![]() |
|
Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Ömər neft yatağında yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) hücum edib.
Bu barədə "RİA Novosti" yerli mənbəyə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, hücum nəticəsində bazada üç partlayış səsi eşidilib.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Austin bildirib ki, Birləşmiş Ştatlar öz ordusuna hücumlara dözməyəcək və Yaxın Şərqdə Amerika qüvvələrini və maraqlarını qorumaq üçün bütün tədbirləri görəcək.
Qeyd edək ki, yanvarın 28-nə keçən gecə İranın pilotsuz təyyarəsi Suriya və İordaniya sərhədindəki Amerika hərbi bazasına hücum edib. Qəzzada müharibə başlayandan bəri ilk dəfədir ki, ABŞ Silahlı Qüvvələri düşmənin atəşindən sonra şəxsi heyət itkisinə məruz qalır.
Türkiyə ordusu Suriyanın şimalındakı “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyat bölgələrində PKK/YPK terror təşkilatının 13 üzvünü zərərsizləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, terrorçular əməliyyat bölgələrinə hücum edərkən məhv edilib.
Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iki iddiasını qismən təmin edib.
Axar.az xəbər verir ki, bu gün keçirilən iclasda verilən qərara əsasən, Rusiya Ukraynada terroru maliyyələşdirdiyi iddia olunan şəxslərlə bağlı ətraflı araşdırma aparmayıb.
Təmin olunan digər iddia isə Krımın işğalından sonra Ukrayna dilində tədrisin məhdudlaşdırılmasıdır.
Yanvar ayında Ukrayna azərbaycanlı tərəfdaşlardan daha bir yardım tranşı, o cümlədən bərpa işlərinin aparılması üçün 25 yük enerji avadanlığı alıb.
Bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Azərbaycandan yardımın dördüncü tranşına transformator yarımstansiyaları, güc transformatoru, naqillər, ayırıcılar, bərpa və təmir işlərinin aparılması üçün digər avadanlıqlar daxil olub. Ötən ilin noyabr və cari ilin yanvar ayları ərzində Azərbaycandan alınan avadanlıqlar energetika sənayesinin 24 müəssisəsi, o cümlədən elektrik enerjisi paylama sistemlərinin operatorları, istilik təchizatı, qaz, kömür və nüvə sənayesi müəssisələri arasında bölüşdürülür.
“Biz bu dəstəyə görə tərəfdaşlarımıza təşəkkür edirik. Təqdim olunan avadanlıq hücuma məruz qalan obyektlərin, xüsusən də cəbhəyanı rayonların bərpası üçün Ukraynanın enerji şirkətləri tərəfindən istifadə olunur. Görülən işlər enerji sisteminin stabilliyinə, istehlakçıların elektrik və istilik təchizatına olan tələbatını təmin etməyə imkan verir”, - deyə Ukraynanın energetika naziri German Qaluşenko qeyd edib.
İsrail Qəzzadan çəkilməyəcək və minlərlə fələstinli təhlükəsizlik məhbusunu azad etməyəcək.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Bney David hərbi akademiyasının tələbələri ilə görüşündə deyib.
HAMAS-a qarşı davam edən müharibə haqqında Netanyahu bildirib ki, "bu, növbəti raund, növbəti zərbə mübadiləsi və ya hərbi əməliyyat deyil, əksinə, İsrail bu müharibədə tam qələbədə israrlıdır".
"Bundan az heç nə qəbul edilə bilməz. Mən buna sadiqəm, döyüşçülərimiz buna sadiqdir və xalqın mütləq əksəriyyəti buna sadiqdir. Biz ümumi qələbənin imnimumu ilə kifayətlənməyəcəyik", - Baş nazir Netanyahu vurğulayıb.
Müharibə kontekstində potensial girov müqaviləsi ilə bağlı xəbərlərə toxunan Netanyahu deyib ki, İsrail "bu müharibəni bütün məqsədlərinə çatmadan bitirməyəcək. Bu, HAMAS-ın ləğvi, bütün girovlarımızın geri qaytarılması və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmayacağı vədi deməkdir.
Biz İsrail ordusunu Qəzza zolağından çıxarmayacağıq və minlərlə terrorçunu azad etməyəcəyik. Bunların heç biri baş verməyəcək. Nə olacaq? Mütləq qələbə!", - deyə o əlavə edib.
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə qələbəsi Avropa üçün qəbuledilməzdir. Ona görə də ABŞ-nin qərarından asılı olmayaraq, Avropa dəstəyi davam etdirməlidir.
Bu sözləri Fransa Prezidenti Emmanuel Makron İsveçə səfəri zamanı çıxışında deyib.
O qeyd edib ki, müdafiə istehsalının artırılması ilə bağlı artıq bir sıra qərarlar qəbul edilib.
Pakistanın keçmiş Baş naziri İmran Xan və sabiq XİN rəhbəri Şah Mahmud Qureşi ayrılıqda 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
“RİA Novosti” xəbər verir ki, onlar dövlət sirrinin yayılması işi üzrə mühakimə olunublar.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.
İlon Maskın neyrotexnologiya şirkəti “Neuralink” ilk dəfə olaraq insan beyninə çip yerləşdirib.
Bu barədə Mask özünün “X” hesabında paylaşım edib.
Sahibkar əlavə edib ki, “Neuralink”in ilk məhsulu “Telepatiya” adlanır. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.
“İlk istifadəçilər ətraflarına nəzarəti itirmiş insanlar olacaqlar. Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha tez özünü ifadə edə bilir. Məqsəd budur”, - deyə o sözlərinə əlavə edib.
©oxu.az
“İran İordaniyanın Suriya ilə sərhədi yaxınlığındakı ABŞ bazasına pilotsuz uçan aparat hücumu ilə nəticələnən və 3 ABŞ hərbçisinin ölümünə səbəb olduğunu təkzib edib. İranın proksi qüvvələri son aylar ərzində xeyli aktivləşib. Məsələ burasındadır ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İran özü də siyasi arenada aktiv rol oynamağa başladı. Bu da başa düşüləndir. Çünki İran həm özünü müdafiəyə keçdi, həm də göstərdi ki, Yaxın Şərqdə aktiv siyasi rol oynayır”.
Bunu Ölkə.Az-a açıqlamasında politoloq Rüstəm Tağızadə ABŞ-İran qarşıdurmasının hansı məcrada davam edəcəyi ilə bağlı fikirlərini bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda Ukrayna-Rusiya müharibəsində və Yaxın Şərq cəbhəsində olan ABŞ üçün 3-cü cəbhənin açılması arzuolunan deyil: “ABŞ konqrensmenləri İranla siyasətdə ehtiyatla davranan Co Baydənə təzyiq edirlər. Onların bəziləri İrana birbaşa zərbə vurmaqla bağlı çağırışlar edir. Məsələ burasındadır ki, hazırda Ukrayna-Rusiya müharibəsində və Yaxın Şərq cəbhəsində olan ABŞ üçün 3-cü cəbhənin açılması arzuolunan deyil. Bu ABŞ-nin qüvvələrinin bölünməsinə gətirib çıxaracaqdır. Təbii ki, indiki məqamda ABŞ zəiflik göstərə bilməz”.
Politoloqun fikrincə, ABŞ İranın proksi qüvvələrinə Suriyada və İraqda zərbələr endirə bilər: “Həmçinin Co Baydenə olan təzyiqlər bu hücumları legitim formaya sala bilər. Ancaq İran məsələsi Yaxın Şərq məsələsindən də qəliz olan sonu görünməz olan bir bataqlığa bənzəyir. ABŞ-nin indiki məqamda birbaşa İrana zərbə endirməsi real deyil. Çünki İran birinci növbədə Əfqanıstan və İraq kimi dövlət deyil. Bundan başqa İrana hücum ABŞ üçün xoş olmayan ssenarilər meydana gətirər”.
O hesab edir ki, ABŞ üçün optimal variant İran rejiminin daxildən dəyişməsidir: “Bu isə hələlik baş vermir. İran macərası isə ABŞ üçün mücərrəd olmasa da, çətin hesablanan bir oyundur. Ona görə də ABŞ İranın proksi qüvvələrinə ağır zərbələr endirib onları yerində oturtmalıdır. Görünən odur ki, seçkiqabağı prosesdə Baydenin vəziyyəti gərgindir. Həm daxildə olan miqrasiya hadisələri, həm də İran məsələsi ABŞ-ni dünya siyasətində yeniliklər etməyə məcbur edir”.