![]() |
|
Taker Karlson müsahibə zaman qarşısına qoyduğu məqsədə tam nail oldu.
Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi haqqında mövqeyini açıqlayarkən deyib.
"Hesab edirəm ki, sizin Karlson – “sizin” deyəndə, onun sizin jurnalist emalatxananızın nümayəndəsi olduğunu nəzərdə tuturam – təhlükəli adamdır. Çünki düzünü desəm, düşünürdüm ki, o, özünü aqressiv aparacaq və sərt deyilən sualları verəcək", - o qeyd edib.
Putin əlavə edib ki, o nəinki buna hazır idi, həm də bunu istəyirdi, çünki bu ona həm də kəskin cavab vermək imkanı verəcək: "Amma o, başqa taktika seçdi, bir neçə dəfə sözümü kəsməyə çalışdı. Səbirli oldu və mənim uzun dialoqlarıma, xüsusən də tarixlə bağlı dialoqlarıma qulaq asdı. Mənə hazır olduğum şeyi etmək üçün səbəb vermədi. Ona görə də açığını desəm, bu müsahibədən tam zövq almadım. Amma o, öz planına ciddi əməl etdi və məqsədinə nail oldu".
Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ukraynada daha əvvəl “xüsusi hərbi əməliyyata” başlamamasından təəssüfləndiyini bildirib.
Bunu Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
“Təəssüf edə biləcəyimiz yeganə şey odur ki, biz layiqli insanlarla ünsiyyətdə olduğumuza inanaraq aktiv fəaliyyətimizə əvvəllər başlamamışıq”, - Putin bildirib.
O qeyd edib ki, ilk mərhələdə Rusiya Donbasdakı münaqişəni “dinc vasitələr - Minsk razılaşmaları” ilə həll etməyə çalışıb.
Rusiyanın Samara vilayətinin rəhbərliyi miqrantlara təhsil və nəqliyyat xidmətlərinin göstərilməsi sahəsində işləməyi qadağan edib.
Lent.az-ın yerli mediaya istinadən məlumatına görə, qeyd olunur ki, patenti olan miqrantlar ictimai nəqliyyatda, taksidə və təhsil sahəsində işləyə bilməyəcəklər. Məhdudiyyətlər işə qəbul agentliklərinə də təsir edəcək.
“Qərar dərc edildiyi gündən 10 gün sonra, yəni 2024-cü il fevralın 24-dən qüvvəyə minir”, - mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Regional hökumət əlavə edib ki, vilayət qubernatoru Dmitri Azarov hüquq-mühafizə orqanlarına qətnamənin icrasına ciddi nəzarət etməyi tapşırıb.
Biz itkilərlə nəticələnən hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, gücdən istifadə danışıqlara xələl gətirir: “Davamlı sülhə aparan yeganə yol danışıqlar masasından keçir. Atəşkəs rejiminin pozulması hallarını araşdırmaq və müvafiq tədbirlər görmək lazımdır. Dövlət katibinin (ABŞ dövlət katibi Antoni Blinken - Qeyd) daim vurğuladığı kimi, Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir”.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.
Bununla yanaşı, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.
Donald Tramp yenidən ABŞ-nin prezidenti seçilsə, Ermənistan üçün riskli, Azərbaycanı üçün faydalı ola bilər.
Bunu erməni politoloq Stepan Danielyan erməni mediasına müsahibəsində deyib.
"Trampın dövründə Ermənistan-Azərbaycan müharibəsi baş verdi ki, bu da ABŞ-nin icazəsi olmadan baş verə bilməzdi", - erməni politoloq qeyd edib.
O əlavə edib ki, Trampın dövründə Çinlə münasibətlər gərgin idi, o bu siyasətə rəhbərlik edirdi: "Həm də İranla nüvə proqramından çıxmaq Trampın dövründə idi və o, İsraildən böyük narazılıq yaşayan Obamadan fərqli olaraq, birtərəfli İsraili dəstəkləmək siyasəti yürüdürdü. Yəni Çinə qarşı daha sərt iqtisadi siyasət apara bilər, Ukraynada müharibənin səngiməsi mümkündür. Amma digər tərəfdən Trampın Ərdoğanla yaxşı münasibətləri olub. Qarabağ müharibəsi Trampın dövründə başlayıb və o, dəstəkləyib. İsrail daha çox və Netanyahu ilə daha yaxşı əlaqələrə sahib idi. Mən bunu niyə təkrar edirəm, çünki düşünürəm ki, Trampın seçilməsi Ermənistan üçün riskli ola bilər".
"Mən Paşinyanın dediklərini şərh edə bilmərəm, çünki bu, Ermənistanın cavabı deyil, Paşinyanın cavabıdır. Paşinyanın nə edəcəyini təsəvvür etməkdə çətinlik çəkirəm. Amma mən Putini yox, Paşinyanı həbs edərdim".
Bunu Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan Paşinyanın Putinin İrəvana səfəri edəcəyi təqdirdə həbsi ilə bağlı "The Telegraph"a verdiyi açıqlamanı şərh edərkən deyib.
"Mən Paşinyanı mütləq həbs edərdim. Putin isə beynəlxalq cinayətkardır, əslində, başlayan üçüncü dünya müharibəsinin əsas müəllifidir. O bu günün Hitleridir. Onu həbs etmək hər bir ölkə üçün böyük şərəf olardı. Paşinyan Ermənistanın bunu edəcəyinə şübhə edirəm, mən bu barədə nəsə deyə bilmərəm", - Xzmalyan qeyd edib.
İrəvanın xarici siyasətin diversifikasiyasının əsas elementi kimi baxdığı Fransadır.
Bunu rusiyalı politoloq Sergey Markedonov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Fransanın xarici işlər naziri Stefan Sejurne ilə görüşünü şərh edərkən deyib.
Markedonovun fikrincə, əgər İrəvan yeni regional dünya düzəninin xarici təminatçılarına ümid edirsə, o zaman Bakı xarici iştirakçılar olmadan erməni tərəfi ilə dialoqda öz hərbi-siyasi uğurlarını möhkəmləndirməyə hazırdır. "Ermənistan isə hesab edir ki, Fransa bu vəzifəni yerinə yetirməyə qadirdir. Amma bu o qədər də sadə deyil. Fransa cəmiyyətində və siyasətində Ermənistana olan bütün simpatiyaya baxmayaraq, Paris sadəcə fiziki olaraq Moskvanı əvəz edə bilmir. Burada Paris informasiya baxımından Moskvanı geridə qoymağa və ya heç olmasa özü üçün əlverişli imic yaratmağa çalışır", -politoloq qeyd edib.
Mirzoyanın fransalı həmkarı ilə görüşünün nəticələrini şərh edən Markedonov onu da əlavə edib ki, Sejurne Avropa İttifaqı ilə ABŞ arasında vasitəçiliyi dəstəkləmək haqqında ümumi sözlərdən o yana getmədi: "Çətin ki, gedə bilsin. Fransa Azərbaycan və Türkiyə ilə ciddi qarşıdurmaya hazır deyil. Çətin ki, Parisdə sərhədlərin demarkasiyası problemlərinin dolaşıqlığını açmaq üçün açarlar var. Dəfələrlə gözləntilərlə onları praktikada həyata keçirmək bacarığı arasında uçurumlar yaranır”.
Donald Tramp Cənubi Karolina ştatında seçki kampaniyası zamanı alyans qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən NATO ölkələrini müdafiə etməyəcəyini bəyan etməsi, bütövlükdə kollektiv Qərbdə ciddi ajiotaja səbəbə olub və nəticədə onun çıxışına ABŞ prezidenti Co Bayden, Avropa Şurasının rəhbəri, NATO-nun baş katibi və Aİ rəsmiləri sərt reaksiya verərək onu tənqid ediblər.
Tramp fevralın 10-da çıxışında "NATO ölkələrindən birinin prezidentinin ABŞ-nin Alyans qarşısında öhdəliklərini yerinə yetirmədiyi təqdirdə belə bir ölkəni Rusiyanın hücumundan qoruyacaqmı" deyə sual verərkən baş vermiş hadisəni xatırladıb.
“Xeyr, mən sizi qorumayacağam. Mən hətta onları nə istəyirlərsə, onu etməyə təşviq edəcəm”,- Tramp deyib.
ABŞ prezidenti Co Bayden Donald fevralın 11-də çıxışı zamanı Trampın bu bəyanatını “dəhşətli və təhlükəli” adlandırıb. "Birləşmiş Ştatlar Vladimir Putinin avtoritar təcavüzünə qarşı demokratiyanı müdafiə edərək həmişəkindən daha böyük və güclü NATO ittifaqı qurmaq üçün müttəfiqlərimizlə çiyin-çiyinə dayanıb", - Bayden qeyd edib.
NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, müttəfiqlərin bir-birini müdafiə etməyəcəyinə dair hər hansı təklif ABŞ-nin təhlükəsizliyi də daxil olmaqla, bütün təhlükəsizliyimizi pozur.
“NATO-ya qarşı istənilən hücum vahid və güclü cavabla qarşılanacaq", -Stoltenberq əlavə edib.
Avropa Şurasının prezidenti Şarl Mişel isə bəyan edib ki, NATO-nun təhlükəsizliyi və həmrəyliyi ilə bağlı bəyanatlar yalnız Putinin maraqlarına xidmət edir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir.
“Report” xəbər verir ki, bu barədə Paşinyan Putinin BCM-nin orderi ilə əlaqədar İrəvana gələcəyi təqdirdə onun həbsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən “The Telegraph” qəzetinə müsahibəsində deyib.
“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib, kimin həbs olunmamasına Baş nazir qərar vermir”, – hökumət başçısı vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib. Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.