![]() |
|
Rusiya İranla raket və hava hücumundan müdafiə sistemləri vasitələri də daxil olmaqla, görünməmiş hərbi əməkdaşlığa başlayır.
“Bu barədə ABŞ-nin müdafiə naziri Lloys Ostin bildirib.
“Biz xüsusilə İranın Rusiya ilə artan strateji tərəfdaşlığından narahatıq”, - Pentaqon rəhbəri qeyd edib.
Onun sözlərinə görə, bu cür əməkdaşlığa İranın dronlarından Ukrayna ərazisində tətbiqi daxildir:
“Son bir ildə Rusiyanın İranla hərbi əməkdaşlığı dərinləşib. Bu həmin region üçün ciddi problemlər yaradır. İran Ukraynada mühüm döyüş təcrübəsi əldə edir və bu təcrübə Yaxın Şərqdə Tehranın nəzarətində olan qüvvələrə veriləcək”.
L. Ostin əlavə edib ki, Rusiya İrana misilsiz hərbi əməkdaşlıq, o cümlədən raketlər və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq təklif edib.
Xankəndidəki separatçıların rəhbəri Arutyunyanın çıxışı Ermənistanda birmənalı qarşılanmayıb. O bildirib: “Təsəvvür edə bilmirəm ki, İrəvanla bizim (Separatçı rejimin – red.) mövqeləri arasında fərq olsun. Əksinə, əminəm ki, İrəvan Qarabağ məsələsinə gəldikdə, “Qarabağ hakimiyyətinin” mövqeyinə əsaslanır”.
Axar.az xəbər verir ki, erməni deputatları və politoloqları Araikin bu çıxışını kəsin tənqid ediblər.
“Belə çıxır ki, o, (Arutyunyan) Ermənistan hakimiyyətinin beynəlxalq birlik nöqteyi-nəzərindən “Qarabağ Azərbaycanın tərkib hissəsidir”, “Qarabağın Azərbaycanın tərkib hissəsi kimi gələcəyi ola bilər” kimi yanaşmalarını təsdiqləyir. Eyni zamanda, Araik İrəvan hakimiyyətinin səsləndirdiyi “Ermənistan artıq Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı deyil”, “Bir neçə min Qarabağ ermənisinə görə Ermənistanın 3 milyon əhalisi təhlükəyə atıla bilməz” fikirlərilə də razılaşır”, - deyə müxtəlif şərhlər səsləndirilib.
Deputat Tiqran Abramyan isə Qarabağ ermənilərinin (Xankəndidəki separatçılara – red.) “siyasi qüvvələri”nə çağırış edib:
“Araikin bu bəyanatı ilə bağlı aydın mövqe bildirilməlidir. Onlar da (Xankəndidəki separatçılar –red.) bu mövqeyi bölüşürlər, ya yox?”
Yunanıstanda baş verən qatar qəzasından sonra paytaxt Afinada toplaşan 50 mindən çox insan hökuməti istefaya çağırır.
Xarici KİV xəbər verir ki, əllərində pankartlarla yürüş edən etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.
Etirazçıların əksəriyyətini təşkil edən dövlət sektoru işçiləri dəmir yolu əməliyyatlarının yenidən özəl sektordan xalqa verilməsini tələb edirlər.
Parlament binasının yerləşdiyi Sintaqma meydanına qədər davam edən yürüşdə zaman-zaman gərginlik artıb. 500-ə yaxın etirazçı çevik polis alayına daş, molotov kokteyli və şüşə butulkalar atıb. Polis etirazçılara səs bombası və gözyaşardıcı qazla müdaxilə edib.
Qeyd edək ki, martın 1-i Yunanıstanda paytaxt Afinadan Səlanik şəhərinə gedən sərnişin qatarı ilə Səlanikidən Larisaya gedən yük qatarı toqquşub. Hadisə nəticəsində 57 nəfər həlak olub, 56 sərnişindən isə hələ də xəbər yoxdur.
Qəzadan sonra Yunanıstanın nəqliyyat naziri Kostas Karamanlis istefa vermiş, Prezident Kiryakos Miçotakis isə xalqdan üzr istəmişdi.
“Tehran Azərbaycanla münasibətləri çox pisləşdirməmək üçün Ermənistana silah satmaq istəməyə bilər. Ola bilsin ki, İran nəsə satmaq istəyir, amma bunun müqabilində bəlkə də daha dərin müttəfiqlik münasibətləri istəyir”.
Bunu erməni hərbi ekspert Leonid Nersisyan “news.am”a müsahibəsində deyib.
Ekspert hesab edir ki, artilleriya Ermənistanın əldə etməli olduğu ən vacib silah növlərindən biridir, çünki bu növ silahların itkisi həddən artıq çox olub (yəni-44 günlük müharibədə-red).
Ekspertin sözlərinə görə, bu gün Ermənistana hava hücumundan müdafiə vasitələrinin alınması son dərəcə vacibdir, amma çox çətinliklər var.
“Baxmayaraq ki, indi bu sahədə keyfiyyətli məhsul əldə etmək çətindir, çünki Rusiya praktiki olaraq heç kimə heç nə vermir. Digər ölkələrin müəyyən analoqları var, sadəcə olaraq hər şeyə vaxt lazımdır, tez almaq çox çətindir”.
“Gürcüstan küçələrində Ukrayna bayrağını daşıyan hər kəsə təşəkkür edirəm”.
Xarici KİV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstandakı nümayişlərdən danışarkən deyib. O, Ukrayna ilə yanaşı, Gürcüstanı da Avropa İttifaqında (Aİ) görmək istədiklərini bildirib:
"Gürcüstanın meydanlarında və küçələrində Ukrayna bayrağını daşıyan hər kəsə təşəkkür etmək istəyirəm. Tiflisdə səslənən dövlət himnimizə görə də sizə təşəkkür etmək istəyirəm. Biz Avropa İttifaqında olmaq istəyirik və olacağıq. Biz Gürcüstan və Moldovanın Avropa Birliyində olmasını istəyirik və əminəm ki, olacaqlar”.
Qeyd edək ki, son bir neçə gündür “xarici agentlər haqqında” qanunun qəbulu ilə bağlı Gürcüstanın paytaxtı Tbilisi şəhərində etiraz aksiyası keçirilir. Etirazçılar qanunun ləğvini istəyirlər.
Qanuna əsasən qeyri-kommersiya hüquqi şəxsləri və kütləvi informasiya vasitələri gəlirlərinin 20%-dən çoxu xaricdən gəlirsə, xarici agent statusu alacaqlar. Belə təşkilatlardan xarici agent kimi qeydiyyatdan keçmələri tələb olunacaq və imtina edildikdə onlar cərimələnəcəklər. Onlardan hər il öz xərcləri barədə hesabat tələb olunacaq.
Türkiyənin Samsun şəhərində 3.8 bal gücündə zəlzələ baş verib.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə AFAD və Kandilli Rəsədxanası məlumat yayıb.
Zəlzələnin yerli vaxtla 08:01-də Bafra mahalından 90 km məsafədə meydana gəldiyi bildirilir.
AFAD zəlzələnin yerin 14.1, Kandilli Rəsədxanası isə 18.1 km dərinliyində olduğunu açıqlayıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 2 güclü zəlzələnin baş verməsindən sonra bu ölkədə tez-tez afterşoklar qeydə alınır.
Gürcüstan müxalifəti çərşənbə günü günortadan sonra Tbilisidə parlament binası qarşısındakı meydanda yeni etiraz aksiyasının keçiriləcəyini elan edib və tərəfdarlarını aksiyada iştirak etməyə çağırıb.
“İnterfaks” xəbər verir ki, bu barədə müxalif “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze bildirib.
Onun sözlərinə görə, polis və xüsusi təyinatlılar qeyri-mütənasib güc tətbiq ediblər.
“Bir çox etirazçı saxlanılıb, onların arasında “Qirçi-Daha çox azadlıq” müxalifət partiyasının lideri Zurab Caparidze də var. Bir neçə saatdan sonra parlamentin qarşısındakı meydanda keçiriləcək etiraz aksiyasına dünənkindən daha çox insan toplaşacaq”, - o, jurnalistlərə açıqlamasında bildirib.
G.Vaşadze əlavə edib ki, dünya ictimaiyyəti, şübhəsiz ki, hazırkı Gürcüstan hakimiyyətini dinc aksiynın dağıdılmasına görə qınayacaq.
KİV-in məlumatına əsasən, hazırda Tbilisidə parlament binasının qarşısındakı meydan tamamilə polis və xüsusi təyinatlıların nəzarətindədir.
Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.
Paşinyan Almaniyada səfərdə olarkən Şolts Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq demişdi ki, bu münaqişə ərazi bütövlüyünün bərabər prinsipləri və Qarabağ ermənilərinin (Xankəndidəki separatçıların - red.) “öz müqəddəratını təyinetmə hüququ” əsasında sülh yolu ilə həll edilməlidir. Bu fikir ermənilərdə ruh yüksəkliyi oyatdı. Lakin Berlin qəfil geri çəkildi və İrəvanda məyusluq yarandı. Almaniya hökumətinin saytında Şoltsun “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı sözləri yer almayıb. Almaniya hökumətinin sözçüsü Volfqanq Büşner Almaniya kanslerinin bəyanatına düzəliş edib.
Bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.
“Aydındır ki, burada öz kanalları ilə Berlinə təzyiq edən azərbaycanlılar və türklər əllərindən gələni ediblər. Bəli, o qədər ki, sonda Şoltsun sözləri geri alınıb. Almaniya indi aktiv şəkildə aktiv və nüfuzlu geosiyasi oyunçular klubuna girməyə çalışır. Berlin təkcə Avropanın özündə deyil, həm də ondan kənarda, məsələn, Cənubi Qafqaz da daxil olmaqla, postsovet məkanında fəaldır. Rusiya-Ukrayna müharibəsi fonunda isə Almaniya hərbi büdcəsini xeyli artırdı, faktiki olaraq genişmiqyaslı hərbiləşməyə başladı. Bəs sonda nə görürük? Berlin hələ də İkinci Dünya müharibəsindən sonra müntəzəm olaraq oynadığı ABŞ-ın kiçik qardaşı rolundan çıxa bilmir.
Ancaq niyə təəccüblənirik və qəzəblənirik? Avropa ilk dəfə deyil ki, öz enerji təhlükəsizliyini, şəxsi maraqlarını Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə hüququndan” üstün tutur. Qərbdə Ermənistanın əsas müttəfiqi hesab edilən həmin Fransa deklorativ qətnamələrdən kənara çıxmadı. Paris Bakıya heç bir sanksiya, ən azından, minimal təzyiq göstərmir. Ya istəmir, ya da bacarmır. Və ya bəlkə də hər ikisi. Fransızlar erməniləri yalnız növbəti seçki ərəfəsində xatırlayacaqlar. Neft və qaza ciddi ehtiyacı olan Almaniya haqqında nə deyə bilərik. Bəyəm onlar indi erməni hayındadır? Əlbəttə yox. Buna görə də almanlar geri çəkildi.
Artıq Qərbdən, Rusiyadan, İrandan və ya digər dövlətlərdən anlayış gözləməyi dayandırıb, məqsədlərimizə nail olmağın vaxtıdır. Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmək hüququ” əsasə məsələdir, amma burada da işimiz o qədər də yaxşı deyil”, - o bildirib.//Axar.az
Bazar günü Qarabağda 3 erməni təxribatçısının məhv edilməsindən sonra ərazidə yaşayan sıravi ermənilər arasında yenidən Rusiya əleyhinə əhval-ruhiyyə artıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, Qarabağdakı ictimai sektorun nümayəndələri yaxın vaxtlarda sülhməramlıların təlim mərkəzinin qarşısında onların komandiri Andrey Volkovun istefası tələbi ilə etiraz aksiyaları keçirməyə hazırlaşırlar.
Qəzet əlavə edib ki, QHT sektorunun nümayəndəsi Tiqran Petrosyan da Ermənistan hakimiyyətindən özünümüdafiə məqsədilə Qarabağ ermənilərini silahlandırmağı tələb edib. Onun sözlərinə görə, baş verən insident Xankəndinin burnunun altında, maksimum üç kilometr məsafədə baş verib.
KİV onu da vurğulayıb ki, 44 günlük müharibədən sonra Ermənistan hakimiyyəti sərhəd kəndlərinin sakinlərini silah-sursatla təmin etməyi öhdəsinə götürsə də, indiyədək verdikləri vədi yerinə yetirməyib. Bundan başqa məlumatda deyilir ki, erməni təxribatçılarının meyitlərinin aparılmasına yalnız Rusiya sülhməramlılarının vasitəçiliyindən sonra icazə verilib.
Danimarka Müdafiə Nazirliyi kibertəhlükəsizlik tədbirləri çərçivəsində öz əməkdaşlarına Çin sosial media platforması “TikTok”dan rəsmi xidmətlərdə istifadə edilən cihazlarda istifadə etməyi qadağan edib.
Xarici KİV xəbər verir ki, səbəb kimi Danimarka Xarici Kəşfiyyat Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin “TikTok”la bağlı casusluq şübhələrinin olması göstərilib.
Qeyd olunub ki, sosial şəbəkə platformasının cihazda müəyyən hüquqlar və istifadəçi məlumatlarına giriş tələb etməsi narahatlıq doğurub.
İşçilərdən rəsmi xidmətdə istifadə edilən telefonlara “TikTok” yükləməmələri, yükləyənlərdən isə silmələri tələb edilib.
Qeyd edək ki, Aİ Komissiyası təhlükəsizlik səbəbilə fevralın 23-də işçilərinə TikTok qadağası qoyub.
Norveçdə ədliyyə naziri hökumət tərəfindən ona ayrılmış telefonuna “TikTok” yüklədiyi üçün üzr istəməli olub.
ABŞ Senatı 2022-ci il dekabrın 15-də milli təhlükəsizlik narahatlıqlarından dolayı federal hökumət işçilərinə “TikTok” dövlətə məxsus cihazlara yükləməyi qadağan edən qanun layihəsini qəbul edib.
Merilend, Nebraska, Cənubi Karolina, Cənubi Dakota, İndiana və Texas da daxil olmaqla ABŞ-ın bütün 50 ştatı “TikTok”un rəsmi telefonlarda istifadəsini qadağan edən oxşar qanunları qəbul edib.