![]() |
|
Bu günlərdə Ermənistanın baş nazirinin oğlu Aşot Paşinyana qarşı daha bir hücum hadisəsi qeydə alınıb.
Bu barədə İrəvanın “Hraparak” qəzeti yazır.
Məlumata görə, metronun “Zoravar Andranik” stansiyasında bir nəfər kiçik Paşinyanın yanına qaçaraq onun üzünə şillə vurub.
Polis xuliqanı saxlayaraq naməlum istiqamətə aparıb.
Bildirilir ki, Aşot Paşinyanın yanında iki qızın olub.
Xatırladaq ki, bir müddət əvvəl A.Paşinyan "adam oğurluğu" hadisəsi ilə gündəmə gəlmişdi.
Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi Kaxovkada SES-in dağıdılması nəticəsində baş verə biləcək fəlakətlərin ilkin qiymətləndirməsini dərc edib.
Nazirliyin məlumatına görə, Xerson vilayətində su elektrik stansiyasında törədilən terror aktı nəticəsində sağ sahildə təxminən 10 min hektar, rayonun sol sahilində işğal altında olan ərazilərində isə bundan bir neçə dəfə çox kənd təsərrüfatı sahələri sular altında qalacaq.
Bundan başqa, Rusiyanın terror aktı ilə əlaqədar Dnepropetrovsk, Xerson və Zaporojye vilayətlərində əkin sahələri üçün 31 suvarma sisteminə su verilişi dayandırılacaq.
Nazirliyin məlumatına görə, 2021-ci ildə bu sistemlər vasitəsi ilə 584 min hektar ərazinin suvarılmasını təmin edib, onlardan 4 milyon tona yaxın taxıl və təxminən 1,5 milyard dollar dəyərində yağlı bitkilər yığılıb.
"Kaxovkada SES-də törədilən terror aktı faktiki olaraq Xersonda suvarma sistemlərinin 94%-ni, Zaporojyedə 74%-ni və Dnepropetrovsk vilayətlərində 30%-ni susuz qoyub. Nəticədə Ukraynanın cənubu səhraya çevrilə bilər”, - Aqrar Siyasət Nazirliyi hesab edir.
Nazirliyin məlumatına görə, Kaxovka su anbarı təkcə fermerlərə və su istifadəçiləri deyil, həm də yaşayış məntəqələrinin içməli su təchizatına, o cümlədən balıq sənayesinə də cidd mənfi təsir göstərəcək. Bu da ölkəyə milyardlarla dollar həcmində ziyanın dəyməsi deməkdir.
Su bəndinin dağıdılması nəticəsində 80-ə yaxın yaşayış məntəqəsi su altında qala bilər.
Rusiyanın Ukrayna savaşında düşdüyü "bataqlıq" böyüyür. Hər halda, Kreml hazırda savaşdan əvvəl mövcud olan supergüc statusundan çox-çox uzaqdır. Üstəlik, Kreml Ukrayna savaşının real təsirlərini indi Rusiya daxilində daha qabarıq şəkildə hiss etməyə başlayıb. Və Rusiyanın bütün bu uğursuz situasiyaya müqaviməti zaman keçdikcə, ciddi şəkildə zəifləyir.
Əsas problemlərdən biri Rusiyanın hərbi sektorunda kəskin ziddiyyətlərin olması ilə bağlıdır. Belə ki, Rusiyanın hərbi sektoru indi parçalanmış güc mərkəzinə çevrilib. Bu, Ukrayna savaşının Rusiyaya vurduğu ən ağır ikinci zərbə hesab olunur.
Məsələ ondadır ki, birinci sarsıdıcı zərbə Rusiya ordusunun döyüş qabiliyyəti ilə bağlı beynəlxalq imicin dağılmasında özünü göstərirdi. Ukrayna savaşından öncə Rusiya Silahlı Qüvvələri dünyanın ikinci ən güclü ordusu hesab olunurdu. Ukrayna savaşı başlandıqdan qısa müddət sonra bu barədə mövcud olan bütün miflər dağıldı. Və məlum oldu ki, Rusiya müasir savaş texnologiyalarından uzaqda qalıb.
Maraqlıdır ki, bu reallıq Rusiyanın hərbi sektoru ilə bağlı kütləvi korrupsiyanın əhatə dairəsini də ortaya çıxartdı. Çünki Rusiyanın beynəlxalq imici Kremlin himayəsi altında olan hərbi-siyasi məmur elitasını arxayınlaşdırmışdı. Hesab olunurdu ki, dünyanın heç bir ölkəsi və ya hərbi alyansı Rusiya ilə müharibəyə cəsarət etməz. Ona görə də, Rusiyanın hərbi məmurları ordunun yeni müasir silahlarla təchiz edilməsi üçün ayrılmış milyardlarla dollar dövlət vəsaitlərini rahatlıqla mənimsəyirdilər. Nəticədə Rusiya ordusu hazırda ən sadə silah növlərinə belə, möhtac qalıb.
Ukrayna savaşının Rusiyaya vurduğu ikinci sarsıdıcı zərbəyə gəldikdə isə bu, silahlı qüvvələrin parçalanması ilə bağlıdır. İndi Rusiya Müdafiə Nazirliyi üçün "Vaqner" hərbi şirkəti Ukrayna ordusundan elə də çox fərqlənmir. Bu iki hərbi güc mərkəzi arasında ziddiyyətlər artıq açıq silahlı toqquşmalara qədər inkişaf edib. Və belə anlaşılır ki, Kreml Ukrayna savaşında Rusiyanın hərbi potensialını vahid mərkəzdən idarə etmək imkanlarını artıq itirib.
Məsələ ondadır ki, "Vaqner"in rəhbəri Yevgeni Priqojin bir müddət əvvələ qədər yalnız Rusiya Müdafiə Nazirliyini açıq şəkildə hədəfə alırdı. Son vaxtlar isə onun ittihamları Rusiyanın siyasi rəhbərliyinə də yönəltməyə başlayıb. Hətta o, dolayısı ilə prezident Vladimir Putinə qarşı da ittihamlar irəli sürməkdən çəkinmir. Ona görə də, indi Rusiya siyasi dairələrində Yevgeni Priqojinin hakimiyyətə can atdığı ilə bağlı düşüncələr güclənməyə başlayıb və bu, Kremldə ciddi narahatlıq yaradıb.
Bəzi məlumatlara görə, Kremldə "Vaqner"in sıradan çıxarılmasının vacibliyi barədə qənaətlər möhkəmlənib. Hətta "Vaqner" Baxmutdakı döyüş mövqelərini Rusiya Müdafiə Nazirliyinin hərbi qüvvələrinə təhvil verib, savaş meydanını tərk edərkən, rus ordusunun bu silahlı qruplaşmaya atəş açdığı barədə məlumatlar da yayılıb. Və indi "Vaqner"lə Rusiya ordusu arasında az qala elan edilməmiş savaş vəziyyətinin olduğu bildirilir.
Belə anlaşılır ki, Rusiyanın hərbi sektorunda mövcud olan ziddiyyətlər və parçalanma nə vaxtsa, açıq silahlı toqquşmalara da yol aça bilər. Bu isə Rusiya üçün ötən əsrin əvvəllərində yaşamış vətəndaş müharibəsinin təkrarlanma təhlükəsini artırır. Yəni, Rusiya daxili savaşa doğru sürətlə irəliləməyə başlayıb.
Ancaq Kremlin daxili problemləri yalnız bunlarla məhdudlaşmır. Belə ki, Putin hakimiyyətinə qarşı hərbi müxalifət faktoru artıq inkaredilməz reallığa çevrilməyə başlayıb. Hər halda, Rusiya Könüllülər Korpusu və Azad Rusiya Legionu yaxın vaxtlarda ölkəni tamamilə qarışdıra bilər. Rusiya ordusundan daha yaxşı silahlandırılmış bu rus hərbi qruplaşmaları artıq ölkənin müxtəlif ərazilərində əməliyyatlar aparmağa başlayıb. Və hər iki hərbi qruplaşmanın əsas hədəfinin məhz Putin hakimiyyəti olduğunu bəyan etməsi onların Rusiya cəmiyyətində dəstək qazanma ehtimalını gücləndirir.
Belə bir şəraitdə Rusiyanın Ukrayna ordusunun əks hücum əməliyyatlarına tab gətirə biləcəyi artıq kifayət qədər ciddi şübhələr doğurur. Üstəlik, bir çoxları Ukrayna ordusunun genişmiqyaslı əks hücum əməliyyatlarına artıq başladığını iddia etsələr də, əslində, bu, reallıqdan bir qədər uzaqdır. Çünki Ukrayna ordusunun hələlik yalnız daha kiçik hərbi qruplaşmalar üzərindən Rusiya ərazisinə priventiv zərbələr endirdiyi müşahidə olunur. Xüsusilə də, Rusiyanın Belqorod vilayətində olduqca ciddi hərbi uğurların qazanıldığı bildirilir.
Onu da qeyd edək ki, Qərb hərbi ekspertləri Ukrayna ordusunun Rusiya ərazisinə zərbələrini daha çox taktiki manevr hesab edirlər. Çünki bu zərbələr Kremli Belqorod və təhlükə altında olan digər qərb vilayətlərinə hərbi qüvvə ayırmaq məcburiyyətində buraxır. Bu isə indiki halda, yalnız Ukrayna savaşında birbaşa iştirak edən Rusiya ordusunun hesabına mümkün ola bilər. Əgər, belə bir addım atılarsa, onda Rusiya ordusunun müdafiə xətti bəzi istiqamətlərdə zəiflədilmiş olacaq. Nəticədə Ukrayna ordusu genişmiqyaslı əks hücum əməliyyatlarına başladıqda, Rusiya ordusunun müdafiə xəttini yarmaq daha da asanlaşa bilər.
Bütün bunlar onu göstərir ki, Rusiya üçün fəlakət ssenarisi tam şəkildə işə salınıb. Rusiya Ukrayna ordusunun genişmiqyaslı əks hücum əməliyyatlarına hazır deyil. Üstəlik, Rusiya hərbi qüvvələri arasında parçalanma ölkəni vətəndaş müharibəsinə sürükləyir. Bu azmış kimi, ruslardan ibarət silahlı qruplaşmalar artıq Rusiyanın daxilində toqquşmalar törətməklə, qarışıqlıq yaratmağa başlayıb. Və ölkənin daxilində irəliləyən hərbi müxalifət faktoru Kreml üçün indi Ukrayna savaşında üzləşdiyi durumdan daha təhlükəlidir.
Belə anlaşılır ki, Rusiya faciəvi və tarixi hərbi məğlubiyyətə doğru sürətlə yaxınlaşır. Ona görə də, Kremlin belə vəziyyətdə daha radikal addımlar ata biləcəyi qətiyyən istisna deyil. Xüsusilə də, Kremlin həm Ukraynada AES-lərə zərbə endirə, həm də taktiki nüvə silahından istifadə edə biləcəyi qətiyyən istisna deyil.(musavat.com)
Ermənistanın keçmiş müdafiə naziri və keçmiş baş nazir Vazgen Manukyan Azərbaycanla münasibətlərin normallaşması ilə əlaqədar Ermənistan hərbçilərini Paşinyana qarşı qiyam etməyə çağırıb.
Manukyan Qarabağı “təslim etməklə” erməni xalqının “dinc yaşaya biləcəyi” fikrini absurd adlandırıb. O belə bir hekayəni əxlaqsızlıq və xalq üçün alçaldıcı sayır.
“Qarabağın “təslim olması”, vətənin bir hissəsinin atılması damğaya çevriləcək”, - o bildirib.
Manukyan bu ssenarinin qarşısını almaq üçün hərbçiləri, eləcə də digər hüquq-mühafizə orqanlarını ölkəni “qorumağa” çağırır: “Hüquq-mühafizə orqanlarına xüsusi müraciət edirəm: siz Nikol Paşinyanı müdafiə etmək üçün and içmədiniz, siz Vətəni, dövləti, Konstitusiyanı və qanunları müdafiə etməyə and içmisiniz. Nikol Paşinyanın etdiyi və etmək istədiyi, ilk növbədə, Konstitusiyamıza və qanunlarımıza ziddir, onun özü də artıq qeyri-legitimdir”.
Rusiya hərbçiləri Kaxovska su elektrik stansiyasının bəndini partladıblar.
Bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib.
Ukrayna teleqram kanalları yazır ki, Krım çox uzun müddət susuz qalacaq.
Bundan əlavə rəsmi məlumatda qeyd edilir ki, 14 yaşayış məntəqəsi, 22 min insan Dneprdə mümkün daşqın zonasındadır.
Bəzi ərazilərdə artıq subasma başlayıb. Sakinlər yaranan mənzərini mobil telefon vasitəsi ilə lentə alıb.
“Hazırda Ukrayna ordusunda 60 mindən çox qadın xidmət edir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, onların 42 mindən çoxu qadın hərbçidir.
Bildirilib ki, müharibə başlayanda Ukrayna Silahlı Qüvvələrində 30 minə yaxın qadın olub.
Məlumata görə, bu rəqəmlər daim artır.
İyunun 4-də səhər saatlarından etibarən Ukrayna ordusu Cənub-Donetskdə 5 istiqamətdə genişmiqyaslı hücuma başlayıb.
“Bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb.
Məlumatlara görə, Ukrayna ordusunun hücum etdiyi istiqamətlərin birində hücum əməliyyatının qarşısının alınmasına rus ordusuna Baş Qərargah rəisi Valeri Gerasimov rəhbərlik edib.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri strateji ehtiyat qüvvələrindən 23-cü və 31-ci mexanikləşdirilmiş briqadaları döyüşə cəlb edib, onlara digər hərbi hissələr və bölmələr dəstək verib.
"Döyüşdə altı mexanikləşdirilmiş və iki tank batalyonu iştirak edir. Ukrayna ordusunun əsas hədəfi ən həssas hissədə cəbhəni yararaq irəliyə doğru hərəkət etməkdir", - deyə qeyd edilib.
Türkiyə daha əvvəl etnik serblərin iştirak etdiyi atışmaların baş verdiyi Kosovoya əlavə hərbi birləşmələr göndərib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bu qərar NATO Müttəfiq Qüvvələri Komandanlığının (qərargahı Napolidə yerləşir) sorğusuna cavab olaraq verilib: “Türkiyə dost və qardaş Kosovonun şimalında - bölgənin təhlükəsizliyini və sabitliyini təhdid edən gərginlik olduğu yerdə vəziyyətin dialoq yolu ilə həlli məsələsində konstruktiv mövqedən çıxış edir. Ankara bütün tərəfləri təmkinli olmağa çağırır”.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Kosovodakı Sultan Murat kazarmasına Türkiyə xüsusi təyinatlıları yerləşdirilib.
Rusiyanın "Vaqner" silahlı dəstəsinin əsgərləri mayın 17-də Baxmut yaxınlığındakı Semigorye kəndi yaxınlığında atəşə tutulduqdan sonra RF Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə qısamüddətli döyüşə giriblər.
Bu barədə dəstənin rəhbəri Yevgeni Priqojinin mətbuat xidməti sənədi və videonu dərc edərək bildirib.
Daha əvvəl Priqojin bildirmişdi ki, "Vaqner"in Baxmutdan çıxarıldığı yol Rusiya Müdafiə Nazirliyinin qüvvələri tərəfindən qəsdən minalanıb. Bu gün onun mətbuat xidməti təfərrüatları açıqlayıb.
"Vaqnerçilər"in hesabatından göründüyü kimi, nədənsə hərbi müdafiə qüvvələri qruplarının onların arxasındakı yolları minalandırdıqlarını görüblər. Döyüşçülər tank əleyhinə minaları təmizləməyə çalışarkən Müdafiə Nazirliyinin mövqelərindən atəşə tutulub. "Vaqnerə" məxsus “Ural” markalı avtomobilə ziyan dəyib, mühərriki deşilib.
Məlumata görə, döyüşçüləri “təcavüzü aradan qaldırmaq və Rusiya Müdafiə Nazirliyinin hərbi qulluqçularını saxlamaq üçün cavab tədbirləri görüblər. Bu dəstənin rəhbəri Rusiya Federasiyası Müdafiə Nazirliyinin zabiti, motoatıcı briqadanın komandiri, sərxoş vəziyyətdə olan polkovnik-leytenant idi".
Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək.
Mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 14:00-da keçiriləcək.
Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın, NATO baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir.