![]() |
|
Xəbər verdiyimiz kimi, iyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər.
“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən məlumatına görə, buna cavab olaraq Tavuş yeparxiyasının rəhbəri, müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan öz avtomobilini Samvel Şahramanyana hədiyyə edib.
Məlumata görə, Qalstanyan iyunun 21-də axşam saatlarında nümayəndəliyə gedərək “Lexus” markalı avtomobilini Şamramanyana verib. Tavuş yeparxiyasının rəhbəri baş verənləri qəbuledilməz adlandırıb.
Qeyd edilib ki, sözügedən avtomobil daha əvvəllər Qalstanyanın postlara erməni hərbçiləri ziyarətə getməsi üçün hədiyyə edilmişdi.
ABŞ administrasiyası Rusiyanın ölkədəki viza mərkəzinin hər iki bölməsini bağlayır.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın ABŞ-dəki səfiri Anatoliy Antonov açıqlayıb.
Onun sözlərinə görə, ABŞ bu məsələ ilə bağlı səfirliyə məlumat göndərib. Bununla belə, Antonov konsulluq xidmətlərinin davam etdiriləcəyini vurğulayıb.
Eyni zamanda, rusiyalı diplomatlardan onları ökədə vergidən azad edən vəsiqələr də götürülüb.
Sözügedən vəsiqələr diplomatlara istənilən ölkədə yaşayıb yerli xəzinəyə vergi ödəməmək kimi imtiyazlar verirdi.
Moskvada qasırğa səbəbindən 2 nəfər həlak olub, daha 35 nəfər isə xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Xəsarət alanlardan altısının uşaq olduğu bildirilir.
Qeyd edək ki, iyunun 20-də Moskvada güclü külək və leysan qeydə alınıb. Külək metal və reklam löhvələrini, evlərin damını, velosiped və zibil qutularını uçurub, ağacları və maşınları aşırıb. Daha əvvəl yayılan məlumatda 18 nəfərin xəstəxanaya yerləşdirildiyi deyilirdi.
2020-ci ilin oktyabrından bəri Tacikistandan ən azı 1500 miqrant cənub sərhədindən ABŞ-a daxil olub.
Bu barədə New York Post məlumat yayıb.
Nəşrin əldə etdiyi sənədlərə görə, onlardan ən azı 500-ü 2024-cü ildə saxlanılıb. Bundan başqa, 2020-ci ildən əvvəlki 14 il ərzində Tacikistandan yalnız 26 nəfər ABŞ-ın cənub sərhədini keçib.
Amerikanın keçmiş antiterror rəsmisi Caved Əlinin “New York Post”a dediyinə görə, ABŞ-a gələn Tacikistan vətəndaşlarının sayının artması “İslam Dövləti” terror qruplaşmasının ABŞ-da terror aktları təşkil etməyi planlaşdırdığını göstərə bilər.
İyunun 19-da Fox News telekanalı təhlükəsizlik ekspertlərinin təhlilinə istinadən ABŞ-da, ilk növbədə Vaşinqton və Nyu-Yorkda terror aktı təhlükəsi barədə məlumat yayıb.(Musavat.com)
Ukrayna üzrə danışıqlar hətta sabah da baş tuta bilər, lakin Rusiya mövcud vəziyyətdən çıxış edəcək.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Hanoyda jurnalistlərə açıqlamasında deyib.
“Bizim tərəfimizdən bu təkliflər masadadır, buyurun. Artıq bu danışıqlarda maraqlı olan bütün subyektlərin öz masasında olanı götürüb bu danışıqlara nə vaxt başlayacağı bizdən asılı deyil. Onların bununla nə zaman məşğul olacağı onların işidir. Yenə deyirəm, hər şey real həyatda baş verənlərdən asılı olacaq”, - Putin bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya İstanbul və Minsk bazası əsasında Ukrayna tərəfi ilə dialoqu davam etdirməyə hazırdır.
“Bir daha təkrar etmək istəyirəm ki, İstanbulda və Minskdə demək olar ki, ay yarım davam edən çətin danışıqlar zamanı əldə edilmiş razılaşmalara əsasən, biz Ukrayna tərəfi ilə dialoqumuzu davam etdirməyə hazırıq", - deyə, Putin bildirib.
O əlavə edib ki, İstanbulda Ukrayna ilə bağlı əldə olunan razılaşmalar, prinsipcə, Ukrayna tərəfi üçün məqbul idi.
Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi fonunda baş nazir Paşinyan 2026-cı il dekabrın 30-dək yeni Konstitusiya layihəsini hazırlamağı və onu təsdiq etməyi tapşırıb. Bu qərardan əvvəl 2022-ci ildə yaradılan konstitusiya islahatları şurası konstitusiya dəyişiklikləri layihəsi hazırlayırdı. Konsepsiyanın ilkin variantı bu ilin yanvarında hökumətə göndərilib. İndi Paşinyan yeni Konstitusiya layihəsinin hazırlanmasını tapşırır. Qərarda “Konstitusiyaya dəyişikliklər” əvəzinə “yeni Konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub.
Moderator.az xəbər verir ki, bu haqda Amerikanın “Azadlıq” radiosunun erməni bürosu(“Azatutyun”) məlumat yayıb.
“Bu nə deməkdir, ilkin versiyadan imtina edib tamamilə yeni layihə yazırlar?” Konstitusiya İslahatları Şurasının üzvü Artur Sakunts deyir ki, mayın 24-də qəbul edilən və hökumətin rəsmi saytında yerləşdirilən bu qərardan bu gün xəbər tutub.
Qərarın qəbulundan təxminən bir aya yaxın vaxt keçib, lakin Sakuntsın sözlərinə görə, bu məsələ hələ şurada müzakirə olunmayıb. Hökumət nümayəndələri bu müddət ərzində baş nazirin qərarı barədə ictimaiyyətə açıqlama verməyiblər.
Ermənistanın ana qanununun dəyişdirilməsi ilə bağlı birbaşa tələb bu gün də Bakıdan səslənir, Azərbaycanda bunu sülh müqaviləsinin bağlanmasının əsas şərti hesab edirlər. Bakı Ermənistan konstitusiyasında qeyd olunan Müstəqillik Bəyannaməsində ərazi iddiası görür, burada Ermənistan və keçmiş Dağlıq Qarabağın birləşməsi qeyd olunur.
Hakimiyyət nümayəndələri Azərbaycanın bu tələbinə cavab verərək bildirirlər ki, bu məsələ Ermənistanın daxili işidir. Xarici İşlər Nazirliyi də bu yaxınlarda bunu vurğuladı. Bununla belə, ilin əvvəlində baş nazir Paşinyan Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın buraxılmasının təhlükələrindən danışıb. İctimai radioda o, təhlükəni "öküz və qırmızı paltar"la müqayisə edərək təsvir edib.
Konstitusiya İslahatları Şurasının hakim üzvü Vladimir Vardanyan “Azatutyun”a aydınlıq gətirməkdən imtina edib ki, onlar indiyədək hazırlanmış versiyadan imtina edirlərmi, Konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinad çıxarılıbmı?
Şurada qeyri-hökumət təşkilatının nümayəndəsi olan Artur Sakunts 2015-ci ildən yeni Konstitusiyanın tərəfdarı olsa da, Müstəqillik Bəyannaməsinin çıxarılmasının əleyhinədir.
“Bəyannamə dövlətin müstəqilliyinin bəyannaməsidir, bəyannamənin Konstitusiyaya istinad edilməməsi absurd bir şeydir.
“Konstitusiya İslahatları Şurasında sonuncu substantiv müzakirə fevralın sonunda baş nazir Paşinyanla görüşdə baş tutub”,- şuranın üzvü Daniel İoannisyan belə deyir. Onun sözlərinə görə, o dövrdə də İstiqlal Bəyannaməsi ilə bağlı dəqiq qərar yox idi. Şurada müxtəlif yanaşmalar var.
“Bütün bunlar ictimaiyyətlə, Ermənistan vətəndaşları ilə müzakirə olunmalıdır, Azərbaycanın hakimiyyət orqanları nə ictimaiyyət, nə də Ermənistan vətəndaşlarıdır, yəni bu məsələlər onlarla müzakirə oluna bilməz”, - deyə o bildirib.
Daniel İoannisyanın Müstəqillik Bəyannaməsinin qalıb-qalmaması ilə bağlı yekun mövqeyi yoxdur. Və onun sözlərinə görə, ictimai müzakirədən sonra həmin məsələyə yalnız şura səs verə bilər.
"Hizbullah" İsrailə hava limanlarından Livana qarşı mümkün hücumlara şərait yaradacağı təqdirdə Cənubi Kipr Rum Administrasiyasına qarşı müharibə qaydalarına uyğun hərəkət ediləcək.
Bunu "Hizbullah" lideri Həsən Nəsrullah videokonfrans vasitəsilə bəyan edib.
"Kipr Rum Administrasiyasını müharibənin bir hissəsi kimi qəbul edəcəyik və buna uyğun münasibət göstərəcəyik", - Nəsrullah deyib.
Bu il Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 900-ü keçib.
AFP xəbər verir ki, bazar ertəsi Məkkədə temperatur 51,8 dərəcəyədək yüksəlib.
Bu il Həcc mərasimində 1,8 milyon insan iştirak edib, onların əksəriyyəti yaşlı və səhhətlərində problem olan insanlardır.
AFP müxtəlif ölkələr tərəfindən açıqlanan rəqəmlərə istinadən xəbər verir ki, ölənlərin ümumi sayını 922-yə çatıb.
Media qurumu ərəb diplomatına istinadən xəbər verir ki, təkcə misirlilər arasında ölümlər bir gün əvvəl 300-dən çox olub.
Diplomat daha sonra əlavə edib ki, Səudiyyə Ərəbistanındakı Misir rəsmiləri 1400 itkin düşmüş zəvvarlarla bağlı, o cümlədən 600 zəvvarın ölümü barədə xəbər alıblar.
İsrail parlamentinin iclası zamanı qonaqlar bölməsində bir qrup tərəfindən hökumət əleyhinə etiraz aksiyası təşkil edilib.
Etirazçı qrup hökumət əleyhinə bannerlər açıb pəncərələri döyərək parlamentin iclasını pozub.
Təhlükəsizlik qüvvələri prosesə müdaxilə edərək nümayişçiləri zaldan çıxarıblar.