![]() |
|
Vaşinqtonda yerləşən İnformasiya Texnologiyaları və İnnovasiyalar Fondunun hesabatında Çinin nüvə enerjisi sahəsində ABŞ-ni geridə qoyduğu bildirilib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən dərc olunan hesabatda Çinin nüvə enerjisi sahəsində dünyanın aparıcı ölkələri sırasında olduğu bildirilib.
Qeyd edilib ki, Çin 2035-ci ilə qədər 150 yeni nüvə reaktorunu tamamlamağı planlaşdırır, 27 reaktorun tikintisi isə davam edir. Bu reaktorların orta tikinti müddəti təxminən yeddi ildir. Rəqabət edən ölkələrlə müqayisədə bu dəfə daha sürətlidir.
Hesabatda Pekinin dövlət tərəfindən dəstəklənən texnologiya yanaşmasının və geniş maliyyələşdirməsinin üstünlük verdiyi və ABŞ-nin yüksək texnologiyalı nüvə enerjisini inkişaf etdirməkdə Çindən təxminən 15 il geri qaldığı vurğulanıb.
Çin keçən il dünyanın ilk 4-cü nəsil nüvə reaktorunu istifadəyə verib.
Çinin 2030-cu ilə qədər nüvə enerjisindən elektrik enerjisi istehsalına görə ABŞ-ni keçəcəyi təxmin edilir.
Ümumilikdə ABŞ-də 94, Çində isə 56 nüvə reaktoru var. Bununla belə, hesabata görə, Çin son 10 ildə nüvə potensialını üç dəfə artıraraq, ABŞ-nin 40 ildə əldə etdiyi nüvə gücünə 10 ildə nail olub.
Şimali Koreyada səfərdə olan Rusiya Prezidenti Vladimir Putinin bu ölkənin lideri Kim Çen In ilə görüşü başlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüşdən əvvəl paytaxtın Kim İr Sen meydanında Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri iyunun 18-dən başlayıb. Bu, Rusiya dövlət başçısının 2000-ci ilin iyulundan bəri KXDR-ə ilk səfəridir.
Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Frans Press” (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb.
Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, ölənlərin 323-ü misirli, 60-ı iordaniyalıdır.
Bu il isə 23 Türkiyə vətəndaşı müqəddəs torpaqlarda həcc ziyarətini yerinə yetirərkən dünyasını dəyişib.
Qeyd edək ki, Azərbaycandan bu il Həcc ziyarəti üçün nəzərdə tutulan qiymətdə 669 manat artım olub. Belə ki, keçən il üçün ziyarət qiyməti 9 106 manat təyin edilmişdi. Bu il isə qiymət 9 775 manat təşkil edir.
ABŞ Prezidenti Co Baydenin G7 sammitində qəribə hərəkətləri növbəti dəfə onun yaşının irəliləməsi və psixi sağlamlığı ilə bağlı suallara səbəb olub.
Xarici KİV xəbər verir ki, məsələ ilə bağlı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer açıqlama verib. O, Baydenin sosial mediada "çaşqın" göründüyü və müzakirələrə səbəb olan videoları ilə bağlı bu sözləri deyib:
"Bu manipulyasiya edilmiş videolar pis niyyətlə hazırlanır və reallığı əks etdirmir".
Sözçü videoları "ucuz saxtakarlıqlar" kimi xarakterizə edib:
"Bu, respublikaçıların burada necə çıxılmaz vəziyyətdə olduqları barədə bilməmiz lazım olan hər şeyi sizə deyir. Prezidentin vəzifədəki fəaliyyəti , onun qanunverici orqanlardakı qələbələri, bütün ölkədə Amerika xalqı üçün nə edə biləcəyi barədə danışmaq əvəzinə, biz bu "deepfake"ləri, manipulyasiya edilmiş videoları görürük".
Karin Jan-Pyer həmçinin Baydenin Ağ Evdə keçirilən tədbirdə musiqi sədaları altında rəqs edən insanların yanında hərəkətsiz dayandığı videoya da aydınlıq gətirib:
“Prezident orada dayanıb musiqi dinləyirdi və rəqs etmirdi. Bağışlayın, rəqs etməməyin sağlamlıq problemi olduğunu bilmirdim. Ətrafındakı insanlara baxsanız, görərsiniz ki, rəqs etməyən insanlar var idi", - deyə o əlavə edib.
Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) Prezidenti Kim Çen Inın dəvəti ilə Pxenyana səfər edib.
Putini hava limanında Şimali Koreya lideri Kim Çen In qarşılayıb.
Qeyd edək ki, bu görüş 2019-cu ildən bəri Kim Çen Inın Putinlə üçüncü görüşüdür. Görüş zamanı iki ölkə arasındakı iqtisadı və siyasi əlaqələr, həmçinin birgə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.
İsrail ordusunun yüksək vəzifəli generalları Livana hücum üçün döyüş planlarını təsdiqləyiblər.
Bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, bu qərar "Hizbullah"ın Livandan İsrailin şimalına təkrar hücumları və daha geniş bir qarşıdurma fonunda verilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Danışıq zamanı hər iki lider Türkiyə ilə Ermənistan arasında münasibətlərin ilkin şərt olmadan tam şəkildə normallaşdırmaq üçün siyasi iradənin mövcudluğunu təstiqləyib.
Liderlər normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib.
Ərdoğanla Paşinyan Türkiyə və Ermənistanın yüksək səviyyəli rəsmiləri arasında davam edən dialoqu məmnunluqla qarşıladıqlarını qeyd ediblər. Onlar, həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.
Türkiyə Prezidenti Ermənistanın şimal rayonlarında baş vermiş sel fəlakəti ilə bağlı baş nazir Paşinyana başsağlığı da verib.
Bundan əlavə, danışıq zamanı Paşinyan Prezident Ərdoğanı Qurban bayramı münasibətilə, Ərdoğan Paşinyanı isə qarşıdan gələn Vardavar günü münasibəti ilə təbrik edib.
Türkiyənin xüsusi xidmət orqanları rusiyalı həmkarlarına xəbərdarlıq edib və Moskvada "Crocus City Hall" ticarət mərkəzinə hücumdan sonra ikinci terror aktının qarşısını almağa kömək edib.
Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
"Konsert zalına ilk hücumdan sonra terror qruplaşması ikinci terror aktını planlaşdırmışdı. İzdihamlı ticarət mərkəzinə hücum edəcəkdilər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə quraraq ikinci böyük terror aktının qarşısını aldı", - qəzetin köşə yazarı Hande Fırat yazıb.
Nəşrin məlumatına görə, terror aktı İŞİD terror təşkilatı ilə əlaqəli olan "Vilayət Xorasan" qruplaşmasının yaraqlıları tərəfindən hazırlanıb.
Qeyd edilir ki, Türkiyə xüsusi xidmət orqanları yanvarın sonunda İstanbuldakı Müqəddəs Məryəm katolik kilsəsinə hücumda iştirak edən "Vilayət Xorasan" təşkilatının yerli özəyinin fəaliyyətini uzun müddət izləyib. Xüsusi xidmət orqanları bir sıra şəxsləri dindirib, sonra Rusiya tərəfi ilə əlaqə saxlayıblar.
Yeni Kaledoniyanın hakimiyyət orqanları komendant saatını qısaldıb.
“Report” bu barədə “AP” agentliyinə istinadən xəbər verir.
Bununla yanaşı, paytaxt Numeyanı Avstraliya, Yaponiya, Sinqapur və digər ölkələrlə birləşdirən La Tontouta Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.
Ötən həftə Fransa prezidenti Emmanuel Makron may ayında iğtişaşlara səbəb olan seçki islahatlarının dayandırıldığını elan edib.
Xatırladaq ki, Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə - 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.
Kollektiv Qərb bir sıra Afrika ölkələrində mövqeyini itirir, digər ölkələr isə bu regiondakı mövqelərini möhkəmləndirirlər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Baş Qərargah rəisi, general-leytenant Mixel van der Laan Vaşinqtonun Avropa Siyasi Təhlil Mərkəzində çıxışı zamanı bildirib.
"ABŞ də daxil olmaqla bir çox Qərb ölkəsi bizi Niger, Mali, Burkina Faso və digər ölkələrdən qovur. Əgər hərəkətsiz qalsaq, bu, gələcəkdə problemlərə səbəb olacaq. Çünki Avropa istiqamətində kütləvi miqrasiyanı görəcəyik. Çin, İran və bir sıra digər ölkələrin varlığının artdığını görürük", - o deyib.
Onun sözlərinə görə, miqrasiya problem deyil, lakin terrorizm və cinayətkarlıq onunla birlikdə gəlir.
"Biz bunun Avropa ərazisinə daxil olmasına imkan verə bilmərik. Buna görə Afrikada səylərimizi artırmaq üçün inteqrasiya olunmuş bir yanaşma düşünürük", - o əlavə edib.