Paris Muxtar Nəqliyyat İdarəsinin (RATP) əməkdaşları fevralın 5-də başlayacaq və Parisdə Yay Olimpiya və Paralimpiya Oyunları dövrünü əhatə edəcək yeddi aylıq tətil barədə xəbərdarlıq edib. Bu barədə BFMTV kanalı ölkənin ən böyük həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyasının (CGT) bəyanatına istinadən xəbər verir.

Tətil fevralın 5-dən sentyabrın 9-dək davam etməlidir. Nəqliyyat departamentinin rəhbəri Jean Castexı göndərilən məktuba görə, “bütün RATP personalı” aksiyada iştirak edəcək. Müvafiq qərar “2024-cü il üçün qeyri-adekvat əməkhaqqı tədbirləri ilə bağlı 29 yanvar bazar ertəsi danışıqlardakı fikir ayrılıqları” ilə əlaqədar qəbul edilib. CGT bir sıra tələblər irəli sürür, o cümlədən “tarif həddinin ləğvi, əlavə və səyahət xərcləri üçün saatlıq ödənişin yenidən qiymətləndirilməsi və genişləndirilməsi, 32 saatlıq iş həftəsi əsasında qısaldılmış iş saatlarının müzakirəsi” və kadr qaydalarında aşağı gəlirli insanlar üçün "məşğulluq mükafatı"nın təsbit edilməsi.

Qeyd edək ki, Paris Olimpiadası 2024-cü il iyulun 26-dan avqustun 16-dək keçiriləcək. Bundan əvvəl Parisin meri Ann Hidalqo Paris nəqliyyat sisteminin Olimpiya Oyunlarına hazır olmadığını, şəhərə oyunlar müddətində 20 milyona qədər turistin gələcəyini gözlədiyini açıqlamışdı. Olimpiya və Paralimpiya Oyunları zamanı paytaxt nəqliyyatında gediş haqqı iki dəfə artacaq. Xüsusilə bir metro gedişinin dəyəri 2,1 avrodan 4 avroya yüksələcək.(Musavat.com)

ABŞ Konqresi Ukraynaya yeni yardım paketlərinin razılaşdırılmasını gecikdirməkdə davam edərsə, bu, NATO ölkələri alyansının dağıla biləcəyi və genişmiqyaslı müharibə vəziyyətində Amerikanın dəstəyindən məhrum qalacağına dair siqnal olacaq.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində deyib.

Zelenskinin proqnozlarına görə, proses belə davam edərsə, Avropa və ABŞ arasında münasibətlərdə parçalanma olacaq.

“Əgər bu baş verərsə və ABŞ Ukraynaya dəstək proseslərini gecikdirərsə, bu, vahid Avropaya öz təsirini göstərəcək. Burada isə növbəti problemlər ortaya çıxacaq. Birincisi, Ukraynada silah və maliyyə çatışmazlığı ilə üzləşəcək. İkincisi, ABŞ və Avropa arasında müttəfiqlik itəcək”, - Zelenski qeyd edib.

Hərbi əməliyyatlar haqqında danışan Zelenski deyib ki, müharibənin 700-cü günündə insanlarda yorğunluq var: "Bu, əsgərlərdən tutmuş könüllü və ya kömək edən adi insanlara qədər hamıya aiddir”.

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin işə ilə bağlı məhkəmənin hökmü tezliklə elan olunacaq.

Bu barədə İran XİN-in sözçüsü Nasir Kənani bugünkü mətbuat konfransında deyib.

O bildirib ki, hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq.

Nasir Kənani xatırladıb ki, ötən şənbə günü Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi keçirilib.

“Azərbaycanın İrandakı səfirliyində həyatını itirən əməkdaşın ailəsinə bir daha başsağlığı verirəm. İranın məhkəmə orqanları ittihamlara qanun çərçivəsində baxacaqlarına əmin ediblər. İki ölkənin ədliyyə orqanlarının əməkdaşlığı ilə istintaq prosesi yekunlaşıb. Hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq. Bu hadisə iki ölkənin münasibətləri üçün acı olsa da, hakimiyyət bunun əlaqələrə təsirini minimuma endirməyə çox çalışıb. İki ölkənin yol xəritəsinə uyğun olaraq, son bir ildə biz müxtəlif sahələrdə nümayəndə heyətlərinin mübadiləsinin şahidi olduq. Ümid edirik ki, Azərbaycan səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq”, - XİN sözçüsü vurğulayıb.

©APA

Türkiyədə polis yanvarın 28-də kilsədə baş verən atışmada əli olmaqda şübhəli bilinən 47 nəfəri saxlayıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Erlikaya məlumat verib.

Onun sözlərinə görə, 30 ünvanda əməliyyat keçirilib, saxlanılanlar arasında İŞİD ilə əlaqəsi ola biləcək bir Rusiya və bir Tacikistan vətəndaşı da olub.

Yanvarın 28-də Sarıyer rayonundakı Müqəddəs Məryəm Katolik Kilsəsində iki maskalı silahlının ayin zamanı atəş açması nəticəsində bir nəfər Türkiyə vətəndaşı həlak olub.

ABŞ-nin İordaniyadakı hərbi bazasına PUA hücumu nəticəsində 34 amerikalı hərbçi yaralanıb.

"Reuters" xəbər verir ki, PUA hücumu nəticəsində yaralanan hərbçilərin sayı 34-ə çatıb, 3 əsgər həlak olub.

CNN-nin verdiyi xəbərə görə, ABŞ-nin Yaxın Şərqdəki bazasına hücumdan sonra yaralı hərbçilər təxliyə edilib.

"Sky News Arabia"nın məlumatına görə, hücuma görə məsuliyyəti İraqda yerləşən “Kətaib Hizbullah” hərəkatı öz üzərinə götürüb.

Tehran ABŞ hərbi bazasına hücumda iştirakını inkar edib.

İRNA-nın verdiyi xəbərə görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi məlumat verib.

"İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin endirilməsi ilə İranın heç bir əlaqəsi yoxdur", - o qeyd edib.

Diplomat belə bir bəyanatla Vaşinqton administrasiyasının Tehrana qarşı ittihamları ilə bağlı çıxış edib.

“İrəvan sülh müqaviləsinin imzalanmasının gözləniləndən daha çox vaxt aparacağı təqdirdə, Bakıya hücum etməmək haqqında paktı bağlamağa dəvət edib”.

“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi təqdirdə, hücum etməmək haqqında paktı imzalamağı təklif etmişik”-deyə, o bildirib.

Gürcüstan prezidenti Ermənistan baş naziri Nikol Paşinyanın ölkəyə səfərini alqışlayır, lakin bununla belə o təəssüflə qeyd edib ki, ona hakimiyyət Paşinyanla görüşmək imkanı verməyib.

Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Facebook səhifəsində yazıb.

“Aidiyyatı qurumların ölkədə baş verən yüksək səviyyəli səfərlər, görüşlər və ya tədbirlər barədə prezidentə məlumat verməməsi təəssüf doğurur və diqqətəlayiqdir”, - deyə o yazıb.
Qeyd edək ki, Paşinyan yanvarın 26-da Gürcüstana səfəri zamanı gürcü həmkarı Qaribaşvili ilə danışıqlar aparıb.

Türkiyənin İzmir şəhəri və ətraf vilayətlərdə hiss edilən zəlzələ baş verib.

Bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) məlumat verilib.

Məlumata görə, İzmir Menderesdə 8,51 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 5,1 bal olub. Zəlzələ Manisa və Aydın kimi ətraf vilayətlərdə də hiss olunub.

Həmçinin Mərmərə dənizinin Mudanya sahillərində də üç bal gücündə zəlzələ olub. Zəlzələ 9,51 kilometr dərinlikdə qeydə alınıb.

Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlarda iştirak edən rusiyalı hərbçilərin sayını açıqlayıb.

Axar.az xəbər verir ki, Kreml rəhbəri döyüş zonasında 600 mindən çox hərbçinin olduğunu bildirib.

“Elə məsələlər var ki, onlara əlavə diqqət və həll yolları lazımdır. Nəyisə həmişə tənzimləmək lazımdır. Çünki döyüş zonası böyükdür - demək olar ki, 2000 kilometr. Döyüş zonasında isə 600 mindən çox insan var. Mexanizm böyükdür”, - Putin bildirib.

1994-cü ildə Novo-Oqarevoda Amerika prezidenti Bill Klintonla görüşdə Rusiyanın keçmiş prezidenti Boris Yeltsin bəyan edib ki, NATO-nun genişlənməsi halında Alyansa birinci Rusiya qoşulmalıdır.

Məxfilikdən çıxarılan stenoqrama görə, Yeltsin beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ, Rusiya və Avropa ölkələrinin daxil olduğu kartel yaratmağı təklif edib.

Yeltsinin fikrincə, Rusiyadan sonra Mərkəzi və Şərqi Avropanın digər ölkələri də izləməli idi. Bununla belə, Bill Klintonun bu təklifə cavabı çox təmkinli olub və ölkələrin birliyinin yaradılması və ya Rusiyanın NATO-ya üzvlüyü ideyasını qeyd etməyib.

©Qaynarinfo

Xəbər lenti