manaf Ağayev polisə çağırıldı
Müğənni Manaf Ağayev Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub, profilatik söhbət aparılaraq sərbəst buraxılıb. O, hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

"Yol-xeber.az" bildirir ki, məlumatı trend-ə açıqlqmasında BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiq edib.

Xatırladaq ki, bir müddət əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlara qarşı zorakılığa çağırış edən fikir səsləndirib.

Məşhur aktyorun “prava”sına 6 ay həbs qoyuldu - FOTO
Əhməd Kural sükan arxasında sərxoş olub

Türkiyənin tanınmış aktyoru Əhməd Kural zəncirvari yol qəzasına düşüb. Yol-xeber.az yerli KİV-ə istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında İstanbul şəhərinin Altunzadə rayonunda qeydə alınıb.

Məlumata görə, 15 İyul Şəhidlər Körpüsünün çıxışında məşhur aktyorun avtomobilinin də olduğu üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb.

Qəzadan sonra hadisə yerinə gələn polis əməkdaşları, apardıqları alkotest yoxlaması zamanı Əhməd Kuralın sərxoş olduğu müəyyən edilib.

 

İfadəsi alınması üçün polis şöbəsinə gətirilən və qanında 1.85 promilli alkoqol olduğu öyrənilən Kuralın sürücülük vəsiqəsinə 6 ay həbs qoyulub. Nəqliyyatda təhlükə yaratma cəzası ilə ona protokol tərtib edilib və sonra sərbəst buraxılıb.

  

"Survivor 2020" yarışmasında azərbaycanlı idmançı ilə digər iştirakçı dava edib.

Baku.ws xəbər verir ki, "TV8" kanalında yayımlanan yarışma proqramında idmançı Pərviz Abdullayev Yasin Obuz adlı iştirakçı ilə dalaşıb.

Buna səbəb Yasinin oyun zamanı kəskin reaksiyası olub. Pərviz əvvəlcə ona sakit olmasını söyləyib. Daha sonra isə Yasinin üzərinə gedən Pərviz "ağıllı ol" deyərək ona xəbərdarlıq edib. 

Sonda Pərvizin komandası yarışda qalib gəlib. Yasin və Pərviz arasındakı gərginlik isə sona çatıb.

Tərəflər bir-birindən üzr istəyərək barışıq elan edib. 

Hacı Nuran xəstəxanaya yerləşdirildi
Tanınmış aparıcı Hacı Nuran Hüseynov xəstəxanaya yerləşdirilib.

Bu barədə aparıcı özü Facebook səhifəsində  bildirib.  

O, son günlərin gərgin rejimi nəticəsində səhhətində bəzi problemlər yarandığını bildirib:

"Xəstəxananı sevməsəm də bəzən sevmədiyimiz nələrəsə tabe olmalı oluruq. İnsan sağlamlığının qədrini xəstələnəndə bilir. Özümü heç də yaxşı hiss etmədiyimdən müalicəyə ehtiyac vardı.

Elə bilirdim ki, günü-günə satmaqla müalicənin vaxtını uzada biləcəm. Amma alınmadı. 2 saatdan bəri davam edən müayinədən sonra həkimlərin qərarı qəti idi: yataq rejimi. Beləcə, bir müddət müalicə almalıyam".

Zaman-zaman Almaniya və Azərbaycan mediasının gündəmində olan Lana Atakişiyeva bir daha diqqətləri üzərinə çəkməyi bacarıb.
 
Baku.ws xəbər verir ki, Berlində polis komissarı işləyən azərbaycanlı qız sosial şəbəkədəki görüntüləri ilə marağa səbəb olub.
 
Azərbaycanlı xanım polis iş vaxtından sonra öz istirahətinə vaxt ayırır. İstirahət etdiyi yerlərdən tez-tez fotolar paylaşan Lana “Instagram”da fenomenə çevrilib.
 
Qeyd edək ki, Lana 15 il əvvəl, 15 yaşında ailəsi ilə birlikdə Almaniyaya köçüb. 30 yaşlı Lana Berlinin Noyköln rayonunda polis komissarıdır.
 
O, bundan əlavə fitneslə məşğul olub və pianoda ifa edə bilir. O, alman, rus, türk, ingilis və fransız dillərində danışa bilir.
 

Günay İbrahimli özünə bahalı “Range Rover” aldı - VİDEO
Bakıda klip çəkdirməyə elə bir məkan və yer tapmıram

“Avtomobil köhnədir, siz məni gec-gec görürsünüz (gülür). Bir neçə ay öncə almışam. Amma qiymətini deməyəcəyəm”.

Bu sözləri Oxu.Az-ın kamerasına yeni, bahalı və lüks “Range Rover” markalı avtomobilində yaxalanan məşhur müğənni Günay İbrahimli deyib.

Dəbdəbəli avtomobildə görüntülənən sənətçi efirlərə az-az çıxmasının səbəbini belə izah etdi:

 

“Efirlərə çıxıram, amma təbii ki, çox götür-qoy edirəm. Hər dəvət aldığım verilişə getmirəm. Getməməyimin səbəbi isə ürəyimcə olan verilişlərin az olmasıdır”.

“Efirlərə çıxanda şərt qoyursunuz?”, - sualına isə Günayın reaksiyası belə oldu:

“Elə proqramlara qonaq qismində qatılıram ki, hər hansı şərt qoymağa ehtiyac qalmır. İstər verilişin aparıcısından, istərsə də kanalın komandasından özümə qarşı hörmət görəndə, heç bir şərt qoymuram. Sənət yoldaşlarımla münasibətim çox yaxşıdır və heç biri ilə problemim yoxdur. Amma sadəcə olaraq, uyğunluq söhbəti var. Burada söhbət nəsil və janr uyğunluğundan gedir”.

G.İbrahimli, həmçinin, gördüyü yeni işlərinin anonsunu da verdi:

“Yeni işlər gəlir. Həm fotosessiya, həm də klip. “Bu son” adlı yeni mahnıma klip çəkdirəcəyəm. Əslində, klipi xaricdə çəkmək istəyirəm, hələ çəkilişlərə başlamamışıq. Çünki Bakıda həddən artıq çox klip çəkdirmişəm. Bakıda klip çəkdirməyə elə bir məkan və yer tapmıram. Rejissorların da çoxu ilə işləmişəm. Yeni və fərqli bir şey istəyirəm”.

 

Xəbər lenti