![]() |
|
Slovakiya Ukraynaya hərbi yardımı dayandıracaq.
"Bu barədə ölkədə yeni qurulan hökumətin Baş naziri Robert Fiko məlumat verib:
"Avropa Birliyi silah tədarükçüsündən vasitəçiyə çevrilməlidir".
Fiko Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxıb və Moskvaya qarşı heç bir sanksiyalara səs verməyəcəyini bildirib.
Paşinyan Rusiya ilə münasibətlərə nöqtəni qoydu və Türkiyə-Azərbaycan xəttinə daxil olacağını bəyan etdi
Paşinyan “The Wall Street Journal”a müsahibəsində deyib:
"Regionun gələcəyi uzun müddətdir bağlı olan sərhədlərin və ticarət yollarının, o cümlədən Azərbaycanla Türkiyənin suverenliyinə hörmət şərti ilə Ermənistan ərazisindən keçən quru əlaqəsinin açılmasındadır"
Ermənistan lideri əlavə edib ki, İrəvan Rusiya ilə tarixi əlaqələr əvəzinə daha qədim olan “Azərbaycan və Türkiyə ilə münasibətləri tarixini” seçir.
O həmçinin qeyd edib ki, Rusiya hərbi bazalarının Ermənistanda olmasının heç bir faydası yoxdur. Bununla belə, Paşinyan bildirib ki, hazırda Rusiya hərbi bazasının Ermənistandan çıxarılması mümkünlüyü müzakirə olunmur.
“İlham Əliyev Qarabağla bağlı Qərbdən nə alınmalı idi onu aldı, indi Zəngəzurla əlaqədar nə almaq istəyirsə, Qərb platformalarında bunu qəbul etmirlər. Ona görə də Qərb platformasında keçirilən görüşlərdə maraqlı deyil”.
Bunu erməni deputat Armen Rüstəmyan deyib.
O bildirib ki, Bakının sülh sazişi ilə bağlı 5 tələbi var və o tələblər əsasında sülh müqaviləsi imzalamağa çalışır.
“Bu tələblər içərisində anklavlar məsələsi var ki, onun vasitəsilə Azərbaycan bizim strateji yollarımıza nəzarəti ələ keçirəcək. Bunun ardınca Ermənistana qarşı təzminat məsələsini qaldıracaq. Bu gün onlar təzminatı 100 milyard dollar civarında qiymətləndirirlər, bu, əlbəttə ki, yekun rəqəm deyil. Bütün bunlarla yanaşı, qaçqınların Ermənistana qayıtması məsələsi də gündəmə gələcək və bu, Ermənistan üçün ciddi demoqrafik problemlər deməkdir. İlham Əliyev Ermənistanın 1988-ci ilə qədər azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinin yenidən geri qaytarılmasını tələb edəcək. Ermənistanda azərbaycanlıların yaşamadığı yer demək olar ki, yoxdur. Nəhayət, Zəngəzur dəhlizi ilə bağlı mövqeyidir”, - deyə Armen Rüstamyan qeyd edib.
Onun fikrincə, Bakı danışıqlar yolu ilə əldə etmədiyini, müharibə yolu ilə əldə etməyə çalışır və bu da göz qabağındadır: “Paşinyanın yürtüdüyü siyasət isə prosesləri müharibəyə doğru aparır”.
İran İslam Respublikası onlar tərəfindən dəstəkləndiyi iddia edilən qrupların Yaxın Şərqdəki ABŞ əsgərlərinə hücumlarının davam edəcəyi təqdirdə ABŞ-nin mümkün cavabına hazır olmalıdır.
Belə bir bəyanatla ABŞ prezidenti Co Bayden Avstraliyanın baş naziri Entoni Albanese ilə Ağ Evdə aparılan danışıqlardan sonra birgə mətbuat konfransı zamanı çıxış edib.
“İran lideri Ayətullah Əli Xameneiyə xəbərdarlığım ondan ibarət idi ki, əgər onlar bu hərbi qüvvələrə qarşı fəaliyyətlərini davam etdirsələr, biz cavab verəcəyik. Və o buna hazır olmalıdır”, - Bayden bildirib.
O qeyd edib ki, Amerika qoşunları Yaxın Şərqdə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq və onun bərpasının qarşısını almaq üçün çalışırlar. Baydenin sözlərinə görə, bunun İsraillə heç bir əlaqəsi yoxdur.
Ermənistanda səfərdə olan Kanadanın XİN rəhbəri Melani Coli Cermuka (İstisu) gedib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Armenpress” yayıb.
Məlumata görə, o, səfəri zamanı Avropa İttifaqının (Aİ) müşahidə missiyasının oradakı ofisində olub.
Onun burada, həmçinin döyüş mövqelərinə baş çəkəcəyi, Qarabağı könüllü tərk edən erməni sakinlərlə görüşəcəyi bildirilir.
“Gürcüstan Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün Ermənistan və Azərbaycanla işləməyə hazırdır”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Tbilisidə “İpək yolu” beynəlxalq forumunun açılışında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
“Hökumətimin dinc qonşuluq təşəbbüsünün köməkliyi ilə qonşularımız və dostlarımız olan Ermənistan və Azərbaycanla Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün işləməyə hazırıq”, - deyə Qaribaşvili qeyd edib.
İsrail ordusu Qəzza zolağının şimalında reyd keçirib.
“İnterfaks” xəbər verir ki, reyd zamanı tanklardan istifadə olunub:
“Gecə İsrail Müdafiə ordusu döyüşlərin növbəti mərhələlərinə hazırlıq çərçivəsində Qəzza zolağının şimalında tanklardan istifadə edərək reyd keçirib. Reyd zamanı hərbçilər çox sayda terrorçu, onların infrastrukturu və raket buraxılış məntəqələri aşkar edərək onlara zərbələr endirib, eyni zamanda döyüş meydanının hazırlanması üzrə əməliyyatlar həyata keçirib”.
Bildirilir ki, reyddən sonra hərbçilər ərazini tərk edib və İsrail ərazisinə geri qayıdıblar.
Amerikanın Lyuiston şəhərində baş verən silahlı basqın nəticəsində onlarla insan yaralanıb.
40 yaşlı Robert Kardın restoran, mağaza və əyləncə mərkəzində insanlara atəş açdığı bildirilib.
Yerli media Kardın psixi sağlamlıq problemləri olan silah təlimatçısı olduğunu və əvvəllər oxşar hərəkətləri törətməklə hədələdiyini bildirib.
Hadisə nəticəsində 22 nəfər öldüyü, 60-nın isə yaralandığı deyilir.
Rəqəmlərin dəyişəcəyi istisna edilmir.
“Ermənistanın qarşısında duran əsas vəzifə regionda uzunmüddətli sülhə nail olmaqdır, Qərbdən hərbi bazalar açmağı, silah-sursatla təmin etməyi tələb etməməkdir”.
“Report”un məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Wall Street Journal"a müsahibəsində deyib.
Paşinyan Ermənistan və Rusiya arasındakı tarixi əlaqələrə dair suala cavab olaraq, ilk növbədə diqqəti Türkiyə və Azərbaycanla tarixən daha uzun qonşuluğa yönəltməyə çağırıb:
“Bütün suallar və cavablar buradadır. Biz ilk növbədə regionda münasibətləri yaxşılaşdırmağa çalışmalıyıq”.
O qeyd edib ki, yaxın aylarda Azərbaycanla sülh sazişinin imzalanmasının mümkünlüyünə nikbin yanaşır.
“BionTech” şirkətinin təsisçiləri, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksinin uğurlu nəticələr verdiyini açıqlayıblar.
“Qafqazinfo” “Hürriyet Daily News” portalına istinadən xəbər verir ki, alimlər bu barədə Madrid şəhərində keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin Konqresində danışıblar.
Məlumata görə, vaksin 4 dozada 44 pasientə vurulub. Nəticələrə əsasən, pasientlərin 59 faizində şişlərin həcminin 30 % kiçilməsi müşahidə edilib. Xəstələrin 95 faizində isə şişlərin böyüməsi dayanıb.
Qeyd edək ki, türkiyəli cütlük sözügedən vaksinin üzərində artıq 15 ildir işləyir. “BioNTech” 2030-cu ilə qədər 10 000-ə yaxın onkoloji xəstənin müalicə edilməsini nəzərdə tutur. Uğur Şahinin daha əvvəlki açıqlamasına görə, şirkətin hazırladığı vaksin bir neçə ildən sonra artıq satışa çıxarıla bilər.