“Lukoil”a məxsus neftayırma zavoduna dron hücumu olub

Rusiyanın Krasnodar diyarındakı neftayırma zavoduna dron hücumu yanğınla nəticələnib.

Bu barədə “Baza” məlumat yayıb.

“Şahidlər Krasnodar diyarında Afipski neftayırma zavoduna dron hücumu barədə məlumat verirlər”, – teleqram kanal diqqətə çatdırıb.

Bildirilib ki, hücum yerli vaxtla səhər 02:30 (Bakı vaxtı ilə 03:30) radələrində başlanıb: “İlkin məlumatlara görə, dronlar sıradan çıxarılıb və vurulub, lakin PUA-lardan birinin parçaları çənə düşüb, bundan sonra yanğın başlayıb”.

“Baza” nəşri neftayırma zavodunun “Lukoil” şirkətinə məxsus olduğunu da müəyyənləşdirib. Rəsmilər hələlik hadisəni şərh etməyiblər.

Digər hücum isə regionun Kubandakı Slavyansk şəhərinə edilib.

“Dron fərdi evə düşərək onu tamamilə dağıdıb. Təəssüf ki, rayonun qadın sakini həlak olub”, – diyarın qubernatoru Veniamin Kondratyev öz teleqram kanalında yazıb.

Xatırladaq ki, mayın 19-da Slavyansk neftayırma zavoduna (“Slavyansk EKO” MMC) dron hücumundan sonra müəssisə fəaliyyətini dayandırmışdı.

Daha əvvəl “Politico” nəşri Ukrayna dronlarının Rusiyanın dərinliklərinə endirdiyi zərbələr nəticəsində “dünyanın ən böyük neft ölkəsinin benzinsiz qaldığı” barədə yazmışdı.

Türkiyədə 50 dərəcə isti qeydə alındı

Türkiyənin Qaziantep, Şanlıurfa və Kilis şəhərlərində müşahidə olunan isti hava gündəlik həyata mənfi təsir edir.

Publika.az xəbər verir ki, Qaziantepdə 39 dərəcə, Kilisdə isə 40 dərəcə isti olub.

Ən yüksək temperatur Şanlıurfada qeydə alınıb. Belə ki, burada termometr 50 dərəcəni göstərib.

Küçələrin boş qaldığı şəhərdə vətəndaşlar bir az sərinləmək üçün parklarda və meşəlik ərazilərdə vaxt keçirməyə çalışıblar. Uşaqlar isə sərinləmək üçün dekorativ hovuzlara üz tutublar.

Mütəxəssislər yaşlılara, hamilələrə və xroniki xəstəlikləri olanlara “çölə çıxmayın” xəbərdarlığı edib. Hər kəsə bol su içmək tövsiyə edilib.

Rusiyadan 30 mindən çox əcnəbi deportasiya edilib - RƏSMİ

2024-cü ilin əvvəlindən Rusiyadan 30 mindən çox əcnəbi vətəndaş deportasiya edilib ki, bu da bir il əvvəlkindən iki dəfə çoxdur.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib:
“Ümumilikdə ilin əvvəlindən 30 mindən çox əcnəbi vətəndaş ölkədən deportasiya edilib ki, bu da bir il əvvəllə müqayisədə təxminən iki dəfə çoxdur", deyə İrina Volk Telegram kanalında yazıb.

O, qeyri-qanuni miqrantlara qarşı xüsusi əməliyyatın təfərrüatlarını da qeyd edib. Daxili İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, “Qeyri-qanuni 2024” çərçivəsində bir həftə ərzində miqrasiya sahəsində 50 mindən çox qanun pozuntusunun qarşısı alınıb, doqquz minə yaxın insan deportasiya edilib.

Bundan başqa, əcnəbiləri qeyri-qanuni işə götürdükləri üçün altı minə yaxın işəgötürən barəsində inzibati icraat başlanıb. Həmçinin, iki minə yaxın cinayət işi açılıb.

ABŞ nüvə enerjisində Çindən 15 il GERİ QALIR

Vaşinqtonda yerləşən İnformasiya Texnologiyaları və İnnovasiyalar Fondunun hesabatında Çinin nüvə enerjisi sahəsində ABŞ-ni geridə qoyduğu bildirilib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən dərc olunan hesabatda Çinin nüvə enerjisi sahəsində dünyanın aparıcı ölkələri sırasında olduğu bildirilib.

Qeyd edilib ki, Çin 2035-ci ilə qədər 150 yeni nüvə reaktorunu tamamlamağı planlaşdırır, 27 reaktorun tikintisi isə davam edir. Bu reaktorların orta tikinti müddəti təxminən yeddi ildir. Rəqabət edən ölkələrlə müqayisədə bu dəfə daha sürətlidir.

Hesabatda Pekinin dövlət tərəfindən dəstəklənən texnologiya yanaşmasının və geniş maliyyələşdirməsinin üstünlük verdiyi və ABŞ-nin yüksək texnologiyalı nüvə enerjisini inkişaf etdirməkdə Çindən təxminən 15 il geri qaldığı vurğulanıb.

Çin keçən il dünyanın ilk 4-cü nəsil nüvə reaktorunu istifadəyə verib.

Çinin 2030-cu ilə qədər nüvə enerjisindən elektrik enerjisi istehsalına görə ABŞ-ni keçəcəyi təxmin edilir.

Ümumilikdə ABŞ-də 94, Çində isə 56 nüvə reaktoru var. Bununla belə, hesabata görə, Çin son 10 ildə nüvə potensialını üç dəfə artıraraq, ABŞ-nin 40 ildə əldə etdiyi nüvə gücünə 10 ildə nail olub.

putin-ucun-bayram-kimi-qarsilanma

Şimali Koreyada səfərdə olan Rusiya Prezidenti Vladimir Putinin bu ölkənin lideri Kim Çen In ilə görüşü başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüşdən əvvəl paytaxtın Kim İr Sen meydanında Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri iyunun 18-dən başlayıb. Bu, Rusiya dövlət başçısının 2000-ci ilin iyulundan bəri KXDR-ə ilk səfəridir.

Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirib

Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Frans Press” (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, ölənlərin 323-ü misirli, 60-ı iordaniyalıdır.

Bu il isə 23 Türkiyə vətəndaşı müqəddəs torpaqlarda həcc ziyarətini yerinə yetirərkən dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycandan bu il Həcc ziyarəti üçün nəzərdə tutulan qiymətdə 669 manat artım olub. Belə ki, keçən il üçün ziyarət qiyməti 9 106 manat təyin edilmişdi. Bu il isə qiymət 9 775 manat təşkil edir.

Ağ Evdən Baydenin qəribə videoları ilə bağlı AÇIQLAMA

ABŞ Prezidenti Co Baydenin G7 sammitində qəribə hərəkətləri növbəti dəfə onun yaşının irəliləməsi və psixi sağlamlığı ilə bağlı suallara səbəb olub.

Xarici KİV xəbər verir ki, məsələ ilə bağlı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer açıqlama verib. O, Baydenin sosial mediada "çaşqın" göründüyü və müzakirələrə səbəb olan videoları ilə bağlı bu sözləri deyib:

"Bu manipulyasiya edilmiş videolar pis niyyətlə hazırlanır və reallığı əks etdirmir".

Sözçü videoları "ucuz saxtakarlıqlar" kimi xarakterizə edib:

"Bu, respublikaçıların burada necə çıxılmaz vəziyyətdə olduqları barədə bilməmiz lazım olan hər şeyi sizə deyir. Prezidentin vəzifədəki fəaliyyəti , onun qanunverici orqanlardakı qələbələri, bütün ölkədə Amerika xalqı üçün nə edə biləcəyi barədə danışmaq əvəzinə, biz bu "deepfake"ləri, manipulyasiya edilmiş videoları görürük".

Karin Jan-Pyer həmçinin Baydenin Ağ Evdə keçirilən tədbirdə musiqi sədaları altında rəqs edən insanların yanında hərəkətsiz dayandığı videoya da aydınlıq gətirib:

“Prezident orada dayanıb musiqi dinləyirdi və rəqs etmirdi. Bağışlayın, rəqs etməməyin sağlamlıq problemi olduğunu bilmirdim. Ətrafındakı insanlara baxsanız, görərsiniz ki, rəqs etməyən insanlar var idi", - deyə o əlavə edib.

Putin Şimali Koreyaya getdi

Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) Prezidenti Kim Çen Inın dəvəti ilə Pxenyana səfər edib.

Putini hava limanında Şimali Koreya lideri Kim Çen In qarşılayıb.

Qeyd edək ki, bu görüş 2019-cu ildən bəri Kim Çen Inın Putinlə üçüncü görüşüdür. Görüş zamanı iki ölkə arasındakı iqtisadı və siyasi əlaqələr, həmçinin birgə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.

Livana hücum üçün döyüş planları təsdiqləndi

İsrail ordusunun yüksək vəzifəli generalları Livana hücum üçün döyüş planlarını təsdiqləyiblər.

Bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu qərar "Hizbullah"ın Livandan İsrailin şimalına təkrar hücumları və daha geniş bir qarşıdurma fonunda verilir.

Ərdoğanla Paşinyan münasibətlərin normallaşdırılmasını müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Danışıq zamanı hər iki lider Türkiyə ilə Ermənistan arasında münasibətlərin ilkin şərt olmadan tam şəkildə normallaşdırmaq üçün siyasi iradənin mövcudluğunu təstiqləyib.

Liderlər normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib.

Ərdoğanla Paşinyan Türkiyə və Ermənistanın yüksək səviyyəli rəsmiləri arasında davam edən dialoqu məmnunluqla qarşıladıqlarını qeyd ediblər. Onlar, həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.

Türkiyə Prezidenti Ermənistanın şimal rayonlarında baş vermiş sel fəlakəti ilə bağlı baş nazir Paşinyana başsağlığı da verib.

Bundan əlavə, danışıq zamanı Paşinyan Prezident Ərdoğanı Qurban bayramı münasibətilə, Ərdoğan Paşinyanı isə qarşıdan gələn Vardavar günü münasibəti ilə təbrik edib.

Xəbər lenti