Perinçek: Bu, İranın acınacaqlı vəziyyətini göstərdi

Tehranın İran prezidenti Rəsinin olduğu helikopterin qəzası ilə bağlı verdiyi bəyanatlara tam güvənirəm. Hesab edirəm ki, bu, qəzadır. Amma ABŞ və İsrailin də törətdiyini desələr, mənə təəccüblü gəlməyəcək.

Bunu Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçek deyib.

O əlavə edib ki, İran Amerika imperializminə və İsrailə qarşı mübarizə aparan ölkələrdən biridir: "Bu mənada sui-qəsd edilməsi barədə açıqlama verilsə, heç birimiz təəccüblənməyəcəyik. Amma görürəm ki, bu, qəza olub”, - o bildirib.
Eyni zamanda əlavə edib ki, bu, hadisə İran üçün çox acınacaqlı vəziyyətdə olduğunu göstərdi:
“İran prezidentinin hava şəraitindən asılı olmayaraq özünü müdafiə edə bilməməsi acınacaqlı bir vəziyyətdir ki, bundan dərs çıxarılmalıdır. Biz də bundan dərs almalıyıq. Başqa sözlə, liderləri və cangüdən liderləri qorumaqdan ibrət dərsi almalıyıq”, - o əlavə edib.

Tramp planetə təhlükədir - Bayden

Amerikanın keçmiş lideri Donald Tramp bütün planet üçün təhlükə yaradır.

Bu fikri çərşənbə axşamı Massaçusets ştatının Boston şəhərində seçki kampaniyası tədbirində çıxış edən ABŞ-nin hazırkı prezidenti Co Bayden deyib.

“O, (yəni Tramp) planet üçün təhlükədir. Sadəcə, Tramp insanlara deyib ki, ona bir milyon dollar versələr, nə istəsələr, verəcək”, - Bayden qeyd edib.

O əlavə edib ki, Trampın 2016-cı ildə heç kimin puluna ehtiyacı olmadığını desə də, indi tamamilə fərqli situasiyadadır. "O, indi o qədər çarəsizdir ki, İncilin nüsxələrini və qızıl ayaqqabıları satır”, - Bayden bildirib.

Qeyd edək ki, cari ilin martın sonunda Qriqorian təqviminə görə ABŞ-də qeyd olunan Pasxa bayramında Tramp İncilin nüsxələrini 60 dollara satmağa başladı. Fevralın ortalarında eks-prezident qızıldan olan idman ayaqqabısını 399 dollara satıb.

Zəngəzurda merin avtomobilini yandırdılar

Ermənistanın Zəngəzur əyalətinin Qafan şəhər merinin avtomobilinin yandırılmasına cəhd edilib.

Şəxsiyyətləri müəyyənləşdirilməyən insanlar tərəfindən Qafan şəhərində Mədəniyyət Evi və Kəpan Şəhər İcra Hakimiyyətinin yaxınlığında dayanan avtomobili yandırıblar.

Yanğın hadisəsi ilə bağlı yanğınsöndürənlıərə məlumat verilib.

Yanğınsöndürmə briqadası gələnə kimi vətəndaşlar dayanacaqda yanan 055 QQ 55 dövlət nömrə nişanlı “Lexus Lx 570” markalı avtomobili söndürüblər.

Bəlli olub ki, avtomobil Qafan şəhər meri Gevorq Parsyana məxsusdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobili qəsdən yandırmağa cəhd edildiyindən şübhələnirlər.

İran prezidentinin həlak olduğu helikopter qəzası ilə bağlı YENİ TƏFƏRRÜAT

Uçuş zamanı hava şəraiti əlverişli idi, bulud örtüyü məhdud ərazidə idi.

Bunu Prezident İbrahim Rəisini müşayiət edən helikopterdə olan İran Prezident Aparatının rəhbəri Qulamhüseyn İsmaili prezident helikopterinin qəzaya uğramasının yeni təfərrüatları barədə IRIB agentliyinə danışarkən açıqlayıb.

“Günorta saat bir radələrində heç bir xüsusi hava hadisəsi olmadığı yaxşı və aydın havada Təbrizə uçuş başladı. 45 dəqiqəlik hərəkətdən sonra mədən yaxınlığındakı dərədə bulud ləkəsi müşahidə olunurdu. Prezidenti daşıyan helikopterin pilotu səhra komandiri kimi digər pilotlara bildirir ki, buludlardan yuxarı çatmaq üçün yüksəkliyə qalxsınlar. Ortadakı helikopter Prezidenti daşıyırdı. Pilotumuz 30 saniyə buludların üzərində yolu davam etdirdikdən sonra ortadakı helikopterin olmadığını anladı”, – İsmaili deyib.

Onun sözlərinə görə, “ortadakı helikopter yuxarı qalxmadığı üçün helikopterimizin pilotu dönərək geri qayıtdı”:

“Ondan qayıtmağının səbəbini soruşdum. Ortadakı helikopterin gəlmədiyini dedi. Qayıdaraq onları tapmaq qərarına gəldik. Bulud olan bu hissədə aşağını görə bilmirdik, buludun altına qayıtmaq mümkün deyildi. Nə qədər radio rabitəsi qurmağa çalışsaq da, mümkün olmadı. Bir-iki dəqiqədən sonra Süngün mis mədəninə endik və məsələni izləməyə başladıq”.

O, İranın mərhum xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana və mühafizə komandirinə “dəfələrlə zəng etdiyini, lakin heç birinin cavab vermədiyini” söyləyib:

“Uçuş heyəti bildirdi ki, kapitan Mustəfəvi ilə telefon əlaqəsi saxladıq, cənab Ali-Haşim cavab verdi və dedi ki, vəziyyətim yaxşı deyil və dərəyə düşmüşük. Xüsusi bir şey demədi. Sonra mən həmin telefona zəng etdim və cənab Ali-Haşim cavab verdi. Soruşdum ki, necəsən? Dedi ki, vəziyyətim yaxşı deyil. Onun ağrısı var idi. Nə baş verdiyini soruşdum. Dedi ki, nə baş verdiyini bilmirəm. Ağacların arasına düşdüyünü bildirdi. Digər yoldaşları haqda soruşdum. Dedi ki, onların heç birini görmürəm və ətrafımda heç kim yoxdur. Sonra meşənin xüsusiyyəti haqda məlumat verdi”.

Prezident Aparatının rəhbəri qeyd edib ki, “xilasedicilər dərhal qəzanın olduğunu təxmin etdiyimiz əraziyə yollandılar”:

“Sonradan qəza yerini tapdıqda cəsədlərin vəziyyəti Ayətullah Rəisi və digər yoldaşlarının dərhal dünyasını dəyişdiyini göstərirdi. Lakin Ali-Haşim bir neçə saat sonra şəhid olmuşdu”.

Rusiyada nüvə silahı təlimləri başladı

Rusiyada qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsinin praktik sınaqları ilə müşayiət olunan təlimlərin birinci mərhələsi başlayıb.

"Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlər çərçivəsində Cənub Hərbi Dairəsinin raket birləşmələri "İsgəndər" operativ-taktiki raket kompleksinin buraxılışı üçün hazırlıqları məşq edir.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ölkənin Aerokosmik Qüvvələrinin aviasiya bölmələrinin şəxsi heyəti də aviasiya silahları, o cümlədən hipersəs raketlərlə təlimlərdə iştirak edir.

Ukrayna bir neçə yerə bölünməlidir - Kreniq

Qərb Ukraynanın müvəqqəti olaraq bir neçə dövlətə bölünməsi imkanlarını nəzərdən keçirməli, onlardan biri NATO-ya qəbul edilməlidir.

"Bu fikri Atlantika Şurası yanında Strategiya və Təhlükəsizlik üzrə Amerika “Skoukroft” Mərkəzinin vitse-prezidenti Metyu Kreniq deyib.

Ekspertin fikrincə, Qərb çətin ki, Ukraynanı Rusiya ordusunu məğlub etmək üçün kifayət qədər silahla təmin edə bilsin:

"Əgər bunu etməsək, alternativlər haqqında düşünməli olacağıq. Alternativlərdən biri Ukraynanın qərb hissəsinin NATO-ya qoşulması üçün ayırmaq, sonra isə Ukraynanın qalan hissəsini geri qaytarmaq üçün çalışmaq olardı. Əslində bu, Şərqi və Qərbi Almaniya modeli ola bilər”, - deyə o bildirib.(Axar.az)

“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİVPaşinyana səs verənlərin yarısı çıxsa, Paşinyan istefa verəcək.

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu “24News”-a müsahibəsində Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının deputatı Qaqik Melkonyan söyləyib.

“Ermənistanda hakimiyyət dəyişikliyi ola bilməz. Buna əminəm. Çünki görürəm ki, orda toplananlar əvvəlkilər, inciklərdir, onlar bir yerə toplaşırlar və hər dəfə bir incik gəlib hərəkata qoşulur. İlk gün on minlərlə vətəndaşı gördüm, ondan sonra o on minlərlə vətəndaşı da görmədim. Görək, ayın 26-da 200 min adam toplanacaqmı? 300 min insan hakimiyyət dəyişikliyi üçün küçələrə çıxmalıdır, Paşinyana səs verənlərin yarısı çıxsa, Paşinyan istefa verəcək”, - deyə Melkonyan diqqətə çatdırıb.

“Mən Paşinyanın istefası üçün heç bir obyektiv əsas görmürəm. Əminəm ki, Paşinyan nəsə səhv etdiyini hiss etsə, istefa verəcək. Hökuməti dəyişmək istəyirlərsə, hər gün 200 min insan meydana toplaşsın. İndiyə qədər xalqın arxasınca düşəcəyi namizədi deyə bilmirlər”, - deyə erməni deputat vurğulayıb.
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok

"Bu əgər təbii olaraq baş vermiş bir qəzadırsa, pilot xətasıdırsa, İran Prezidenti, dini liderdən sonra gələn 2 nömrəli şəxsin xarici işlər nazirini də yanında apararaq 1979-cu ilin helikopterinə mindirilməsi, içərisində qara qutunun olub-olmaması bəlli olmayan, uça bilməyəcək vəziyyətdə olduğunu anladığımız əlverişsiz və dumanlı hava şəraitində bu helikopetrin havalana biləcəyini kim deyib?"

Bunu türkiyəli siyasət elmləri doktoru Furkan Kaya deyib. O, İran Prezidenti İbrahim Rəisi və bərabərindəki nümayəndə heyətinin 90% ehtimalla sui-qəsdə qurban getdiyini söyləyib:

"Əslində, Rəisini ölümə aparan şərtlər daha əvvəldən hazılanmış kimi görünür. Bu bir sui-qəsddirmi? Bəli, mən 90% belə deyərdim. Srağagün çox vacib bir gün idi. Rəisi Azərbaycan Prezidenti ilə bir araya gəlmiş, açılışda iştirak etmişdi. Açılışda dünyaya çox önəmli mesajlar verildi. Rəisi dedi ki, bu görüşün kimləri narahat etdiyini bilirik, amma onlar narahat etməyə davam edəcəklər. Bu, əslində, Rəisinin uzun zamandan bəri qara qüvvələr tərəfindən təhdid edildiyini ortaya qoyur. Burada kəşfiyyat fəaliyyəti olduğunu düşünürəm".

Mütəxəssis əlavə edib ki, İ.Rəisi daha əvvəl də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsin deyə təhdid olunub:

"Xatırlayırsınızsa, Rəisinin Ankara səfəri planlaşdırılırdı, Prezident R.T.Ərdoğanla görüşəcəkdi. Həmin səfər ərəfəsində Qasım Süleymaninin məzarında partlayış oldu, insanlar həlak oldu . O zaman da düşünürdüm ki, Rəisiyə kimlərsə "məktub" verdi və dedi ki, Ərdoğanla görüşmə. Amma Rəisi məktubu oxudu, bir kənara atdı və Ankaraya gəldi.

İkinci həmlə isə son baş verənlər idi".

F.Kaya hesab edir ki, İran Prezidenti geopolitik və strateji meydan oxumanın bədəlini canı ilə ödəyib:

"Bir tərəfdən Hindistan İran üzərindən Ermənistana silah yardım etməyə çalışır, bir tərəfdən Fransa kəşfiyyat vasitəsilə Cənubi Qafqaza, Ermənistana girib yenidən müharibə vəziyyəti yaratmağa çalışır, ABŞ da kəşfiyyat yolu ilə Cənubi Qafqaza nüfuz etməyə çalışarkən biz deyirik ki, regionlaşdırma başladaq. Kimlə? Azərbaycan, Türkiyə, İran və hətta Ermənistanla".

Mütəxəssisin sözlərinə görə, bu, bir daxili hesablaşma da ola bilər:

"Bu, qəzaya bənzəyə bilər, amma prezidenti o helikopterə kim mindirib? Bunu edənlər daxildən biriləri də ola bilər. Çünki Xamenei artıq qocalıb, son vaxtlar onun yerinə kimin keçməsi məsələsi müzakirə olunurdu. Bir nömrəli isim Rəisi, 2 nömrəli ad isə Xameneinin oğlu idi. Yəni burada daxili hesablaşma məsələsi də müzakirə olunur".

Ekspert şübhəli tərəf kimi Rusiya və Çinin də adını hallandrıb:

"Rusiyada prezİdent seçkilərindən sonra Putin ilk rəsmi səfərini Pekinə etmişdi. O görüşdə xüsusilə İran siyasəti və İran üzərindəki geopolitik mübarizənin də danışıldığını düşünürəm. Çünki həmin görüşlərdə Rusiya demişdi ki, Ukraynadakı müharibəyə görə, Yaxın Şərqdə buraxdığı boşluqların İran tərəfindən doldurulması onları narahat edir. Çinin 3 il əvvəl İranla bağladığı 100 milyard dollarlıq razılaşmaya da nəzər salaq. İndi İranın müstəqil bir ölkə olaraq Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edərək yeni bir pakt yaradılması onlar üçün normaldır, yoxsa İranın bir formada bu qüvvələrlə əlaqəsinin davam edərək, istədikləri zaman məzhəb kartından istifadə edəərk burayı yenidən qarışdımaq mı?"

Rusiyada niqab taxmaq qadağan olunacaq

Rusiya qadınlara niqab taxmağı qadağan etməyi təklif edib.

Rusiya Federasiyası Prezidentinin müşaviri, Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Prezident Şurasının sədri Valeri Fadeyev ölkədə qadınlara niqab taxmağı qadağan etməyi təklif edib.

"Mən bu məsələni ənənəvi İslam nümayəndələri və Rusiyanın regional hakimiyyət orqanları ilə müzakirə etməyi planlaşdırıram", - o deyib.

Fadeyevin sözlərinə görə, Mərkəzi Asiyanın bəzi ölkələrində niqabların qadağan edilməsinə baxmayaraq, Rusiyada qadınların üzünü tamamilə örtən niqablara icazə verilir.

Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir

İran Prezidenti İbrahim Rəisinin istifadə etdiyi və 19 mayda qəzaya uğrayan helikopter 30 yaşlı “Bell 212”-dir.

Axar.az xəbər verir ki, bu barədə “Stratcom Bureau” məlumat yayıb.

Bildirilib ki, helikopter 1994-cü ildə istehsal olunub, qeydiyyat nömrəsi 6-9207, istehsalçı seriya nömrəsi isə 35071-dir.

Helikopter yalnız vizual uçuş üçün sertifikatlaşdırılıb və 6 sərnişin daşıya bilir.

“Onun ehtiyat hissələri sanksiyalar altındadır və helikopterə texniki xidmət istehsalçı tərəfindən dayandırılıb”, - məlumatda bildirilib.

Vurğulanıb ki, helikopterin elektrik təchizatı güclü deyil:

“Eyni zamanda turboşaftın kollektiv reaksiyası dəyişən relyef səviyyələri ilə uçmaq üçün kifayət qədər sürətli deyil, dağ ərazisi ilə fasiləsiz yüksək hündürlükdə ağır yük uçuşları həyata keçirə bilmir.

Xüsusilə mühərrikin uçuş saatı bu təyyarənin korpusu üçün nəzərdə tutulan on min uçuş saatından xeyli yuxarıdır. Avionikası olmayan köhnə və etibarsız helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Ümumilikdə təyyarədə rəsmi 8 sərnişin olduğu (qeyri-rəsmi mənbələrə görə, 9 sərnişin) bildirilib. Helikopter Uzi və Pir kəndləri arasında, Dizmar meşəsində qəzaya uğrayıb. Dizmar meşəsi dəniz səviyyəsindən 2000-2700 metr yüksəkdə yerləşir. Qəza da Dizmar meşəsinin 2200 metrə qədər olan hissəsində baş verib.

Xatırladaq ki, bundan öncə sözügedən helikopterin 1979-cu il (ABŞ rəsmisi də helikopterin 45 il istismarda olduğunu bildirmişdi – red.) istehsalı olduğu vurğulanırdı.

Xəbər lenti